Mumiya ana

Mumiya ana
11 iyun 2013
# 10:36

“Poeziya buketi, nəğmə çələngi”

Bu gün borc pul almağa dostu olan adam çox xoşbəxtdi. Bu mənada mən də o xoşbəxtlərin içərisində ömür sürürəm, çünki borc almaq üçün Bakıda bir sinif yoldaşım yaşayır.

Yenə pul lazım oldu, ona zəng elədim. Dostum dərhal vəziyyəti başa düşdü və dedi: “Mən toydayam, “Qəmgin sevinc” şadlıq sarayına gəl”.

Bu yerdə şadlıq sarayının adını əziz oxucuya izah eləməsəm, bir yazar kimi mənə ayıb olar. Əziz oxucum, canım-ciyərim, bu sarayda həm toy, həm də yas mərasimi keçirildiyinə görə sahibi binanın adını belənçinə qoyub.

Həə, dostum dedi, toydayam, gəl “Qəmgin sevinc”ə!

Nağara-zurna sədalı binanın həyətindən dostuma zəng elədim ki, bayıra çıxsın. İçəri girmək istəmirdim, çünki təmtəraqlı toylar mənim ömrümü gödəldir. Dostum kopayoğlu telefona cavab vermədi. Onu görmək üçün məcburən zala daxil oldum. İçəridə kök bir kişi mikrofonda ana haqda mərsiyə deyir, yerdəkilər isə başlarını yellədib ağlaşırdı. Elə bildim səhvən yas mərasiminə gəlmişəm. Şəkilçəkəndən soruşdum, dedi, elə axtardığın toy budu.

Nə isə zalda baxa-baxa gəlib dostumu tapdım. Onun dəm olmağı məni xeyli sevindirdi. Çünki, hər bir azərbaycanlı kimi mənim bu dostum da yalnız içəndə mərhəmətli olur.

Xanəndə ağlaya-ağlaya oxuyurdu:

“Ana, ağrın alım, qalx məzarından

Al məni qoynuna mənə layla de,

Mənə layla de, mənə layla de, mənə layla de!”

Dostum bütün toy əhli ilə ahəngdar olaraq xanəndənin oxuduğu mərsiyəsinin ritmi ilə başını sağa-sola yelləyirdi.

Xanəndə, üst dodağının lap aşağısında bığ adına bir cərgə tük düzülmüş uca boylu, enlikürək, sıpa kimi sağlam bir adam idi. Cərgə tüklər onun burun tərəfdən ağzına gözlənilən hansısa təhlükəni zərərsizləşdirmək üçün düzülmüş sərhəd qoşununa bənzəyirdi. O, zarıya-zarıya zəngulələr vuraraq təkrar eləyirdi:

“Ana, qalx məzarından, mənə layla de, layla!”

Anladım ki, iri göbəkli bu xanəndənin anasının ölməyinə baxmayaraq könlünə ana laylası düşüb. Demək, ananı eskumasiya edib məzardan çıxmaq lazımdı ki, arvad durub bu peysərə bir dənə layla çalsın. Özü də kişinin yekə bir şərti var, anası onu qucağına almalıdı!

Baxdım ki, xanəndə bu arzusunda çox israrlıdı: “Ana-ana, ay zalım ana, qalx ayağa, mənə layla de, laylaaaa!..”

Onun bu arzusunun anası tərəfindən necə yerinə yetirilməsini xəyalımda canlandırdım. Demək, torpağa tapşırılmış mərhum ana övlad fəryadından vəcdə gələrək qəbirdə canlanıb kəfəni cırmalıdı. Sonra güc verərək, həmin övladının onun qəbrinin üstünə döşətdirdiyi qalın betonu və mərmər daşı dəlib gecə çölə çıxmalıdı. Qəbirdən çıxan ana oralardakı betonlu fəhlə paltarlarından özünə libas düzəldib oğlunun yaşadığı evə gəlməli, qapının düyməsini basmalıdı. Bu yerdə ananın oğlunu dəhşətli bir mənzərə gözləyir.

