Murad Sadıx: "Tez-tez Allahla danışıram" - Müsahibə

Murad Sadıx

Murad Sadıx

3 aprel 2023
# 17:40

Kulis.az müğənni Murad Sadıxla müsahibəni təqdim edir.

- Murad bəy, efirlərdən, mediadan uzaq qalmağa üstünlük verirsiniz. Bu, nə ilə əlaqədardır?

- Dəvət alanda gedirəm. Təbii ki, danışılacaq mövzunu, dəvət alan digər qonaqları da soruşuram. Yəni fəaliyyətdəyəm. Bir müddət öncə təqdim olunan, rus ilində oxuduğum “Sən çağır” mahnım işıq üzü gördü. Ağ-qara klip çəkildi. Ancaq sənətimə görə tanınmaq istəyirəm. Qalmaqaldan qaçan biriyəm. Şükür ki, bu günə qədər söz-söhbət və qalmaqalla gündəmə gəlməmişəm. Qalmaqal 15-20 gün danışılacaq. Amma əsl sənət illərlə yadda qalacaq.

- Müsahibələrinizin birində “Azərbaycan şou-biznesi batır, bərbad durumdadır” demişdiniz. İndi də sözünüzün üstündə dayanırsınız?

- Onu o mənada demişdim ki, keyfiyyətli musiqi azalıb. İstəyərdim ki, gənclər keyfiyyətli musiqilərə qulaq assınlar. Elə mahnıların adını çəkirlər ki, nə melodiya, nə ritm var, üstəlik sözlər də düz işlədilmir. Əslində, musiqi insanla danışmalıdır. Əvvəllər, məsələn mətbuat konfransları çox olardı. İndi canlı yayımlar açırlar, sosial şəbəkələrdə səhifələr paylaşım edir və belə-belə hansısa işi, layihəni yayırlar. Bu qədər sadə olub hər şey. Əvvəlki mətbuat konfransları üçün çox darıxıram. Gənc və istedadlı bəstəkarlarımızı danışdırırsan, deyirlər ki, biz incimişik. Səbəbini soruşanda deyirlər ki, mahnılarımızı bəyənən yoxdur.

- Yəqin fikir verirsiniz, indi ritmik mahnılar oxuyanlar çoxalıb.

- Ritmik mahnı oxumaq olar. Ancaq mədəni formada. Bəzi müğənnilər hesab edir ki, toy məktəbdir. Əzizlərim, toy məktəb deyil. Toy insanların şənləndiyi, deyib-güldüyü yerdir. Düzdür, müğənni oradan pul qazanır. Bunun əleyhinə deyiləm. Ancaq toyu məktəb adlandırmaq düzgün deyil. Əgər toy məktəbdirsə, musiqi məktəbləri, konservatoriya heç kimə gərək deyil? Toyu səhnəyə, səhnəni də toya gətirmək olmaz.

- Haqqınızda bir neçə müddət əvvəl xəstəliyə yoluxduğunuz və bunu gizlətdiyiniz haqda məlumatlar yayıldı. Maraqlıdır, sosial şəbəkələrlə bağlı nə düşünürsünüz?

- Ümumiyyətlə, “TikTok” platforması insanları yanlış yerlərə yönləndirir, onları çaşdırır. Bu yaxınlarda mənə bir zəng gəldi, dedilər ki, filan məşhur müğənni rəhmətə gedib. Təəccüblə soruşdum ki, “TikTok”dan eşitmisənsə, 99 faiz yalandır. Ona görə də “TikTok”a inanmıram. “Instagram”da da yalan məlumat yayan saytlar var. Camaat da düz məlumata yox, səhv məlumata inanır. Ona görə də bir çox səhifəni blok etmişəm. İstəyirəm pozitiv şeylər görüm, eşidim. Çox təəssüf ki, sosial şəbəkələrə televiziyadan çox baxılır. Bəli, haqqımda vaxtı ilə məlumatlar yayıldı ki, guya koronavirusa yoluxmuşam və gizlədirəm. O şayiələr yayılanda xəstələnməmişdim. Mədə əməliyyatı keçirmişdim və xəstəxanada idim. Zənglər dayanmırdı, “sənə nə olub? Eşitdik koronavirusa yoluxmusan” və s. suallar verirdilər. Ondan sonra “Omikron” ştammına yoluxdum. Heç xəstələnəndə də gizlətmədim. Əvvəllər haqqımda şayiələr yayılanda əsəbiləşdirdim, indi isə fikir vermirəm.

- Murad bəy, uşaqlığınızda ən yaddaqalan, sizə təsir edən hadisə nə olub?

