Güllə tək sıxıram beynimə səni - Aynar Təbrizli

Güllə tək sıxıram beynimə səni - Aynar Təbrizli
12 avqust 2023
# 12:00

Kulis.az “Sözün Güneyi” layihəsi çərçivəsində Güney Azərbaycanlı şair Aynar Təbrizlinin şeirlərini təqdim edir. Əsl adı Maede Salehinezhad olan müəllif 1999-cu ildə Təbriz şəhərində anadan olub və hazırda Təbrizdə yaradıcılığını davam etdirir.


Aynada deyirəm özüm özümə,
artıq bezdirib yurubsan məni.
Qorxusuz qışqırıb yetər, deyirəm,
Güllə tək sıxıram beynimə səni.
Zillənib gözümə tüm ağrıların,
təpədən-dırnağa zəhər kimisən,
Ölüm duyğusundan qorxutma məni,
Yaşamın qoynunda kədər kimisən.
Dilində dolanan köpüklü qanı,
fikrində gəzdirib udursan yenə.
Beyninə qusurlar darıxmaların,
Zor ilə susdurub boğursan yenə.
Əlinin qanını uzünə vurub,
qırmızı çəkirsən dodaqlarına.
Ayna utanaraq gözəlliyindən,
sevgi mırıldanır qulaqlarına.
İntihar gözəldir, dodağın qaçır,
baxırsan həyata "s..dir"- deyirsən.
Gülləyə bağlırsan gəlcəyini,
Aynada ölümü təmrin edirsən.
Nə rənglər, nə sevgi, nə gözəlliklər,
dünyanın heç nəyin xoşlamadın.
Günah səndə deyil, sən olan yerə,
bir gün bu boşluğa çatacaq qadın.
Silkələ donundan çobanyastığın,
küsüb qadınlığa gedə bilərsən.
Rujunu silərək, kişilər kimi,
Səssizcə intihar edə bilərsən.

***

Qanlı bıçağı dənizə atar
dırnaqlarının boyasına qarışan qanı bənd-bənd,
qoxulayıb qıvrım saçlarına çəkər.
Əski albomlarla kitabları zibil qabına atmadan
öncə doya-doya baxıb, əzəbərləyər onları...
Qarlı axşamlarda "əlvida"- deyib,
taksilərdə düşür ruhunu,
ancaq yenə də sevişər soyuq röyalarla
evə dönər.
Kirli xatirələri suya çəkər qab-qaşıqla birgə.
yaşadıqları film kimi pərdəyə enər.
İnsanları öldürən qorxulardır.
Ölüm qorxuların aynasıdır,
və bütün xarakterlərin sonuncu sekansı.

***

Göz yaşlarımı süzməsin deyə
Yumdum sevgi gözlərimi!
Səni qarışdırıram qəhvəmin dərinliyində
Uduram şəkərsiz sevginin boğumtul dadını!
Boğulur tiroidimdə qırmızı yalanların...
"On bir" xəbərindən eşitdim,
Cızıqlanıb mənə döndüyün yollar
Hələ də duruşuqlu
Hələ də dikdir əzilmiş qadınlığım!
Elə acıqlı sevirəm ki səni!..

***

Sən də bilirsən,
Küçə başındakı
bığlı kişilərin
Yuxusundayam
hər gecə!
Bilirsən,
anamın hirsini çıxarır
dikdabanımın taqqıltısı;
Ayağımda əzilən gilaslar
Utanır dodağımın qırmızılığından!
Ya vəhşicə alnıma dağılan
Buruq saçlarımın dansını görürmüsən havada?
Sən də düşünürmüsən
ilk dəfə
məni necə öpdüyünü?!
İstədim deyəm ki,
düşüncəndən öpürəm!
Sən də yaxşı bilirsən,
geniş deyil
Küçəmizin dünyası!
Bilirsən ki,
inqilabımdan qorxurlar
bütün siyasətçilər!
Bilirsən ki,
bilərziklərimdə səslənir
şəhərin
romantika etirazları!
Sənsizlikdir qorxum;
Olmasaydı,
nə aclıqdan, nə susuzluqdan qorxardım...
Qəzetlərdə yazardım
əsarətlərdən
qaçmaq üçün
öldürüldü
bu qadın...!

# 3119 dəfə oxunub

Oxşar xəbərlər

Kəndlərdən saraylara - Dünyanı özünə valeh edən rəqs hansıdır?

Kəndlərdən saraylara - Dünyanı özünə valeh edən rəqs hansıdır?

18:40 25 sentyabr 2026
Saxtalıqdan uzaq səmimi şənlik  -  "Yoxsulların toyu" tablosu

Saxtalıqdan uzaq səmimi şənlik - "Yoxsulların toyu" tablosu

16:00 23 sentyabr 2026
Vizual elementlərlə musiqi polifoniyası  – “Günəşin sonatası” tablosu

Vizual elementlərlə musiqi polifoniyası – “Günəşin sonatası” tablosu

16:00 22 sentyabr 2026
Naməhrəm  - Alpay Azərin yeni hekayəsi

Naməhrəm - Alpay Azərin yeni hekayəsi

12:00 22 sentyabr 2026
"Bir dəfə özünü itirdinsə, iki seçimin var: ya əvvəlki... " -  Herbert Vellsin sitatları

"Bir dəfə özünü itirdinsə, iki seçimin var: ya əvvəlki... " - Herbert Vellsin sitatları

10:00 21 sentyabr 2026
Azadlıq quşu -  Aron Tamaşinin hekayəsi

Azadlıq quşu - Aron Tamaşinin hekayəsi

14:00 20 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər