"Məni ərimin şəkliylə basdırın..." - O, həyat yoldaşından nə gizlədirdi?

"Məni ərimin şəkliylə basdırın..." - O, həyat yoldaşından nə gizlədirdi?
31 oktyabr 2024
# 17:00

Bu gün sağlığında klassikə çevrilmiş, kinematoqrafiyanın işıqlı simalarından, ana sütunlarından biri Federiko Fellininin anım günüdür.

Kulis.az görkəmli rejissorun həyat və yaradıcılığı haqqında məqaləni təqdim edir.



Sirk möcüzəsi

Federiko Fellini 1920-ci il yanva­rın 20-də Adriatik dənizi sahillərində yerləşən Riminidə anadan olub. Va­lideynləri Urbano Fellini və İda Barbiani Romada tanış olub, ailə qurublar.
Anası Federikoya hamilə olanda ailə Riminiyə köçüb. Ata Fellini ticarət sahəsində çalışıb, İda isə ev işləri və uşaq­ların təlim-tərbiyəsi ilə məşğul olub. Federikodan sonra qardaşı Rikardo və bacısı Mariya dünyaya gəlib.

Rimini şəhəri gələcək rejissora xüsusi təsir edib. Şəhərdə səyyar sirk sənətçiləri tez-tez tamaşalar göstərir, vodevil gecələ­ri keçirilirdi. Federiko da onla­rı heyranlıqla seyr edib, xalq oyunlarından təsirlənərək böyüyüb. Sonralar o, uşaqlıqda gördüklərinin ha­mısını çəkdiyi filmlərdə əks etdirib. Fellininin incəsənət­lə tanışlığı lap kiçik yaşları­na təsadüf edib. Balaca oğ­lan şəhərə gələn səyyar sirk truppasının çıxışına heyran qalıb. Sirkin çıxışını izləyən Federiko özü də maraqlı səhnə­ciklər hazırlayıb. Rəngbərəng maskalar düzəldib, kostyumlar tikən gələcək rejissor taxta kukla­larla yaşıdı olan uşaqları əyləndirib.

Bir dəfə sirkin ovsunladığı Fel­lini hətta evdən qaçaraq köçəri aktyorlara qoşulub. Səfər qısa sürüb, tezliklə ba­laca oğlanı görən sirk müdiri onu va­lideynlərinə təhvil verib. Bir müddət sonra rəssamlıq Federikonun əsas və se­vimli məşğuliyyətinə çevrilib. Mək­təb və təhsil onu qətiyyən maraq­landırmayıb. Vaxtının əsas hissəsini küçələrdə keçirən yeniyetmə Fellini məktəbi bitirdikdən sonra həya­tını dəyişmək qərarına gəlib. 1937-ci ildə Florensiyaya gələn Federiko burada jur­nalist təhsili almağa başlayıb. Həmin illərdə o, "Febo" şirkətində işə düzəlib, rəsm və karikaturalar çəkməklə dolanıb.

Roma gündəliyi

Fellini 1938-ci ildə Romaya kö­çüb. Vağzalın yaxınlığında – cibgirlər və əxlaqsız qadın­ların yaşadığı kasıb məhəllədə bir otaq kirayələyib. Zəif və çəlimsiz görünüşünə görə dostları onu "Qandi" adlandı­rıb. İlk filmini çəkənə qədər Fel­lini bir xeyli sənət dəyişib: ka­rikatura ilə məşğul olub, müxbirlik edib, sığorta agenti kimi çalışıb.

Romaya köçəndən sonra isə qəzet və jurnallara illüstrasiyalar çəkib, radio üçün tamaşalar yazıb. 1938–1942-ci illərdə Federiko "Mark Avreliy" adlı nüfuzlu satirik jurnalda çalışıb. Yeni işi rejissor üçün əsl təkan ro­lunu oynayıb. Federikonun yazıları maraqla qarşılanıb və o, eyni vaxtda radiotamaşalar və filmlərə sse­narilər yazmağa başlayıb.