- Bacılarımla aramda 10-15 yaş fərq var. Bir gün onlar universitetə gedəndə evdə portfelimi yığmağa başladım. Otaqda heç kim yox idi, tək idim. Anamla atam gəldilər, dedilər ki, nə edirsən? Dedim ki, “portfelimi yığıram, məktəbə getmək istəyirəm”. Onlar artıq başa düşəndə ki, mən nəyi deyirəm, göz yaşlarına boğuldular. Axı mən də istəyirdim məktəbə gedim, uşaqlarla parta arxasında əyləşim, təhsil alım. Təəssüf ki, fiziki məhdudiyyətlərimə görə təhsilimi ev şəraitində almışam. İndi anlayıram ki, o vaxtı valideynlərimin qəlbini necə sarsıtmışam. Özüm də hazırda danışıb kövrəlirəm. Qəlbim çox kövrəkdir, emosionalam. Dostluğu çox sevirəm və dostluğa sadiq insanam.

- Dostlarınızın çoxdurmu?

- Ünsiyyəti çox sevən insanam. Düzdür, tanışlarım çoxdur, amma dostum azdır. Bir-iki yaxşı dostum var.

- Ən yaxınınız kimdir bəs?

- Anam. Anam həm prodüserimdir, həm dərdləşdiyim, həm də məsləhətləşdiyim insandır. Ancaq elə sirlərim var ki, onlar yalnız mənə aiddir deyə, anamla bölüşə bilmirəm. Otaqda tək əyləşirəm, üzümü divara tuturam və özümlə danışıram. Danışıram və danışdıqlarım ancaq o otaqda qalır. Bundan başqa, tez-tez Allahla danışıram. Heç kimə deyə bilmədiklərimi ona deyirəm. Dua edirəm. Özüm, ətrafdakı yaxşı insanlar və hamı üçün dualar edirəm. Pis insanlara isə deyirəm ki, Allah onların xasiyyətini yumşaq etsin. Allah onları islah etsin.

- Bəs haqsızlığa uğrayanda nə edirsiniz?

- Mən də hərdən yoruluram, bezirəm. Təbii ki, haqsızlıqlarla da üzləşirəm. Onda da Allahla danışıram. Deyirəm “Ay Allah, sən mənə düz yolu göstər, mənə güc ver”. Bilirsiniz ki, fiziki məhdudiyyətlərimə görə əsa ilə gəzirəm. Heç nə asan əldə edilmir. Yasa gedəndə, deyirlər “əziyyət verdik, bağışla”, toya və ya qonaqlığa gedəndə, yenə eyni sözü deyirlər. Evdə oturmaq da mənə əziyyətdir axı (gülür). Onda nə edim? Ölüm? Yaşamalıyam. 18 yaşımda səhnəyə gəlmişəm və ən böyük dəstəkçilərimdən biri, bəstəkar, Əməkdar incəsənət xadimi Vaqif Gərayzadədən sonra rəhmətlik müğənni Rəhim Rəhimlidir. Həmin vaxtlar qorxurdum, cəsarət etməkdə çətinlik çəkirdim. Rəhim bəy mənə “Qorxma, oxu. Səni eşidəcəklər və dəstək olacaqlar. Allah qapını açacaq. Əsas odur ki, istəyəsən” - dedi. Bəlkə də, siz mənim içimdəki Muradı görsəniz, deməzsiniz ki, danışan bu Muraddır. İçimdəki Murad sanki qışqırır, hayqırır. Bunu sözlərlə ifadə etməyim çətindir.

- Yuxuda ən çox nə görürsünüz?

- Yuxuları çox az görürəm. Amma ən çox maşın sürdüyümü görürəm. Tez-tez görürəm ki, sərbəst gəzirəm, qaçıram. Uşaqlığımı, ata və anamın cavanlığını görürəm.

- 2017-ci ildə nişanlandığınız barədə şayiələr yayılmışdı. Lakin bu izdivac baş tutmadı. Ondan sonra ailə qurmağı düşünmüsünüz?

- Sözün düzünə qalsa, ailə qurmağa hazırlaşdığımız vaxtda sözümüz çəp gəldi. Xasiyyətimiz tutmadı və ayrıldıq. Nişan da olmadı. 32 yaşım var və subaylığın daşını atmağı düşünürəm. Ancaq hələ ki mənə uyğun olan biri ilə qarşılaşmamışam. Mənə deyirlər “Haçan evlənirsən?”, amma demirlər ki, “Belə bir qız var, gəl, səni filankəslə evləndirək” (gülür). Evlənsəm, bir dəfəlik evlənəcəyəm. İstəmirəm boşanım. Qismət...

- Kifayət qədər nailiyyətlər qazanan müğənnilərdən birisiniz. Uzun müddətdən sonra konsert verməyi düşünürsünüz?

- Sonuncu konsertim 2019-cu ildə oldu. Hələ bilmirəm, bu barədə düşünmürəm. Konsert vermək çox böyük məsuliyyətdir. Bu il peşəkar sənətlə məşğul olmağımın 16-cı ili tamam olacaq. Bu yolda mənə həmişə dəstək olan anama təşəkkürümü bildirirəm.

Lent.az

# 3907 dəfə oxunub

Oxşar xəbərlər

Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

09:00 6 dekabr 2024
Xəyanətkar anasını qətlə yetirən qız - İnsan necə qatilə çevrilir?

Xəyanətkar anasını qətlə yetirən qız - İnsan necə qatilə çevrilir?

15:00 5 dekabr 2024
#
#
# # #