Qüllədə konsert, poeziya gecəsi, Adonislə görüş - Babildən reportaj

Qüllədə konsert, poeziya gecəsi, Adonislə görüş - Babildən reportaj
9 aprel 2022
# 13:00

Kulis.az Fərid Hüseynin Babildən hazırladığı reportajı təqdim edir.

Beş gün ərzində çoxsaylı tədbirlərdə iştirak edərək şeir və sənət ab-havasından bir an da olsun çıxmadıq. Sənətin isə bir missiyası da qapı açmaq, yol göstərməkdir. Bu dəfə də elə oldu. Yenə yol göründü, yaşayarıq, görərik...

Günahsız günahkar...

Allah günahımdan keçsin: bu səfərə gələrkən anamı həm aldatmışam, həm də yox. Ona deməmişdim ki, İraqa gedirəm, çünki belə söyləsəydim, Novruz günlərində yediyi-içdiyi ürəyinə yatmayacaq, yerinə od ələnəcəkdi. Ona görə də demişdim ki, Babil şəhərinə festivala gedirəm. Sağ olmuş da səsimdəki aramdan, toxtaq simamdan elə zənnə qapılıb ki, Babil dünyanın sükuta dalmış sakit guşələrindəndir... Əlbəttə, şükür İraqın bu gününə, çünki indi əvvəlki illərə nisbətdə çox sakitlikdir.

Qonaqpərvərliyə görə təşəkkür

Məni bu beynəlxalq tədbirə ərəb ədəbiyyatının görkəmli nümayəndəsi Əli Əl-Şalah dəvət etmişdi. O, ərəb dünyasında yaxşı tanınan ədəbi imzalardandır. 1965-ci ildə Babildə dünyaya gəlib. Bağdad Universitetinin Ədəbiyyat fakültəsində Ərəb dili ixtisası üzrə təhsil alıb. Ərəb-İsveçrə Mədəniyyət Mərkəzinin rəhbəri, Beynəlxalq "Əl Mutennebi" Şeir Festivalının direktorudur. "Babilli Əli", "İmzalar" adlı kitabları oxucular tərəfindən rəğbətlə qarşılanıb. Tanınmış şair həm də festivalın təşkilatçılığını yüksək məsuliyyətlə həyata keçirir, əlindən gələni əsirgəmirdi. Ümumiyyətlə, dəvətə, yüksək qonaqpərvərliyə görə festivalın təşkilatçılarına və rəhbərliyinə təşəkkürümü bildirirəm.

Festivalın “kimliyi”

Babil Mədəniyyət və İncəsənət Festivalı dünyanın ən böyük sənət toplantılarından biri hesab olunur. Müxtəlif ölkələrdən gələn yüzdən artıq ədəbiyyat, mədəniyyət və incəsənət xadimlərini qonaqlayan festival bu il doqquzuncu dəfə baş tutdu. Festivalın şüarı "Hamımız babilliyik”dir. Bu şüarın mənası odur ki, hamımız dünyanın yaradıldığı yerə aidik, sadəcə illərlə özümüzü bir ölkəyə, bir şəhərə, bir şəcərəyə, bir ailəyə aid edə-edə bütöv dünyanı unutmuşuq. Festivalın ədəbiyyatla bağlı hissəsi 18 martda başlamışdı, amma ümumən ayrı-ayrı qolları daha əvvəl fəaliyyətə start vermişdi. Dəvət edilən qonaqlar uyğun tədbirlərdə iştirak edib geri qayıdırdılar. Ona görə festivalın bir sıra iştirakçıları ilə yaxından tanış olmaq imkanım olmadı.

Festival içərisində festival

Biz – festival iştirakçıları – hər gün Bağdaddan Babilə 2 saat yol gedirdik. Kitab sərgi-yarmarkası keçirilən sarayda həm də ədəbiyyat tədbirləri baş tuturdu. Ərəb mədəniyyətinin dünyaya inteqrasiyası məsələsi də festivalın başlıca məqsədlərindən biri idi. Festivalın içərisindəki rəsm sərgisi də çox düşündürücü idi. Dünya Poeziya festivalı, Narrativ Poeziya Festivalı festival içərisində festival sayıla bilərdi.

