Kulis.az isti havaların 15 dözülməz mənzərəsini sıralayır.
Yayda paltarları ütüsüz geyinək
Əslində, ilin heç bir fəslində “sevilməyən” bu iş yayda lap dözülməz olur. Yerdən qalxan isti bir yandan, ütü masasından qalxan isti də bir yandan... Bəlkə yayda ütüsüz və ya ütülənməyə ehtiyacı olmayan paltarlar geyinək?
Yağlı yeməklər
Yağlı və kalorili yeməklər nə qədər dadlı olsa da, yayda o qədər də “arzuolunan” deyil. Xüsusən küftə, badımcan-bibər dolması, bozbaş, piti...Bunları yeyəndə adam bilmir alnının tərini silsin, yoxsa yeməyi yesin. Yemək arası içilən su yağlı yeməklə birləşəndə yaranan ağırlığı isə heç yada salmaq istəməzdim.
Bu gün mətbəxə kim girsin?
Özümüzün hazırladığı yüngül yay yeməklərini dadmaq çox xoşdur, amma bunun üçün “ağır” mərhələdən keçmək lazımdır – mətbəx! Yayın istisində qazın üstündə olan hər qazandan çıxan buxar az qala bizi də buxarlandırır.
Növbədə durmaq
Xəstəxanada, digər dövlət və özəl müəssisələrdə bu istidə növbədə durmaq, hələ üstəlik ayaq üstə gözləmək əsl işgəncədir. Ən bezdirici şey isə digər növbədə gözləyənlərin “ah-uf”larına qulaq asmaqdır.
Yayda soyuqlamaq
“Yay qripi” kimi qəbul edilən bu xəstəlik kondisionerin altında yatmaqdan olur. Xəstəlik boyu burun axıntısının olması bir yana, isti havada bədənin temperaturunun da qalxması ən pis hallardandır.
Tər qoxusu...
Kütləvi nəqliyyat vasitələrində, liftdə, kinoda, konsertdə sizinlə yanaşı duranlardan gələn tər qoxusu ən dözülməz şeylərdən sayılır. Kimdən soruşsan bu iyə nifrət etdiyini deyir, ancaq bu qoxu yay aylarında əksik olmur.
“Əhmədli sindromu”
Təsəvvür edin ki, yayın ən cırhacır vaxtında evdə su gəlmir. Bu halda insanın əli hər şeydən üzülür. Oturub ancaq su ilə bağlı
planlar qurmağa başlayırsan.
Kondisioner bəlası
Bəzən adama elə gəlir heç vaxt sərinləməyəcək. Buna görə, kondisioneri ən sonuncu temperatura qoyub yatırsan. Cəmi üç saat kifayət edir ki, beliniz və boynunuz tutulsun.
İş ayaqqabısı
Sərt rejimli iş yerlərində kişi işçilər havadan asılı olmayaraq, bağlı ayaqqabı geyinməyə məcburdurlar. Qadınlarınsa da bu sarıdan bir azca bəxti gətirib.
Pivənin fəsadları
Sərinləmək üçün çox adam pivəyə müraciət edir, ancaq unudurlar ki, pivədən sonra yorucu bir susuzluq başlayır. Eyni zamanda pivə kişilərdə qarnın qabağa çıxmasına səbəb olur.
İşıqların sönməsi
Kondisionerdən zövq aldığınız yerdə elektrik enerjisi kəsilir. “Azərenerji”dən isə deyirlər ki, elektrik bir neçə saat olmayacaq. Bu vaxt adam az qalır intihar etsin.
Ağcaqanada yox!
İstidə güclə yuxuya getdiyimiz yerdə qulağımızda vızıldayan ağcaqanaddan pis heç nə yoxdur. Səhərə qədər bir ağcaqanadın dalınca düşmək var...
“Odee, taksi, min, get!”
Başımıza od ələnən bu günlərdə ictimai nəqliyyata minməkdən böyük zülm ola bilməz. Metro, avtobus... Mənzərə sizə tanışdır.
Boşboğazlar
Evə tələsirsiniz və küçənin ortasında bir tanışa rast gəlirsiniz. Salır sizi çənənizin altına. Demək olmur ki, ay qardaş, ay bacı, burax gedim.
...və seks
Gəldik çatdıq əsas məsələyə. Nə zülmdür? Havaların bir az sərinlənməsini gözləyə bilməzsiniz? Gözləyə bilməyənlər üçün çətin məsələdir.