Şair-əsgər anası: “Gizlində oğlumun çəkmələrini öpürdüm” – Müsahibə

Şair-əsgər anası: “Gizlində oğlumun çəkmələrini öpürdüm” – Müsahibə
19 yanvar 2021
# 12:01

Vətən müharibəsindən qayıdan əsgərlər arasında şair Nuranə Nurun oğlu Emin də var. Kulis.az bu münasibətlə şair-əsgər anasından müsahibə alıb. Nuranə Nur müsahibədə 44 gün ərzində yaşantıları, oğlunun qələbə ilə evə döndüyü an keçirdiyi hisslərdən danışıb.

- Nuranə, oğlunun cəbhədən sağ-salamat qayıtması münasibəti ilə təbrik edirik. Gözlərin aydın olsun.

- Çox sağ olun, əzizim, təşəkkür edirəm. İcazənlə müsahibəyə şəhid analarından halallıq istəməklə başlayım. Allahdan onlara böyük səbr və uca məkanda olan övladlarının ruhuna azadlıq arzu edirəm. Müharibənin davam etdiyi günlərdə bir verilişə dəvət aldım və söhbət əsnasında bildim ki, digər qonaq şəhid anasıdır. Dedim ki, mən o qadının gözünün içinə baxa bilmərəm, orda dilimə bir kəlmə söz ala bilmərəm. Ümumiyyətlə, biz hamımız ömür boyu onların qarşısında borcluyuq. Bundan sonrakı davranışlarımızda çox diqqətli olmalıyıq, qarşımızda bir şəhid anası, şəhid bacısı, şəhid övladı ola bilər.

Çox şükürlər olsun ki, Allah mənə çətin günlərimin mükafatını verdi, oğlum sağ-salamat qayıtdı. Bütün qazilərimizə şəfa, əsgərlərimizə can sağlığı arzulayıram. Onların haqqını heç nə ilə ödəyə bilmərik. Yalnız qayğımızı, diqqətimizi əskik etməməliyik.

- Əsgər anası deyəndə ədəbiyyatdan, filmlərdən həmişə təsəvvürümüzdə qalan başında yaylıq və bir az yaşlı qadın obrazı gözümüzün önünə gəlir. Sənin kimi gənc əsgər anasına açığı gözümüz öyrəşməyib. Bu barədə özün nə düşünürsən?

- Bu bənzətmə ona bənzəyir ki, deyirlər Nizamidən, Füzulidən sonra şair təsəvvür edə bilmirik. Məncə artıq belə deyil. Özümü ədəbiyyatdakı və filmlərdəki ana obrazı ilə müasir həyatdakı ananın fərqi kimi təsdiq edə bilərəm. Bu müharibədə mənim kimi çox gənc analar əsgər anaları, hətta şəhid anaları oldu. Vaxtı ilə gənc yaşında ana olmağın çətinliklərini çox yaşamışdım, sonra da gənc yaşında əsgər anası olmağın çətinliklərini yaşadım. Müharibə zamanı bütün əsgər anaları eyni idi. Çünki hamımız eyni həyəcanı, eyni qorxunu, eyni qüruru yaşayırdıq. Bir anda bir neçə hissi yaşamaq adamda psixoloji pozuntular yaradır. Məsələn, mən övladını dizin-dizin sürünərək qarşılayan anaların hərəkətini alqışlamıram, çünki onun övladı qalib ölkənin əsgəridir. Qalib əsgərin ananı qaldırmaq üçün əyilməyinə belə qıymamalıyıq. Amma mən o anaları qınaya da bilmirəm. Çünki, bir Allah bilir onlar nələr yaşayıblar ki, o əhdi ediblər. Sadəcə hadisələrə münasibət düşüncə ilə bağlı məsələdir. Zəif iradəli adamlar özlərini ifadə və idarə etməyə çətinlik çəkirlər. Mən də müharibənin qızğın vaxtlarında fikirləşirdim ki, oğlum qapımızdan sağ-salamat girsin, onun çəkmələrini öpərəm. Amma mən bunu oğlumun gözünün qabağında yox, gizlində etdim.

- Bir dəfə yadıma gəlir, səninlə söhbətimizdə çox gənc görünməyin barədə utanaraq dedin ki, oğlumu mənim yanımda görəndə çox vaxt elə bilirlər oğlum yox, nişanlımdır. Səni oğlunun anası zənn etməmələri bu günə qədər davam edir?

- Bu mövzu bütün müsahibələrimin adətən baş mövzusu olur və mən artıq bundan narahat olmağa başlayıram. İlk vaxtlarda mənim ailəli olduğuma çox şübhələr vardı deyə, ailəmlə bağlı daha çox paylaşımlar etdim. Sonra böyük yaşda övladlarımın olması hamını təəccübləndirirdi. Əsgər anası statusu da çox şeyi dəyişmədi. Qarşılanma videosunu izləyənlərin bəziləri yenə eyni şeyi düşünüblər. Amma onu deyə bilərəm ki, müharibə məni qocaltdı. Kənardan nə qədər hiss olunmasa da, özüm bilirəm ki, içimdə, ruhumda nə fırtınalar baş verdi.

- Bildiyimə görə oğlun hərbi xidmətini başa vurmuşdu. İkinci dəfə cəbhəyə getməsi yəqin ki, könüllü olub?

- Bəli, həqiqi hərbi xidmətini başa vurmuşdu. Səfərbərliklə çağırıldı, amma könüllü getdi. İlk gündən ürəklə iştirak etdi müharibədə. Çətin döyüş yollarından, ağır həyat mücadiləsindən keçib, Vətənin işğaldan azad olunmasında layiqincə xidmət göstərib. Hamıdan öncə gedib, demək olar ki, hamıdan sonra qayıtdı. Özünün çox danışmaqla arası yoxdur. Müharibə vaxtı əlaqə çətinliklərimiz var idi, atası bir neçə döyüşçü dostunun telefon nömrələrini də almışdı. Onların əksəriyyətinin yaşı çox idi və evə tez buraxılmışdılar. Yoldaşım onlarla danışanda deyiblər ki, Emin hamımızdan balacadır, amma çox mərd və qorxmaz oğlandır. Elə qəhrəmanlıqlarını danışdılar ki, özü danışsa inanmazdıq. Oğlumu kəşf etdim, bir daha qürur duydum ki, belə bir qəhrəman oğlanın anasıyam. Bir daha qürur duydum ki, belə qəhrəmanla eyni evdə yaşayıram. Evimizə təşəkkür məktubu gəldi, amma haqqı olduğu halda medal verilmədi. Bu məsələ ilə bağlı araşdırılma aparılsa, yaxşı olar. Noyabr ayında gedən səfərbərlik çağırışçıları təlim keçdikdən sonra, döyüşə hazırlaşırdılar ki, müharibə dayandı. 1 ay sonra medallarını alıb, evə qayıtdılar. Bizim üçün adi dəmir parçası kimi görünən medal, müharibənin hər üzünü görən əsgər üçün şərəfli döyüş xatirəsidir. Oğlum 4 dörd ay səngərdə oldu, bütün çətinliklərə dözdü, heç vaxt şikayət etmədi. O mənim üçün özü boyda medaldır, çox şükür salamat qayıtdı.

- Şairlər həssas olurlar. Bu baxımdan şairə və əsgər anası olmaq necə duyğudur?

- Bu elə bir hiss, elə bir duyğudur ki, söz adamı olsan belə sözlə ifadəsində çətinlik çəkirsən. Başqalarının taleyinə biganə qala bilməyən, empatiya duyğuları qabarıq olan bir insan, üstəlik şair, üstəlik ana, üstəlik müharibə... hər saat qorxu, həyəcan, təlaş... hər saat xəbərlər izləmək... ürək sıxıntıları... çarəsizlik... hər şeyə hazır olmaq... Bütün bunlarla yanaşı qürur və məğrurluq. Düşünün, bu qədər hissi eyni anda yaşayan ana... Sözlər ifadə edə bildimi? Məncə dünyanın bütün dilləri lal ola bilər.

Tez-tez yuxularımda görürdüm ki, oğlum yeni doğulub, hər yer yanır, qucağımda ora-bura qaçıram. Görürəm ki, qızım elə indiki yaşındadı. Düşünürəm ki, axı oğlum qızımdan böyük idi , bu necə olur?

Başqa bir yuxumda görürəm ki, oğlumun qardaşı da var, adı Xudayardı. Çox az, gündə 2-3 saat yatırdım və belə yuxular görürdüm.

- Oğlun əsgərlikdə və cəbhədə olduğu vaxt ona şeir yaza bildinmi, ədəbiyyat, yoxsa dualar daha çox köməyə gəldi?

- Əsgərlikdə olanda yazırdım, bu dəfə çox fərqli idi hər şey. Bu dəfə qorxu hisslərimdən önə keçmişdi. Həmişə düşünürdüm ki, dini kitablar, onlarda olan dualar elə adi ədəbiyyatdı. Müharibə vaxtı anladım ki, dualar çox müqəddəs nəsnədir. Bəlkə də ədəbiyyatın paklanmış, ən saf, Allaha ithaf olunan bir janrıdır. Nədirsə ədəbiyyatdan çox ucadadır. Dualara bağlığım yarandı, mənə qismən sakitlik gətirirdi. Şeirlər yazırdım, amma hisslərimin ifadəsi sözə yerləşmirdi, həyəcan yaradırdı. Bəzi şeyləri yazmağa qorxurdum, narahatlıq yaranırdı, əvəzinə dualar edirdim. Yarımçıq işlədiyim parçalar var, o çətin günləri xatırladır deyə, bir müddət sonra tamamlayacam.

- Biz səninlə müsahibə etmək istəyəndə sən belə bir fikir işlətdin, dedin şəhid analarından utanıram, danışmaq istəmirəm. Ancaq biz səndən xahiş edəndən sonra razılıq verdin. Niyə utanırdın? Axı şəhid olmaq qismət məsləsidir. Kiminsə övladı şəhid olmayıbsa, burda utanılası bir şey yoxdur.