Terrorizmdən sonra ərəb mədəni kimliyi kimi mövzular müzakirə edilən əsas məsələlərdən idi. Həmin gün tədbirlərdə mən də iştirak etdim, eyni zamanda poeziya gecəsinə qatılaraq Azərbaycan və ingilis dilində şeirlərimi oxudum. Həmin əsərlər ərəb dilində tədbir iştirakçılarına təqdim olundu.

O gecə Babil qülləsində heç zaman unutmayacağım gözəl bir konsert proqramında iştirak elədim. Minlərlə insanın toplaşdığı bu mədəniyyət ocağında insan izdihamı yaşanırdı və müxtəlif ölkələrdən gələn çoxsaylı müğənnilər yaddaqalan ifaları ilə könül oxşayırdılar.

“Dünyanın beşiyi” başında oxunan şeirlər...

Ucuz ingilisdilli nəşrlər

Babil Kitab sərgisində iştirak edib yeni nəşrlərlə tanış olduq, təqdim olunan kitabların əksəri ərəb, yerdə qalanı isə fars və ingilis dilində idi. Onu da qeyd edim ki, ingilisdilli nəşrləri İraqdan çox ucuz qiymətə ala bilərsiniz. Kitab sərgisinin içərisində ayrıca xətt sərgisi, rəsm əsərlərinin sərgisi də keçirilir. Mən özümə ilk dəfə bəyaz mürəkkəblər və nəstəlik və kufi xətlərində yazmağa kağız qələmlər aldım. Bura ekzotik əşyaların satışı baxımından da əvəzsizdir. Sonra adrenalin oyun şousu keçirildi, daha sonra iordaniyalı rəssam Əsma Mustfa ilə görüş baş tutdu. "Qərbdə ərəb mədəniyyəti” adlı seminar da keçirildi. Eyni zamanda Mərakeş yazıçısı Əbdül Qadir Əl-şavi və şair İdris Ələşu oxuculara təqdim edildi, iraqlı rejissor Muhannad Hayatın çəkdiyi "Hayfa küçəsi” filmi nümayiş etdirildi.

Həmin gün həm də poeziya tədbiri keçirildi. Mən də "Övladsız yarpaq”, "Yuxu kimi” şeirlərimi ana dilimizdə və ingilis dilində oxudum, daha sonra şeirlərin ərəbcə olan variantları səsləndirildi. Bir sıra müəlliflərlə yanaşı mənə də festivalın mükafatı təqdim olundu.

21 mart

Martın 21-də dünya şöhrətli şair Adonis ilə görüş keçirildi. Adonis dünya mədəniyyətlərində, sivilizasiyalararası körpülərdən bəhs etdi. O, dünyanı vahid bir orqan kimi qavrayır, bəşəri vahid bir orqanizm kimi duymağı tövsiyə edir.

Həmin gün keçirilən şeir yarışında Əbdül Zəhra Zəki, Məhəmməd Məzlum, Nassif Əl Sasseri, Məhəmməd Türki, Reem Qais Kəbə, İmad Cabbar, Mərakeşdən Fadva Əl-Ziyani, Misirdən Radva Farqlı, Omandan Həsən Əl-Maəşruti, Səudiyyə Ərəbistanından Əbdül Vəhab Əl-Areed, İordaniyadan Jamana Əl-Tarouna və başqa şairlər şeirlərini oxudular.

Yenə yol göründü...

Beləcə, beş gün ərzində çoxsaylı tədbirlərdə iştirak edərək şeir və sənət ab-havasından bir an da olsun çıxmadıq. Sənətin isə bir missiyası da qapı açmaq, yol göstərməkdi. Bu dəfə də elə oldu. Festival günlərində bir sıra Avropa, Amerika, ərəb şairləri ilə ünsiyyətlərimiz yarandı, yaradıcılıq münasibətlərinin dərinləşməsi üçün konkret layihələr ətrafında söhbətləşdik, tərcümə proyektlərin icrası kimi qərarlara gəlindi. Yenə yol göründü, yaşayarıq, görərik...


# 2536 dəfə oxunub

Oxşar xəbərlər

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

09:00 6 dekabr 2024
# # #