Baax, əziz oxucu, neçə ki gec deyil, səninlə məsləhətləşirəm, bəlkə heç ananı xortlatmayaq? Əziz xalqım, sənə səslənirəm, bəlkə ananı diriltməyək? Adətən, belə şeylərlə yaxşı nəticələr əldə olunmur! Bəlkə bu işi dayandıraq?..

Baxdım ki, yooox, xanəndə iki ayağını bir başmağa dirəyib:

“Ana, ağrın alım, dur məzarından, mütləq mənə layla de, yoxsa axırı pis olacaq!..”

Ay xanəndə, axı, sənin arvadın həmişə qayınanasına ölüm arzulayıb? İndi dirilib anan gəlsə bu işin axırı necə olacaq? Nə isə, özün bilərsən, məndən deməkdi! Davay, arxasına baxaq!

Demək, ana oğlunun layla arzusunu yerinə yetirmək üçün qəbirdə rahat yata bilmir, xortlayaraq gəlib gecəyarı oğlunun qapısının zəngini basır. Oğul handan-hana ayılaraq əynində tuman-köynək gəlib gözlükdən baxır. Budu haa, bir tərəfi çürümüş mumiya ana qapı ağzında onu gözləyir. Xanəndə vahimələnərək qaçıb titrəyə-titrəyə arvadını oyadır:

- Allah öyünü yıxsın, qalx gör, kim gəlib!

Arvadı zarıyaraq mızıldanır:

- Əəə, niyə qoymursan yataq?

Xanəndə təzədən iri məməli arvadını silkələyib bağırır:

- Dur gör, məni qara basır, yoxsa qapını döyən var?

Arvadı elə bilir kişisi... Bəlkə burdan beləsini yazmayaq, hə?

Ancaq xeyri yoxdu, xanəndə ağlaya-ağlaya yalvarır: “Ana, ağrın alım, qalx məzarından!..”

Hə, xanəndənin arvadı qalxıb gözlükdən baxır ki, rəhmətlik qayınanası ayağının birini qaldırıb o birisini qoyaraq səbirsizliklə qapının açılmasını gözləyir. Qayıdıb ərinə deyir: “A kişi, bu nə ujasdı, bəlkə polis çağıraq?” Xanəndə deyir: “Əzizim, bu mənim anamdı, hər gün oxuyurdum ee, ana, qalx məzarından! İndi gəlib, qucağında da bir dəstə çiçək, yəqin qəbiristanlıqdan yığıb!” Arvadı deyir: “Onda pajarnı çağıraq, qoy üstünə su çiləsin, bəlkə qaçıb uyuduğu məkana qayıtdı, goru nurla doslun!” Xanəndə deyir: “Gözəlim, bəlkə qapını açaq? Hər halda anadı, əziyyət çəkib beton deşib, onun adına oxuduğum mahnının “şotuna” çox pullar qazanmışam. Ola bilsin mənə sözü-zadı var?” Arvadı deyir: “A kişi, sən nə danışırsan, gecə vaxtı ölünü içəri buraxmaqmı olar? Sənin canın üçün, mumiyanı içəri buraxsaq uşaqlar dəli olar!” Kişi deyir: “Canım, hər halda anadı, bəlkə doğrudan da layla deməyə gəlib?” Arvad deyir: “Əə, sən öl, mən heç vaxt onun xoşməramlı olduğunu görmədim! Görmürsən, üzünün də bir tərəfi çürüyüb? Mən ondan xoş bir şey gözləmirəm!”

Əziz oxucum, bu sənə lazımdı? Bəlkə ananı evə buraxmayaq? Ancaq xanəndə özünü yeyib-tökürdü: “Ana, ağrın alım, qalx məzarından...”

İçdiyi milli arağın kimyəvi tərkibindən məst olaraq mürgüləyən dostuma dedim: “Sən canın, mumiya ana evə girməmiş mənə yüz manat borc ver, çıxıb gedim...”

# 3637 dəfə oxunub

Oxşar xəbərlər

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

14:00 10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
# # #