Dahi olmağın yolu - Peyğəmbər özündən niyə çıxmışdı?

Dahi olmağın yolu - Peyğəmbər özündən niyə çıxmışdı?
10 may 2024
# 09:02

Kulis.az Firidun Ağazadənin “Özündən çıxmaq…” adlı yazsını təqdim edir.

(Bu ifadə üzərində gəzişmələr)

Özündən çıxmaq yaxşıdır ya pis?

Qılınc özündən (qınından) çıxanda kəsir! İnsan özündən çıxanda xariqələr yaradır.

Dünən feysbuk dostlarımdan biri şairliyi anormal bir şey adlandırmışdı… Yaxşı mənada. Yəni, bu normal hal deyil, normal adam şair ola bilməz! Şair olmaq “özündən çıxmaq”dır.

Lap hərfi mənada. Özündən çıxmasan, Bayron, Puşkin ola bilməzsən! Özündən çıxmasan, Məmməd Araz ola bilməzsən! ! Özündən çıxmasan, Van Qoq ola bilməzsən! Şandor Petefi, Lermontov ola bilməzsən! Lap bu günümüzə qayıdaq: Özündən çıxmasan, Ayaz Arabaçı ola bilməzsən. Orxan Bahadır ola bilməzsən. Burası var ki, hər adam özündən çıxa bilmir.

Bəli, qılınc özündən (qınından) çıxanda kəsir! İnsan özündən çıxanda görünür, xariqələr yaradır. Yəni, lap bioloji mənada, öz içindən dartınıb, silkinib, silkələnib çıxmaq… Budur mənim dediyim! Sıyrılıb özündən çıxmaq hər adamın işi deyil. Özündən çıxmasan, Çarlz Darvin ola bilməzsən! O, özündən çıxmaq üçün atasının sözündən çıxdı, kilsəyə qapanmadı, səyahətə çıxdı, təkamül nəzəriyyəsini yaratdı.

Özündən çıxmaq cızığından çıxmaqdır. Atalarımızı qınayaq ki, bizə həmişə deyiblər: “Cızığından çıxma, bala!”
Onlar bunu tərbiyə və əxlaq məqsədi ilə deyiblər. Amma babalarımız deyəndə ki, “Dedim böyükləri keçmə qabağa, Qabaqkı təpikcil atlara da bax” (Məmməd Araz), özümüzdən çıxa bilmirik, biz özümüzdən çıxmayanda… düşmən özündən çıxıb yurdumuzu yağmalayır…

Cızığından (oxu: özündən) çıxmasan, uzağa getmək olmur. Özündən (oxu: məhəllədən) çıxmasan, Lütfi Zadə ola bilməzsən! Çünki sahib olduğu bütün nəsnələrdən “çıxıb” getmişdi… “Özündən çıxıb” getmişdi… və böyük adam oldu. Özündən çıxmasan, Mübariz İbrahimov ola bilməzsən!

İlham nə vaxt gəlir adama? Bir də görürsən, adamın beyni bir fikirdən nurlanır, adam “özündən çıxır”, vəcdə gəlir… və şeir doğulur… “Yenə yada düşdü Dilcan dərəsi” kimi şedevr doğulur. Özündən çıxmaq adilikdən çıxmaqdır. Məmməd İsmayıl buna görə haray çəkirmiş: “Qoymayın dünyanı adiləşməyə!”.

“Özündən çıxmaq” frazeoloji birləşmədir, bu ifadənin hər xalqda “özündən çıxmaq” mənası var. Rus dilində bu, “выйти из себя” – горячиться – приходить в состояние крайнего эмоционального возбуждения …, раздражения, возмущения, негодования”.

