Tak nelzya, moi rodnıe! - Ulucay Akif

Tak nelzya, moi rodnıe! - Ulucay Akif
6 mart 2024
# 14:55

Kulis.az Ulucay Akifin "Rasim Balayev niyə sədr seçilib?" adlı yeni yazısını təqdim edir.

Dünən iki kino ittifaqımız "bir"ləşdi.

Açığı, heç birinin fəaliyyətindən xüsusi xəbərdarlığım olmayıb. Başım çıxmır bu məsələlərdən.

Mən, sadəcə, çəkilən kinolara baxmışam, film festivallarına dəvət ediblər, getmişəm. Fikrimi soruşublar, fikrimi demişəm. Fikrimi soruşmayıblar, dinməz durmuşam. Kino ilə münasibətim bu müstəvidədir.

"Nə kimin kurasiyasındadır?"

"Hansına ildə nə qədər pul ayrılır?"

"Hansı ittifaq nə qədər yeyinti eləyir?"

"Kim kimin adamıdır?"

"Hansı rejissorun sözü hansı aktyorun boğazından keçmir?"

"Hansı aktrisa bütün ittifaqı barmağında oynadır?"

Bu şeylərdən xəbərdar deyiləm. Mənə maraqlı da deyil belə söhbətlər.

Mənə maraqlı olan ortaya qoyulan işdir.

Nə çəkirlər, nə göstərirlər bizə?

Hansı aktrisanın hansı rejissorun otağından gizlincə çıxdığı mənə maraqlı deyil. Lap heç çıxmasın.

Mənə maraqlı gələn başqa məsələdir.

Dünən Azərbaycan Kinematoqrafçılar İttifaqına Xalq artisti Rasim Balayev sədr seçildi.

Bax, bu mənə maraqlıdır.

Rasim Balayevin seçilməsi yox haaa!

Seçilib seçilib də.

Mənə maraqlı olan odur ki, niyə bu kino cameəsindən bir adam da çıxıb soruşmur ki:

"Ay qardaşlar, ay bacılar, axı kino ittifaqının sədri niyə aktyor olmalıdır?".

Bir adam da bu sualı vermir. Nə özünə, nə kino cameəsinə, nə də camaata.

Elə bil, belə də olmalıymış.

Sədrliyə iki namizəd var idi, ikisi də aktyor: Rasim Balayev və Şəfiqə Məmmədova.

Bir adam da qalxıb demədi ki,

"Ay adamlar, axı bir aktyor niyə ittifaqın sədri olmalıdır? Gəlin bir yaxşı rejissorumuzu özümüzə sədr seçək".

Yoxsa bu kino cameəsindəki adamlar elə bilirlər ki, kinonu ərsəyə gətirən aktyorlardır?

Bu qədər naşıdırlar?

Əgər elədilərsə, burdan üzümü onlara tutub başa düşəcəkləri dildə primitiv həqiqətləri deməliyəm.

Onlar bilməlidir ki, kino ittifaqının sədri rejissor olmalıdır.

Bu, birmənalı şəkildə belədir.

Kino aktyorun yox, rejissorun işidir.

Aktyor "tut priçom"?

Vı izdevaetes ştoli?!

Nu jeeee, tak nelzya moi rodnıe!

Dünyanın hər yerində kino sahəsini idarə edənlər rejissorlar və prodüserlərdi.

Bizdə isə artıq bütün enerji və potensialını xərcləmiş aktyoru keçmiş fəaliyyətinə görə ittifaqa sədr seçirlər.

Vı s uma soşli?!

Rasim Balayev kino adına nə edə bilər axı? Da?

Uzağı filmə çəkilə bilər, i fso.

Deyir ki "Rasim Balayev buna layiq idi".

Ay qardaş, Rasim Balayevi qiymətləndirmək üçün ona hansısa çox vacib bir vəzifəni vermək lazımdır?

Bu nə məntiqdir axı?

O vəzifə kiminsə könlünün şad olması üçün nəzərdə tutulub, ya kino sahəsinin inkişafı üçün?

Əgər birincidirsə, deyin, bilək. Biz də sevinək ki, əsas odur, Rasim Balayevin könlü şad oldu, onu sevindirdik.

Axı elə deyil.

Bu vəzifələr kiminsə könlünün xoş olması üçün yaradılmayıb.

Mən kino istəyirəm. Dünyaya çıxara biləcəyimiz kinolar istəyirəm.

Dünyaya çıxara bilmirik?

Cəhənnəm!

Heç olmasa, özümüz baxanda könlümüzün şad olacağı filmlərimiz olsun istəyirik.

Rejissor məktəbimiz olsun istəyirik.

Ssenarist məktəbimiz olsun istəyirik.

Aktyor məktəbimiz olsun istəyirik.

Yəni tək arzumuz Rasim Balayevin könlünü şad etmək deyil, başqa arzularımız da var.

# 4751 dəfə oxunub

Oxşar xəbərlər

İmpressionizmin ən böyük kolleksioneri - Paris Salonu onun əsərini niyə rədd etmişdi?

İmpressionizmin ən böyük kolleksioneri - Paris Salonu onun əsərini niyə rədd etmişdi?

18:30 19 avqust 2026
"Ana, həyat yenicə başlayırdı..." - Məşhur "Bohemian rhapsody" necə yarandı?

"Ana, həyat yenicə başlayırdı..." - Məşhur "Bohemian rhapsody" necə yarandı?

16:30 19 avqust 2026
Baş mələk Mikayılla İblisin təsvirini çəkən rəssam - Qvido Reninin məşhur əsərləri

Baş mələk Mikayılla İblisin təsvirini çəkən rəssam - Qvido Reninin məşhur əsərləri

18:00 18 avqust 2026
"Niyə məni bəyənmirsən?.." - "Grace Kelly" necə yarandı?

"Niyə məni bəyənmirsən?.." - "Grace Kelly" necə yarandı?

15:30 18 avqust 2026
Kubizmlə futurizmin sintezi, sənətdə sənayeləşmə...- Umberto Boççoninin məşhur əsərləri

Kubizmlə futurizmin sintezi, sənətdə sənayeləşmə...- Umberto Boççoninin məşhur əsərləri

18:30 17 avqust 2026
"Biz yeri cənnətə çevirəcəyik..." - "Heaven Is a place on Earth" necə yarandı?

"Biz yeri cənnətə çevirəcəyik..." - "Heaven Is a place on Earth" necə yarandı?

14:00 17 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər