Hansı müğənnimiz bu mahnını yoldaşı öləndə oxudu? – İllərin mahnısı

Şövkət Ələkbərova, Flora Kərimova, müğənni

Şövkət Ələkbərova, Flora Kərimova, müğənni

15 oktyabr 2021
# 09:00

Kulis.az “İllərin mahnısı” layihəsindən “Dalğalar” mahnısı haqda maraqlı faktları təqdim edir.

Budəfəki mahnımız “Dalğalar” olacaq. Bəstəkarı Ramiz Mirişli, sözləri İslam Səfərlinin olan bu mahnı Xəzər dənizinə həsr edilən ən gözəl mahnı kimi yaşayır...

***

“Dalğalar” seygah üstdə yazılıb. Bəzən mahnının dinləyərkən dənizin qırağında olduğunu və dalğaların səsini eşitdiyini düşünürsən. Sanki ləpələrin qayalara dəyib qayıtdığı səs, külək, dalğalar və sahillə dekor olunmuş bir yerdəsən.

Şair ömrünün cizgiləri

***

Çox sevilən əsərlərin kədərli taleyi olur: mahnı o qədər sevilir ki müəlliflər unudulur. “Dalğalar”ın taleyində də eyni kədər qırmızı xətt kimi keçir.

***

50-ci illər təkcə sənayəyə deyil, eyni zamanda mədəniyyətə də fərqli bir baxış tərzi qazandırdı. Repressiyalar, müharibə geridə qalmışdı və o ağrıların içində insanın fərdi dünyası ön plana çıxmışdı. “Dalğalar” da məhz belə bir dövrdə dünyaya gəldi. Bakı o zaman mədəni mühit sayılırdı, əyalətdən istedadlı adamlar axışıb Bakıya gəlir və öz sənətlərini ifa edirdilər. Əslən Naxçıvandan olan İslam Səfərli də onların içində idi. İslam Səfərli həm Böyük Vətən müharibəsində iştirak etmiş, həm də mühitdə tanınan simaya çevrilmişdi. Yəqin ki, 50-ci illər onun yaradıcılığının ən parlaq dövrü olmuşdu. Bir çox əsərləri çap olunmuş və ədəbi mühitdə uğurla qarşılanmışdı. Üstəlik “Pıçıldaşın, ləpələr”, “Bakılı qız”, “Ana”, “Nazəndə sevgilim” kimi bənzərsiz, özünəməxsus mahnıları da şöhrət qazanmışdı. Dövrün bəstəkarları əksər hallarda ona müraciət edirdilər.

***

İslam Səfərli müharibədən sonra Bakıya gəlir və burda ailə qurur. 60-cı illərə qədər kirayələrdə yaşayır. Ramiz Mirişli də Naxçıvandan Bakıya köçür. İslam Səfərli ilə beləcə tanış olurlar. Sonradan məlum olur ki, Ramiz Mirişlinin atası İslam Səfərlinin Naxçıvandakı müəllimi olmuşdu. İslam Səfərli Ramiz bəydən 15 yaş böyük idi, həm də o dövrə görə tanınan simaydı. Lakin bütün bunlara baxmayaraq, öz qayğısını əsirgəmir, yerlisinə məsləhətlərini verirdi, ona bir növ “əl tuturdu”. Aradan bir az keçir, artıq onlar möhkəm dost olurlar. Cövdət Hacıyevin tələbəsi Ramiz Mirişli özünü mahnı janrında sınamaq qərarına gəlir. Və ilk İslam Səfərliyə müraciət edir. Ramiz Mirişlini də bu janra çəkən elə İslam Səfərli olur. Deyir, sən bir mahnı bəstələ. Ramiz müəllim bir gün İslam Səfərlidən xahiş edir ki, bir şeir yazın, verin mən də mahnı bəstələyim. İslam Səfərli də söz verir ki, belə bir şeiri sənin üçün mütləq yazacam. Beləcə şeir ortaya çıxır. İslam Səfərli ən çox sevdiyi dəniz haqda şeir qoşur, dalğaları sözə çevirir. Nəticədə çox gözəl, romantik və təsirli bir mətn ortaya çıxır. Nəvəsi deyir ki, onun Xəzər sevgisi çox böyük idi. Bu mövzu çox əziz idi onun üçün. Eyni zamanda Ramiz Mirişli də ona mahnı bəstələyir, milli musiqini dərindən bildiyindən bu şeirə seygah üzərində bəstə tapır və o musiqi şeirin gözəlliyi ilə qovuşur.

Azərbaycanın unudulmaz bəstəkarı Ramiz Mirişli - Uşaq Bilik Portalı

***

“Dalğalar” mahnıdan daha çox milli romans idi, fortopianino müşayiətində bəstələnmişdi, harmoniyalarında yenilik sezilirdi. Qabaqda mahnının qəbul olunması mərhələsi vardı. Bədii şüura baxışından keçmə mərhələsi. Ramiz Mirişli mahnısını kollegiya iclasına təqdim edərkən mətndəki bir ifadəyə irad tutulur: “Çırpınar dalğalar”. İslam Səfərli həmin ifadəni peşəkarlıqla dəyişir və mahnıya heç bir xələl gətirmir. “Mirvari dalğalar” epiteti məhz həmin baxışdan sonra mahnıya daxil edilib. Bu dəyişiklik mətnə daha çox poetiklik qatıb.

