Kulis.az professor Rafiq Əliyevin "Mənim Alma-Materimin ağ günləri" adlı yazısını təqdim edir.
1958-ci ildə orta məktəbi bitirib ali məktəbə daxil olmaq ərəfəsində yol ayrıcındaydım. Ədəbiyyat, yoxsa texnika, riyaziyyat. Ədəbiyyat müəllimlərim məni filologiya sahəsinə yönəltmək istəyirdilər. O vaxtlar dövrü mətbuatda şeirlərim və publisistik yazılarım çıxırdı. Fizika və riyaziyyat müəllimlərim isə məni təbiət elmləri sahəsində görmək istəyirdilər. Ruhuna həmişə borclu olduğum fizika müəllimim Kamal Qaradağlı mənimlə söhbətində izah etdi ki, dünya elm və texnika sahəsində yeni bir istiqamət yaranır – kibernatika. Bu sahə 50-100 ildən də çox gələcəyə hesablanıb. Bu sahə üzrə qəbul yalnız Azərbaycan Sənaye İnstitutunda idi. Sənədlərimi mənim gələcək Alma-Materim olacaq bu instituta verdim. Səhv etməmişdim. Əgər bu günkü dünyagörüşümlə belə seçim qarşısında olsaydım, tərəddüdsüz bu elm və texnika sahəsini, indiki Azərbaycan Dövlət Neft və Sənaye Universitetini seçərdim.
Elə o vaxtlarda da, indi də bu universitet tək ölkəmizdə, keçmiş Sovetlər birliyində deyil, dünya təhsil və elm fəzasında xüsusi yeri olmuş və olan bir universitetdir. Onun məzunları öz ölkəmizdə və xarici ölkələrdə elm və təhsildə, sənaye sahələrində yüksək zirvələr fəth etmişlər. Onların bir çoxu Sovet İttifaqı qəhrəmanı, əmək qəhrəmanı adlarına, elmdə Dövlət mükafatına layiq görülmüşlər. Fəxrlə deyə bilərəm ki, Alma-Materimi Kərim Kərimov, Murtuza Nağıyev, Sabit Orucov, Mirəli Qaşqay, Azad Mirzəcanzadə, Fərman Salmanov, Süleyman Vəzirov, Midhət Abbasov və başqa onlarla dünyaca ünlü bilik adamları bitirmişlər. Bütün fəaliyyəti dövründə Azərbaycan Dövlət və Sənaye Universiteti tək ölkəmiz üçün deyil, xeyli sayda xarici ölkələr üçün də yüksək keyfiyyətli kadr hazırlığına böyük önəm vermişdir. Alma-Materim dünyanın 106 ölkəsi üçün 10000-ə yaxın mühəndis və elmi kadrlar hazırlamışdır və hazırlayır. Bu gün də Azərbaycan Dövlət və Sənaye Universiteti dünyanın elm və təhsil çağırışlarına inamla cavab verir.
Hər birimiz kimi Universitet də canlı orqanizmdir. Onun həyatında da bizdə olduğu kimi ağ və qara zolaqlar olur. Ağ zolaqlar barədə düşünərkən yadıma düşənləri xatırlamaq çox xoşdur. 1960-1970-ci illərdə universitetimiz Sovetlər birliyində 70 top universitetlər içərisində ön cərgələrdə idi. 1983-cu ildə universitetimizin bir qrup bilim adamları elm və texnika sahəsində SSRİ Dövlət mükafatına layiq görüldü. Bu ölkə universitetləri içərisində samballı ilk idi. Bunlar və buna bənzər ağ zolaqlar çox qürur vericidir. Əfsuslar olsun ki, bəzi vaxtlar universitetimizin həyatında bu ağ zolaqlar qara zolaqlarla sıralandı.
1987-ci ildə dünyaca ünlü alim, universitetimizin məzunu olmuş, yüzlərlə elmlər namizədi və elmlər doktoru yetişdirmiş akademik Azad Mirzəcanzadə guya ki, rəhbərlik etdiyi kafedranı idarə edə bilmədiyi, elm və təhsildə ciddi nöqsanlara yol verdiyi üçün vəzifədən azad olundu, universitetdən xaric olundu, əmək kitabçası evinə göndərildi. Təəssüflər olsun ki, bu qara zolaqlar hələ qabaqda imiş. 2011-ci ildə, elm və texnika sahəsində SSRİ Dövlət mükafatı, ABŞ-ın elmdə ömürlük nailiyyət mükafatı almış, kitabları dünya universitetlərinin müxtəlif ixtisaslar üzrə sillabuslarına dərslik kimi istifadə olunan, ABŞ, Almaniya, Kipr, İran və başqa ölkələrin universitetlərinin seçilmiş və fəxri professoru olan bir professoru guya işi bacarmadığı üçün öz yaratdığı kafedranın rəhbərliyindən azad etdilər.
