Eldar Qasımov: “İlk dəfə etiraf edirəm, Nigarla bir-birimizə qarşı nələrsə hiss edirdik” – Müsahibə

Eldar Qasımov: “İlk dəfə etiraf edirəm, Nigarla bir-birimizə qarşı nələrsə hiss edirdik” – Müsahibə
5 fevral 2020
# 08:55

Kulis.az-ın “Ulduzlu çərşənbə”sinin qonağı müğənni, Avroviziya Mahnı Müsabiqəsinin qalibi Eldar Qasımovdur.

- Eldar, bilirik ki, böyük sənətkarların nəslindənsən. Ulu Baban Abbas Mirzə Şərifzadə, nənələrin Mərziyə Davudova, Firəngiz Şərifova Azərbaycan teatr tarixində müstəsna xidmətləri olan sənətkarlardır. Nənən Firəngiz Şərifova nənə kimi yaddaşında necə qalıb?

- Firəngiz Şərifova mənim üçün ilk növbədə çox qayğıkeş və sevgi dolu bir nənə idi. Bəzən mənə elə gəlir o, bizi öz övladlarından çox sevirdi. Uşaqlığımın böyük hissəsi nənəmin yanında, xüsusilə də Gənc Tamaşaçılar Tatrında keçib. Yadıma gəlir, nənəm ilk dəfə Gənc Tamaşaçılar Teatrında əlimdən tutub səhnəyə çıxartdı. Ordan da kulisə keçdik. Çünki bilirdi ki, mənim üçün həmişə səhnədən çox kulis maraqlıdır. Mən səhnə arxasına keçəndə qara pərdə və bir qapı gördüm. Mənim üçün sehr pozuldu. İlk məyusluğum da elə orda oldu.

Gallery

- Böyük bir sənətkarın nəvəsi olduğunu dərk edirdin?

- Nənəmin aktrisa kimi böyüklüyünü qəti şəkildə dərk etmirdim. Hətta uşaqlıqda nənəmin tamaşalarını izlədiyim zaman səhnədə onun başqa nəvələrinin olduğunu, başqa uşaqların ona gül verdiyini görəndə qısqanırdım. Çünki o, mənim üçün üstümə qışqıran, məni danlayan, başımı oxşayan, sevən ailə üzvüm idi. Amma indi babamdan, nənələrimdən bəhs edən insanları görəndə onların cəmiyyət üçün nə qədər əhəmiyyətli insanlar olduğunu anlayıram. Bu, məni sadəcə fərəhləndirir.

- İncəsənətin mətbəxində böyümüsən. Nənənin bu sənətdə sənə köməyi olub, yəqin ki?

- Sənə deyim, Avroviziyada iştirak edənə qədər nənəm heç vaxt mənim bu sənətə gəlməyimi istəmirdi. O, həmişə deyirdi ki, bu sənət vəfasızdır. Uğrunda ömrünü fəda edirsən, sonda səni nəyin gözlədiyini bilmirsən. Ona görə də mən Bakı Slavyan Universitetinin Beynəlxalq əlaqələr fakültəsində təhsil aldım. Amma içimdə hiss edirdim ki, mən mütləq səhnədə olmalıyam.

- Diplomatiyanın bu sənətdə sənə köməyi dəyirmi?

- Əlbəttə. Yəqin xatırlayırsan Avroviziya mahnı müsabiqəsi zamanı konfransda müxtəlif ölkələrin mətbuat nümayəndələri var idi. Onların suallarının hamısı heç də mülayim olmurdu. Kifayət qədər sərt suallar da verilirdi. Həmin sərt sualların qarşısında biz mütləq təmkinimizi qorumalı, cavab verərkən sualın yaratdığı qıcığı onlara göstərməməli idik. Bu baxımdan aldığım diplomatiya təhsili imdadıma çatdı.

- Həyatda necə, diplomatsan?

- Dostların dediyinə görə, bəzən həyatda da diplomat kimi davranıram. Amma deyim ki, bunu özüm hiss etmirəm. Görünür, diplomatiya mənim həyat tərzimə çevrilib.

- Oxumaqdan başqa əlindən hansı işlər gəlir?

- Əlimdən çox iş gəlir. Məsələn, bu yaxınlarda bağ evimdə palet deyilən bir məmulatdan özümə çarpayı hazırladım. İlk dəfə sənə deyirəm ki, hərdən toxumağı da xoşlayıram. Bir neçə il əvvəl bu barədə danışmaq istəmirdim. Amma indi bunu tam sərbəst deyə bilirəm.

- Deyəsən, şairliyin də var?

- Şairlik deməyək, böyük səslənir. Mahnılarımın hər biri mənim bir tarixçəmdir. Ona görə, çalışıram hər mahnımın sözlərini də, musiqisini də özüm yazım. Ya da bəstəkarlara oturub saatlarla daxili aləmimdə nələr baş verdiyini izah edim.

- Özünəməxsus bir halın var. Hətta qalmaqallara qarşı da soyuqqanlısan. Təbiətin belədir, yoxsa bu da bir diplomatiyadır?

- Bəlkə də diplomatiyadır. Amma məncə, daha çox təbiətdir. Qalmaqal hər birimizin həyatında var. Mən evdəkilərlə, dostlarımla, hətta maşın sürdüyüm zaman küçədə də mübahisə edirəm. Haqsızlıq gördüyüm yerdə səssiz qalmıram. Amma mənə tanış olmayan insanlarla mübahisə etməyi mənasız hesab edirəm. Şou-biznesdən danışırıqsa, mən şou-biznesdə olan insanlarla heç nəyi bölüşmürəm. Haqqımda xoşa gəlməyən, həqiqəti əks etdirməyən fikir eşidən zaman mədəni insan kimi zəng vurub aydınlaşdırmağa çalışıram. Bəzən bu qalmaqalların yaranma səbəbi media olur. Sənətçinin fikirlərini kontekstdən çıxarıb yayımlayırlar, qırğın düşür. Mənə dəfələrlə sənətçi dostlar zəng vurub soruşub ki, belə söz demisən? Mən də həqiqəti izah etmişəm, məsələ bağlanıb. Əgər məqsəd süni qalmaqal yaratmamaqdırsa, düşünürəm ki, ən doğru yol budur.

Gallery

- Həmsöhbət olduğum sənətçilər hər şeyin günahını medianın üstünə atır. Medianın bu gündə olmasında sənətçilərin rolu yoxdur?

- Əlbəttə var. Hamı reytinq arxasınca qaçır. Sənəti olmayan adamlar qalmaqallarla gündəmdə qalmaq istəyirlər. Əslində bu, nə sizdən, nə bizdən asılıdır. Bu, kütləvi psixologiyadır. İnsanlara çirkli paltar daha “xoş” gəlir. Kütlənin tələbi nə vaxta qədər dəyişməyəcəksə, belə də olacaq. Hərdən mətbuatın ancaq mənim saç düzümümdən, saç rəngimdən yazmasından çox məyus oluram. Eldarın hansısa beynəlxalq layihədə iştirakını, yeni mahnı çıxarmasını çox az sayt işıqlandırır.

- Ölkə gündəmini izləyirsən?

- İzləyirəm. Nərminin faciəsi məni də çox sarsıtdı. Bir neçə gün əvvəl 16 yaşlı qızın ərə verilməsi və ölümü... Bunlar çox dəhşətli hadisələrdir. Mən artıq daxilən üsyan edirəm baş verənlərə.

- Hadisələrə reaksiyan bəzi sənətçilər kimi xala xətrin qalmasın formasındadır, yoxsa?

- Mən müğənnidən əvvəl bir vətəndaşam. Bu hadisələrə, insanların faciəsinə necə laqeyd ola bilərəm? Mənim harayım, fəryadım az da olsa insanlara çatırsa, bu, mənə özümü xoşbəxt hiss etdirir. Olduğum sosial şəbəkələrdə baş verən hadisələrə biganə qalmıram. Amma doğru qeyd etdin ki, cəmiyyətin problemini, xalqın faciəsini ürəkdən hiss edən sənətçi azdır. İnstaqramda sənət adamlarının paylaşımlarını görürəm. Əksəriyyəti bunu içindən gəldiyi üçün deyil, cəmiyyətin qınağından qorxduqları üçün edirlər. Yəni paylaşım ki, sonra heç kim deməsin, filankəs vecinə almadı. Halbuki həqiqətən də veclərinə deyil. Bunu o qədər hiss etdirirlər ki...

- Əslində, sənin görüntün insanlara “dünya aləm vecinə deyil” təsiri bağışlayır. Məsələn, düşünürlər ki, Qarabağ məsələsi Eldar üçün niyə maraqlı olsun?

- Bəzən bu düşüncələri mən də hiss edirəm. Eşidirəm, deyirlər, Eldarın nə vecinədir Qarabağ problemi, insanların vəziyyəti? Evi, maşını, yaxşı imkanı var, özü üçün kef edir. Bəli ev də var, maşın da var, imkan da var, Amma mən bu ölkənin vətəndaşıyam. Mənim haqqımda o fikirdə olan insanlardan daha çox bu millətin nümayəndəsiyəm.

- Saçını boyadın, insanların sənin haqqında demədiyi söz qalmadı. Bu, sənə təsir etdimi?

- Qətiyyən təsir etmədi. Çünki bu iki saatlıq bir layihə idi. Saçlarımı yenidən əvvəlki rənginə qaytardılar. Şəkilimi sosial şəbəkədə paylaşdım, media vasitəsilə yayıldı. İnsanların haqqımda nə dedikləri vecimə deyildi. Studiyadan mənə zəng vurub, ürək-dirək verirdilər ki, Eldar, pis olma. Təklif etdilər ki, şəkli səhifəmdən silim. Dedim, sizin başınız xarabdır? Mən saçlarımın bu rəngi üçün 5 saat vaxt sərf etmişəm.

Gallery

- Necə belə soyuqqanlı ola bilirsən?

- Çünki əminəm, bir saatdan sonra saçımın rəngi, həmin an söyüb, aqressiv reaksiya verən insanların yadından çıxacaq. Mən baş verənlərə sərt reaksiya versəm, səhhətimə ziyan vurar. Əsas odur ki, mənim ailəm, dostlarım, pərəstişkarlarım məni dəstəkləyir.

- Bu gün niyə peşəkar musiqi bayağı musiqiyə uduzur?

- Kim dinləsin peşəkar musiqini? İndi buna tələbat yoxdur. Tələbat toy mahnılarınadır. Efir də toyxanaya çevrilib. Hansı kanalı açırsan, toydur. Dəhşətə gəlirəm ki, bu nə olan şeydir?

- Efirdə görünməmə səbəbin budur?

- Əsas səbəb budur. Dəvət aldığım verilişin formatına, əvvəlki buraxılışına, aparıcısına baxıram və düşünürəm, mən bu aparıcı vasitəsi ilə insanlara nəyi çatdıra biləcəm? Ona görə də o verilişlərdə iştirak etməyi vaxt itkisi hesab edirəm. İki saatımı zövqsüz verilişə sərf edəcəyimə, gedib valideynlərimə baş çəkərəm, dostlarımla oturaram, pişiyimlə oynayaram. Bu, mənə özümü daha xoşbəxt hiss etdirər.

- Avroviziyada iştirak etməzdən əvvəl o müsabiqə haqqındakı düşüncələrin nə idi? Nə düşünürdün, nə gördün?

- Avroviziya mənim üçün xəyal etdiyim, amma iştirakçısı ola biləcəyimi heç vaxt düşünmədiyim böyük bir proyekt idi. Düşündüyümdən daha möhtəşəm idi o səhnə. Mən 2002-ci ildən o müsabiqəni tamaşaçı kimi izləyirdim. Həmişə arzum idi orda iştirak etmək. Heç vaxt düşünmürdüm ki, Azərbaycan o müsabiqəyə qatılacaq. İki dəfə seçim turuna getdim, alınmadı. 2010-cu ildə bəxtim gətirdi. Təsəvvür edirsiniz, bu, mənim üçün nə demək idi? Mən universitet oturacağından birdən-birə o böyük şou-biznes məkanına düşdüm. Bu, yuxu kimi idi.

- Tək ifa etsəydin səncə bu uğuru qazana bilərdin?

- Bunu söyləmək çətindir. Düşünürəm ki, bu bir pazldır. Biz Nigarla bir-birimizi tamamladıq.

Gallery

- Hər nə qədər də şəxsi həyatın haqqında danışmaq istəməsən də, insanlara maraqlıdır. Nigarla sevgili olduğun xəbərləri yayıldı, amma heç birinizdən ciddi təkzib eşitmədik.

