Ruhum eşqlə möhürlənəcək – Ələsgər Əhməddən yeni şeirlər

Ələsgər Əhməd, şair

Ələsgər Əhməd, şair

2 iyun 2022
# 17:00

Kulis.az Ələsgər Əhmədin yeni şeirlərini təqdim edir.


Qaranlığa əriyən şam fədakarlığı

Sıçrayış üçün
dizlərini bükmək vacibatdır; dedi bir çəyirtkə:

Böyürtkən yabanılığında,
kolların tərpənişindən hürkmək, toxumdan əbədi.
Alimin enişindən şikayətlənən,
çobanlığını da cəhalətin məbədi yedi.

Röyalara riqqət!
hündür pozuntuları qoruya-qoruya yolların
bəstəboy azır.

İmperiya zindanlarından həqiqət yazır:

Teymurun axıtdığı qanlar,
burnundan üsyan etdi,
başını göyə qaldırsa da boğazında boğuldu
Sığal çəkdi,
bir zaman işğal xətti çəkdiyi torpağa

Çingiz xanın təkəbbürlü duruşu,
belini sındırdı
şəcərəsindən bir ağac doğuldu
O da başını əyməklə ibrət oldu yarpağa

Hər evin pəncərəsindən,
çöl içərini görməyən də
Sənin də, damarını kəsdiyin əlin,
çarpayından yerin cazibə qüvvəsini bir daha təsdiqlədi.
Alovun xəncərini,
dövrəsini odlayan əjdaha təsdiqlədi

Ovun fəryadına,
xalçaları qırmızıya boyadı qəddar ləyən də
Əlamətdar edamların dadına
Artdıqca faciə, bey'ət yetdi

"və" qucaqladı "lakini"
mən də,
ikinci dünyama səriləcək çəməndə əsdim
Quraqlığımı seçdi behiştdim

Bankohg sakini müraciət etdi;

Van Gogh,
çəkdiyimi eşitmədim, qulağımı kəsdim
Çiynimə süzülən damcıların səsini eşitdim.

Əyalətin ortasına doldular
təkzib etmək üçün - qaniçən əmrlərini
Dedilər, haqqdan yazılış:
qanı eyni qalan vücud yarasında vahidlik.
Sizin təzim bütədi.
Qəflətən, limanda gəmilərini tərk etdilər

Dərk etdilər;
Yağış -
torpaqla bulud arasında ilahi rabitədi,
şahidlik edən ayaq izlərini qorxudur
Duman da,
qanlı bədən atəşindən ucalan dayaq közlərini,
azdıran irfani "qorxudur"

Bilməzdilər,
ağzına parça tikilənlərin sözləri gəliz olur
Diqqətsizlər üstündə gəzdilər,
gözləri bir nöqtəyə qırpınmadan dikilənlərin

Ahını izlədik rəqəmsallardan,
çırpınmadan, bu əmsallardan köçün,
çünki

3-ün,
boşluqlarını soldan dolduranda 8
Dilim ayaqlarıma danışdıqlarını
yoldan quranda iz olur.

Bu gün də səbr!
nəsə bir narahatlığa sus, nəyəsə xatir nədisə
Mütavatir hədisə əsaslan

Köstəbəkləri xəbərsiz düşünmə,
göbələkləri papaqsız.

Düyünlərin ömrünü bitirməkdənsə - çöz
Qapaqsız qum saatına tozsovuran tutub,
Zamanı bir hərəkətdə itirməkdənsə - döz

Paslan.
Meşədə təhlükə hiss etmədikcə
nərildəməz aslan.

Çarpayının yanında,
biləyini sarıdıqca boğuluram qanında
Qayıtmırsan,
əsməcə tutan pəncələrimə taqqıltı dadanır

Eşitmisən,
mənim də söz demək eşqim, sözün haqqını danır.

Mütləq nəsə yazmısan.
Deyirdim də. Məktubundakılar:

'Heç vaxt ağlamayan şair,
biləyimi sıxdıqda şeiri hönkürdü.
Biz nə qədər uçurumun,
qəddindən dartdıq
İndi birimiz yolçudur.

Bil ki,
eşq həddindən artıq solçudu
Və onun içindən sağ çıxmaq qeyri - mümkündü"

Sən gələnədək görəcəksən,
bir üləma kənizini basdırdılar
Ankaranın dənizini asdırdılar

Yenə öləcəksən.
Deyəcəksən,
ağ rənginin fərsizliyində gecələri qaradı qışın.

yaradılışın inkarı hünərsizliyində
hünərdim:

deməməliydi Zərdüşt,
gərək
intiharı Məliklə müştərək düşünərdim".

Bu sənsən,
elə bu olmalısan, təsadüf mərhələdə
Təəssüf, hələ də.

