Nüsrət Kəsəmənlinin oğlu: “Atam qızının olmadığına sevinirdi” - Müsahibə

Nüsrət Kəsəmənlinin oğlu: “Atam qızının olmadığına sevinirdi” - Müsahibə
3 yanvar 2021
# 12:30

Kulis “Atamın xatirəsi” layihəsindən tanınmış şair Nüsrət Kəsəmənlinin oğlu, şair-aktyor Rəşad Kəsəmənli ilə müsahibəni təqdim edir.

- Ənənəvi sualla başlayırıq: sizi layihəyə dəvət edəndə atanızla bağlı ilk yadınıza düşən nə oldu?

- Yadıma heç nə düşmədi. Ona görə ki, heç nəyi unutmamışam. Həyatımız bir film kimidir. Eyni filmi hər gün görürsənsə, unudulası, qeyri-adi heç nə qalmır. Atam hər gün yanımdadı. Ruhən mənimlə birlikdədi. Bunu hiss edirəm. Sanki uzaq bir səfərdədir və nə vaxtsa qayıdacaq.

- Nüsrət müəllim sağlığında bəlkə də ən populyar şair idi. İndi necədir sizcə?

- Onu heç vaxt unutmadılar və unutmayacaqlar da.

- Adına çoxlu facebook səhifələri də yaradıblar. Siz yaratmısınız, ya oxucular?

- Oxucular. Mən heç onları tanımıram. Yaxşı malın reklama ehtiyacı yoxdu. Özü-özünü təbliğ edir. İnanın şeirlərini elə paylaşırlar, elə sevgiylə təqdim edirlər, mənə və ya başqasına ehtiyac qalmır. Nüsrət Kəsəmənlinin populyarlığı yenə də davam eləyir.

- Dostları...

- Atam öləndən sonra anladım ki, insan nə qədər sağdır, dostlarının doğrusu, saxtası bilinmir. Sağlığında ki, məclisinə yüzlərlə adam gəlirdi, sağlıq demək üçün növbəyə düzülürdü, elə bil onlar da o dünyaya getdilər. Aşağı-yuxarı dörd-beş dostu qaldı. Hətta bəlkə bir az şişirdirəm də bu rəqəmi.

- Adını çəkə bilərsiniz o dörd-beş adamın?

- Əlbəttə. Cabbar Musayev, Elxan Şirinov...

- Bunların arasında ədəbiyyat adamı yoxdu?

- Var. Zəlimxan Yaqub. Deyim ki, çox dəyərli insandır. Hər görüşəndə onun insanlığına bir daha valeh oluram. Oğluyla da yaxın dostluğum var.

- Məşhur üçlüyün üzvləri necə? Sabir Rüstəmxanlı, Çingiz Əlioğlu...

- Bu barədə danışmaq istəmirəm. Demirəm ki, kimsə vəfasızdı, kimsə pisdi, kimsə yaxşıdı... Sadəcə susmağa üstünlük verirəm. Mənim özümün də dostlarım var ki, nə qədər sağam, onların yolunda can-başla varam. Amma bilmirəm ki, mən öləndən sonra necə insana çevriləcəklər. Ona görə mən atamda heç vaxt səhv axtarmıram.

- Bu layihədə bütün məşhurların övladları ataları öləndən sonra onların dostlarından şikayətləndilər. Bəlkə, bu, təbii bir haldır, şikayətlənməyə əsas yoxdur?

- Elə deyil. Bir dəfə Cabbar Musayev maraqlı bir söz işlətdi. Dedi, mən Nüsrət üçün heç nə eləmirəm, o, mənim yerimdə olsa, daha çox eləyərdi. Belə dost qazanmaq da böyük işdir. Söhbət maddi yardımdan getmir.

- Nüsrət müəllimlə mənim də münasibətim vardı. Haqqımda yazı da yazıb... Ölümü mənə şok yaşatdı. İnana bilmirdim...

- Ölüm addım-addım yaxınlaşanda insan hazır olur, alışır. Elə ki, qəfil olur, siz deyən ki, şoka salır adamı.

- Özü də müalicədəydi İranda. Vəziyyəti də yaxşı idi...

- Elədi. Biz də gözləmirdik.

- Qardaşın səndən balacadı də?

- Hə. İki yaş balacadı. Atamın ölümünü gözləsək də, qəbul edə bilməzdik. Ağır idi.

- Həmişə deyirdi, uşaqlıda sıxıntı görmüşəm, ona görə övladlarımı bir az da ərköyün böyüdəcəm.

- Şəxsən mən ərköyün böyüməmişəm. Düzdü, atam mənim üçün hər şeyi eləyib, ancaq bu ərköyünlük deyildi. Sərbəstlik desək daha doğru olar.

- Məsələn, nə qədər pul verirdi sənə?

