Tanrı insanı necə yandırdı?

Tanrı insanı necə yandırdı?
1 iyul 2015
# 11:48

Kulis gənc yazar Müşfiq Şükürlünün “Hesab” hekayəsini təqdim edir.

“Həyat cəhənnəmdir, ancaq bu cəhənnəm gözəldir. Bütün gözəlliksə Allaha məxsusdur”.

Çılğın, şaqraq quşlar buludların arxasına gizləndi. Heçlik toz- duman olub səmaya hopdu. Yer üzündə qızmar günəş altında can verən quru torpaqdan başqa heç nə qalmadı. Üzlər ağardı, gözlər qan qırmızısı sayağı laxta qana çevrildi. Və insan ağaclar kimi saçlarından, dərisindən savayı heç nə qalmayan gerçək şəklini aldı. Yeri məlum olmayan ilahi çeşməyə gizli təhəkkümlə şüursuz axın başladı. Və həmin ruhürpədici, dəhşətli səs qulaqlara üfürüldü. Ürək silkinib qərarsız qaldı…

Həmərsinin ağ-çəhrayı çiçəyinə qonan bəyaz kəpənəyi az da olsun sevə bilməyən orta yaşlı bir kişi meydana çağırıldı. Qəlbi boş, kimsəsiz və dərin çuxur kimi qaranlıq idi. Palçıqlı ayaqları buludlara bənzər ağ torpaqdan ağır-ağır sallanırdı. Qolları nazik, ayaqları qalın, yerişi səssiz və çəlimsiz idi. Üzü buz kəsilmişdi. Bu gün bütün dodaqlarda sonsuza qədər sürəcəkmiş kimi dəfolunmaz bir sızıltı titrəyirdi. Onun isə dodaqları, elə bil, burnunun altında gizlənmişdi və çənəsi xırda, qara yumaq təki dilinin ucuna yapışmışdı.

Hesab vaxtı çatdı. İşıq yoxa çıxdı. Gözlər qatı zülmətdə kölgəsi bilinməyən şiddətli qaranlıq kimi itib batdı.

Səs xəyalı lərzəyə gəlmiş çılpaq bədənli adamın qorxu bürümüş canını bədənindən üzüb kirimiş, intəhasız qaranlığa mıxladı.

- Səfalı günlər qurtardı. Vaxtın bitdi. İndi söz məndədir.

Və indi qorxu bütün coşqunluğu ilə onun ürəyinin arxasınca qaçmağa başladı. Getməyə, tərpənməyə yeri yox idi. Ürək səmanın olmadığı hündür, nəhayətsiz fəzada mələklərin nəhəng qanadlarını görüb irkildi. Ayağının altından kiçik bir qığılcım keçdi və boğulub nəfəsi kəsilmiş dar köksü o andaca unuduldu.

Səs ikinci dəfə eşidildi:

- Sənə ölümlü bir axtarış verdim. Sənə unutmaq üçün bol-bol ruzi verdim. Səni yaxınlaşmaq üçün günaha, qayıtmaq üçün ehtirasa bürüdüm. Bütün bunların əvəzində nə istədin?

Onun balaca çənəsi qara kömür kötüyü kimi cadar-cadar halqalandı. Və söz ürəyə gəlib çatdı.

- Bütün bunların bir asan yolu yox idimi? - ürək məsum diriliklə soruşdu.

Səs eşidilmirdi. Ancaq ürək məzlum, çarəsiz alov dilimi kimi fəzanın qeyri-müəyyən nöqtəsində hənirtiylə çırpınırdı.

- Səni oda atmaq üçün yaratdım!

Göz yaşının olmadığı qaranlıq gözlər ürəyə hökm eləyə bilmir. Bu vaxt fəzada tünd qara at sayağı dəlisov bir kölgə görünür. Və mələklərin qanadlarına çırpılan hüznlü bir fınxırtıyla yerindəcə qaçır.

- Niyə? – kişinin qara-qırmızı gözləri qapaqların altından yer eləyib çıxmaq üçün can atdı, dərinin üstündə isə göy, qabarıq cığırlar qalınlaşdı.

Cavab gəlmədi. Səs sükutu qamarlayıb qəzəblə tətiklədi və sakitlik qəribə bədheybətə çevrilib kişinin ruhunu inadla qamçıladı...

Həmin ruhürpədici səs yenə eşidildi. Fəzadakı kölgə sürətlə aşağı endi və ürküdücü rahatlıqla dalğalanıb onun ayaqlarına büründü. Mələklər buzu yalayıb keçən, küləyə qarışmış yüngül xizək kimi ağ havanı yarıb qanadlarını çəkdi. Onun ürəyi heyrətdən lap xəyali dərinliyə düşüb az qalsın yoxa çıxdı. Gözləri açıldı və ölüm uzaqlaşıb getdi. Ağır ayaqlarını tərpətməyin vaxtı çatdı. Alovun nəfəsi eşidildi. Burnunun pərələri açıldı və quru çənəsinin üstündə iniltiylə qıy çəkdi…

- Mən od istəmirəm, - özünə də qərib görünən nisgilli yalvarışla dedi.

Və səs yenidən qayıtdı:

- Məndən istəyə biləcəyin ən yaxşı şeyi bada verdin. Bax, elə bunun üçün yanmalısan!

Daha səs eşidilmədi. Ancaq kişi yenə təkrarladı.

Qırmızı-sarı zülmət boğuq qasırğa kimi gözlərinə doldu. Və ayaqlarını çəkib sürünməyə başladı…

17 iyun, 2015

# 967 dəfə oxunub

Oxşar xəbərlər

Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

09:00 6 dekabr 2024
Xəyanətkar anasını qətlə yetirən qız - İnsan necə qatilə çevrilir?

Xəyanətkar anasını qətlə yetirən qız - İnsan necə qatilə çevrilir?

15:00 5 dekabr 2024
#
#
# # #