"Sənə deyə bilmədim..." - Yun Fossenin hekayəsi Azərbaycan dilində ilk dəfə

Yun Fosse, norveçli yazıçı, Nobel laureatı

Yun Fosse, norveçli yazıçı, Nobel laureatı

6 oktyabr 2023
# 10:30


Kulis.az dünən Nobel mükafatına layiq görülmüş norveçli yazıçı Yun Fossenin "Sənə deyə bilmədim..." adlı hekayəsini təqdim edir.

Çağdaş Norveç nasiri, şairi və dramaturqu 1959-cu ildə Hardanger rayonunun Kvam quberniyasında doğulub, orta məktəbi orada bitirib, Bergen universitetində təhsil alıb, sonra filologiya üzrə dissertasiya müdafiə edib, fəlsəfə və sosiologiyanı öyrənib.
Ədəbiyyata 1983-cü ildə “Qırmızı, qara” (1983) romanı ilə qədəm qoyub, sonra “Üzən ev” (1989), “Qurğuşun və su” (1992), “İki povest” (1993), “Melanxoliya” (1995-1996), “Səhər, axşam” (2000), “Yuxusuzluq” (2007) roman və povestləri, eyni zamanda novellaları, şeirləri, uşaq kitabları və pyesləri işıq üzü görüb.

“Payız haqqında yuxular”, “Kimsə gəlməlidi” və “Ad” pyesləri teatr aləmində böyük maraqla qarşılanıb. Onun pyeslərinin qəhrəmanları insanların sınıqları, qırıntılarıdı, onlar da dar və qapalı məkanda, mövcudluğun hüdudları kənarında yaşayırlar, xəsis danışıqları yarımşüuri donqultuya oxşayır, özləri isə dolaşıq, anlaşılmaz, bir an əl çəkməyən qorxu içindədirlər.
“İfadəsi mümkün olmayanı ifadə edən yenilikçi pyeslərinə və nəsrinə görə 2023-cü il Ədəbiyyat üzrə Nobel mükafatı laureatıdır.

Sənə deyə bilmədim...

Həyatda elə şey var ki, yanından ötüb keçmək olmur, hər halda, mənim, qocalan adamın həyatında müəyyən şeylər həmişə gözlərimin qabağına gələcək, bir zamanlar olub-keçənlərin işıqlı parıltısını - dediyim kimi, könlümdə iz buraxan işıqlı parıltısını - həmişə görəcəyəm, bu parıltı könlümdə ona görə belə yer tutub ki, anlaşılmaz zərurətlərlə, ola bilsin, heç də bu cür olmayan zərurətlərlə doludu, bəlkə də, həmin işıqlı parıltının məndən başqası üçün heç bir mənası yoxdu.
Gözlərim qarşısında bir neçə belə işıqlı parıltı var.
Bu yaxınlarda öləcəm, həmin parıltılar mənimlə birgə yox olacaq, parıltılar yox olacaqlar, amma bu, qorxulu deyil, ona görə ki, artıq yoxa çıxıblar, bu, lap əvvəllər baş verib, bir vaxtlar zamanda, məkanda, zamanla məkanın kəsişdiyi nöqtədə baş verənlərin parıltısıdı, o parıltılar çox-çox qabaqlar olublar, o parıltılar çoxdan qeybə çəkiliblər.

