Qoca şturman - Saşa Sokolovun hekayəsi - Azərbaycan dilində ilk dəfə

Qoca şturman -  Saşa Sokolovun hekayəsi - Azərbaycan dilində ilk dəfə
30 oktyabr 2023
# 17:00


Kulis.az Həmid Piriyevin tərcüməsində Saşa Sokolovun "Qoca şturman" adlı hekayəsini təqdim edir.


Brodski Amerikada fəaliyyət göstərən “Ardis” rus nəşriyyatının məsləhətçisi idi. Bir dəfə ofisə gələndə ona SSRİ-dən təzəcə “qaçırılmış” roman verdilər (1973-cü il idi). Adı “Sarsaqlar üçün məktəb” idi. Brodski elə ofisdəcə birinci abzası oxuyan kimi dedi: “Bu romanı mütləq çap etmək lazımdır!” Romanın müəllifi o vaxtlar əyalətdə meşəbəyi işləyən Saşa Sokolov idi. Samizdat jurnallarda şeirləri, dövlət jurnallarında iki hekayəsi çap olunmuşdu (1968-ci ildə “Qoca şturman” hekayəsi “Korların həyatı” jurnalının “korlar haqqında ən yaxşı hekayə” mükafatını almışdı). Gündüzlər meşələri gəzir, axşamlar dostları ilə konyak içir, gecələri isə yazırdı. Roman Amerikada çap olundu və Nabokovun da sevimli romanlarından birinə çevrildi. Sonralar Sokolov Kanadaya köçdü və daha iki roman yazdı: “Köpəklə canavar arasında” və “Palisandriya”. Üçüncü romandan sonra iyirmi illik sükuta dalan müəllifə “Rusiyanın Selinceri” deməyə başladılar. Sokolov iyirmi illik sükutu “Triptix” kitabındakı üç prozaik poema ilə pozdu. Hazırda Kanadada yaşayan müəllif təyyarədən qorxduğu üçün quru və dəniz yoluyla dünyanı gəzir.


****

Şturman Şklyarov çaxır içə-içə böyük, zolaqlı pişiklə söhbət edirdi. Pişik qaysı ağacının kölgəsində oturub göy nimçədəki xamanı yalayırdı.
Ağacın gövdəsindən tunc əlüzyuyan asılmışdı və verandanın kandarında dayanmış Kurbatov əlüzyuyandan axan damcıların düz xamanın üstünə töküldüyünü görürdü.
- Qulaq as, pişik, - şturman deyirdi, - səni Siamdan gətirməyim yadındadır? Düzdü, bu lap çoxdan olub. Hə, xama necədir, xoşuna gəlir? Əgər siam pişiyi olduğunu boynuna alsan, qabına yenə xama tökəcəyəm.
Əlüzyuyandan axan suyun bir damcısı pişiyin qulağına düşdü, pişik başını yellədib fınxırdı.
- Hə! Eşidirəm, eşidirəm! Siam pişiyi olmağınla razısan. Gərək indi fikirləşək ki, səni vətəninə necə göndərə bilərik? Bəlkə gəmi tapaq, yaxşı komanda yığaq? Kapitan mən olacağam – bu aydın məsələdir. Artıq şturman ola bilmərəm. Şturman üfüqü gəmidəkilərin hamısından daha yaxşı görməlidir. Amma sən bilirsən də, qırx üçdə başıma nə gəlib. Kunikovun desantlarıyla Novorossiyskə yan almağımızı deyirəm... Üstündən gör nə qədər keçib, qalmayan həkim baxıb mənə. Amma mənim gözlərim hələ də ancaq həmin o axırıncı döyüşü və Tsemess buxtasını görür... Yəni ki, daha məndən şturman-zad olmaz.
Kurbatov burada olduğu iki ay ərzində şturmanın qəribəliklərinə öyrəşmişdi və qoca dənizçinin danışdığı yalan-doğru əhvalatlara qulaq asmaq xoşuna gəlirdi. Şklyarov gecənin bir aləmi yazıçı Kurbatovu oyadırdı, onlar ya körpüyə balıq tutmağa gedirdilər, ya da burundakı mayaka çıxıb dənizin səsinə qulaq asırdılar.
Səhər evə qayıdanda isə qoca Kurbatova dəniz haqqında şeirlər diqtə edirdi. Şturman hərdən bu şeirləri özü bağdakı stolun üstünə karandaşla yazırdı. Yağışdan sonra o şeirlərdən heç nə qalmırdı. Amma şturman bunu vecinə də almırdı, deyirdi ki, təzələrini də yaza bilər. Və yazırdı. O şair idi – şturman Şklyarov...
Bütün qoca dənizçilər kimi o da dənizi və dənizlə bağlı olan hər şeyi sevirdi. Qoca dənizçi kiteli geyinirdi, başına ağ furajka qoyurdu. Bir də Şklyarov öz pişiyini sevirdi. O yaxşı bilirdi ki, pişiyi adi rus pişiyidir, amma pişiyin Siam pişiyi olduğunu fikirləşmək xoşuna gəlirdi. Haçansa o, doğrudan da tropik ölkələrdən Siam pişiyi gətirmişdi. Amma o pişik çoxdan ölmüşdü. Şklyarov həmin pişiyin leşini torbaya qoyub ağzını tikmişdi, torbaya daş bağlayıb qayıqdan dənizə atmışdı. Sonra başqa pişiyə sahiblənmişdi, indi yanında olana. Kurbatovun zənnincə, bu pişiklə bağlı da nəsə bir əhvalat olub, qoca şturmanın danışdığı bütün əhvalatlar kimi romantik əhvalat.
“Qəribə qocadır, - Kurbatov onun haqqında fikirləşirdi, - məndən cəmisi on beş yaş böyükdür, amma keçəl başında o qədər əhvalat var ki. Əlbəttə, çoxusunu özündən uydurur, hətta əksərini özündən uydurur. Fantaziyası heyranedicidir”.
- Hə, pişik, - Şklyarov dedi, - biz səninçün şturman da tapdıq. Tanış olun: bu Siam pişiyidir, bu da şturman maestro Kurbatov! Sabah dənizə çıxırıq...
Kurbatov güldü.
- Nə üçün gülürsünüz? – Şklyarov soruşdu. – Məncə sizdə optimizm və fantaziya azdır. Yoxsa gülməzdiniz. Yeri gəlmişkən, indi nə yazırsınız?
- Dənizçilər və dəniz haqqında povest yazıram.
- Eh, siz lap gülməli hoqqabazsınız ki! – Şturman dedi. – Siz dənizi ancaq sahildən, bir də gəzinti katerindən görmüsünüz, dəniz haqqında nə yaza bilərsiniz? Amma mənim dəniz haqqında yazmağa ixtiyarım var! Mən onu görmüşəm. Vaxtikən o qədər dəniz görmüşəm ki,ömrümün axırına qədər mənə bəsdir. Mən dəniz səsi eşidəndə onu sizin gördüyünüzdən daha yaxşı görürəm. Yoxlamaq istəyirsiniz? Gedək.
Şturmanın yaşadığı və indi onların dənizə tərəf getdiyi küçə Sahil küçəsi adlanırdı. Küçə dənizin yaxınlığından başlayıb şəhərin kənarındakı ağ evlərin yanıyla dolanır, yaşıl təpəlikdəki üzümlüyün yanında qurtarırdı.
Təpəliyin ən hündür yerində artıq meynə yetişmirdi, orda zoğal meşəliyi vardı. O hündürlükdə ancaq zoğal ağacı bitirdi. Artıq payızın zoğal yetişən vaxtı idi və təpəlik uzaqdan bəzənmiş yeni il ağacına oxşayırdı – yaşıllığın içində xırda-xırda qırmızı nöqtələr. Pişik şturmanın çiynində oturmuşdu. Gün gözünə düşdüyü üçün gözlərini qıymışdı.
Küçənin axırında dağdan axıb dənizə tökülən balaca çayın üstündən salınmış körpü vardı. Körpüdə kürən dana dayanmışdı.
