Gülşən Qurbanovanın bacısı: “Qardaşımı ilk dəfə atamın yasında gördüm” – Müsahibə

<span style="color:red;">Gülşən Qurbanovanın bacısı:  “Qardaşımı ilk dəfə atamın yasında gördüm” <span style="color:red;">– Müsahibə
17 noyabr 2022
# 21:00

Bu gün aktrisa, Xalq artisti Gülşən Qurbanovanın doğum günüdür. Kulis.az bu münasibətlə aktrisanın bacısı Firəngiz Qurbanova ilə müsahibəni təqdim edir.

Firəngiz Qurbanova. Azərbaycanın Əməkdar incəsənət xadimi. Kino rəssamı. Animasiya rejissoru. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının professoru. “Birlik” animasiya studiyasının rəhbəri.

Amma bu gün rejissor, rəssam Firəngiz Qurbanova ilə söhbətimizin əsas qəhrəmanları atası Ağadadaş Qurbanov, bacısı Gülşən Qurbanova, qardaşı Hamlet Qurbanovdur.

Sənət dediyimiz əbədiyyət kabusunun seçdiyi ailə… O kabusu kimin harada, necə gördüyü sirri-xudadır. Biz bu ailəni, bu taleləri bilmək istəyirik sadəcə.

Firəngiz xanımla bacısı Gülşən Qurbanova haqda müsahibə almaq niyyəti ilə görüşmüşəm.

- Firəngiz xanım, bioqrafiyanıza baxanda gördüm ki, bacınız Gülşən Qurbanovadan 7 yaş böyüksünüz. Başqa bacınız, ya qardaşınız var idimi?

- Hamletdən başqa yox. Hamletin də, bilirsiniz ata bir, ana ayrı qardaşım idi. Bizdən böyük idi. Onun anası Gülxar Həsənova Opera və Balet Teatrının artisti idi.

Gallery

- Bəs sizin ananız hansı sahədə çalışırdı?.

- Anam Kübra Həbib qızı əməkdar həkim idi. Atası Həbibullaxan Nəbibəyov 1910-cu ildən İran konsulu idi, 1932-ci ildə vəfat etmişdi. Anam intellegent ailədə böyüyüb tərbiyə almışdı. Çox gözəl qadın idi. Aktrisa Simona Sinyoraya bənzərliyi vardı. Nə mən, nə də Gulya anama oxşamamışıq. Biz atama oxşamışıq.

Anamın incəsənətdən yaxşı başı çıxırdı, teatra, filarmoniyaya gedirdi. Dünya ədəbiyyatı ilə maraqlanırdı. O, bizim də intellektual və mədəni inkişafımızla məşğul olurdu.

- Bəs aktyor Ağadadaş Qurbanovla ananız harada, necə tanış olmuşdular?

- Atam 24 yaşında Azərbaycanın Əməkdar artisti adını alan nadir aktyorlardan idi. O zaman da Gənc Tamaşaçılar Teatrının repertuarında Molyeri, Şekspiri, Şilleri hazırlayırdılar. Anam atamın pərəstişkarı idi. Özü də atamdan 11 yaş kiçik idi. Tale istedadına pərəstiş edən xanımla görkəmli aktyoru necəsə yaxınlaşdırır.

- Firəngiz xanım, bir az ailənizdən danışın. Ailə mühitiniz necə idi?

- Mühitimiz elə idi ki, gözünü açandan yaradıcılıqla məşğul adamlarla idim. Bilirdim ki, atam teatrdan gəlir. Rəsm çəkməyi də var idi. Əmim də rəsm çəkirdi. Atam həmişə niyəsə düşünürdü ki, mən aktrisa olacağam. Bunu qətiyyən istəmirdi. O, istəyirdi ki, mən rəssam olum. Müstəqil olum, asılı olmayım heç kimdən. Axı aktyorluq asılı sənətdir Amma elə oldu ki, mən rəssamlığı seçdim, aktrisa olmağı isə Gülşən seçdi.

