“Sizi hələ çox incidəcəm!..” - Leyla şorgöz Arifi niyə evə dəvət etmişdi?

“Sizi hələ çox incidəcəm!..” - Leyla şorgöz Arifi niyə evə dəvət etmişdi?
1 fevral 2024
# 17:20

Kulis.az Fəxri Uğurlunun Hüseyn Mehdiyevin “Özgə vaxt” filmi haqqında yazdığı "Kimin vaxtı var?.." adlı məqaləsini təqdim edir.

Ata (Ələddin Abbasov) göyərçinlərin qanadlarını təmizləyirdi, qanadı təmizlənmiş quşları göy üzünə dağıdırdı. “Gərək qanadı təmiz olsun ki, uça bilsin...”

Ancaq göyərçinlərdən biri uça bilmirdi. “Buna nə olub, hə? Deyəsən, qanadı çirkli qalıb axı ?..” Uça bilməyən quş hoppana-hoppana gedib damdan azca aralıdakı elektrik məftilinə qondu. O qanadı çirkli quşun ardınca dartınan Atanın... əlləri boşa çıxdı, ayaqları göydən üzüldü. Ata YIXILMALIYDI ki, film BAŞLASIN.

Beləcə, film Atanın göydəki ömrünün sona çatması ilə başlanır. Bundan sonra onun bütün ömrü ta ölənəcən əlil arabasında keçəcək...
Atasını xəstəxanadan çıxaranda Leyla (Ayan Mirqasımova) hələ möhkəm inanır ki, o sağalacaq (və bütün film boyu görəcəksiz ki, Atanın sağalmağına Leyladan başqa inanan yoxdu). Orxanın (Elşən Rüstəmov) təkliflərini elə buna görə gününə-saatına yaxın buraxmır, elə bilir əzabları ötəridi. Həkimin (Həsən Məmmədov) eyhamları da qulağına batmır. Hətta evə dönəndə Atanın verdiyi əzablı vədlər də: “Sizi hələ çox incidəcəm!..”

Gündüzlər işdə olduğundan Leyla atasına qulluqçu tutmağa məcbur olur. Qulluqçunun biri gedir, biri gəlir və heç biri də Atanın verdiyi əzablara dözə bilmir; yediyini tüpürə-tüpürə Ata onların hamısını bezikdirir. Görünür, Ataya QULLUQÇU yox, ÖZ BALASI lazımdı. Adama elə gəlir, onun bütün ərköyünlüyü qızını əzaba tutdurmaq üçünmüş...

Sonuncu konsert. Göz yaşları və Bax və skripkanın ayrılıq nəğməsi. Orkestr DİRİJORUN nəzarətindən çıxır; bu həngamənin içində dirijormu görünər (hərdən fikirləşirsən ki, görən doğrudanmı bu orkestrlərin dirijora ehtiyacı var?..). Leyla öz skripkasını - öz səsini götürüb ORKESTRDƏN gedir. Skripka onun orkestrlə münasibətlərinin simvoludu, həmin bu skripka biryolluq futlyara gömülür (sonralar Leyla kökdən düşmüş skripkanı dilləndirməyə çalışsa da, alınmayacaq), həyat ATANIN QIZINA verdiklərini geri alır (Atanın acığına!). Bundan sonra Leylanın vaxtı qırılır, qız ATASININ VAXTI ilə yaşamağa başlayır...

Orxanın Sibirə yola düşməsi. Leyla şüşə divarın arxasından, yağış damcılarının arasından gizlicə perrona baxır, onun hərəkətlərini izləyir. Bu, deyəsən, Leylanın həyatla sonuncu dəfə göz-gözə gəlməsidi (məhz şüşə divarın arxasında, məhz damcıların arasında!). Orxanın Sibir səfəri uzun çəkəcək, filmin sonunadək rejissor onu geri qaytara bilməyəcək. “Orxanın səfəri” demək bir az sadəlövh çıxır. Əslində, filmdə Leyladan başqa bir kimsə yoxdu, hər kəs, hətta Ata da (!) Leylanın münasibətindən var olur. Səfərə çıxan Orxan deyil, Leylanın arzu düyünçəsidi. Mənzil başının Sibir seçilməsi təsadüfi deyil - Sibir sürgün yeridi. Və Sibirə sürülən Leylanın arzularıdı, Leylanın ÖZ həyatıdı, ÖZ vaxtıdı. Şüşə divar yaxınlıqda uzaqlıq simvoludu; hər şey göz qabağındadı, lap bir addımlıqdadı, ancaq bu divarı keçib gedə bilməzsən, milçək kimi özünü şüşəyə çırpıb-çırpıb heydən düşəcəksən...

Ata isə dörd divar arasında, iki təkər üstündə yenə öz quşlarının arasındadı. Üstəlik, özünə yeni bir əyləncə də tapıb: ovcundakı dəni ikibir, üçbir ac göyərçinlərə göstərib, quşların dən üstünə uçuşundan, göyərçinlərin yem həsrətiylə başına dolanmasından həzz alır. Deyəsən, quşların qanadını təmizləmək daha yadına düşmür (dörd divar arasında buna ehtiyac varmı?!). Bəlkə də, quşların uçub getməsindən qorxur. Hə, ATA ÖZ QUŞLARININ AZADLIĞINDAN QORXUR. Günlərlə ac qalan göyərçinlərin əzabına dözməyən (qohum əzabdı!) Leyla torbadakı dəni ovuclayıb döşəməylə bir eləyir. “Niyə bunları qırırsan?..” (Əslində, bu sual Leylanın öz sualıdı və bu etiraz da Leylanın öz etirazıdı...) Qəzəbdən Atanın sifəti bir az da eybəcərləşir, ağzı köpüklənir, bədəni qıc olur. Sözsüz danışığıyla Leylanı qandırmaq istəyir ki, bu quşlarla onların YİYƏSİNİN arasında onun başa düşə bilmədiyi bir münasibət, bir anlaşma var. Nə bilim, bəlkə də, demək istəyir ki, quşlar ac olmasalar, Yiyələrinin başına dolanmazlar...

Hamı Leyladan atasını soruşur (elə bil yer üzündə heç kimin atası yoxdu...). Poçtalyon qadın: “Atanız necədi?.. Allah şəfa versin...” Qonşu Akif (Rafiq Əliyev): “Atanız necədi?.. Darıxmayın, hər şey yaxşı olacaq, o, yüz il yaşayacaq, sizsə əbədi...”

Və Orxanın məktubu: “İndiyəcən sənə deməmişəm, ancaq indi deməyə məcburam: atan sağalmayacaq!”. Və Leylanın cavabı: “MƏN BİLİRƏM Kİ, ATAM SAĞALMAYACAQ!..”. Bu məktubu da yazıb o biri məktublar kimi siyirməyə atır. O məktubların ünvanı yoxdu, çünki daha Leylanın yer üzündə ünvanı qalmayıb. İndi onun bircə ünvanı var, o da Atasının Evidi. Hamı ona bu evdən qaçmağı, atasından xilas olmağı məsləhət görür: “Ver əlillər evinə, qocalar evinə ver...”. Hətta həkim də, o həkim ki, hər dəfə Atanı ölümdən qurtardıqca Leylanın “özgə vaxtını” uzadır...

Keçmiş (!) rəfiqəsiylə, orkestr yoldaşıyla təsadüfi görüş. Yenə lap yaxından həyatın səsi gəlir (yenə şüşə divar...) “Atan necədi? Çoxdan istəyirəm baş çəkəm, heç vaxt tapa bilmirəm...”. “İstəyirsən, gedək bizə...”. Hə, atasının qızı, elə bilirdin, o qız o sözlərdən sonra bir bəhanə tapa bilməyəcək, ya elə bilirdin, o qız o sözləri ürəkdən dedi?.. Bil, Atasının Qızı, heç kim Sənin Atanı görmək istəmir, heç kim sənin əzablarına bir saniyə belə ortaq olmaq istəmir!.. (Ancaq Sənin Atanın Evinə gəlməyən o qız atan öləndən sonra onun YOXLUĞUNU QEYD ELƏMƏK ÜÇÜN sənə qoşulub qəbirstanlığa gedəcək...).

Bir də gözündən ehtiras qurdları yağan qonşu Akif. “Əlimdən hər iş gəlir. Nə vaxt lazım olsam, çağırın...”. Yadıma İsa peyğəmbərin dağlarda İblislə qarşılaşması düşür. Bir yanda Atanın acı həqiqəti (“Sizə çox əzablar verəcəm...” ), bir yanda şeytanın şirin yalanları (“Siz iki yüz il yaşayacaqsız... Hər şey yaxşı olacaq...”).

Atanın göyərçinlərlə münasibətinə Leylanın müdaxiləsi burda bir başqa şəkildə ortaya çıxır: Atanın ÖZ BALASI ilə münasibətlərinə YAD ADAMIN müdaxiləsi. Bu yerdə Baxın melodiyaları filmi izləməkdən yorulur. Atanın Evinə ehtiras havası damır. Torpağın dibindən, təbiətin kökündən bir palçıq vulkanı püskürür.
Leyla “əlindən hər iş gələn” qonşunu köməyə çağırır...

Ac quşlar QİYAM qaldırırlar. Atanın ustünə tökülüşüb onun nəfəsini kəsirlər. Ancaq Atanın dən dolu ovcu yumulu qalır. Ata özü istəməsə, quşlar onun ovcundan bir dən belə qopara bilməzlər. Quşlar çaşıb qalıblar; deyəsən onlar öz çörək ağaclarını yıxıblar axı!..
Atasının qəbri üstündən qayıdan Leyla quşları əvvəlki sayaq əzizləyir, onlara dən səpir. Ancaq quşlar dənə yaxın durmurlar. ATANIN YERİNİ boş görən quşlar çaşıblar. Leyla keçib atasının boş qalmış arabasına oturur. Ovcunu dənlə doldurub quşları çağırır. Quşlar sevincək qızın başına yığılır. Leyla da sevinir, quşlar da. Ancaq quşlar bilmir ki...

...Quşlar bilmir ki, Leyla Atanın yerində çox otura bilməyəcək. Artıq ATA VAXTI qurtarır, indi Leylanın ÖZ VAXTI başlayacaq...
Saat səslənir və Leylanın öz vaxtı başlanır. Ancaq bilmək olmur, bu, sondu, yoxsa başlanğıcdı. Köhnə vaxtı göstərən əqrəblər çürük budaq kimi üzülüb gedib, təzə vaxtın əqrəbləri isə hələ bitməyib (bitəcəyinə güman varmı?!.). Saatın zəngi vurur (əcəl zəngi!), ancaq vaxt bilinmir. Vaxt qurtarıb. Saatın içi eləcə boşdu, bomboşdu...

21 sentyabr 1996

# 2331 dəfə oxunub

Oxşar xəbərlər

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

14:00 10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
# # #