Türkün tökülən qanları bihudə gedərmi? - 15 sentyabr mətnləri

Türkün tökülən qanları bihudə gedərmi? - 15 sentyabr mətnləri
15 sentyabr 2024
# 14:08

15 sentyabr Bakının Qafqaz İslam Ordusu tərəfindən erməni daşnak və rus-bolşevik qüvvələrindən xilas edildiyi gündür.

Həmin gün münasibətilə yazılan ilk şeirin müəllifi Məhəmməd Hadidir. "Türkün nəğməsi" adlı bu şeir 15 sentyabr 1918-ci il tarixli "Azərbaycan" qəzetinin 1-ci sayında dərc olunub.

"Bismillah" şeiri isə Əhməd Cavada məxsusdur. Çox ibrətamizdir ki, 26 yaşlı böyük şair Əhməd Cavad Bakını azad edən ordunun sıralarında olub. Mirzə Bala Məmmədzadə "İstiqlal zəfərinin dastanı" məqaləsində yazırdı ki, "Milli şairimiz o savaş günlərində bizzat qurtuluş ordusunun səfləri arasında bulunuyordu. Bu baxımdan hərəkat və savaşların şahidi olan şair əsərini realitədən mülhəm olaraq yazmışdır. Bir Qurban bayramı ərəfəsinə təsadüf edən 14 eylülü (sentyabrı) 15 eylülə bağlayan gecə sabaha qarşı ani basqını ilə düşməni sipərlərindən atıb... qəti təərrüzə keçən qurtuluş ordusunun zəfər topları şairi coşdurmuşdur. Azərbaycan istiqlal zəfərini dastanlaşdıran bu şeirinə şair, pək haqlı olaraq "Bismillah" başlığını qoymuşdur. Pək haqlı olaraq dedik, çünki şair yepyeni bir dövrün başladığını müjdələməkdədir. Bu gün Azərbaycan türkünün mənhus taleyi yenilmiş, hürr və müstəqil bir həyata qədəm qoyulmuşdur. O halda Bakı civarındakı Yanar Dağ, Subam və Yasamalın arxasından atılan zəfər topları şairi nədən coşdurmasın?!...İstiqlal savaşının zəfər dastanına böylə başlayan Cavad min ildən çox tarixə malik olan Şirvanşahlar dövrünün parlaq xatirəsini yaşadan Bakıdakı Xan sarayında onu zəfər pərisinin bəklədiyinə əmindir"

"Azərbaycanda düşündüklərim" məqaləsini isə Əli bəy Hüseynzadə 1918-ci ilin 24 iyulunda - Gəncədən Türkiyəyə qayıtdıqdan sonra "Hilali-Əhmər" qəzeti üçün yazıb. İlk dəfəydi ki, həmin məqalədə Bakının Azərbaycanın paytaxtı olması ideyası irəli sürülür, o günlərdə Gəncədə iqamət etmiş Qafqaz İslam Ordusunun yol xəritəsi nişan verilir, Azərbaycan türkü ilə Anadolu türkünün mənəvi və fiziki vəhdəti şərh olunurdu. Hər üç mətn istər ədəbiyyatımız, istərsə də ictimai fikir tariximiz üçün örnəkdir.

Azər Turan

Anadolu Türkünün Azərbaycan Türkünə qovuşması da bu qəbil hadisatdandır.

Cahan müharibəsinin doğurduğu bütün müşkülata rəğmən, iki türk qardaş birləşiyor. Və bundan hər iki tərəf üçün də böyük fayda vardır. Çünki Azərbaycan və Anadolu bir-birini tamamlayırlar. Anadolu türkü coğrafi mövqeyi, tarixinin zərurəti üzündən dünyanın ən dəyərli əsgəri oldu. Fəqət, eyni zamanda da çarəsiz ticarətini, sənaye və iqtisadiyyatını başlı-başına buraxdı. Digər tərəfdən azərbaycanlı türk hədd-zatında əsgəri və cəngavər bir qövm ikən rus istilasından sonra rus hökumətinə əsgər verməkdən imtina etdiyindən, zaman keçdikcə döyüş qabiliyyətini itirmiş, yaxşı tacir və iqtisadçı olmuşdur. Onun sərvət qazanmaq xüsusunda kəsb etdiyi keyfiyyətlər heyrətamizdir. Halbuki, silahlı qüvvəyə malik olmayan bir millət istiqlalını qoruya bilmədiyi kimi, eləcə də ticarətsiz, sənayesiz və iqtisadiyyatsız da yaşaya bilməz. Bu səbəbdəndir ki, Azərbaycana qovuşmaqla hər iki türk bir-birinə qarışacağından türk milləti müasirləşmiş olacaqdır.

Bu gün Anadolu öz hərbi üstünlük və xüsusiyyətləri sayəsində Azərbaycanı ən mənfur bir əsarətdən xilas edir və bu müdəqqəs ölkədə qanını axıdır. Lakin sabah da Azərbaycan öz iqtisadi mənbələri və tərəqqi etmiş ticarəti sayəsində Anadolunu iqtisadi səfalətdən xilas edə bilər. Bu gün bütün dünyanı sarsıtmaqda olan və bir-birilə çarpışaraq ortalığı hərc-mərc eyləyən üç mühüm cərəyanın, yəni imperializm, nasyonalizm və sosializm cərəyanlarının ən faciəli fəaliyyəti sahəsi Qafqasya və xüsusilə Azərbaycan oldu. Orası bir cəhənnəmə döndü. Oradakı türk qardaşlarımız bütün bu müxtəlif yakıcı, yıkıcı, əzici cərəyanların altında sərsəmlədi, nə edəcəyini bilmədi, mühakiməsini qeyb etdi. Osmanlı türkü imdadına yetişməsə idi məhv olub gedəcəkdi. Fəqət, onun məhv olması ilə Anadolu da təhlükəyə düşəcəkdi. Azərbaycanı qurtaran Anadolu kəndi kəndini də qurtarıyor. Buna şübhə etməyiniz! Deyirlər ki, dağ-dağa qovuşmaz isə insan-insana qovuşur! Xeyr, tarixin elə anları vardır ki, dağ da dağa qovuşur, bu gün Ərciyəs dağı Qaf dağına qovuşur və qovuşduqca yüksəlir!..

"Hilali-Əhmər" qəzetəsi

24 temmuz 1918

Məhəmməd Hadi

Türkün nəğməsi

Türkün tökülən qanları bihudə gedərmi?

Diqqətlə düşün, yoxsa bu qan həpsi hədərmi?

Dörd ildə verilmiş bu qədər can hədər olmaz,

Məfkurə yolunda tökülən qan hədər olmaz,

Qiymətli olan xuni-şəhidan hədər olmaz,

Dul qalmış olan növheyi-nisvan hədər olmaz,

Bax sən sonuna, hikməti-türkan hədər olmaz,

Bədbəxt olan əğfani-yetiman hədər olmaz.

Türkün tökülən qanları bihudə gedərmi?

Diqqətlə düşün, yoxsa bu qan həpsi hədərmi?

Qan ilə qazandıq zəfəri, verməriz əldən,

Xof eyləmədik atəşi-dəhhaşe düvəldən.

Bir zərrə belə qorxmayırız dəsti-əcəldən,

İstərsə cahan çevrili varsın da təməldən.

Türkün üzü çevrilməyəcək səmti-əməldən,

Türklər geriyə dönməyəcək misli-əməldən.

Yüksək yaşamaq istər ikən cümlə miləldən.

Türkün tökülən qanları bihudə gedərmi?

Diqqətlə düşün, yoxsa bu qan həpsi hədərmi?

"Azərbaycan" qəzeti

15 sentyabr 1918-ci il, №1

Əhməd Cavad

Bismillah

Atıldı dağlardan zəfər topları,

Yürüdü iləri əsgər, bismillah!

O xan sarayında çiçəkli bir qız

Bəkliyor bizləri zəfər, bismillah!

Ey döyünən ürək, dumanlı şəhər,

Bilirmisən bu zır gurultu nədir?

Aç sisli qoynunu, ordumuz gəlir,

Nişanlın qoynuna girər, bismillah!

Ey hərbin taleyi, bizə yol ver, yol!

Sən ey gözəl dəniz, gəl türkə ram ol!

Sən ey sağa, sola qılıc vuran qol

Qollarına qüvvət gələr, bismillah!

Ey Bakı, sən qorxma, gəldik, gələli

Sənin üçün biz atıldıq iləri.

Sağ olan annələrə olur təsəlli,

Şəhidlərin ruhu gülər, bismillah!

Ey düşmən, alnının yazısı qara,

Öldürməz bizlərə vurduğun yara,

Yolladığım qurşun ərmağan sana

O kirli alnını öpər, bismillah!

Sən mərd olub, dursan qarşımda əgər,

Qudurğan saçmalı növbətin keçər.

Sağlandığım torpaq qanmı içər,

Yurdum olmaz sənə sipər, bismillah!

Yurdumuzda bizə meydan oxuyan,

Murdar cəmdəkləri murdar qoxuyan,

Təkbir səslərini uzaqdan duyan

Düşmanımız aman istər, bismillah!

# 1411 dəfə oxunub

Oxşar xəbərlər

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

14:00 10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
#
#
# # #