Gənclik illəri faşizm dövrünə təsadüf etdiyindən o, hərbi xidmət­dən yayınmaq üçün tez-tez özünü xəstəliyə vurub. Müttəfiq qoşunla­rı Romaya girəndə dostu ilə bir­likdə balaca bir qəzet dükanı açıb. Bir dəfə Roberto Rosselini bu dü­kana baş çəkib. Rosselini almanlar tərəfindən güllələnən italyan keşiş don Morozini haqda film çəkmək istədiyini deyib. Bunu eşidən Fellini mövzunu bir qədər şaxələndirib və Serco Amidei və Roberto Rosselini ilə birlikdə "Roma – açıq şəhər" filminin ssenarisini yazıb. Bu filmlə dünya kinosunda məşhur neorealizm cərəyanının əsası qoyulub. Roberto Rosselini ilə tanışlıq və əməkdaşlıq isə onun həyatını tama­milə dəyişib. 1945-ci ildə ekranlara çıxan film inanılmaz uğur qazanıb və Fellini bir ssenari müəllifi kimi məşhurlaşıb.

Uğura gedən "Yol"

Keçən əsrin 40–50-ci illəri kino tari­xinə "Yeni dalğa"nın yarandığı illər kimi həkk olunub. Artıq köhnə kinonu – dünya kinoteatrlarında göstərilən filmləri bu sahəyə yeni gələn gənclər qəbul etmirdi. Onlar bu filmləri "Sinema dü Papa" (atalarımızın kinosu) adlan­dırırdılar. Deyirdilər ki, bu filmlərdə yaradıcı enerji yoxdur, təxəyyüldə isə kasadlıq var. Bir də kino ada­mı yalnız əyləndirməklə kifayətlənməməlidir. Buna görə də gənclər öz kinolarını çəkmək qərarına gəlirlər. Bütün dünyada olduğu kimi, İtaliyada da bu proses sürətlə gedirdi. Tənqidçi­lər bu filmlərə ikinci kinorenessans adı vermişdilər. Həmin kinodalğanın ən böyük simalarından biri də məhz Federiko Fellini idi.

Fellininin İtaliya neorealizminin banisi Roberto Rosselini ilə işbirliyi hadisələrin gedişatını bir qə­dər də sürətləndirir. Rosselininin 1945-ci ildə çəkdiyi "Roma – açıq şəhər" Kann festivalının əsas mükafatını qa­zanandan 3 il sonra o, Federikonun ssenarisi ilə daha bir film – "Eşq"i çəkir. Ən maraqlısı isə bu filmdə tanınmış italyan aktrisası Anna Manyani ilə Federikonun tərəf müqabili olmasıdır.

İki il sonra Fellini ilk rejissor işi kimi "Varyete işıqları"nı çəkir. Ancaq dünya şöhrətini o, 4 il sonra, 1954-cü ildə çəkdiyi "Yol" filmi ilə qazanır. Filmdə baş rolu rejissorun ilham pərisi Cülyetta Mazina canlandırıb. Sonra o, “Kabiriyanın gecələri", "Şirin həyat", "Səkkiz yarım", "Cülyetta və ruhlar", "Klounlar", ümumilikdə 24 filmin rejissoru olur. Əfsanəvi sənətkarın filmlərində Marçello Mastroyanni, Klaudiya Kardinale, Donald Sazerlend, Tina Omon, Sandi Allen kimi dünya ulduzları çəkilib.

1990-cı ildə Fellini son filmini çə­kir. "Ayın səsi" tarixə rejissorun son ek­ran əsəri kimi düşür. Fellini artıq beş "Oskar"ın və saysız-hesab­sız mükafatların sahibi idi. Dünya­sını dəyişən il – 1993-cü ildə İtaliya Kino Akademiyası onu "Ləyaqət Oskarı" ilə mükafatlandıranda Fellini zarafatla "İnanıram ki, bu son, mükafatım deyil..." demişdi.