Sən də çoxdan yox olubsan. Hər şeyin baş verdiyi zaman da qeybə çəkilib. Tezliklə mən də yox olacağam. Həyat belədi. Amma səni birinci dəfədi görürəm, məktəb həyətindən keçib-getdiyini, sonra da bütün ömrüm boyu məktəb həyətindən keçib getdiyini müşahidə eləyirəm; sənin hərəkətində, yerişində nəsə varıdı, bir qədər yekəxana baxışlarında qəribə qürur sezilirdi, amma eyni zamanda, mənə elə gəlirdi ki, utanırsan, gizlənmək istəyirsən; sənin məktəb həyətindən keçib-getdiyini, hərəkətini, qara saçlarını, sərbəst yellənən gödəkçəni görürdüm.
Məktəb həyətindən keçib-getdiyini görəndə içimdə nəsə baş verdi. Bunun nə olduğunu bilmirdim, elə indi də bilmirəm. Bu, heç nə demək deyil, baş verən hadisəni müəyyən bir mənası yoxdu, amma məktəb həyətindən keçib getdiyin vaxt hərəkətlərinin parıltısı kimi, bu parıltıda, məhz bu gimnaziyada, məhz bu ildə, məhz bu səhərdə, yeni məktəbdəki ilk günündə, bir dəfə payızın ortalarında, məhz sənin hərəkətlərində sezdiyim həmin həmin məqam könlümdə özünə yer tapdı, təkcə yaddaşımda qalmadı, həm də öz hərəkətlərimə hopdu - indi o cür hərəkət eləyirəm. Sənin məktəb həyətindən keçib-getdiyini hava təzəcə işıqlaşanda gördüm. Gülməlidi. Çox gülməlidi. Bu, heç nə demək deyil, amma öz ömrümün sonuna yaxınlaşıram, ordasa sənin erkən payız səhəri məktəb həyətindən keçib-getdiyini aydınca görürəm, bu, məndən ötrü çox vacibdi, sonra ayrı bir parıltı peyda olur: sən məktəb yeməkxanasında kiminləsə oturmusan, amma eyni zamanda, təksən, həm də başqalarıyla bir yerdəsən, amma özünə qapılıbsan, təksən, başqalarıyla tək-tənha oturursan, saçların qap-qaradı, adətən, həmişə oturduğun yerdə, masanın o biri ucunda əyləşibsən, onsuz da tez-tez orda oturduğunu görürdüm, amma məhz həmin vaxt orda oturduğunu xatırlayıram, sənin gözlərində nəsə var, baxışlarını yerdən qaldırmağında nəsə var, baxışlarında nəsə var, amma nə olduğunu heç zaman başa düşmürdüm; baxışlarında könlümdə özünə yer tutan nəsə vardı, bunun nə olduğunu dərk eləmirəm; amma orda oturmuşdun, elə-belə oturmuşdun, baxışlarını qaldırdın, o baxışın barədə deyəcəyim bütün sözlər düzgün olmayacaq, necə baxdığını ifadə eləmək mümkün deyil, sənin baxışında həddən artıq çox şey vardı, həmin gün məktəb yeməkxanasında, masanın o biri ucunda, başqalarıyla birgə tək oturduğun vaxt baxışında anlaşılmaz nəsə vardı, məhz orda, məhz onda görünüb yox oldu.

Sənin baxışındakı o nəsnəni unuda bilmirəm. Gördüyüm məqam könlümdə iz qoydu. Baxışın bütünlüklə mənim içimdədi. Bilmirəm, nədən heç vaxt o baxışını unuda bilmirəm. Həmin baxış mənim içimdədi, qəlbimin lap dərinliyindədi, öz baxışımın bir parçasına çevrilib, ona görə ki, mən bir şeyə nəzər salan zaman baxışımda sənin baxışından nəsə var. Bunu anlamaq mümkün deyil, heç bir mənası da yoxdu, çünki heç nə demək deyil. Amma indi, həyatım sona yaxınlaşanda - bu, elə belədi ki, var – həmin vaxt sənin baxışında gördüyümü həyatımdakı hər şeydən aydın xatırlayaram. Bu, qəribə, həqiqətdən uzaq səslənir, ona görə ki, bütün sevdiyim adamlardan, bütün olub-keçənlərdən payızın ortalarında, səhər erkəndən sən mənim oxuduğum gimnaziyaya gələndə bədəninin hərəkəti, hərəkətlərindəki nələrsə həyatımın ən aydın xatirələri kimi qalacaq. Hər şey çox qəribədi. Səhər məktəb yeməkxanasında, başqalarıyla tək, masanın o biri ucunda oturan vaxt sənin o baxışın da qəribəydi, gözlərin də qəribəydi, baxış tərzin də qəribəydi, o da qəribəydi ki, mahiyyətcə müəyyən bir xüsusi mənadan tamamilə məhrum baxışın həyatımda ən vacib bir şeyə çevrildi. İnanıram ki, bunu bilsəydin, çaşardın, daha mənimlə danışmazdın, duyduğun həddən artıq ağrılı, həddən artıq çətin olardı, axı mən sənin ən bayağı hərəkətlərində, ən bayağı baxışlarında nə görə bilərdim, elə bil, özünü mənim yanımda qəribə tərxdə öz içinə çəkilmiş, qəribə tərzdə itib-getməli olan bir şey kimi hiss eləyirdin; desəydim ki, həmin səhər, payız səhəri, soyuq işıqda, seyrək yağışda, zəif küləkdə sənin bədəninin hərəkəti məndən ötrü nələri ifadə eləyəcək, anlaya bilməzdin, mənimlə yaşaya bilməzdin. Sənə desəydim ki, başqalarıyla tənha oturduğun məktəb yeməkxanasında qaldırıb üzümə saldığın nəzərinin məndən ötrü nə demək olduğunu söyləsəydim, birgə yaşadığımız bütün illər ərzində bu cür sərbəst baxa bilməzdin. Buna əminəm. Ona görə də heç nə demədim. Bəlkə də, mənə səhvən elə gəlir ki, bu, qəlbinə toxuna bilərdi. Ola bilsin, demək lazımıydı. Sən öləndə, əlindən tutmuşdum, hətta onda da heç nə demədim. Nəfəsinin necə yavaşıdığını, kəsildiyini, dayandığını, uzun müddət yox olduğunu eşidirdim, gözlərində ölən həyatı görürdüm, sonra nəfəsin qayıdırdı, sonra yenə yox olurdu, sonra itirdi, onda, məhz həmin məqamda baxışının otaqda necə dolaşdığını, o baxışdasa hərəkətlərində olanların hamısını gördüm, baxışının, hərəkətinin bir andaca anlaşılmaz, tutqun bir şeyə çevrildiyini, sonrasa yox olduğunu gördüm. Sənin baxışının necə boşaldığını gördüm. Gözlərini sonuncu dəfə gördüm. Sonra səsini, dəfələrlə eşitdiyim səsini eşitdim, səsini həmişə eşidəcəyim kimi eşitdim, ömrümün axırınacan, ölənəcən səsin də mənimlə birgə yaşayacaq; səsini eşidəndə, gündüzüydü, akt zalında indi xatırlamadığım bir tədbir keçirilirdi, o tədbirə biz də gəlmişdik, kimsə səndən nəsə soruşdu, qalxdın, nəsə dedin, təzədən oturdun, yadımda deyil, o nə yığıncağıydı, yadımda deyil, nə dedin, amma səsində nəsə vardı, səslə canın vəhdətində nəsə sezilirdi, sən ayağa duranda, səsində nəsə varıdı, nəsə həmin vaxtdan o səsi həmişə öz içimdə eşidirəm, bilmirəm, nə dedin, yadımda qalmayıb, bu, o qədər də vacib deyil, mənası da yoxdu, amma həmin gün gimnaziyamızın akt zalında sənin səsində nəsə vardı, sən qara saçlə başını qaldırıb ayağa qalxanda, səsində nəsə vardı, o vaxtdan səsindəki o "nəsə"ni həmişə qəlbimin lap dərinliklərində eşidirəm. Sənə heç vaxt deməmişdim. Deyə bilməmişdim. Deyə bilməmişdim ki, sonralar söylədiklərinin hamısı eynilə məndən ötrü həmin gün gimnaziyanın akt zalında dediyin, xatırlamadığım həmin sözlərin kimi vacibdi.

