“Eşq Tanrıdır”

“Eşq Tanrıdır”
4 yanvar 2013
# 08:00

Sevginin təbiəti və qidası.

Sevgi öyrənilmir, sevgi inkişaf etdirilmir. Sevginizi müxtəlif vasitələrlə inkişaf etdirmək istəsəniz bu zaman o sevgi olmaqdan çıxacaq. Necə ki, təbii bir gülü həmişəyaşar etmək üçün onun sünisini yaradırlar. Bax sevginizin də o süni güldən fərqi olmaz. Bir şey ki, içdən gəlmədi, qaynağını qəlbdə tapmadı, onun öyrənilməsi, araşdırılması sadəcə xaricdən gələn bir təsirdir. Və əgər sevgi mənəvi və həqiqi olacaqsa o yalnız sizin daxilinizdən gəlməlidir.

Sevgi öyrənilməsi mümkün olan bir şey deyildir, əslində sevgi bir inkişafdır, sadəcə qəlbin və ruhun inkişafı. Sizin tərəfinizdən edilməsi lazım olan tək şey sevginin yollarını öyrənmək deyil, sevgisizliyin yollarını unutmaqdır. Sevgi önündə olan bütün sərhədlər dağıdılmalı, barrikadalar məhv edilməlidir. Yalnız bu zaman eşq sizin mənəvi və şəxsi varlığınız ola bilər. Əslində hər bir ürəkdə sevgi vardır, sadəcə çoxlu sevgisizlik daşlarının arxasında gizlənmişdir. Bir dəfə daşlar yoldan qalxarsa, təbii bir axın başlar ki, sonralar bu axını heç cür dayandırmaq mümkün olmaz. Sevginin qaynağı isə hər zaman mövcuddur, o sizin var olan varlığınızdır..

Sadəcə sevgi qalacaq.

Sadəcə siz dərin bir sevginin içinə girəndən və eqonuzu tərk edəndən sonra sevgi var ola bilər. Və əgər siz o sevgiyə çatmaq istəyirsinizsə onun bu qarşılığını ödəməlisiz. Eqonuzu bir dəfəlik məhv etməlisiz. Siz düşünə bilərsiniz ki, eqonuzu itirdiyiniz zaman varlığınızın bütünlüyünün göstəricisini itirmisiz amma, qəlbinizdə dərin və sonsuz bir sevgi yarananda yeni və təməli sevgiyə söykənən bir bütünləşməyə sahib olacaqsınız..

Sevgi iki şeyi edir-öncə sizin eqonuzu məhv edir və sonra sizə daha tutarlı bir mərkəz nöqtəsi verir. Sevgi əvəzolunmaz bir bələdçidir.

Üç cür sevgi var. Mən onlara sevgi bir, sevgi iki, sevgi üç deyirəm. İlk sevgi vizual bir sevgidir, sizi sevgiyə çəkən nə isə bir varlıq vardır. Məsələn siz gözəl, zərif bədənli, mükəmməl bədən ölçülərinə sahib olan bir qadın görürsünüz və şiddətli həyəcanlanırsınız. Sevgi olduğunu zənn edirsiniz. Qadın gözəldir, qadın ağıllıdır, qadın xoş auralıdır.

Bunların qarşılığında içinizdəki sevgi artır. Fiziki varlıqdakı gözəlliklər sizin ürəyinizdəki sevgini hərəkətə gətirir. Amma, bu əsil sevgi olmur, çünki siz onun yaradanı, sahibi, deyilsiniz, o sizdə xarici təsirlər hesabına yaranır. Məsələn sən heç qayğıkeş, sevgiyə dəyər verən olmaya bilərsən, səndə hələ bu ilahi qabiliyyətlər formalaşmaya bilər. Amma, qadın gözəldir deyə sən də sevginin yarandığını sanırsan. Bu sevgi azad deyil, mərkəzli bir sevgidir.

Və adi bir sevgidir, mübtəlalıqdır, asılılıqdır. Siz özünüzə belə etiraf etməsəniz də tək düşüncəniz “Bu gözəlliyə necə sahib olmaq olar, bu gözəlliyi necə özəlləşdirmək, mütəmadi istifadə etmək olar?” sualları üzərində qurulmuşdur. Amma siz bu qadın əgər gözəldirsə sadəcə sizə görə deyil, başqa kişilərə görə də gözəl olduğunu unudarsınız və onlar da sizdən fərqli olmayaraq bu gözəllik haqqında məhz belə düşünür, eynən sizin düşündüyünüz kimi.

Bu səbəbdən bir çox insan sizin kimi o qadına aşiq olduğunu sanacaqdır. Və sizinlə onlar arasında şiddətli bir qısqanclıq, böyük bir rəqabət yaranacaqdır. Və beləliklə hər cür iyrənclik sizin sevgi sandığınız şeyin içinə girəcəkdir.

Rəvayətə görə Molla Nəsrəddin ən çirkin qadınla evlənir. Təbii olaraq ətrafındakı insanların, dostların fikirləri qarışıb və ona sual ediblər ki, pulun var, hörmətin var, istədiyin gözəl bir qadına sahib ola bilərkən bəs niyə belə bir çirkin qadını seçdin?. Molla cavabında demişdir ki, bu seçimimin yeganə səbəbi əsla qısqanclıq çəkməyəcəyimdir. Bu qadın mənə ömür boyu sadiq qalacaq. Və heç kim ona aşiq olmayacaq. Əslində mən də ona aşiq deyiləm, bu mümkün deyil. Amma əsas olan heç kimin ona aşiq olmayacağıdır ki, mən buna nail olmuşam.