- Sizin yanınızda çörək yoxdur ki? – şturman yazıçıdan soruşdu.
- Yox, çörəyi neynirsiniz?
- Özümçün istəmirəm, dana üçün istəyirəm.
- Hardan bildiniz ki, körpüdə dana dayanıb? – Kurbatov təəccüblə soruşdu.
- Bu dana hər gün günortayacan burda dayanır, kimin yolu bu körpüdən düşsə, onun üçün yem gətirir. Çox ağıllı danadır.
Onlar körpüdən keçib çayın daşlı sahilinə düşdülər, nəm duzlu külək dalğaların səsini bura gətirirdi.
“Əgər sahil qənbərlidirsə, - Kurbatov fikirləşdi, - onda fırtına vaxtı elə bilirsən ki, səniz asqırır. Hə, məhz “asqırır”.
- Siz artıq dənizi görürsünüz? – Şklyarov soruşdu.
- Görürəm.
- Çayın dənizə töküldüyü yerə baxın. Orda su bulanıqdır.
- Doğrudan da. Hardan bildiniz?
- Çox sadə. Bütün çayların dənizə töküldüyü yerdə gil və ya qum olur. Dəniz təlatümlü olanda o torpağı tərpədir, su qəhvəyi rəngə çalmağa başlayır. Bu uzaqdan xüsusilə gözəl görünür.
Onlar dənizə çatmışdılar və adamsız sahildə addımlayırdılar. Xırda qənbərlər ayaqları altında xırçıldayırdı.
- Bir bu çaya baxın! – şturman gülümsədi. – Çox axmaq çaydır!
- Nə üçün? – Kurbatov soruşdu.
- Ona yazığım gəlir. Bir özünüz fikirləşin, bapbalaca çaydır, gözüyumulu axıb özünü dənizə verir. O dənizi sevir, amma dəniz haqqında heç nə bilmir. Bilmir ki, ondan da böyük, çox böyük çaylar da özünü bu dənizin ağuşuna atır. Dəniz o çayları başqa yerlərdə qarşılayır, onlarla başqa yerlərdə görüşür. Amma bu çay elə bilir ki, dəniz təkcə onundur. Dəniz isə ona qarşı etinasızdır, çünki başqa çaylar ona daha çox su verir, nolsun onların suyu bu çayın suyu qədər təmiz deyil?
Qoca şturman danışmağa davam edirdi, Kurbatov isə fikirləşirdi: “Lənətə gəlsin! Mənim dənizim asqırırdı... O nə axmaq fikir idi gəlmişdi ağlıma? Adama pis təsir edir e: bütün ömrün boyu daha yaxşı bənzətmə tapmaq üçün özünü yorursan, amma bu qoca iyirmi beş ildir kor olsa da, addımbaşı səninçün poemalar danışır”.
Onlar sahildə atılıb qalmış balıqçı qayığının yanına çatdılar.
- Gəl oturub dənizə baxaq, - qoca şturman dedi, - görək kim çox görəcək.
Onlar qayığın üstündə yan-yana oturdular, dənizlə aralarında üç addımlıq məsafə vardı. Dəniz çox dalğalı idi, onlar bir-birini eşitmək üçün az qala qışqırıqla danışırdılar. Nəm külək pişiyin xoşuna gəlmirdi, külək pişiyin qaramtıl-boz tüklərini tərpədirdi.
Şturman kitelin yaxasını açıb pişiyi sinəsinə saldı.
- Üfüqdə nə görünür? – şturman soruşdu.
Sahilə yaxın yerdə dənizin suyu bozumtul-yaşılımtıl rəngə çalırdı, ortalarda tünd göy idi, üfüqdə isə elə bilirdin qapqaradır. Və bu böyük su özünü sakit aparmırdı, hirslə nəfəs alırdı, qaynaşırdı.
- Dənizdən və göyüzündəki qağayılardan başqa heç nə görmürəm, - yazıçı cavab verdi.
- Bəs paroxod necə?
- Paroxod da yoxdur.
- Ola bilməz, maestro, belə olmur. Mən ömrüm boyu boş dəniz görməmişəm. Heç olmasa bircə yelkən, bircə tüstü də olsa görünməlidir. Diqqətlə baxın, görürsünüz?
Kurbatov açıq-aydın görürdü ki, dənizdə heç nə yoxdur. Birdən – yazıçı başa düşmədi ki, bu onun gözünə görünür, yoxsa həqiqətən var – çox-çox uzaqda bir gəminin silueti göründü.
- Paroxod var, - Kurbatov dedi.
- Dedim axı, - Şklyarov güldü.
Onlar susdular. Yanlarında dəniz vardı. Hər ikisi dənizi eşidirdi və görürdü. Bundan başqa, küləyin sahildəki yay yeməkxanasının brezent örtüyünü necə yellətdiyini də eşidirdilər. Yayda istirahətə gələnlər artıq şəhərdən çıxıb getmişdilər, çünki kurort mövsümü qurtarmışdı.
- Şturman, deyə bilərsiniz nə üçün tək yaşayırsınız? – Kurbatov bu sualı necə verdiyini özü də bilmədi.
- Tək nə üçün? – Şturman təəccüblə dedi, - axı mənim çox qəşəng siam pişiyim var. Onu...
- Mən bundan danışmıram, - yazıçı dedi.
Şturman furajkanı başından götürdü. Barmaqları furajkanın plastmas günlüyünü didişdirirdi.
- Hə, indi başa düşdüm... Bilirsiniz, o çox yaxşı, mehriban qadın idi. Mən onu heç nədə günahlandırmıram. İndi bunun heç bir mənası yoxdur. Bir də ki, bizim bosman demişkən, bu artıq dəniz haqqında deyil...

# 2230 dəfə oxunub

Oxşar xəbərlər

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

14:00 10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
# # #