- Utanırdım istəməyə. Elə mövzular varıydı çox sərbəst danışırdıq, amma pul istəyə bilmirdim. Bu, onu narahat edirdi. Deyirdi, məcburam şkafa pul qoyam ki, ehtiyacın olsa götürəsən. Soruşanda da demirdim ki, lazımdır, ya yox.

- Dinə həvəslisiz bir az...

- Bəli. Mən də, qardaşım da.

- Amma atanız şeirlərində və müsahibələrində dinə istehza edirdi...

- Atam Allahı sevən adam idi. Baxın, molla sözünə camaat arasında ironik münasibət var. Halbuki, müəllim, din alimi deməkdir. O sözü bu günə qoyanlar qoyub. Ucuzlaşdırıblar. O günü maraqlı bir söz oxudum, yadımda qaldı. Deyir, islamı insanların hərəkətinə görə yox, insanları islamın qaydalarına görə mühakimə edin. Əgər mən müsəlman olaraq yüz oyundan çıxıramsa, sən dini niyə söyürsən? Atam bəzi din xadimlərini tənqid edirdi. Onun dindar insanlar arasında da yaxşı dostları vardı.

- Evinizdə Quran var idi?

- Həmişə evimizdə azı beş dənə Quran olub. Hətta biri o qədər qədimdir ki, əsl muzey eksponatıdır.

- Sizin dini seçməyinizdə atanızın rolu olub?

- Əlbəttə. Gözümü açandan evimizdə “Allah” sözü eşitmişəm. Anlamışam ki, hər şeyə görə Allaha borcluyuq və ona şükr etməliyik. Düzdü namaz qılmağa altı-yeddi il əvvəl başlamışam, amma inancım ağlım kəsəndən var.

- Nüsrət Kəsəmənli gəncliyində çox nadinc idi...

- Mən də tələbə vaxtı nadinc idim. Dostlar ovaxtkı macəralarımı hələ də danışırlar. Amma hər şeyin bir çərçivəsi var. Eləcə də dəcəlliyin... Heç kimə ziyan vurmamalısan.

- Bir dəfə ananızın müsahibəsini oxudum. Demişdi ki, övladlarımın heç birinin şair olmasını istəmirəm.

- Yəqin çətinliyinə, məsuliyyətinə görə deyib. Bəlkə də uzaqgörənlik edib.

- Hansı mənada?

- Bu gün şairlərə hansı hörməti qoyurlar?

- Amma Nüsrətə hörmət qoyuldu...

- Mən də onu deyirəm ki, o vaxt vardı, bu gün isə yoxdur.

- Nüsrətin bir “Etiraf” şeiri var, orda özü etiraf edib ki, xanımını çox incidib.

- Bu faktdır. Nə danım? Bu, kişilərin doxsan doqquz tam onda doqquz faizinin problemidir. Sadəcə atam şair olduğu üçün bunu etiraf edirdi, başqaları eləmir.

- Nəzərə alaq ki, hər qadın da sizin ananız deyil. Qorxuludur etiraf eləmək.

- Bəli. Hər qadın da mənim anam deyil. Atama o cəsarəti verən mənim anam idi. Atam həmişə deyirdi, həyatda ən böyük şansım, həyat yoldaşımın belə bir xanım olmasıdır.

- Onun bir şeiri də vardı: Arazın zindanı – otağın küncü... Elə bil bu günü görürmüş. Sizcə nə idi bu? İntuisiyamı?

- Bilmirəm. Onu bilirəm ki, qardaşımdan çox nigaran getdi.

- Qardaşının vəziyyəti necədir?

- Özünün yaratdığı vəziyyət əladır. Altı ili qalıb hələ. Amma biz bu işi belə qoymayacağıq. Çünki, qardaşıma qarşı böyük haqsızlıq olub. İnsan nə qədər kafir olar ki, bir insana günahsız yerə bu qədər zülm eləyər. Özü də deyir. Deyir, Allaha inanmasam, özümü öldürərdim.

- Atanıza hansınız daha çox oxşayırsınız?

- Xasiyyətcə mən, simaca o.

- O da şeir yazır?

- Yox, yazmır.

- Bir dəfə gözəllik yarışmasında Nüsrət müəllimə kimsə dedi ki, sizin qızınız olsa, onun səhnəyə çıxmasını istərdinizmi? Nüsrət müəllim hirsləndi, adamın üstünə yeridi, efiri bağladılar. Vurmuşdu onu?

- Vurmuşdu. Gözəllik yarşmasında olmuşdu, hə, xatırlayıram. Bilirsən, sualın tonu yaxşı deyildi. İroniya ilə verilmişdi. Atam ona görə hirslənmişdi. Mən özüm də bu gün biznes maraqları naminə gözəllik yarışması keçirərəm, nə gizlədim, amma həm də istəyərəm ki, valideynlər öz övladlarını bu yarışmaya buraxmasınlar. Ən yaxşısı, qızlar özləri buna həvəs göstərməsin.