- Deməli biz səhnədə rolumuzu çox yaxşı oynamışıq (gülür).

- Yəni həqiqətdə aranızda belə bir münasibət olmayıb?

- Nigarla mən bir-birimizə tamamilə zidd insanlarıq. Hətta ilk vaxtlar demək olar ki, dost belə deyildik. Bir-birimizə öyrəşmək çox zamanımızı aldı. Bizimlə çalışan psixoloqların, komandamızın ssenarisi idi bu. İnsanlar bizim sevgimizə inanmalı idilər. Nigarla sevgili idik, amma səhnədə. İlk dəfə etiraf edirəm, elə bir məqam oldu ki, bir-birimizə qarşı nələrsə hiss etdik. Bəlkə də oynadığımız rola özümüz də inandıq, amma tez ayıldıq.

- Müsahibələrin birində demisən ki, gələcəkdə həyat yoldaşımın yemək bişirməsini istəmirəm. Qadını mətbəxdə təsəvvür edə bilmirsən?

- Qadını mətbəxdə təsəvvür edirəm, amma bütün gününü mətbəxdə keçirməsini qəbul edə bilmirəm. Mən özüm də mətbəxdə oluram. Bəzən bütün problemlərimdən qaçıb özümü mətbəxə verirəm. Evimi tozsoranlayıram, silirəm, qab yuyuram. Çünki bütün neqativ fikirlərdən bu yolla azad oluram. Amma mən istəmirəm evə gələndə, evimdə sadəcə bir aşpaz görüm. İstəmirəm sevdiyim qadının saçından, üst-başından yağ-soğan iyi gəlsin. Mən özümə aşpaz almıram axı. Şərt deyil ki, qadın səhərdən axşama kimi məişət və yemək problemi ilə məşğul olsun. Bu həyat deyil. Əgər biz ailə qurmuşuqsa, bir-birimizi tamamlamalıyıq.

- Arzularının qadının necə təsvir edərdin?

- Mən həmişə arzuladığım qadının tamamilə əksi ilə qarşılaşıram. Tanış oluram, görüşürük və görürəm ki, bu, mənim arzuladığım yox, tam tərsidir.

- Aşiq olmusan?

- Həyatımda bir dəfə aşiq olmuşam. Amma heç vaxt dəli kimi sevməmişəm. Mən indi sevgini tamamilə başqa cür təsəvvür edirəm. Bəlkə də bu, yaşımla bağlıdır. Sevgi mənim üçün iki insanın bir-birini tamamlaması, bir-birini anlamasıdır.

- Hazırda həyatında kimsə var?

- Yox, yoxdur. İstəmirəm də olsun. Çünki özümü belə daha sərbəst və rahat hiss edirəm.

- Bəs evdən “nə vaxt tərpənirsən?” demirlər?

- Ailə baxımından mənim bəxtim gətirib. Buna görə, özümü çox xoşbəxt hesab edirəm. Evdə mənə evlənməklə bağlı qəti şəkildə basqı yoxdur. Onlar məni hər fikrimdə dəstəkləyirlər. Ailəm heç vaxt mənə bu sualı vermir. Onlar bilir ki, mən özümü nə vaxt hazır hiss etsəm, bu, baş verəcək

- Özünü hələ ailə qurmağa hazır hiss etmirsən?

- Yox. Hələ ki, özümü yarıma, övladıma sərf edə biləcəyim qədər hiss etmirəm. Düşünürəm, kütləyə daha çox lazımam. Mənim hazırda başqa bir missiyam var.

Gallery

- Bir az da ədəbiyyatdan danışaq. İlk oxuduğun böyük əsəri xatırlayırsan?

- Hələ məktəbli olanda Tolstoyun “Hərb və Sülh” romanını oxumuşam. Xaricdə bu cür əsərləri ədəbiyyat fakültəsinin tələbələri oxuyur. Mən hələ də başa düşə bilmirəm ki, bu əsəri necə oxudum? Əlbəttə, heç nə başa düşmədim. Bilirsən də Tolstoy çox qəliz yazır. Onun əsərlərinin Azərbaycan dilinə tərcüməsini təsəvvür edə bilmirəm.

- Azərbaycan ədəbiyyatından nə dərəcədə xəbərdarsan?

- Cəlil Məmmədquluzadə, Əbdürrəhim bəy Haqverdiyev, Sabir, Səməd Vurğun səviyyəsində. Universitetdə ədəbiyyat dərslərində məcbur da olsa oxuyurduq bu yazıçıları, şairləri. Azərbaycan dilində kitabları indi oxumağa başlamışam. Bunun da səbəbi dövlət televiziyasında çalışmağımdır. Aparıcı olaraq mənə mütaliə çox vacibdir. Həm dilimin açılması üçün, həm də qonaqlarla ünsiyyətdə məlumatlı olmağım üçün. Oxuduqca dilimizin gözəlliyinə heyran oluram.

- Ədəbiyyatda daha çox hansı janr sənə yaxındır?

- Detektiv janrında əsərləri çox sevirəm. Açığını deyim ki, kitab oxumağa vaxtım qalmır. Yəni, təkcə istəmək kifayət etmir. Məsələn, keçən həftə Robert Brinzonun bir kitabını oxuyub bitirdim. Gecə saat 5-ə qədər oxuyuram bəzən. Mən bütün günümü kitab oxumağa da sərf edə bilmirəm. Digər işlərim axsayır. Kitab oxumaq asılılıq yaradır çünki.

- Kitabxanan var?

- Bəli, var. Hətta evimdə o qədər çox kitab var ki, bir hissəsini bağdakı kitabxanaya aparmaq məcburiyyətində qaldım.

- Oxumusan o kitabları, yoxsa bəzi insanlar kimi, dəb üçündür?

- Əlbəttə, oxumuşam. Oxumadığım kitabı niyə alıb evə yığım?

- Ən çox hansı əsərdən təsirlənmisən?

- Dindən uzaq olduğum üçün Den Braunun əsərləri məni öz təsiri altına sala bilib. Demək olar ki, bütün əsərlərini oxumuşam. Corc Martinin “Taxt oyunları” əsəri çox möhtəşəm, eyni zamanda çətin əsərdir. Çünki əsər boyu bəlkə yüz obraz adı çəkilir, amma sonrakı səhifələrdə o adlara rast gəlmirsən.

Gallery

- Dindən uzağam dedin. Ateistsən?

- Yox, deistəm. Mən inanıram ki, hər birimizin içində bir Allah var. Bütün səmavi kitablarda yazılan qayda-qanunları mən ailədə görmüşəm. Halbuki ailəmizdə heç kim dini kitablar oxumayıb. Ona görə, düşünürəm ki, bu qaydalar, qanunlar hər bir insanın içindədir. Kimisi şeytandır, kimisi mələk.

- Muğam dinləyirsən?

- Bəli. Alim Qasımovu çox dinləyirəm.

- Özün nə vaxtsa muğama müraciət edə bilərsən?

- Muğam oxumağın nəzəriyyəsini bilirəm. Amma heç vaxt belə bir cəhd etmərəm. Mənim istiqamətim deyil. Oxuyub gülünc vəziyyətə düşmək istəmərəm.

- Sənin janrın müasir Qərb musiqisidir. Amma azərbaycanlı olaraq Avropanı Qərb musiqisi ilə təəccübləndirmək olmur. Nə vaxtsa, öz ifanı muğamla improvizə etməyi düşünmürsən?

- Bu, əslində çox maraqlı təklifdir, gələcəkdə bunu düşünmək olar.

- Belə bir layihə etsən, kiminlə etmək istəyərdin?

- Alim Qasımovla, Mənsum İbrahimovla. Son vaxtlar Aygün Bəyləri dinləyirəm. Onun səsi ürəyimə toxunur.

- Tez-tez Avropa ölkələrində olursan. Azərbaycanla bağlı ən çox verilən sual hansıdır?

- Məndən ən çox soruşurlar ki, azərbaycanlılar müsəlmandır? Bir də mənim azərbaycanlı olmağıma təəccüb edirlər. Bu da normaldır əslində. Çünki atamın nənəsi Mərziyə Davudova milliyyətcə tatar olub.

Gallery

Fotolar: İlkin Nəbiyev

# 32349 dəfə oxunub

Oxşar xəbərlər

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

14:00 10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
# # #