Listen to Şövkət Ələkbərova - Güllər by Barat Mammadova in Şövket  Elekberova playlist online for free on SoundCloud

***

Bu 28 yaşlı bəstəkarın, Ramiz Mirişlinin ilk mahnı bəstəsi idi. İlk olmağına baxmayaraq, həm də iddialı bir bəstəydi. Heç kimin tanımadığı və yeni addımlarını atan bəstəkar ilk mahnısını Şövkət Ələkbərovanın ifa etməsini istəyir. Və buna da nail olur. 1962-ci ildə yaradılan mahnını Şövkət Ələkbərova ifa edir və mahnı məşhurlaşır. Şövkət Ələkbərova bir neçə versiyada oxuyur mahnını. Bəstəkar yalnız onun oxuya biləcəyini deyir. Royalın müşayiətində oxunan variant çox sevilmişdi və o ifa mahnının ab-havasını dəqiq ifadə edirdi. Tələbəlikdən təzə ayrılmış və yeni addımlarını atan Ramiz Mirişliyə Şövkət xanım qapılarını açır, onu sənət dünyasında tanınmasında kömək edir. Çox güman burda İslam Səfərlinin də əməyi olur, gənc bəstəkarı böyük sənətkarla tanış edir. Xatırladaq ki, 70-ci ildə xalq çalğı orkestri ilə mahnını Şövkət xanım yenidən oxudu və mahnı təzədən maraqla qarşılandı.

***

Daha sonra Flora Kərimova da xalq çalğı ansamblında bu mahnını ifa etdi və yavaş-yavaş mahnı öz romans janrından çıxmağa başlayır. 1967-ci ildə daha qüdrətli Elmira Rəhimova oxuyur və onun mahnısı təəssüf ki, arxiv və fondda yoxdur, şəxsi kolleksiyada ilk dəfə İctimai Tv-də təqdim olunub. Daha sonra Eyvaz Həsənov, Rauf Adıgözəlov “Dalğalar”ı ifa etmişdilər. Rauf Adıgözəlovun ifası klassik ifa tərzini xatırlatdı və o, romans ruhunu geri qaytardı. Qardaşı bəstəkar Vasif Adıgözəlov onu müşayiət edirdi. Sənətkar mahnının klassik formasını qorumuşdu. 70-ci illərdə instrumental verssiyaları yarandı: Ramiz Quliyevin ifası birinci oldu. Tarda, kamançada, gitarada, okkerdionda ifa olundu. Sonradan bu mahnını başqa ifaçılar da oxudu: Səxavət Məmmədov, Kəmalə Rəhimli, Təhmiraz Şirinov, Könül Xasıyeva, Könül Kərimova, Rəmiş...

***

İslam Səfərli ilə Ramiz Mirişlinin birgə işi sonradan da davam elədi. “Bir könül sındırmışam” kimi gözəl mahnı da İslam Səfərli və Ramiz Mirlişli tandemindən ortaya çıxan ən gözəl mahnılar sırasına qoşuldu.

Flora Kərimovanın doğum günüdür

***

1987-ci ildə Ramiz Mirişliylə Ramiz Quliyev Səmərqəndə gedirlər. Orda salonda Ramiz Quliyevdən xahiş edirlər ki, “Dalğalar”ı oxusun. Ramiz Quliyev deyir ki, onların “Dalğalar”ı bilməsi və məndən ifa üçün xahiş etmələri həm mənə, həm də Ramiz Mirişliyə ləzzət elədi.

***

Əməkdar artist Təranə Vəlizadə deyir ki, 1983-cü ildə mənim həyat yoldaşım Eyvaz Həsənov dünyasını dəyişdi. Onun ölümündən sonra bu mahnını oxumağa qərara aldım. Sonralar düşündüm ki, bu mahnını hər konsertimdə oxuyuramsa, niyə lentə yazdırmayım. 2004-cü ildə bu mahnını fonda yazdırır. Müğənni Səbinə Ərəbli isə deyi ki, mənim atam dənizçidir və hər dəfə “Dalğalar”ı oxuyanda atamı yadıma salıb oxuyurdum.

***

Yaxın illərdə bu mahnı ölkəmizdən kənarda da oxunmağa və sevilməyə başladı. Türkiyədə bu mahnının bir neçə versiyaları yarandı. Onlardan biri 2006-cı ildə öz albomunu “Dalğalar” adlandıran Gülay adlı türk ifaçısı oldu. Tarın müşayiətində fərqli tərzdə bu mahnını oxuyan türk ifaçısı təəssüf ki, mahnının müəllifini anonim olaraq qeyd etmişdi. Yalnız müğənni albomunda başqa Azərbaycan mahnıları da oxumuş və onların da müəllifini qeyd etməmişdi. Bunun yerinə isə mahnıları onu oxuyan məşhur Azərbaycan ifaçılarına həsr etmişdi. Məsələn, “Dalğalar” mahnısını Şövkət Ələkbərovanın xatirəsinə deyə albomda qeyd etmişdi. Bir neçə müğənni də Ramiz Mirişlinin mahnılarına müraciət edib, yalnız anonim olaraq. 2012-ci ildə Ramiz Mirişlinin mahnıları Türkiyədə müəllif hüquqları qazandı və artıq ona müraciət edən müğənnilər həm rəsmi şəkildə müəllifi qeyd edir, həm də qonorar ödəyirlər.

# 10922 dəfə oxunub

Oxşar xəbərlər

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

14:00 10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
# # #