İnqmar Berqman: “Dünya cəhənnəmə dönsə də, sevgi insanlığı qoruyacaq” – Müsahibə

İnqmar Berqman:  “Dünya cəhənnəmə dönsə də, sevgi insanlığı qoruyacaq” – Müsahibə
14 iyul 2022
# 21:00

Kulis.az dünya kinosunun nəhənglərindən hesab olunan rejissor İnqmar Berqmanın 1964-cü ildə “Playboy” jurnalı üçün verdiyi müsahibəni təqdim edir.

- Filmləriniz adətən anlaşılmaz, simvolik və mücərrəd olduqları üçün tənqidlərə məruz qalır. Bu ittihamların həqiqətə yaxın olduğunu hesab edirsinizmi?

- Ola bilər, ancaq elə olmadığını ümid edirəm. Çünki asan, tez başa düşülən filmlər çəkmək kinematoqrafının ən vacib işidir. Amma mənə belə gəlir ki, rejissor hər filmi ilə tamaşaçını daha irəli aparmaq üçün asan işin arxasınca qaçmamalıdır. Hər filmdə tamaşaçının düşünməsini təmin etmək yaxşıdır. Digər tərəfdən isə rejissor filmi kimin üçün çəkdiyini də heç vaxt unutmamalıdır. Tamaşaçılar bir filmi izləyərkən onu qəlbinin içində hiss etməsi daha əhəmiyyətlidir.

- Dünya üzrə çox sayda tənqidçi sizin adınızı ən yaxşı kinematoqrafçılarla birgə çəkirlər. Bu barədə nə düşünürsünüz?

- Xaricdən qazanılan uğur İsveçrədəki işlərimi daha da asanlaşdırır. Belə olan halda gördüyüm işlərlə xatırlanma şansını əldə edirəm. Amma bu uğur müvəqqətidir. Misal üçün bir neçə il əvvəl Parisdə ən çox sevilən, bəyənilən rejissor mən idim. Sonra isə Antonionu gəldi. Növbədə kim var? Bilinmir. "Yeni Dalğa" cərəyanına aid olan gənclər film çəkməyə başlayanda onları qısqandım. Çünki onlar dünya sinematekasında lazım olan bütün filmlərə baxmışdılar və film istehsalının texnikası haqqında biliklərə sahib idilər. Artıq qısqanmıram. Film istehsalı texnikası baxımından özümə olan inamımı yenidən qazandım. İndi başqa rejissorların filmlərini izləyəndə qısqanclıq və ya qorxu hissi keçirmirəm. Elə hissə qapılmaq məcburiyyətim olmadığını bilirəm.

- Həmin filmlər sizə öz tərzinizi inkişaf etdirməkdə kömək oldu?

- Filmlər haqqında hər şeyi özüm öyrəndim. Teatrla bağlı Höteborq şəhərindəki teatrda yaşlı bir insanla dörd il işlədim. Həmin adam çox sərt və qəliz xasiyyətə malik idi. Onunla yollaşmaq çətin olurdu. Amma teatrı gözəl bilirdi və mənə çox şey öyrətdi. Kino sahəsində isə öyrənə biləcəyim heç kimim yox idi. I Dünya müharibəsindən əvvəl təhsil alırdım. Müharibə vaxtı isə xarici filmləri izləyə bilmirdim. Müharibə başa çatandan sonra da həyat yoldaşımı və üç uşağımı saxlamaq üçün çalışmaq məcburiyyətindəydim. Nə yaxşı ki, bəzən çətinlik çəksəm də xeyli şeyi öz-özümə öyrənirəm. Öz başına öyrənən insanlar bəzən texniki mənada mükəmməl olmaq məsələsini şişirdirlər. Halbuki işin zəmanət qismi məhz budur. Məncə ən mühüm məsələ deyə biləcək sözün olmasıdır.

- Sizcə, Amerikadakı Yeni dalğa cərəyanına aid olan rejissorların deyə biləcəkləri sözləri var?

- Bəli, var. Çəkdikləri filmlərin az qismini görə bilmişəm. Başqalarına da baxmaq istərdim. Ancaq mənə elə gəlir ki, Amerikadakı yeni dalğa rejissorlarını Fransadakılardan daha çox sevirəm. Onlar texniki baxımdan daha qüsurlu və xam olsalar da, coşqun və idealistdirlər. Ən vacibi isə insanlara deyə biləcəkləri sözləri var. Onları sevirəm.

- Rus filmlərini sevirsiniz?

- Çox. Məncə Rusiya kinosunda yaxın vaxtlarda çox yaxşı şeylər olacaq. Səbəbini bilmirəm, ancaq hiss edirəm. "İvanın uşaqlığı"na baxmısınız? O filmdə fövqəladə məqamlar var. Təbii ki, pis yerləri də var. Lakin, həqiqi istedadı və gücü görə bilirik.