Yol göstərmir, buri sevgiliyə

pişiklərin itə dönüşdüyü məstan göllərində
Pinqivinlərin üşüdüyü,
Ərəbistan çöllərində
Haramilər yaşayır, haram ilə.

Susqunluğa dastan, qadın döllərin də
bətni - məcburi evliliyə hamilə.

Buna da sus,
sənin də qırmızı olacaq biləyindən axan
Ot kimi yaşayanlar,
hardasa günəbaxan.

Taleyində var.
Qapısı döyülməyən
meyxanə sahibinin saqilik əhdi
Əcəli sərxoş istəməklə edilən baqilik cəhdi

Cavabsız telefon çağırılarının fərmanı
Səncə,
ilanın zəhərimi,
pişiyin üstündə yatışımı, ağrılarının dərmanı?

Məncə,
bataqlıqdan "Neyə" çevrilən qamışlar
Onu lütfündən hali,
bəs xəcalətinə əhali qütbündən dözərmi?
Tarixin sinəsində, mərmi qalmışlar.

Yordum?
beynini süquta uğratdı, izahat ordum?

Çək,
yəqinliyini gümandan.

dəfn etdikdə qanadı yerdə sürünər
anadı, vəfat adlı səfərdə - bala qarğası

Öyrən,
öyrətdikdə çabala bir az
ümmandan yox, insandan görünər etiraz dalğası.

Tamaşaçını unut,
səni səhnəyə hazırlayanın alqışları mühümdü

Ovcundakı müqəddəs qunut:
"O, rəhmani-rəhmdi"

Davam et,
salamdı! Nəyə dəvətnamə?
Qətnamə: Üzümün gözündən çəkilən şərab,
haramdı.


Arzu simfoniyası.

Qələmin sonuncu mürəkkəbiylə
nəysə yazmalıydım, adını xatırladım

Deyəsən səni sevirdim,
üzümü çevirdim, gecəliyində ulduz kimi parladım.
Gözlərimi tək qoymazdı,
öpüşlərdən doymazdı dodaqlarının tətmini

Çiyninə toxunmaqla dəyişirdim ürək ritmini
İstəsən gəl,
amma mənim təhlükəlidir çevirəm
Üstəgəl,
polislər harda görsələr aparacaqlar
Damənim ləkəlidir
saçlarında gəzişən barmaqlarımı qıracaqlar

Qısqancaqlar
mənim sevgimi, sənin xoşbəxtliyini
Qorxacaqsan qaranlıq padvaldan,
cəsədimin iyini hiss edəndə darıxacaqsan
ruhum eşqlə möhürlənəcək mənsiz bədəndə

Məni Arzulayacaqsan,
sənin olmasam da, sən olacağam və sən də
sağsan.
Yaşlansan da,
yadından çıxmayacaq
Yanından aparılan gənc şairin ölümü

Heç kim sənin kimi sıxmayacaq əlimi.

İndiysə,
dalanında güllələndiyim küçəyəm
Həqiqətə çevrilirəm, bir ticarətçi yalanında
Nə olsa da,
ürəyim morqda qalsa da, mütləq səni sevəcəyəm.

Arzum budur ki,
özünü qoru. Xəyallar qur ki, yanında varam.

Məni o qədər sevərsən ki,
sevgi şeiri yazmaram.


Solist.

O, müttəqi idi.
onu daşlayanlar əzazil olub

Quranı elə oxu,
düşün ki, bir yuxu əsnası sənə nazil olub.

Çünki
yağışın gur anı qaçmağa başlayanlar
Küfrün azacıq kinayəsiylə,
xainlərin məntiqi idi əksər dində

Bəzi ayinlərin məqsədində
ayəsiylə açıq qapılar - kahin dayanır
Qarışqaya,
Süleymanın səsiylə pıçıldadılar - İbrahim yanır.

Allaha üsyan -
evdə atana qışqırmaq kimidir
Gedişatdakı silləni yeyən də sən olursan

Dişaltdakı ucuz nemətlərə,
baha nisyan!
Hekayənin sonuna çatana, başlığı qəmidir

deyən də sən olursan.

Bir ərazidəki yalnız güc tanına
Orda nə ibadət, nə səs-küy, nə büst?

"Mənim vicdanım, mənim tanrımdır"
deyənlər də gördük, öz vicdanına ateist.

Qübbələr,
ondan məhrumların gözünə siratdı
məscid xana
Qüllələr özülünə qayıdar,
güllələr özünə.
Təcridxana - Məhkumların fəthi - iraddı
Vəd edilənlər səthi xatiratdır - mazidəki

Qazi də ki,
şəhidliyin şahididir.
Bir az da ümid - təəsüfü sevirsən də
Armud ağacında arı pətəyi,
səmaların ətəyi - şimşəklərin sarı sayğacında
Uğurun vahididir ayılar.

