#

Laçına hamıdan qabaq kim getmişdi? - Əsgər forması geyinən səslər

Laçına hamıdan qabaq kim getmişdi? - Əsgər forması geyinən səslər
16 sentyabr 2024
# 12:00

Kulis.az Nadir Yalçının "Laçına hamıdan qabaq kim getmişdi?" adlı yeni yazısını təqdim edir.

Səsin də ayaqları var. Bunu 2019-cu ildə Heydər Əliyev Sarayında keçirilən konsertdə bildim, özü də, lap dəqiq bildim. Əməkdar artist Ehtiram Hüseynov səhnədə əyləşmişdi. Qalan hamı ayaq üstə dayanıb oxuyurdu, şeir deyirdi, danışırdı. Təkcə, Ehtiram əyləşmişdi. Səhnədə ayaq üstə duranların yanında boyca hamıdan hündür bir nəsnə var idi; Ehtiramın səsi. O qədər hündür idi, əlini alnına qoyub hər yerə boylana bilirdi. Səs qulağıma çatanda hər şeydən dəqiq onu da bildim ki, bu ayaqlı səs dumanı qovub Laçına gedir, hamıdan da yüyrək, təlaşla. Bunu sizə səsin ehtiramı ilə izah edəcəm.

Radiodan, televiziyadan, telefondan hamının səsi gəlir. Bu səslərin içində barmaqhesabı adamlar var ki, öz nəğməsini deyir. Oxumur, məhz danışır. Yüz səsin içindən, min səsin içindən onun nəğməsi seçilir. Ehtiram Hüseynov son iyirmi ilin yetişdirdiyi elə nəğmə sahibidi ki, hardan eşidilsə, kimliyi dəqiq bilinəcək.

Bu səsin qaltanından qığılcım çıxır!

Onun səsini təzə-təzə eşidəndə özüm üçün məsələnin həllini tapmağa çalışırdım. Fikirləşirdim, hərdən adam xəstələnir, səsi kallaşır. Görürsən, öz səsin qulağına xoş gəlir. Xəstə-xəstə şeir də deyəndə əzəmətli alınır. Səsin böyüyür, “kişiləşir”. Ehtiram Hüseynovu dinləyəndə elə bilirdim, səsinə soyuq olub, amma bu soyuqlamış səsi ilə tarın ən zil pərdəsində də, ən bəm pərdəsində də “at oynada” bilir. Sanasan, Laçının bir yamacında səs köhləninin yüyənini ürəyi istəyən səmtə çevirir, atını necə şahə qaldırırsa, elə o cür də ram eləməyi bacarır, sənətkarcasına!

Ehtiramın səsinin bu qaltanı onu ayaqlandırdı. Elə səslər var, Vətən müharibəsi başlayanda əyninə əsgər forması geyindiyini düşünürdüm. Məsələn, deyirdim, Qədir Rüstəmovun səsi hansı tankın sükanı arxasında üzü Ağdama gedir, Səxavət Məmmədovun səsi tətikdədi, Şahmalı Kürdoğlunun səsi “Qrad” atan texnika ilə hərəkət edir. Amma heç vaxt “Qrad” atmır. Çünki 8 yaşlı oğlu ilə birlikdə həyətdə oturub nar yeyəndə həyətinə “Qrad” atıb ata-balanı narın rənginə boyamışdılar. Şahmalının səsi heç vaxt Ağdama “Qrad” atmazdı. Taleyin işidi ki, Ağdam üçtərəfli bəyanatla geri qaytarıldı.

Ehtiramın da səsi sadaladığım səslərə qoşulub üzü Laçına yol almışdı, görünməz olub hər kəsdən qabaq doğulduğu yurda yetişmişdi. Bunu hamıdan hündürdə dayanıb uzağa zillənəndə bilmişdim.

Ehtiram Hüseynov səhhətində yaranan problemlərdən sonra da həmin məlahətlə oxuyur. Təzə-təzə xəstələnən vaxtlar ifa zamanı tələsirdi, beyti, misranı tez oxuyub bitirmək istəyirdi.

Demək, Ehtiramın səsi Laçına tələsirdi. Tələsdi və yetişdi.

Dostları deyir ki, Laçına gedəndə, o yerləri gəzib-dolaşanda, çayda əl-üzünü yuyub bulaqdan su içəndə səhhətində yaranmış cüzi narahatlıq da keçib gedir. Bu səbəbdən ötən günlərin birində aldığımız xəbər sevindirici idi: “Ehtiram Hüseynov Qarabağ Universitetinin İncəsənət fakültəsində muğamlarımızı tədris edəcək”.

Ehtiram Hüseynov əbədi məlhəmini qazandı. Məmməd İsmayılın dediyi kimi:

Bir az sıxıb onu şəhər havası,

Dərmanı dağların səhər havası…

Bundan sonra sənətkara sağlamlıq arzulayıram. Bu kiçik yazı isə Ehtiram Hüseynovun ecazkar səsi haqqında müqəddimədir. İkinci yazını da yubatmayacam, Qarabağ Universitetində dərs zamanı qonağı olub qələmə alacam...

Daha heç yerə tələsməyə ehtiyac yoxdur, sənətkar, nəfəsini dər...

# 1376 dəfə oxunub

Oxşar xəbərlər

Dilənçi və dönərçi - Yaşar Bünyadın yeni hekayəsi

Dilənçi və dönərçi - Yaşar Bünyadın yeni hekayəsi

10:32 1 oktyabr 2024
Heç birinə inanmayın - Gənc yazıçılara 10 məsləhət

Heç birinə inanmayın - Gənc yazıçılara 10 məsləhət

12:00 30 sentyabr 2024
Qeybdən uzanan əl - Elçinin yeni hekayəsi

Qeybdən uzanan əl - Elçinin yeni hekayəsi

15:00 28 sentyabr 2024
Allahın özünün də kamilləşməyə, saflaşmağa ehtiyacı var - Fəxri Uğurlu

Allahın özünün də kamilləşməyə, saflaşmağa ehtiyacı var - Fəxri Uğurlu

12:00 28 sentyabr 2024
Bir əsgər anasının ümidi ölmür heç vaxt - Ən yaxşı müharibə şeirlərimiz

Bir əsgər anasının ümidi ölmür heç vaxt - Ən yaxşı müharibə şeirlərimiz

17:00 27 sentyabr 2024
Şəhid telefonlarına cavab verən ekspertiza həkimi - Onun ölüm səbəbi nə idi?

Şəhid telefonlarına cavab verən ekspertiza həkimi - Onun ölüm səbəbi nə idi?

15:00 27 sentyabr 2024
# # #