- Görünür bu yanlış düşüncədir. Şəhid analarının təsəllisi Vətən uğrunda gedən balasına görə yaşadığı acılarla yanaşı, “Şəhid anası” şərəfli adıdır. Bəlkə də biz şairlər insanların taleyinə çox həssas yanaşırıq deyə ən çətin məqamları qabardırıq. Ali olan hər şey çətin qazanılır. Şəhid adı hər kəsə nəsib olmayan uca bir mərtəbədir. O ad uğrunda canından keçməyə hazır oğullar həmişə var. Amma həmin oğullar yalnız özü yox, ailəsi ilə birlikdə şəhid olurlar. O ailələrin qarşısında mümkün qədər diqqətli olmalıyıq.

- Oğlun cəbhədə olanda onun qayıtması üçün ən çox nə niyyət, arzu etmişdin ki, indi onu yerinə yetirmək üçün hazırsan?

- Bütün arzularımın üstündən xətt çəkib, Allahdan bircə oğlumu istəmişdim. Çox şükür bu günə. Əvvəllər hansısa iş qurmağa, layihələr həyata keçirməyə can atırdım, alınmırdı və məyus olurdum. İndi heç nəyə pis olmuram. Hər şeyi öz axarına və taleyin vicdanına buraxmışam. Daha əvvəlki canfəşanlığım yoxdur, tale özü qarşıma çıxararsa nə gözəl! Böhük ehtimalla bu passivliyə səbəb ola bilər, amma belə daha rahatam. 44 günlük ərəfədə yaranan ən böyük arzum, illərlə çarpışdığım arzularımı darmadağın etdi. Bir şeirimdə belə bir misra vardı;

“Razıdır hamı unutsun adını, Ana desinlər ona”.

- Oğlunun qayıdışı ilə bağlı yayılan video böyük izləyici kütləsi tərəfindən izlənildi, yüzlərlə şərh yazıldı. Bu qədər diqqət görəcəyini gözləyirdin?

- Bəli, gözləyirdim. Çünki bilirdim, mənim nigaranlıqlarımı çox adam yaşayır. Oğlum gec qayıtdı deyə hər gün yazıb soruşanlar çox idi. Həsrətimi izləyicilərim duyurdular, maraqlanırdılar. Amma video çəkib paylaşmağa tərəddüdüm vardı. O videonu qonşumuzun qızı çəkmişdi. Gecə saat 12 yə qalırdı. Məhləyə çıxanda yığılan adamları görüb inanmadım, kövrəldim. Əvvəldən bacılarıma, baldızlarıma tapşırmışdım ki, heç kim ağlamasın. Hətta hərbi forma geyinib, oğlumu hərbi salamla qarşılamağı düşünürdüm. Uzaqdan maşını görəndə ürəyim boğazıma qalxdı elə bil, hamını və hər şeyi unudub maşına tərəf getdim. Oğlum da məni görəndə qapını açmağa səbri çatmayıb, maşının pəncərəsindən düşdü. Nə hərbi salam, nə adamlar... 4 aylıq əzablı həsrət tablosu yarandı. Çox adam izlədi, çox adam paylaşdı, çox adam kövrəldiyini yazdı. Təbrik və gözaydınlığı rəyləri oldu. Təbii ki, baxış sayı çox olursa, rəylərdə müxtəlif yanaşmalar da olacaq. İki yanaşmaya açıqlama vermək istəyirəm. Bayraq əksi olan tortu kəsmək və uşağın atasının harda olması barədə. Öncə bildirim ki, bir əsgərin uğrunda canından keçdiyi bayrağa məhəbbəti müzakirə mövzusu ola bilməz. Bizim evimizin girişində böyük bayraq var, hər dəfə o bayrağa hörmətlə baş əyib içəri keçirik. Videodakı əsgər formasını əks etdirən tort bizim, bayraq əksi olan tort isə qonşumuzun hədiyyəsi idi və təbii ki, tort kəsilməlidir. Kəsilən bayraq yox, bayrağın əksi olan şirniyyatdır. Bu günlərdə bayraq daha çox məhəbbət simvoludur deyə, onu müqəddəslik və bərəkət rəmzi olan süfrələrdə də görmək olar. Digər məsələ isə odur ki, oğlumuzu qarşılayanda atası kənarda qohumların görüşməyini gözləyir və özü gec görüşmüşdü. Həmin kadrları çıxardım ki, uzun olmasın. Yalnız mənə aid olanları paylaşmışdım.

- Bir daha gözlərin aydın olsun. Müsahibə üçün təşəkkürlər.

- Mən də təşəkkür edirəm. Bütün əsgərlər evlərinə sağ-salamat dönsünlər. Bir daha müharibə olmasın. Bütün silahlar sussun, tankların lüləyindən yelləncəklər asılsın.

# 12957 dəfə oxunub

Oxşar xəbərlər

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

14:00 10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
# # #