Ümidlənmə.
Dırnağınla dünyanı məzarlığa çevirsən də
Traktorun etdiyi əziyyətli sayılar.
Günahın yox,
qoxusuz bağçalar yenilməz - bu, şükufə cəhli
Parlar barmaqçalar - bəyənilməz kufə əhli

Sevmək gözəldi.
Sanki öz dadıyla öyünür, qaşıqlanmış xörək
Aşiqlənmiş ürək,
onu gördükdə normal ürəkdən sürətli döyünür.

həvəsin də olur
Lakin havayı pendir, siçan tələsində olur.
İzləmə!
eynisini oxumaz, tar siminin qəsbkarı
De ona:
İstəkanın içindəkini,
masanın külqabısından çölə atdın
Sona çatdın,
çağırıldığın məkanın qapısından
əl sallamağımı gözləmə
Kimi qarşılayıb ki, yas mərasiminin səbəbkarı.

Çox da önəmsəmə,
həm də hazırlaş.

Razılaş -

Qəbrini nurlandırar vətən? Haşa!
qədər adlanar
10 nəfəri güldürmək istəyən,
tək məşq edər və tənha şadlanar

Odun üşüyəndə
özü üçün, cəhənnəmdə səninçün odlanar

səssizlikdəki qaçışından, bəlli ulduz.
həmin ulduz ki,
ay bədirləndikdə qısqanclığını biruzə,
yeraltı qablar kirləndikdə
otuz iki dişi tüpürcəklərə kuzə edə bilər

edərsə, zümzümə hamı,
cəldliyin pozular
Fərsizlik də ki, utancdan "Ərsə"
eybdən qısa.

Nisa. 159.
tərcümədə: qeybdən xəbər;

cümə axşamı etdiyin mötəbər arzular,
yerinə yetər cümədə.

Zəruri qeyd:
Özünü inqilabçı sevdirib,
burjua hərakatıyla qaçanlar gimnaziyası
Buddha hərəkətiykə,
pişik gözündə itə çevrilib siçanlar poeziyası.

Eşqini susdurur divan, binəvaların da
Varın təkindəkini,
torlar hörəndə pusarsan
Heyvan müqəvvalarında nekrofillər - səfillər

Karın könlündəkini korlar görəndə, susarsan.
Onlar zirvələrə çatmış heyətdi
Fasiqi bulağına qatmaz şövqünü,
dayaz almazlar

Üstünlüyümü 3 rəqəm etsən,
yaz; 667.
Qeybətdənsə, get sən.
Musiqi qulağına kiminsə zövqünü pıçıldamazlar.

Köməkkkkk....
demək belə, siqaret satışında köşk ürək
atışında öldürücü öskürək.

Boyun durduqda təkanına inandığın dirsək
Əssə, itirərsən yaddaşını, dəyər
Gözümüzü yuma bilsək,
Təbiət ana ağacları soyundurduqda
çiçəklər abrından başını əyər.

Məhdinin Armageddonda ordu rəhbərliyi
Hegemon da,
zəif də sordu;
Xızırın əhdinin,
megida dağına səfərbərliyi?

Yox,
insanların birliyi, misraların şairliyi
Həyacanlılar qazanar, ali qatlar
Canlılar,
kitabdan - kitaba görünüşcə dəyişən ilahi plagiatlar.

Təqvimi dərk edə - edə
keçirir qəza əsrlər
Get - gedə pinqivinlər tir-tir əsir
İxtiyarlar zülmə,
ədalət deməsin də, axı uşaqlar demir
Və dəmir döyülmək istər, isti - isti

Artıq ədalət məhkəməsində
1 əsr cəza kəsirlər,
artıq nihilistlər narsistdi.

Qayıtmaq olsa, qayıdaram
dostumun dənizinə, qəsd vadisinə aparan mövsümə.

Bir də sənin bənizinə yansıyıb
hissləri qoparan,
qəlblərin ən adisinə yaşa deyən, öldürücü təbəssümə

Bunları yemlər əyalət,
teoremlər çox vaxt,
Borxesin irlandiyalı falçı məktubunu yandıran

Bəs səncə,
tərbiyələndirən yoxsa cəzalandıran ədalət?
Əfv diləyim?
meymunlar cəhənnəminə etsin, gerilla sitəm.

Məxfiliyim - Kontrgerilla Jitem.

# 3006 dəfə oxunub

Oxşar xəbərlər

Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

09:00 6 dekabr 2024
Xəyanətkar anasını qətlə yetirən qız - İnsan necə qatilə çevrilir?

Xəyanətkar anasını qətlə yetirən qız - İnsan necə qatilə çevrilir?

15:00 5 dekabr 2024
# # #