Fellini və Cülyetta sevgisi

Əlli il, bir gün – onların xoşbəxtliyi bu qədər sürüb. İki böyük sənətkar – Cülyetta Mazina və Federiko Fellini birlikdə məhz bu qədər yaşayıblar. Bu qızcığaz nə vaxtsa məşhur aktrisa olacağını ağlına belə gətirmirdi. Gimnaziyanı bitirdikdən sonra arxeologiyaya maraq göstərən Cülyetta univer­sitetə daxil olur və tələbə teatrında rollar alır. Bir müddət sonra Mazinanı radiotamaşalarda iştirak üçün dəvət edirlər. Təsadüfən o, "Çikko və Po” tamaşasını səsləndirir. Əsərin ssenari müəllifi isə Federiko Fellini idi. Tezliklə Cül­yetta bu mətnlərin müəllifi olan həmin arıq gənclə tanış olur. Fellini Cülyettanı dərhal ovsunlayır. O, bu qıza öz həyatı haqqında danışır, bəzən fantaziyalar uydu­rurdu. Cülyetta yaxşı anlayırdı ki, Fellininin qurduğu dünyanı uçur­maq olmaz. Yaxşı bilirdi ki, əsl sevgi qurban tələb edir.

Fellini sonralar deyirdi: "Həmişə fi­kirləşmişəm ki, mənim Cülyetta ilə görüşüm taleyin hədiyyəsidir. İlk tanışlığımızda Culyetta mənin qu­raşdırdığım səhnəcikləri səsləndirir­di. Sonra bütün həyatımız belə davam etdi".

Cülyetta öz problemlərini həmişə ərindən gizlədib. Hətta ölümcül xəs­təliyi barədə də Fellini heç nə bilməyib. Rejissor yalnız insult keçirib xəstəxanaya düşəndən sonra arvadının xəstəliyi barədə öyrənib və dəhşətə gəlib.

Onlar yanaşı palatalarda yatırdı­lar. Fellini müalicə alır, Cülyetta isə dünyayla vidalaşırdı. Amma gözlənilənin əksinə olaraq Fe­deriko ondan tez –1993-cü il oktyabrın 31-də – toy­larının 50-ci ildönümündə vəfat edir. Cülyetta Mazina Fellinidən sonra cəmi 6 ay yaşadı. Aktrisa vəsiyyətinə uyğun dəfn edildi: Federiko Fellininin şəklini qucaqlamış halda...

# 1136 dəfə oxunub

Oxşar xəbərlər

Son mənzili İstanbul olan azərbaycanlılar... - Mikayıl Müşfiqin, Əhməd Cavadın məzarı haradadır?

Son mənzili İstanbul olan azərbaycanlılar... - Mikayıl Müşfiqin, Əhməd Cavadın məzarı haradadır?

15:00 4 noyabr 2024
Xristianlığı qəbul edən qeyri-adi titullu aktyorumuz - Klounlar ona niyə təzim edirdilər?

Xristianlığı qəbul edən qeyri-adi titullu aktyorumuz - Klounlar ona niyə təzim edirdilər?

09:00 4 noyabr 2024
Ölümü təcrübə adlandıran ateist - Aygün Əziz

Ölümü təcrübə adlandıran ateist - Aygün Əziz

17:45 2 noyabr 2024
Damar katarsisi - Aslan Quliyevin hekayəsi

Damar katarsisi - Aslan Quliyevin hekayəsi

15:00 2 noyabr 2024
Anasını itirən, həbsxanaya düşən qərib şair - Onu qurtarmaq, xilas etmək lazımdır...

Anasını itirən, həbsxanaya düşən qərib şair - Onu qurtarmaq, xilas etmək lazımdır...

15:00 31 oktyabr 2024
İslam sivilizasiyasının çöküş səbəbləri - Müsibətlərin kökü İsraillə bağlıdırmı?!

İslam sivilizasiyasının çöküş səbəbləri - Müsibətlərin kökü İsraillə bağlıdırmı?!

12:00 31 oktyabr 2024
#
#
# # #