Gallery

Düzdür, mən iki filmə çəkilmişdim. Biri Lətif Səfərovun Leyli və Məcnundan bəhs edən «Məhəbbət əfsanəsi» filmi idi. Mən orada Leylinin rəfiqəsi Zeynəbi oynamışdım. Bir də Rasim İsmayılovun “Alman klinikasına şəxsi səfər” filmində təsadüfən bir epizodda oynadım.

Amma Güliçkaya (Gülşən Qurbanova – red.) tale səhnəyə və kinoya yol açdı. Amma bu, atamın ölümündən sonra baş verdi. Onun onda 15 yaşı var idi. Kitabxanaçılıq texnikumunu bitirdikdən, ədəbi Azərbaycan dilini yaxşı mənimsədikdən sonra Gülşən TV-də rejissor assistenti işləməyə başladı.

Azərbaycan Teatr institutunun aktyorluq fakültəsini bitirdikdən sonra isə Gənc Tamaşaçılar Teatrının aparıcı aktrisalarından oldu.

...Bilirsiniz, biz Gülşənlə fərqli adamlarıq. Mən qapalı adamam. O isə çox ünsiyyətcil idi. Gülşən həyatla qaynayırdı. Anam yumorla deyirdi ki, əbəs yerə ona hamilə olanda qazlı su içmirmiş: “Bu qız şampan kimidir. Daşır, qaynayır…” Həqiqətən, onun təbiəti belə idi. Beş dəqiqə onunla söhbət etdinsə, elə bir ömrü boyu bir-birinizi tanımısınız. O, insanlara güvənə bilirdi.

- Dediniz, atanız elə faciəli şəkildə həlak olanda, Gülşənin 15 yaşı vardı. Necə xatırlayırsız o günü?

- 1965-ci ilin iyunu idi, atam Salyanda teatrın yay qastrollarında idi. Gülşən də onunla idi. Biz anamla Moskvada idik. Mən Moskva Kinematoqrafiya İnstitutuna daxil olmaq üçün sənəd vermişdim.

Təəccüblüdür ki, məhz həmin gün anam dedi ki, pis yuxu görmüşəm, gedək poçta. Anam Salyana, atamla bir qastrola gedən aktrisaya zəng etdi. Nə danışdıqlarını bilmədim, bir də baxdım ki, gözündən yaş gəlir. O, bizim həyatımızda ən ağır gün idi. Salyan mehmanxanasında üstündə atamla Gülşənin də dayandığı eyvan uçmuşdu.

Atam həlak olmuşdu, Gülşənsə qolunu sındırmışdı. Gülşən xəstəxanada idi, ondan atamın ölümünü gizləyirdilər.

Gallery

Elə bilirdim ağlımı itirəcəyəm. Həyatımda ilk ölüm, bu da məhz atam…

İmtahanları vermək üçün bir aydan artıq Moskvada olmaq lazım idi. Amma anam icazə vermədi. Məni qorudu yəqin ki.

Gülşənin dostları çox idi, amma mənim tək dostum elə atam idi.

- Bəs atanızın əvvəlki ailəsi ilə, qardaşınız Hamlet Qurbanovla əlaqəniz var idi?

- Yalnız atamın ölümündən sonra. Hamleti ilk dəfə atamın yasında gördüm. Qırx mərasimində... Qəbiristanlıqda... Hamlet üzünü qırxmamışdı. Onu görəndə diksindim. Elə bil atam dayanmışdı. O qədər çox oxşayırdı ki. Mən də atama oxşayıram. Hamletə də…

- Məncə, siz xaraktercə də Hamletə oxşayırsız. O da qapalı insan təəssüratı yaradırdı.

- O yalnız böyük aktyor deyildi, həm də yaxşı adam idi. Heç kim onun haqqında pis heç nə deməz. Hər kəsə hörmət edərdi. Onu xatırlayanlar bunu yaxşı bilir.

- Bəs daha sonra əlaqəniz oldumu qardaşınızla? Görüşürdünüzmü?

- Görüşdük. Amma daha çox bayramlarda və ad günlərində. O xəstəxanada yatanda istəmirdi kimsə onu zəif, xəstəlikdən üzülmüş halda görsün. Mən onu bu vəziyyətdə gördüm və indiyədək də unuda bilmirəm.