- Ən sevdiyiniz filmlər arasında bu kimi filmlərə yer verərsiniz?

- Xeyr, hazırda üç sevimli filmim var: "İt gəzdirən xanım, "Raşemon", "Umberto D". Ah, bir də "Vətəndaş Yulonun tətili" filmini qeyd edərdim. Bu filmi də çox sevirəm.

- Sizinlə bağlı söhbətimizə qayıdaq. Son filminiz "Səssizlik" eyni zamanda ən çox mübahisə yaradan işiniz oldu. Belə mövzuda film çəkmək fikri ağlınıza haradan gəldi?

- Yaşlı və kök bir adamdan… Dörd il əvvəl xəstəxanada yatan dostumu ziyarətə getmişdim. Otağın pəncərəsindən bayıra baxanda kök, yaşlı və iflic olmuş bir adam gördüm. Parkdakı ağacın altında oturmuşdu. Dörd nəfər gülər üzlü tibb bacısı onun yanına gedib onu ayağa qaldırıb əyləşdiyi stulla birlikdə xəstəxanaya apardılar. Niyəsini bilmirəm, amma o adamın kukla kimi aparıldığı an fikrimdən çıxmırdı. Bir çox filmimdə olduğu kimi, həmin kiçik toxumdan "Səssizlik" filminin hekayəsi cücərdi.

Filmlərimin əsas mövzusunu bu cür toxumlar təşkil edir. Bəzən kiçik bir hadisə, mənə izah edilən lətifə, hansısa aktyorun üzündəki kiçik ifadə belə fikirlərin yaranmasına səbəb olur. Elə olur ki, belə fikirlər yaranan kimi onları dəftərçəmə qeyd edirəm. Bəzən isə yaddaşımın bir tərəfinə həkk olunur. Beləliklə, beynimdə çoxlu sayda qısa və praktik qeydlərim olur. Bu fikirləri bütövlük kəsb edən ssenariyə çevirə bilməkdən ötrü təbii ki, uzun illər lazım olur. Bir layihə formalaşmağa başlayanda obrazlar üçün ayrı, səhnələr üçün ayrı-ayrı qeydlərdən istifadə edirəm. Bəzən bir xarakter digər obrazların yanında yaxşı dayanmır. Belə olanda həmin obrazı beynimə geri göndərirəm. Filmlərim adətən kiçik qar dənəsi ilə başlayaraq qartopu kimi böyüyür. Nəticədə isə balaca qar dənəsini mən özüm belə görə bilmirəm.

- "Səssizlik"in “qar dənəsi”, iflicli adam, filmdəki masturbasiya və cinsi münasibət olan səhnələrə nə cür təsir etdi? Ekranda seksə bu qədər açıq şəkildə yer verməyə necə qərar verdiniz?

- Uzun illər filmlərimdə seks məsələsində mühafizəkar davranmışam. Amma seksin tamaşaçıya təzahürü çox mühümdür. Həm də mən bütünlüklə intellektual filmlər çəkməkdə maraqlı deyiləm. Tamaşaçıların filmlərimi hiss etməsini istəyirəm. Bu mənim üçün filmlərimi anlamalarından daha əhəmiyyətlidir. Gözəl bir yay axşamı ilə seks arasında bir çox ortaq məqam var. Ancaq yay axşamını izah etsəm də, seksi izah etməyin yolunu tam olaraq tapa bilməmişəm. Məhəbbətin anatomiyası diqqətimi çəkir. Bu dünyagörüş mənə seksi vizual mənada ifadə etməkdən daha mənalı gəlir.

- Beş-altı il əvvəl belə bir açıqlama vermişdiniz: "Məqsədimə çatmaq üçün istedadımı sora bilərəm. Başqa yol tapmasam, oğurlayaram. Sənətimə köməklik edəcəksə, dostlarımı belə öldürərəm".

Çox güman ki, bu fikirləri özümlə bağlı olduqca mühafizəkar bir zamanda söyləmişəm. Biri özündən əmin deyilsə, mövqeyi haqqında, sənəti haqqında şübhələri varsa, özünü daha güclü ifadə edər və gücün arxasınca gedər. Bu sahədə tənqidlərə daha yaxşı müqavimət göstərəcəyini düşünür. Belə olan halda uğura nail olduqda uğurun gətirdiyi çətinliklərdən də xilas olmuş olursunuz. Çabalamaq haqqında narahat olmağınıza ehtiyac qalmır, tamamilə işinizə adaptasiya olursunuz. Həyatınız da bu kimi ölçülərlə asanlaşır və özünüzü daha çox sevməyə başlayırsınız.