Tünd qara zolaq demə hələ qabaqda imiş. Qeyri-səlis məntiq dilində desəm etik standartları ehtiva edən bu zolağın ifrat qara çoxluğuna mənsubiyyəti təxminən 1-ə yaxın, normal (hələ yüksək demirəm) etik-standartlar çoxluğuna mənsubiyyəti 0-a yaxın idi. Bu Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tarixində ən utanverici bir dövr idi. Şükürlər olsun ki, bu zolağın son həddi 2015-ci ilə kimiymiş. Universitetdə başlanan sistemli fundamental islahatlar nəticəsində bu enli qara zolaq getdikcə ağarmağa başladı. Köklü islahatlar ilk növbədə universitetin maddi-texniki bazasının yaxşılaşdırılmasına, yeni tədris və elm laboratoriyaların yaradılmasına, tədrisin keyfiyyətinin yüksəldilməsinə yönəldi. Dünya elm, texnika və sənaye çağırışlarına cavab verən onlarla yeni ixtisaslar üzrə kadr hazırlığı başlandı. Universitetin rəqəmsallaşması üzrə, veb auditoriyalar, vertual laboratoriyalar, hərtərəfli işlər başladı və önəmli nəticələr alındı. Regionda yeganə olan yüksək sürətli hesablama (HPC) sisteminin universitetdə yaradılması elmin və tədrisin inkişafına güclü təkan verdi. Ölkəmizdə ilk dəfə olaraq bu sahədə “High Permormance Computing” ixtisası üzrə kadr hazırlığına başlanıldı.
Bu gün ADNSU-nun 18 ixtisası ASIIN və FIIBA kimi nüfuzlu agentliklərdə beynəlxalq akreditasiyadan keçmişdir. Qürur vericidir.
İslahatlar başlanılan ilk günlərdən əsas hədəf ADNSU-nu elm yönümlü universitetə çevirmək olmuşdur. Bu gün tək bir ildə ADNSU-nun əməkdaşlarının WoS elmimetrik bazasında dərc olunmuş elmi işlərin sayı 2015-ci ilə nisbətən 50 dəfə çoxalmışdır. Son 7 ildə ADNSU bilim adamları tərəfindən dünyanın ən məhşur nəşriyyatları olan “World Scientific”, “Springer” və başqa nəşriyyatlarında “Fuzzy logic Theory and Applications, Part I and Part II” - World Scientific (2019), “Fuzzy Logic-based material selection and synthesis” - World Scientific (2019), “Uncertain computation-based decision theory” - World Scientific (2017), “The Arithmetic of Z-Numbers. Theory and Applications” - World Scientific (2015), “Esnek Hesaplama: İşletme ve ekonomide uygulamaları” - Sakarya Üniversitesi Yayınları (2017) və başqa kitablar dərc olunmuşdur.
ADNSU-nun təşəbbüsü və rəhbərliyi ilə Türkiyə, Avstriya, Macarıstan, Polşa, Çexiya, Monteneqro, Özbəkistanda dünyanın aparıcı alimlərinin iştirakı ilə beynəlxalq elmi konfranslar keçirilmiş, materiallar SCOPUS və WoS bazalarında əhatə olunmuşdur.
Sadaladıqlarımla yanaşı bu gün ADNSU-da aparılan islahatlar içərisində ən böyük nailiyyəti etik standartların yenə də qeyri-səlis terminlərlə desəm 100%-ə yaxınlaşmasıdır. Tələbə-müəllim heyəti münasibətləri tam şəffaf, tam rahatdır.
Nəhayətdə qürurla qeyd etmək istərdim ki, Alma-Materim - ADNSU qara zolaqları arxada buraxıb düm ağ zolaq içindədir, ağ günlərini yaşayır. İndi bu ağ zolaq heç bir qara çamur götürmür, onu atanların özlərinə qaytarır. Bu ağ zolaq sonsuz endə olsun!