Gallery

- Hamlet Qurbanovun ailəsindən kim var indi?

- Hamletin arvadı Cəmilə xanım, Elmlər Akademiyasının əməkdaşıdır. Gözəl insandır, qayğıkeş ana, sadiq həyat yoldaşı... Ayrılmalarına baxmayaraq, o qadın son günlərinə kimi Hamletə və xəstə qayınanasına qulluq etdi.

Yeganə oğulları Səlim Abxaziyadan bir qızla evləndi, Suxumidə öz ailəsi ilə yaşayır. Balaca bir qızları var.

- Gülşən Qurbanova tamaşaçıların da yaddaşında elə qaynar, enerjili bir insan kimi qalıb. Amma bir həssas yaradıcı insan kimi onun başqa tərəfini kəşf etdinizmi? Üç dəfə infarkt keçirmişdi. Bu xəstəliyə səbəb olacaq hansı zərbəni almışdı ki?

- Bu, indiyədək məni düşündürən sualdır. Bu qədər gündəlik iş yükünə ürək necə tab gətirə bilər? Gülşənin həyatının hər günü o qədər aktiv və dolu idi ki, buna heç bir ürək tablamazdı. Hər dəfə ürəyi ağrıyanda xəstəxanada yatır, amma on gündən artıq qalmırdı. Həkimlər deyirdi, vəziyyət ciddidir, səhnəyə olmaz. Amma elə o, oradan səhnəyə çıxırdı. Bəlkə də o enerjini daşımaq çətin idi ürəyinə.

Aktyorlar, işinin peşəkarları olan aktyorlar bir qayda olaraq tamaşaya iki saat hazırlaşırlar - o atmosferə girirlər, özlərini kökləyirlər. Bu pis şey deyil, əlbəttə. Amma Gülşən elə deyildi. O, elə bu dəqiqə çıxıb oynaya bilərdi. Onun üçün hər şey ünsiyyət idi. Səhnəni, tərəf-müqabillərini inanılmaz həssaslıqla hiss edirdi. Səhnəyə çıxanda elə bil özündən personaj yaradırdı. Dramatik rolu da asan oynayardı. Heç kim bilməzdi ki, az əvvəl bu adam ürəkdən şaqqanaq çəkib gülürdü.

Gallery

- Gülşən Qurbanova şən adam idi. Xatırlayıb güldüyünüz bir əhvalatı varmı?

- (Susur) Biz elə tez böyüdük ki... Hə, var bir əhvalat... (gülür). Bir dəfə o hardasa 5-ci, ya 6-cı sinifdə oxuyardı, bütün sinfi Gənc Tamaşaçılar teatrına tamaşaya aparmışdı. Qapıda bir qoşun uşağı buraxmayanda Gülşən gedib inzibatçını tapmışdı. Demişdi, mən Ağadadaş Qurbanovun qızıyam. Uşaqları eləcə tamaşaya buraxdırmışdı. Belə şeyləri vardı... (Gülür).

Gulya qastrollara getməyi sevirdi, çünki onda özünü sərbəst hiss edirdi. Onu hər yerdə tanıyırdılar, bu da xoşuna gəlirdi. Bir dəfə Türkiyədən qayıdıb təəccüblə dedi ki, çox qəribə idi, mən küçədə gedirdim, heç kim məni tanımırdı... Burada hətta eynək də taxsa, yaylıq da bağlasa, hamı onu tanıyırdı.

- Öldüyü günü xatırlayırsınız?

- Yəqin hamı üçün sarsıdıcı idi. Mənim dərdimi ağırlaşdıran o oldu ki, Azərbaycanın Xalq artistini, milyonlarla tamaşaçının sevimlisini Fəxri xiyabanda dəfn etmədilər. Dəfnlə bağlı göstəriş verməli olan adamlara zəng etmək mümkün deyildi.