- Ziddiyyət yoxdu bu fikirdə?

- Qızı elə tərbiyələndirmək, elə yetişdirmək lazımdır ki, belə şeylərə həvəs göstərməsin.

- Yenə də qaranlıq qaldı eee... Mən eləyirəm, amma siz eləməyin...

- Bilirsən, məsələn, dində göz zinası deyilən bir şey var. Gərək yad qadına baxmayasan, amma şəhər yarıçılpaq qadınlarla doludur və mən əgər gözümü yumsam maşının altında qalaram. Eləməsinlər.

- Baxmaq var, baxmaq də...

- Elədir. Amma nə qədər olmasa gözün sataşır. Heç kim peyğəmbər deyil. Baxın, namaz qılanda da qadın öndə olmur, çünki diqqət yayına bilər.

- Nüsrət müəllim qızının olmadığına sevinirdi elə bil.

- Bəli, sevinirdi. Düşünürdü ki, qızın olsa, onu ömrünün axırınacan qorumalısan.

- Sənin də iki qızın var, hə?

- Hə. Bu yaxınlarda bir oğlum da oldu.

- Allah saxlasın. Qızlarınızı sevirsiz?

- Dəhşətli dərəcədə. Amma ilk qızım olanda əsəbimdən partlayırdım. Məsuliyyətə görə... Uşaq mənim üçün ən pak bir məxluqdur. Qızlarımla nəfəs alıram.

- Axı indi tibbi imkanlar var ki, əvvəlcədən qız olduğunu biləsən və qarşısını alasan.

- Mən qələt eləyərəm! Allahın yaratdığı insanı öldürməyə heç kimin haqqı yoxdur.

- Telefonunuzdakı qızınızın şəklidir?

- Bəli, bəli. Nəfəs alıram onunla... Bəzən dostlar zarafatla deyir, oğluma alacam, beynim elə çönür.

- Vurmursuz, Nüsrət müəllim kimi?

- Dostu necə vurum? Sadəcə başa salıram ki, mənim həssas yerimdir. Bir də bu mövzuya qayıtmayın.

- İnşallah qızlarınız böyüsə hicab geyinəcəklər?

- İstəyərəm, amma məcbur etmərəm. Çalışaram elə bir sevgi yaradım ki, hicab bağlasınlar.

- Atanız da çox övladsevən olub.

- Uşaq vaxtı xəstələnmişəm, oturub zülüm-zülüm ağlayıb. Bir dəfə də əsgərlikdə ayağım yaralandı, evə gəldim. Bir də baxdım, atam qapının yanında dayanıb, mənə baxır və ağlayır. Çox həssas idi. Filmə də baxıb ağladığını görmüşdüm. O vaxt başa düşmürdüm. Gülürdüm ona. İndi anlayıram ki, ağlamasa ürəyi partlayardı. İndi bəzən özüm də kövrəlirəm və ağlayıram.

- Cavid prospektindəki evdə qalırsız?

- Bəli.

- Deyirlər, guya Nüsrət müəllimin sevdiyi qızı evi olmadığı üçün ona verməyiblər. Qızgil həmin binada yaşayırmış və Nüsrət müəllim prinsipə gəlib həmin binadan mənzil alıb.

- Tamamilə yalandır. O evi anama hədiyyə edib. Anam seçib evi.

- Bilirsən, özü də hansı xanım? Sevda. Şeiri də var haaa... Bir Sevda ağlayır içimdə mənim...

- A kişi, o ev alınanda Sevda rəhmətə getmişdi. Həm də o qız atamdan deyil, atam ondan ayrılıb. Anama deyib, yaxşı ki, ayrıldım, sevsəm də xasiyyətimiz tutmazdı.

- Məndə belə bir hiss var: Nüsrətin anası onu atdığına görə, onun qəlbinin dərinliklərində bütün qadınlara qarşı bir qisasçılıq hissi varmış...

- Yox, deməzdim. Atam humanist idi. Xüsusən qadınlara qarşı.

- Amma aldadırdı...

- Ondan on qat çox aldadanlar var ətrafımızda, sadəcə gizlədirlər.

- Sən özün sevgi mövzularında atanla söhbət eləyirdin?

- Çox rahat və bütün təfərrüatı ilə.

- Məsələn, öz sevdiyin qızlar haqqında...

- Bəli.

- Bu mövzularda ən çox nə nəsihət edirdi?

- Nəsihət olmurdu. Hər şeyi görə-görə gəlmişdik.

- Amma etiraf edək ki, atanız sevgidə örnək alınası adam deyildi.

- Məhz örnək alınası adam idi. O, heç kimi aldatmırdı. Mən də eləyəm. Həmişə istənilən qadınla münasibətimin adını düz qoymuşam, riyakarlıq eləməmişəm.

# 18357 dəfə oxunub

Oxşar xəbərlər

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

14:00 10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
# # #