Sənin erkən payız səhərinin soyuq tutqunluğunda məktəb həyətindən keçib-getdiyini gördüm, sənin yerişində nəsə sezdim, bunu həmişəlik yaddaşımda saxladım. Məktəb yeməkxanasındakı masanın o biri başında oturduğunu da gördüm; sən nəzərlərini qaldırdın, mən də baxışlarında nəsə gördüm, bunu həmişəlik yadda saxlayacağam. Sənin bir dəfə gündüz, gimnaziyamızın akt zalında ayağa qalxdığını gördüm, səsində nəsə duydum, ondan heç vaxt canımı qurtara bilməyəcəyimi hiss elədim. İndisə yoxsan. Sən öləndə hərəkətlərində, baxışında, səsində nəsə vardı, o nəsə məni sarsıtdı, otağı da doldurdu, xəstəxana palatası pəncərəsinin o biri tərəfindəki səmaya da yayıldı. Bilmirəm, bu nəydi, bilmirəm bu nədi.

Sağ olsaydın, özünə deməzdim, sənin üçün çətin olardı, ona görə ki, istəyirdim, bədənin məhz əzgin, acıqlı halda yuxudan oyandığın vaxtda, hirsləndiyin vaxtda, sevindiyin vaxtda, məni danlayıb, bədheybət adlandırdığın vaxtda olduğu kimi, hərəkət eləyəsən, istəyirdim, bədənin məhz bu cür olsun; demək istəmirdim ki, daxilimdə işıqlı parıltı var, necə deyərlər, içimdə sənin bədənində hərəkət eləyən, yaxud bədənini hərəkət elətdirən nəsə var, həmin səhər məktəb həyətindən keçib getdiyin vaxtdan o nəsnə içimdədi. Sənin baxışında gördüyümü özünə demək istəmirdim. Baxışlarının mənim içimdə, baxışlarının baxışımda olduğu barədə fikirləşmədən, istədiyin kimi baxmalıydın. Bunu sənə deyə bilmirəm. Səsinin qəlbimdə nə qədər dərin iz saldığını da deyə bilmirəm, onda səsin bu cür acıqlı, günü-gündən bədheybət, dəhşətli olduğumu deyib məni danladığın vaxtda olduğu kimi, hiddətli səslənməzdi. Səsin sənə məxsus olmalıydı. Heç vaxt sənə deməmişdim ki, səsin qəlbimin dərinliklərindədi. İndi ölübsən. İndi yoxsan. indi hərəkətlərin, baxışın, səsin yoxdu.
Hələ hamısı mənim içimdədi. Mənsə ölümdən qorxmuram.

Tərcümə - Nəriman Əbdülrəhmanlı

# 5154 dəfə oxunub

Oxşar xəbərlər

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

14:00 10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
# # #