Qatı müsəlmanlarda belə bir adət vardır - qadın evləndikdən sonra ərləri onların çarşab altında qalmağını istəyirlər və toydan sonra o qadınlar ərlərinə sual edirlər ki, üzümü səndən başqa kimə göstərə bilərəm?. Ərləri də cavab verir ki, məndən başqa heç kimə.

Bu qadın da Molla Nəsrəddindən soruşub ki, üzümü səndən başqa kiməsə göstərə bilərəm? Molla da cavab verib ki, məndən başqa kimə istəsən göstərə bilərsən.

Buradan belə bir qənaətə gəlmək olar ki, əgər sən gözəl bir qadına və ya yaraşıqlı bir kişiyə aşiq olursansa demək ki, bəla axtarırsan. Qısqanclıq olacaqdır, rəqabət olacaqdır, hətta cinayət olacaqdır. Nə olmasa da bu qəbildən bir şey mütləq olacaqdır. Başın hər zaman dərddə, çək-çevirdə olacaq. Həyat çətin, həyat zindan olacaq. Və bunun müqabilində qadını tam mənimsəmək, ətraf aləmdən tamam uzaqlaşdırmağa çalışacaqsan. Dolayısıyla azadlığına qəsd edəcəksən. Bu isə bir insana vurulacaq ən böyük zərbədir ki, həqiqətən sevən insan bunu sevdiyinə etməz.

Beləliklə sənin onsuz da həqiqi olmayan sevgin, var olan həqiqiliyini də itirəcək. Və yavaş-yavaş hiss edəcəksən ki, bu qadın daha əvvəlki kimi gözəl deyil, amma anlamayacaqsan ki, onu gözəl edən onun azadlığı idi, gözəllik azadlıqla qovuşanda yalnız belə şiddətli hal ala bilər. Düşünün eyni quş göy üzündə qanad çalarkənmi daha gözəldir, yoxsa qəfəsdə olarkən?...

Göy üzündə qanad açan quşun özünəməxsus bir gözəlliyi vardır. O canlıdır, o azaddır. Varlıdır, bütün göy üzü onundur. Amma qəfəsdəki eyni quş məzlumdur, çirkindir. Məhbusdu, yaşayan bir cəsəddən fərqsizdi. Çünki azadlıq gedib, göy üzü gedib. Bu gözəl qanadlar artıq lazımsızdır, ağırlıqdan başqa bir şey deyildir. Onlar keçmişdən qalan bir şeydir və keçmişdə qalan hər bir xoş xatirə bu gün bədbəxtlik gətirir.

Bir qadına aşıq olduğunuzda o azaddır, siz azadlığa aşiq olmusuz. Onu evə qapatdığında bütün azad olma ehtimalını və bununla bilavasitə onun gözəlliyini yox etmiş olursan. Heç həqiqi sevən sevdiyini yox edərmi?. Bax bu da bu cür sevgilərin əslində həqiqi olmadığından xəbər verir. Axı dedik ki, sevgi eqonun məhvidir. Bu hərəkətlər isə bilavasitə eqonun özü deyilmi?.

Tezliklə anlayarsan ki, artıq o qadını sevmirsən, çünki artıq o gözəl deyil. Bu hər dəfə belə olur, sonra yeni qadınlar axtarmağa başlayırsınız və hər dəfə belə davam edir. Və sən nə etdiyinin fərqinə belə varmırsan. Artıq bir mexanizm dönüb-dönüb eyni yerə gələn bir çarx yaratdığını anlamırsan. Bu mexanizm, bu durmadan dönən çarx, qadın gözəlliyinin məhvinə xidmət edir. Sənin hərəkətlərinizdən belə bir düstur əmələ gəlir - sevdiyini sandın, həbs etdin, məhv etdin, tərk etdin. Heç həqiqi sevgi mexanizmlərə, düsturlara sığarmı?

Eşqi belə ucuz etmək olmaz. Çünki eşq yeganə dindir. Eşq Tanrıdır. Yaşanılmağı gərəkli olan yeganə sirdir. Sən eşqi anladığında dünyanın bütün sirlərini, bütün utopiyasını anlamış olacaqsan.

Bu əslində çətin bir şey deyil. Bu sənin qəlb atışların və nəfəs alıb verişlərin qədər sadədir. O sənə daxilindən gələr, sevgi cəmiyyət tərəfindən ötürüləcək bir şey deyildir. Və ən əsası sevgi, eşq doğuluşdan gələn bir şeydir.

Çevirdi: Aygül Qurbanova

# 4486 dəfə oxunub

Oxşar xəbərlər

Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

09:00 6 dekabr 2024
Xəyanətkar anasını qətlə yetirən qız - İnsan necə qatilə çevrilir?

Xəyanətkar anasını qətlə yetirən qız - İnsan necə qatilə çevrilir?

15:00 5 dekabr 2024
# # #