"Elə səni görməsələr yaxşıdı!" - Vəkillər Kollegiyasının gülməli Bəyanatı

"Elə səni görməsələr yaxşıdı!" - Vəkillər Kollegiyasının gülməli Bəyanatı
17 fevral 2025
# 17:00

Kulis.az Vəkillər Kollegiyasının "Əqrəb mövsümü 2" serialı ilə bağlı bəyanatına aid Ulucay Akifin yazısını təqdim edir.


Bir dəfə Xalq yazıçısı Anarla bir məclisdə söhbət edirdik. Dedi ki, çap olunacaq yeni kitabında “filan mövzu” haqqında yazıb. Təəccübləndim. Soruşdum ki, ay Anar müəllim, bu haqda yazmaq sizə problem olmaz? Cavab verdi ki, onsuz da heç kim kitab oxumur. Güldük.

Bu hadisə niyə yadıma düşdü?

Vəkillər Kollegiyası “Əqrəb mövsümü” serialında gedən hansısa epizoda, hansısa dialoqa görə BƏYANAT yayıb. Nəyəsə əsəbiləşiblər, Audiovizual Şuraya, serialı yayımlayan kanala, serialın yaradıcı heyətinə acıqlanıblar, hələ ərinməyib barmaq da silkələyiblər və bəyanatı bu cümlə ilə yekunlaşdırıblar:

“Bir daha hər kəsdən xahiş edirik ki, vəkilliyə qarşı münasibətdə etik normalara riayət edilsin, qeyri-etik, əxlaqdan kənar ifadələr işlədilməsin. Əks halda tərəfimizdən qanuna müvafiq tədbirlər görüləcəkdir!”

Sonra gördüm, serialın baş obrazı, aktyor Azər Aydəmir də Vəkillər Kollegiyasının bəyanatına cavab verib, nələrisə izah etməyə çalışıb. Gülməlidir.

Kinoçəkənləri də hədələmək həddinə gəlmişiksə, vay bizim halımıza.


Kino nədir?


Yəni belə çıxır ki, kinoçəkənlər hələ tamaşaçıdan da qabaq Vəkillər Kollegiyasına, ya da hansısa başqa bir dövlət qurumuna filmin, kinonun, serialın nə olduğunu izah etməlidir.
Mənim belə niyyətim yoxdur. İnternet dövrüdür, quqla “Kino nədir?” yazıb bu haqda az da olsa məlumat almaq olar.

Hansısa filmdə vəkillərə aid nalayiq nəsə deyilə bilər. Adı üstündə, bu, filmdir. Bunun altında nəsə bir pis niyyət axtarmaq, aparıb harasa bağlamaq gülüncdür.

İndi mən hansısa hekayəmdə vəkil obrazının törətdiyi cinayət haqqında, yaxud onun dələduzluğunu, əxlaqsız davranışını yazmamalıyam ki, birdən Vəkillər Kollegiyası əsəbiləşər?

Ta keçib, mən qələmimi, rejissorlar da kameralarını versinlər Vəkillər Kollegiyasına, özləri yazsınlar, özləri çəksinlər, biz də oxuyaq, izləyək. Özümüzü niyə yoruruq ki?

Siz heç xarici filmləri, serialları izləmirsiniz?

Camaatın filmində kilsədə sevişirlər, hakimlər cinayətkar olur, müəllimlər əxlaqsız... Hər şey çəkirlər, göstərirlər. Təxəyyül ya həqiqət, fərq eləmir.

Oralarda heç kim qışqırmır ki:


“Ay dadi-bidad, Leonardo di Kaprio polisləri gözdən saldııııııı!”

“Tarantino vəkilləri hörmətdən salıııııır!”

Adama gülərlər. Ayıbdı.

Adı üstündə: film, kino.

Heç kim belə reaksiya vermir, çünki heç kim narahat olmur, bu şeylərin onlara yapışdığını düşünmür. Bizdə isə azca nəsə görən kimi, müvafiq qurumlar əl-ayağa düşür, həyəcanlanır, əsəbiləşir.

Niyə?

Niyəsi bəllidir.

Yaxşı, vəkillərə aid mənfi nəsə çəkməyimizə icazə vermədiniz. Bəs həkimlərə, müəllimlərə, polislərə və s. aid də çəkmək də olmaz?

Biz bunu necə müəyyənləşdirək ki, kimlərə aid yazmaq, çəkmək olar, kimlərə aid yox?

Varsa elə bir siyahı, göndərin, biz də işimizi bilək.

Deyəsən, Politbüronun Senzura Komitəsi hələ də mövcuddur, bizim xəbərimiz yoxdur.

Hər kefi istəyən yazıçıya, rejissora, bəstəkara nəsə qadağa qoyur ya sifariş verir.

Səhv anlamayın, sözüm təkcə Vəkillər Kollegiyasına aid deyil. Bu, ilk belə hadisə deyil. Son olacağını da düşünmürəm.

Bir neçə filmin, serialın rejissorunun danışanda Daxili İşlər Nazirliyinə, Baş Prokurorluğa təşəkkür etdiyini görmüşəm. Nəyəsə icazə verdikləri ya nədəsə köməklik etdikləri üçün. Açığı, bu da mənə absurd gəlir.

Hə, yadıma düşmüşkən, elə Vəkillər Kollegiyasına da xatırladım: “Əqrəb mövsümü” serialı Baş Prokurorluğun dəstəyi ilə çəkilir. Belə...

Yazımı “Bəyin oğurlanması” filmindən o məşhur dialoq ilə yekunlaşdırmaq istəyirəm:


– İstəməzsən ki, səni, ucqar dağ kəndinin sakinini uzaq Liviya səhrasında görsünlər?
– Yox!
– Düz deyirsən! Elə səni görməsələr yaxşıdı!

# 7132 dəfə oxunub

Oxşar xəbərlər

Düyü tarlalarından qlobal isyana -  “Bella Ciao”nun əsl tarixi

Düyü tarlalarından qlobal isyana - “Bella Ciao”nun əsl tarixi

18:00 16 iyul 2026
Bottiçellinin ilham pərisinin ölüm sirri açıldı

Bottiçellinin ilham pərisinin ölüm sirri açıldı

14:10 16 iyul 2026
Şah Abbasın əsiri olan gürcü kraliçasına əsər həsr edən şair kim idi?

Şah Abbasın əsiri olan gürcü kraliçasına əsər həsr edən şair kim idi?

12:30 16 iyul 2026
Bir nəslin inqilab himni - "Smells Like Teen Spirit" necə yarandı?

Bir nəslin inqilab himni - "Smells Like Teen Spirit" necə yarandı?

17:33 15 iyul 2026
Sındırılmış qəlblərin himni - "Hallelujah" mahnısının unudulmaz tarixi

Sındırılmış qəlblərin himni - "Hallelujah" mahnısının unudulmaz tarixi

15:30 14 iyul 2026
Don Kixot - Etimad Başkeçidin yeni pyesi

Don Kixot - Etimad Başkeçidin yeni pyesi

12:00 14 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər