Siyasi düşmən kimi həbs olundu, əlyazmaları məhv edildi - Meşədə güllələnən şair

Siyasi düşmən kimi həbs olundu, əlyazmaları məhv edildi - Meşədə güllələnən şair
6 sentyabr 2023
# 21:00

Bu gün şair, ədəbiyyatşünas, mətnşünas, repressiya qurbanı Salman Mümtazın doğum günüdür.

Kulis.az bu münasibətlə onun həyat və yaradıcılığı haqqında maraqlı faktları təqdim edir.

Milli ədəbiyyatımızın tanınmasında böyük xidmətləri olmuş Salman Mümtaz ömrünü Azərbaycan klassik şairlərinin əsərlərinin, aşıq poeziyası və xalq folklor nümunələrinin toplanmasına və nəşrinə sərf edib.

20 may 1884-cü ildə Şəkinin Gəncəli məhəlləsində, tacir ailəsində göz açan Salman Məmmədəmin oğlu Əsgərov ilk təhsilini Aşqabadda alıb.

Atası Məmmədəmin Məşhəd ziyarətindən qayıdarkən yolunu Aşqabaddan salır, böyük torpaq sahəsi alıb yurd salır və karvansaray, dəzgah, mülk sahibi olur. Ailəsini yanına gətirməyə hazırlaşdığı bir ərəfədə - 1887-ci ildə 32 yaşında ağciyər iltibahından vəfat edir.

undefined

Aşqabad gimnaziyasını bitirmiş Mir Fəttah Musəvi və ona dərs deyən Salman Mümtaz. Gimnaziyanı bitirən gün, Aşqabad.

1900-cu ildə anası Məşədi Zəhra xanım iki oğlu və qardaşları ilə Aşqabada köçür və həyat yoldaşından qalan varidatı idarə etməyə başlayır. Uşaqlarının gələcəyini düşünən qadın iri bir sandıq alıb onu qızılla doldurur. Sonralar Salman Mümtaz məhz bu pulların sayəsində bir çox xeyriyyə işlərinə, o cümlədən, Azərbaycan şairlərinin əlyazmalarının toplanması işinə imza atır.

Kiçik yaşlarında Mirzə Ələkbər Sabirlə görüş ona ədəbiyyatı sevdirir. Elmə böyük marağı olan Salman Mümtaz 22 yaşınadək rus, ərəb, fars və urdu dillərini mükəmməl öyrənir. Şərqin bir çox klassik şairlərinin əsərlərini dönə-dönə oxuyur və əzbərləyir.

1908-1909-cu illərdə “Molla Nəsrəddin” və dövrün bir çox nəşrləri ilə əməkdaşlıq edən Salman Mümtaz “Xortdan bəy”, “Sağsağan” kimi imzalarla yazılar çap etdirirdi. Gördüyü işlərdə həmişə Mirzə Ələkbər Sabir, Abbas Səhhət, Mirzə Cəlildən mənəvi dəstək görən Salman Mümtazın “Molla Nəsrəddın”in imperiyanın bir çox bölgələrinə yayılmasında böyük zəhməti olmuşdu.

undefined

Soldan sağa: Əbdürrəhim bəy Haqverdiyev, Rzaqulu Nəcəfov, Salman Mümtaz, Zeynal Məmmədov və Əliqulu Qəmküsar. Tbilisi, 1913-cü il

1913-cü ildə Salman Mümtaz ilk kitabı “Seyid Əhməd Hatif İsfahaninin tərcibəndi və tərcümeyi-halı”nı Mirzə Cəlilin Tiflisdə fəaliyyət göstərən “Qeyrət” mətbəəsində nəşr etdirir.

Cümhuriyyətin yaranması ərəfəsində o, ailəsi ilə birlikdə Bakıya köçərək, “Azərbaycan” qəzetində jurnalist kimi fəaliyyət göstərir. Qəzetdəki fəaliyyəti ilə yanaşı, Azərbaycan klassiklərinin yaradıcılığı ilə bağlı sənədlərlə maraqlanmağa başlayır.

1919-cu ildə “Yaşıl qələm” ədəbi cəmiyyətinin üzvü olan Salman Mümtaz cəmiyyətin normal fəaliyyət göstərməsi üçün çox böyük həvəslə maddi yardımlar edir.
Sovetləşmədən sonra da öz ədəbi fəaliyyətini davam etdirən Salman Mümtaz 1920-1925-ci illərdə Azərbaycanı qarış-qarış gəzərək, öz şəxsi vəsaiti hesabına 200-ə yaxın kitab, əlyazma və məqalə toplamağa nail olur və “Kommunist” qəzetində “Unudulmuş yarpaqlar” adı altında silsilə məqalələr dərc etdirir.

undefined

1926-cı ildə Mehmed Fuad Köprülüzadə, Əli bəy Hüseynzadə və Salman Mümtaz Bakıda Birinci Türkoloji Qurultayda.

Elə bu dövrdə onun rəhbərliyi ilə Azərbaycan ədəbiyyatının bərpası komissiyası təşkil olunur.

Azərbaycan ədəbiyyatının tədqiqatçılarından biri olan Salman Mümtaz bu illər ərzində ədəbiyyat tarixinə dair 15, xalq yaradıcılığına dair 2 əsər yazıb.
İmadəddin Nəsimi, Molla Pənah Vaqif, Qasım bəy Zakir, Mirzə Şəfi Vazeh və başqalarının əsərlərinin ilk dəfə külliyyatlarını məhz o nəşr etdirib. Onun “Nəsimi” adlı monoqrafik kitabı 1926-cı ildə Bakıda keçirilən I Türkoloji qurultay iştirakçılarının böyük marağına səbəb olur.

undefined

Salman Mümtaz və Həbib Səmədzadə. Salman Mümtaz yaradıcılığının bir qismində Həbib Səmədzadənin rolu olmuşdur.

1934-cü ildə isə Moskvada keçirilən sovet yazıçılarının I qurultayında çıxış edən Məmmədkazım Ələkbərli onun Mirzə Şəfi Vazehin ədəbi irsinin öyrənilməsindəki xidmətlərini xüsusi qeyd etmişdi.

Salman Mümtaz Azərbaycan Dövlət Elmi Tədqiqat İnstitutunun kapitalizmə qədər olan dövr üzrə Azərbaycan ədəbiyyatı bölməsinin müdiri (1929-1932), Azərbaycan Dövlət Muzeyinin elmi işçisi (1932-1933) olub.

Görkəmli mətnşünas eyni zamanda, həm “Azərnəşr”in klassik irs şöbəsinin müdiri (1933-1936), həm də SSRİ Elmlər Akademiyasının Azərbaycan filialının ədəbiyyat bölməsinin elmi işçisi, daha sonra müdiri vəzifəsində çalışıb (1933-1937).

undefined

Salman Mümtazın həbsdə çəkilmiş fotosu

Lakin 1937-ci ilin qanlı repressiya burulğanı bu ziyalı insandan da yan keçmədi. Onu “Bakinskiy raboçi” qəzetində nəşr olunan məqalələrində buraxdığı “ideloji səhvlərini” əsas göstərərək pantürkizm və millətçilikdə ittiham edirlər.

undefined

Salman Mümtaz tərəfindən yazılan, Ağa Məsih Şirvaninin yaradıcılığına həsr olunmuş kitabın ilk səhifəsi (Kitab 1925-ci ildə nəşr edilmişdir).

“Xalq düşməni” damğası vurulan Salman Mümtaz tutduğu vəzifələrdən azad edilir və 8 oktyabr 1937-ci ildə Bakıdakı evində siyasi düşmən kimi həbs olunaraq, ağır işgəncələrə məruz qalır. Həbs olunan zaman topladığı 270-ə yaxın əlyazma məhv edilir.
Məhkəmədə əks-inqilabi millətçi təşkilata üzv olduğunu sübut etmək üçün B.Çobanzadə, Ə.Qubaydullin, R.Axundov və başqaları ilə qarşıdurmalar yaransa da, o, millətçi mövqedə olmadığını bildirir.

undefined

Həbs olunmazdan əvvəl Salman Mümtazın Buynakski küçəsi №-25 ünvanı (indiki Şeyx Şamil küçəsi).

Salman Mümtaz 10 il müddətinə azadlıqdan məhrum edilərək Rusiyanın Oryol vilayətinə sürgün olunur.

1941-ci ilin sentyabrında Oryol şəhəri yaxınlığında Medvedski meşəsində güllələnir.

Qeyd edək ki, Salman Mümtaz 1956-cı ildə bəraət alıb.

Vüsalə Məmmədova

Manera.az

# 1980 dəfə oxunub

Oxşar xəbərlər

Füzuli və Mikelancelonun bir-birinə ehtiramı - Eşq, yoxsa Eros?!

Füzuli və Mikelancelonun bir-birinə ehtiramı - Eşq, yoxsa Eros?!

12:00 10 iyul 2024
Hüseyn Cavidin "ifşa" olunduğu hekayə - Ölülər rəqs edərkən

Hüseyn Cavidin "ifşa" olunduğu hekayə - Ölülər rəqs edərkən

09:00 10 iyul 2024
Yazıq Əhməd, yazıq Əhməd... - Nadir Yalçının yeni şeirləri

Yazıq Əhməd, yazıq Əhməd... - Nadir Yalçının yeni şeirləri

12:00 9 iyul 2024
Ulucay buna nail olmağa çalışıbsa, təəssüflə deməliyəm ki... - Xəyyam Rəfili

Ulucay buna nail olmağa çalışıbsa, təəssüflə deməliyəm ki... - Xəyyam Rəfili

09:00 9 iyul 2024
Doğulduğu gün ölənlər - İnsan nə vaxt qocalır?

Doğulduğu gün ölənlər - İnsan nə vaxt qocalır?

12:00 30 iyun 2024
Fransa kəşfiyyatının gizli elektron sandığına necə sızdım? - Fransızların Bakıda çəkdiyi serialın əsl məqsədi

Fransa kəşfiyyatının gizli elektron sandığına necə sızdım? - Fransızların Bakıda çəkdiyi serialın əsl məqsədi

15:05 27 iyun 2024
# # #