"Sən nə vaxt böyüdün, ay balaca qız?" - Nadir Yalçının şeirləri

Nadir Yalçın

Nadir Yalçın

21 iyun 2023
# 12:00

Kulis.az Nadir Yalçının yeni şeirlərini təqdim edir.

Evlər var…

Evlər var içində ağaclar bitir,
Evlər var tənhadı qovağlar kimi.
Evlər var içində adamlar itir,
İtir birdən sönən çırağlar kimi.

Evlər var qapısı kiliddən qaçır,
Evlər var kilidi pasın içində.
İlahi, bu adam özündən qaçır,
Min ildi toy qurur yasın içində.

Evlər var min yerdən pəncərəsi var,
Evlər sirri bir, otağı birdi.
Evlər var damının rəngi min cürə,
Soruşsan, dərdinin ortağı birdi.

Evlər var içində ağaclar bitir,
Evlər var dağılır yeri yağışdan.
Evlər var səs salır ulduza, aya,
Evlər var sağ çıxıb qanlı savaşdan.

Bir doğma hənirti evi isitdi,
Pərdə pəncərəni bağrına basdı.
Bir işıq min evə şölə saçardı
Xoşbəxtlik körpüsün qurmaq olsaydı.


Sən nə vaxt böyüdün, ay balaca qız?

Sən nə vaxt böyüdün, ay balaca qız?
Nə vaxt sığal çəkdin qonur telinə?
Mən səni sevəndə hələ uşaqdın,
İndi kəpənəklər qonur telinə.

Daha saçların da hörüyə gəlmir,
Uşaq bənizinin qırışları var.
Mən cövlan etdiyim gen meydanlarda,
İndi özgələrin yarışları var.

Səni oğurladı özgə baxışlar,
O yad nəzərlərə qənim deyiləm.
Məni itirdiyin yerdə tapmasan,
Bil ki, dəyişmişəm, həmin deyiləm.

Yox, axtar yenə də, çağır, sorağla,
Bir ötəri himə bəndəm beləcə…
Göylərin sədası qulağımdadı:
“Darıxır hardasa bəndəm beləcə…”

Sən nə vaxt böyüdün, ay balaca qız?
Nə vaxt qənim oldun uşaqlığıma…
Hələ də mənimçün həmin uşaqsan,
Səni bağışladım uşaqlığına…

***

Yuxuda kəndimi gördüm,
Gördüm darıxdım, darıxdım…
Fələyin fəndini bildim,
Bildim, karıxdım, karıxdım…

Kəndimə fələklər gəlib,
Söyüdü küləklər əyib,
Baba, tut dəyib, tut dəyib,
Sındı şah taxtım, şah taxtım…

Ünüm durnalara yoldaş,
Çağırdım, lal oldum, qardaş,
Baba, gəl bardaş qur, bardaş
Qayıtsın o vaxtım, o vaxtım…

Kür də yol aldı harasa,
Hay saldım, çönmədi səsə,
Yarasa oldum, yarasa
Haray, kor baxtım, kor baxtım…

Gələcəm biryolluq, gələcəm,
Kəndim, səndə böyüyəcəm,
Həmən gün yəqin biləcəm
Sənsən paytaxtım, paytaxtım…

***

Üfüqdə bir yar göründü,
göründü — gözəl bilindi,
ağ qumaş, billur geyindi
teli ipəyə bənzərim.

saçucu hörüyə gəlməz,
bəs neçin hərdən görünməz?
yarsız nəfəsim kəsilməz
güllü örpəyə bənzərim.

verildi güllü butası,
haraylar durar atası,
yolda yorulub yatası
al kəpənəyə bənzərim.

bilinmir varmısan, yoxsan…
göylərdən əlimə düşsən…
meh kimi, sabah kimisən
körpə çiçəyə bənzərim…

Aşağı Ləgərdə qürub çağıdır

(Yazıçı Sərdar Aminin atası İmaməddin Tağıyevin əziz xatirəsinə)

Bu yaz çiçək açmaz alça ağacı,
Açmaz, qurban olum, könlüm açılmaz.
Bu yaz damınız da quş qəribsəyər,
Çəpərlər çürüyər, daş qəribsəyər,
Nə yaz, qurban olum, ocaq çatılmaz.
Üfüqdən əyilən qırmızı gün də
Çil-çıraq olmağa daha tələsməz…
Yerlərin bu halı göyə ağrıdır,
Aşağı Ləgərdə qürub çağıdır.

Əllər dərələrə oxşamaz daha,
“Atamın əlləri” qırış-qırışdı.
Bir vaxt işıq saçan o uçuq kaha
Buluddan burxulub yerə qarışdı.
Bir qarı tənhadı indi hardasa,
Bir ürək döyünmür, atam-qardaşım.
Məclislər bəzəyin itirib daha,
Qapılar döyülmür, atam-qardaşım…
Ürəkdə qalan söz səssiz ağıdır,
Aşağı Ləgərdə qürub çağıdır.

Ağ saçlar ağ bayraq kimi kədərli,
Məğlub döyüşçünün nişanəsidir.
Ağ bayraq qaldıran sərkərdənin də,
Saçını ağardan sərgərdanın da
Bircə umacağı həyat eşqidir.
Bağlar qəribsəyər ilk nübarını,
Küknar şivən edər, söyüd alışar.
Yaşıl yarpaq üstə qar dənəsitək
Bu yaz bu yerlərə ağ saç yaraşar.
Hanı?! Dalğalanır o saçlar yenə?!
Ağrıdır ürəyim, dostum, ağrıdır,
Aşağı Ləgərdə qürub çağıdır…

***

Şairə deyin ölməsin

Məmməd Ismayıla…

Ömrün günün bu qovhaqov çağında
bir həkimin bıçağında qan,
kiminsə isti ocağında
soyuq hənirti olmasın…
şair deyin, ölməsin…

Əgər sıxsa onu şəhər havası,
ruhunu incitsə ambulans səsi,
neçə dəfə qucaq açsa
xəstəxana dəhlizi
o həmin adamdı, qorxu olmasın…
şairə deyin, ölməsin…

özü kəndin yadındadı,
adı kəndin yadında,
misrası dilimin altında…
neçə ürək döyünür
ürəyinin səsiylə,
bir böyük ocaq isinir
şair nəfəsiylə…
hicran pəncərəsini örtün, soyuq olmasın…
şairə deyin, ölməsin…

məni gözləyənlərdən biri də sən ol,
mən oldum, olmadım,
bəlkə, öldüm, ölmədim
gözlə,
gözünə ehtiyac,
sözünə möhtac,
misrana ac olanlar var…
gözlə, kimsə naəlac olmasın…
şairə deyin, ölməsin…

# 2576 dəfə oxunub

Oxşar xəbərlər

Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

09:00 6 dekabr 2024
Xəyanətkar anasını qətlə yetirən qız - İnsan necə qatilə çevrilir?

Xəyanətkar anasını qətlə yetirən qız - İnsan necə qatilə çevrilir?

15:00 5 dekabr 2024
# # #