O günün şərəfinə...

O günün şərəfinə...
24 iyul 2015
# 15:00

Dər-divarından yoxsulluq tökülən ev, Habil və Qabil qardaşları, biri fiziki qüsurlu...

Habil köhnə çarpayıda uzanıb əzab çəkir, anlaşılmaz nələrsə deyir. Sonra Qabilin səsini eşidirik:

- İşəməyin var?

Və tomat bankası. Və şırıltı...

***

Rejissor Şahin Xəlilin ilk tammetrajlı “Seçim” filmindəndir. Yəqin ki, bu səhnəni hansısa maliyyə öhdəliyi olan filmdə görə bilmərik. Pulu verən adamın mentalitet tələbi də olur. Corc Oruelin bir yaxşı romanı var – “Paris və Londonda qara qəpiksiz”. Küçələrdə gecələyən səfil rəssam dini xeyriyyə cəmiyyətlərindən uzaq durmağa çalışır. Səbəb bu qədər sadə: onlar bir kökəyə görə insanı bitib-tükənməz dua etməyə, mahnı oxumağa məcbur edirlər.

Kədərlidir, hə?! Həm də gülməli!

Bu gənclərin əl-qolu hər mənada açıqdır. Pis çıxmasın, bir həsir, bir Məmmədnəsirdirlər. Zənnim məni aldatmırsa, itirməkdən qorxduqları iş yerləri də yoxdur. Amma istəyirəm olsun, onu itirmək qorxusu ilə də yaşasınlar. Həyatdır, hər şey olur, yaşamağın, dözməyin, ayaqlaşmağın özü ayrı ləzzətdir.

Bizim sevgili həmyaşıdların fədakarlıqları var, kinonu sevirlər, heç nədən hər şey düzəltməyə iddialıdırlar. Elə götürək “Ölməzdən öncə izləməli olduğunuz 111 film”i.

Evimdə bu kitabın olmağından məmnunam.

Şahin Xəlil “Seçim” filmini sıfır büdcə ilə çəkib. Sözün bütün mənalarında qara qəpiksiz. Böyük çıxsa, üstünü vurmayın: məsələn, mən sıfır büdcəli köşə yazmaq istəmərəm, nəinki film çəkmək. Şəksiz, kino boyda əjdahanı pulsuz başa gətirmək böyük fədakarlıqdır. Bir dəfə də şəksiz: gənclərin bu addımında özünü təsdiq ehtirası, imkanları göstərmək “azarı” var. Bunun nəyi pisdir ki?! Əladır!

Filmin “Vikipediya”sıda belə yazılıb: “Bir qardaş digərinin fiziki qüsurlu olmasına səbəb olub və indi etdiyi bu səhvin peşmançılığı ilə yaşayır. Cəmiyyətin unudulmuş tərəfində baş verən hadisələr fonunda cərəyan edən qarışıq psixoloji sarsıntılar, hisslər və insanların faciəsindən bəhs edən film, bəşəri suallara cavab axtarmaqla absurd bir rebusa çevrilir. Baş rollarda Eltac Zeynalov və Rasim Əliyev çəkilib”.

Mənim qeydim: Eltac işinin öhdəsindən əla gəlib.

***

Biz vərdiş vermişik: Özləri ortalığa bir şey qoymayan qocalar gəncləri gözdən salmaq istəyəndə ən çox bu metoddan istifadə edirlər: “Onun roman təfəkkürü yoxdur. O əsərdəki hadisə roman materialı deyil, dartıb uzadıb, qrafomanlıq edib”.

Ha çalışıram ki, bu misalı Şahinin filmindən uzaq tutum, alınmır. Yəqin ki, mən burda “qoca qəddar” rolundan görünmərəm. Düşünürəm: “Seçim”in ssenarisi tammetrajlı film üçün material deyildi. Yazıçıların “roman yazmışam” azarı = rejissorların “tammetrajlı film çəkmişəm” eqosuna.

Və vacib məsələ: bədii təfəkkür, bədii istedad istənilən yaradıcı sahənin insanı üçün vacib keyfiyyətdir. Bu yoxdursa, deməli, incimə, qardaş, səndə alınmayacaq. “Seçim”in ideyası maraqlıdır: Habil-Qabil əhvalatı, qadının kişini yoldan çıxarması – Həvva xətti, mesajlar, alt qat, yozumlar...

Bütün bunlar aydındır. Bəs üst qat? Bəs rejissor-ssenaristin fantaziyası? Bəs kinoman dostların bizdə (oxu: yazarlarda) görməməkdən (?) gileyləndiyi dramaturgiya, konflikt?

Bədii təfəkkürün içində fantaziya da var, ideya da, obraz da, dramaturgiya da, konflikt də!

Tarkovski və Nuri Bilgə Ceylan estetikalı uzun kadrlar, azhərəkətlilik, daha çox ciddi-intellektual təbəqəyə hesablanan mesajlar, işarələr, göndərmələr...

Tamam, bunlar gözəldir. Zeki Demirkubuz da, Ezel Akay da, Kim Ki Duk da gözəldir. Bəs ortalığa çıxardığın məhsulda səndən nə var?

Hər halda, sıfır büdcəli fantaziyalar uydurmaq üçün vəsait lazım deyil. Elə hər şey o həyətdə, o daxmada, o vağzalda, o çarpayıda baş verə bilərdi.

Zənnimcə, o fantaziyanın, o final həllinin ustası Kim Ki Dukdur, Məcid Məcididir. Hadisə özü özünü yaradır, onu uydurmursan, qondarma görünmür.

Mən filmin texniki tərəfləri – kadr bölgüsü, uzaq-yaxın plan, qrafika işi haqqında danışa bilmərəm. Yalnız yaxşı tamaşaçı kimi yaxşı kadr görəndə heyrətlənib əlimi əlimə vura bilərəm ki, eşq olsun!

Yazının sonluğunu necə bitirim, bilmirəm. Lap filmin sonluğu kimi alındı – hara bağlayım, hansı tərəfə çıxarım ki, canım qurtarsın. Məncə, ən yaxşısı uşaqlara uğur arzu etməkdir. Yetər ki, insanın yaratmaq sevdası yerində olsun. Necə ki, yerindədir. Sonra döyməyə ürək etmədiyin “çoxbüdcəli” qapılar da adamın üzünə açıq olur. Necə ki, olacaq da...

O günün şərəfinə...

# 1351 dəfə oxunub

Oxşar xəbərlər

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

17:00 19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

15:00 19 noyabr 2024
"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

10:10 18 noyabr 2024
Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

15:00 16 noyabr 2024
Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

12:00 16 noyabr 2024
"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

15:00 15 noyabr 2024
# # #