İngilis dilində bu ifadə “to fly into a rage” şəklindədir və daha 50-dən yuxarı sinonimi var. “To fly into a rage” bizim dildə “hiddətlənmək, qəzəblənmək (oxu: özündən çıxmaq) anlamındadır, amma bizim “elə sənin acığına…” ifadəsinə oxşayır… İngilis dilində ifadənin sinonimlərindən biri də “to let one go of himself” şəklindədir, Azərbaycan dilindəki “özündən çıxmaq” ifadəsi ilə üst-üstə düşür, lap hərfi mənada: “to let one go of himself” – hərfi mənası “özündən getməyə (çıxmağa) imkan vermək”, yəni “özündən çıxmaq”.

Süfilikdə “hissiyyatını itirib ekstaz halına gələnə qədər fırlanmaq” elə “özündən çıxmaq” deyilmi? Kahin, şaman, dərviş özündən çıxanda, yəni, adi vəziyyətdən, adilikdən (özündən) çıxıb ekstaz vəziyyətinə düşəndə gələcəyi söylər. Bir müəllifin dediyi kimi, “şamanın ekstatik vəziyyətə daxil olması (özündən kənara çıxması – F.A.) Haqqa, Həqiqətə, yəni, Allaha çatmaq, Ona qovuşmaqdır”.

“Ekstaz” sözü yunanca “ἔκστασις” sözündəndir, “kənarda dayanmaq” (özündən kənarda!), yəni, özündən çıxmaqdır. Qabıqdan, qəlibdən, qəfəsdən, qılafdan çıxmaqdır. Yəqin, ona görə deyirlər ki, “kənardan bax özünə”.
Toxumun çırtlayıb çıxması – özündən çıxmasıdır. Çıxmasa, cücərməz, görünməz… və Yer üzünün, gözəl dünyamızın taleyi necə olar?!. Bir sərçə balasının yumurtanı qırıb çıxması - özündən çıxması göy üzünə pərvaz bir azadlıq eşqi yayır. İlk dəfə Aya ayaq basan əfsanəvi Lui Armstronqun “What a wonderful world!” deyə bilməsi üçün özündən çıxması (oxu: Yerin orbitindən çıxması) lazım idi.

Adını unutduğum bir müəllif yazır: Sufi alimi Əl Qəzali Məhəmməd Peyğəmbəri (s) göy insanı, yəni, kosmik ölçülü varlıq kimi təqdim edir”. “Ekstaz” “özündən çıxma”dırsa, “ekstaz vəziyyətində nurlanma” – İslam Peyğəmbərinin nurlanma vəziyyətində Haqqa, Həqiqətə, Allaha qovuşması, Onun vəhyalma məqamı ən böyük “özündənçıxma”dır. Özündən çıxmaq, yəqin, elə öz fövqünə qalxmaqdır. Həqiqəti özündən çıxan adam deyə bilir. Özündən çıxmasan, despot hökmdarın, ədalətsiz hakimin, korrupsiyaçının, monopolistin, rüşvətxorun əməlini üzünə deyə bilməzsən. Özümüzdən çıxmasaq, evimizi yıxan yerlibazlığın ünvanını göstərə bilmərik!

Hər xalqın özündən çıxmağı, Mirzə Cəlil sözü ilə, özündən “çıxmaqlığı” var. Xalqlar özündən çıxanda Abraham Linkoln, Oliver Kromvel, Mahatma Handi, Martin Lüter Kinq doğulur… Nə gizlədim, amma bizə daha çox lazımdır özündən çıxmaq!

Gərək özümüzdən çıxaq!

Mən də özümdən çıxıb bu yazını yazdım, özü də birnəfəsə.


# 2599 dəfə oxunub

Oxşar xəbərlər

Etoliyalı - Eyvind Yonsonun hekayəsi

Etoliyalı - Eyvind Yonsonun hekayəsi

15:00 24 noyabr 2024
Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?

Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?

17:00 23 noyabr 2024
Gertruda Komorovskaya - Həmid Piriyevin yeni hekayəsi

Gertruda Komorovskaya - Həmid Piriyevin yeni hekayəsi

15:00 22 noyabr 2024
"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

17:00 19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

15:00 19 noyabr 2024
# # #