- Gülşən Qurbanova xalq artisti idi. Amma qardaşı çox böyük aktyor ola-ola Xalq artisti adı yox idi, diqqətdən kənarda idi. Bu, onu narahat edirdimi?

- Yəqin ki edirdi. Hamlet böyük uçuş məsafəsi olan aktyor idi. O, qapalı idi, xarakterli adam idi. Ünsiyyətcil deyildi. Ad-filan onu maraqlandırmırdı.

Gallery

- Gülşən xanım həyat yoldaşından ayrılmışdı. Keçmiş həyat yoldaşı dəfninə gəldimi?

- Yox. Uzaqda idi, ona görə. Onlar dostcasına ayrılmışdılar. Ümumiyyətlə, Gulyanın düşməni yox idi.

- Teatrda intriqalar yaşadığı deyilirdi...

- Mən bilmirəm. Danışmazdı bunlar haqda. Onun öz çevrəsi var idi… Ümumiyyətlə, bilirsiz, biz iki bacı olsaq da, elə gec-gec görüşürdük ki. Ancaq hamının əhatəsində olanda, ad günlərində. O, televiziyada işləyəndən heç vaxt çatdıra bilmirdi. Mən televizoru açıb “Qaynar qazan”dan ona baxırdım. Onunla ekrandan, bir də telefonla əlaqə saxlayırdıq. Xüsusən son illər. Mən də məşğul idim. Heç olmayıb ki, oturub söhbət edək, nəyisə müzakirə edək. Amma daim kontaktda olurduq. Bir-birimizə bəzən məişətdə kömək edirdik. Məsələn, mən ərimlə Moskvada idim, oğlum Cavidi əsgərliyə Gülşən yola saldı...

- Heç eyni filmdə işlədinizmi?

- Hə. Onunla “Bir dəfə axşamçağı” adlanan animasiya filmində işlədik. 1986-cı ildə. Bu animasiya filmində aktyorlar çəkilmişdi.

- Firəngiz xanım, ölümündən sonra Gülşən xanım haqqında şayiələr yarandı. Guya kliniki ölüm keçirib. Qəbri açılıb-filan …

- Bunlar hamısı şayiədir. İnsanlar sadəcə belə enerjili bir adamın ölümünə inana bilmirdilər, yəqin buradan qaynaqlanır.

- Gülşən xanım inanclı idi?

- Əlbəttə. Atam da inanclı idi. Bir dəfə sovetin Allahı dandığı vaxtlarda onunla pillələri düşəndə, əlini açıb dua etdiyini gördüm. Dedim, ata, adamlar səni görə bilər, deyərlər, partiya üzvü dua edir. Gülüb dedi, mən də deyərəm ki, rolu məşq edirəm. Gülşən də elə idi. İnşallah deyirdi, amma ürəkdən deyirdi. Mənim tanıtmağıma ehtiyac yoxdur. Nə deyim? Özünüz görürdünüz Gülşəni...

2018-ci il

# 15350 dəfə oxunub

Oxşar xəbərlər

Daha bir serial yekunlaşır

Daha bir serial yekunlaşır

18:00 19 aprel 2024
Spilberqin yeni filminin mövzusu açıqlandı

Spilberqin yeni filminin mövzusu açıqlandı

17:40 19 aprel 2024
“Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar”  mövzusunda ictimai müzakirə təşkil edildi

“Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edildi

16:30 19 aprel 2024
Əməkdar İncəsənət xadimi Məmmədağa Umudovla görüş keçirildi

Əməkdar İncəsənət xadimi Məmmədağa Umudovla görüş keçirildi

16:00 19 aprel 2024
“Sazlı, sözlü kəlağayı günləri”  silsilə tədbirlərlə davam edir

“Sazlı, sözlü kəlağayı günləri” silsilə tədbirlərlə davam edir

15:30 19 aprel 2024
Oxucularını aldadan yazıçı, Əli Kərim sevdalısı qadın və yaddaşımızdakı şeirlər - Reportaj

Oxucularını aldadan yazıçı, Əli Kərim sevdalısı qadın və yaddaşımızdakı şeirlər - Reportaj

15:00 19 aprel 2024
# # #