Mənim üçün sənətdə və həyatda güzəştə getmək ən pis şeydir. Amma təbii ki, bəzən güzəştlər etmək məcburiyyətində qalıram. Əslində hamımız zaman-zaman bu məcburiyyəti yaşayırıq. Çünki başqa cür yaşaya bilmərik. Mən uzun müddət bunu özümə etiraf etmədim. Zamanla həyatda olmağın daha əhəmiyyətli olduğunu gördüm. Məncə ən vacib məsələ hiss etməkdir. Çox çətin dərk olunan "Qış işığı"nda bu cür mövzuları izah etməyə çalışmışam. Qışın ortasında Stokholma gəldiyinizə görə o filmin izah etməyə çalışdığı mövzuları anlamalısınız. Necə düşünürsünüz?

Sizin nə düşündüyünüz bizim üçün daha maraqlıdır...

Çəkdiyim ən çətin filmlərdən biri idi. "Tutqun şüşənin arasından" filmi ilə başlayıb daha sonra "Səssizlik"lə bitdi. Əslində bu üç film bir trilogiyanın müxtəlif parçaları idi. Bu filmlərin heç biri tənqidçilərin zənn etdiyi kimi tanrının varlığı və ya yoxluğu üzərindəki düşüncələri yox, məhəbbətin gücünü izah edir. Hər üç filmdəki xarakterlərin böyük hissəsi mənəvi cəhətdən ölüdürlər. Necə aşiq olmaq, necə hiss etmək lazımdır bilmirlər. "Qış işığı"nın əsas qəhrəmanı demək olar ki, ölüdür. Hamı ilə əlaqəni kəsib. Digər qadın qəhrəman isə allaha inanmır, lakin, olduqca güclüdür. Sevir və sevgi barədə özünü qoruya bilir. Onun problemi də bu sevgini necə ifadə edəcəyini bilməməsidir. Yaşlı, kor-kobud bir qadın da digər adamla bir-birilərini sevməsələr də zamanla necə sevəcəyini öyrənir. Hiss etməklə bağlı ilk addımlarını atır. Biz insanlar əsasən tanrı tərəfindən deyil, sevgi tərəfindən qorunuruq. Ən çox da buna ümid edirik.

Həyatdakı ən əhəmiyyətli şey başqa insanlarla ünsiyyət qurmaqdır. Bunun əksi sizin mənən ölü olmağınızın sübutudur. Necə ki, bu gün yaşayan bir çox insanlar yaşamırlar. Onlar ölüdürlər. Əgər insanlar ünsiyyət qurmaq, anlamaq, sevmək üçün addım atsalar gələcəyin gətirəcəyi çətinliklərin fərqində olmazlar. Dünya cəhənnəmə dönsə də, yaşamaq nə qədər çətinləşsə də, sevgi vasitəsi ilə qorunacaqlar.

- Bir çox tənqidçi "sevgi vasitəsi ilə dirilmə" mövzusunun ən məşhur filminiz olan "Çiyələkli tala"da işləndiyini qeyd edir. Tənqidçilərdən biri hətta belə deyir: "Bu film romantik qərəzlərlə dolu bir həyatın ardından mərhəmət etməyi öyrənən, beləliklə də dəyişərək həyata dönən bir adamın hekayəsidir". Sizcə bu doğru fikidir?

- Xeyr, filmdəki adam dəyişmir. Ümumiyyətlə insanların köklü sürətdə dəyişəcəklərinə inanmaram. İntellektuallıq, fərqlilik əldə edə bilərlər. Özlərini tanıyırlar. Ancaq hamısı bu qədərdir. "Çiyələkli tala" filmindəki qadın fərqlilik yaşayır, lakin bu həyatını dəyişmir. Bərbad həyatlar elə bərbad olaraq da davam edir.

- "Çiyələkli tala" filminin qadın xarakterindən danışmışkən, filmlərinizdə qadın obrazlarını təsvir etmə forması təqdirlə qarşılanır. Buna necə nail olursunuz?

- Yəqin qadınları bu qədər yaxşı tanımağımın necəliyini soruşmağa çalışırsınız... Qadınlara olan marağımın səbəbi filmlərdə olduqca gülünc şəkildə özlərinə yer tapmalarıdır. Mən onları 30-cu, 40-cı illərdə çəkilmiş filmlərdə olduqlarından daha realist göstərirəm. O dövrün filmləri ilə mənim filmlərimi müqayisə etsəniz, məntiqli və realist qadın obrazların hamısı gözünüzə gözəl görünər.

Son bir neçə ildir ki, qadınların kişilərlə eyni olması qənaətinə gəlmişəm. Onlar da eyni problemləri yaşayırlar.

Qadınların hekayələrini izah etmək üçün xüsusi bir səy göstərmirəm. Hamısı insanlara dair hekayələr, insanların problemləridi. Artıq məni də bütün insanlar maraqlandırır.

Tərcümə etdi: Samirə Əşrəf

# 2356 dəfə oxunub

Oxşar xəbərlər

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

14:00 10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
#
#
# # #