Xəyanətkar anasını qətlə yetirən qız - İnsan necə qatilə çevrilir?

Xəyanətkar anasını qətlə yetirən qız - İnsan necə qatilə çevrilir?
5 dekabr 2024
# 15:00

Kulis.az Berqmanın "Persona" filmi haqqında Ömər Xəyyamın "Maskalar, yaxud Persona - Berqman" yazısını təqdim edir.

Berqman filmin ideyasını 1965-də - xəstəxanada tapmışdı.

"Persona"nın hekayəsini psixoloji ikilişmə, xəstə-həkim münasibətləri əsasında formalaşan qənaətlər – qeydlər təşkil edir.

Elizabet (Liv Ulman) "Elektra" tamaşasından sonra susur, fəqət həkim bu susqunluğun psixoloji yox, şüurlu qərar, bir növ, özünüqapatma olduğunu deyir.

Elizabetlə məşğul olan həkim Alma müalicə-müayinə üçün öz bağ evini məsləhət görür.

Psixoloji müalicə prosesi həkim Almanın kimliyini itirib Elizabetə çevrilməsiylə müşaiyət olunur.

"Persona" filmini oxumaq üçün Yunqun arxetiplər nəzəriyyəsindən xəbərdar olmaq lazımdır: göstərdiyimiz – başqalarının görməyinə icazə verdiyimiz biz, yəni bizim bir parçamız – personamızdır.

İndi onlara göstərdiyimizik, hə, fəqət bu, biz deyilik.

"Persona" özgələrə göstərdiyimiz kimliyimiz - maskamızdır. Əslimizi örtən qılafdır. Beləcə, özümüzü gizləyirik, yaxud təmənnalarımızı sığortalayırıq.

Bəzən personalarımızın özümüz olduğuna inanırıq və özümüzə özgələşirik, özümüzdən qopuruq – Elizabet kimi.

Elizabet özündən uzaqlaşmış, personasına çevrilmiş və buna görə də susmağı seçmiş: bu personanın altında oynamayacaq, yalan danışmayacaq...

...başqa bir nəzəriyyə - kölgə... bizim üzləşməkdən qorxduğumuz özümüz, - bizə paralel həqiqət, o biri biz – altereqo...

Əslində, Berqman filmlərinə xas üslubdur; o filmə baxdığımızı xatırladır, daha doğrusu, tamaşaçını məcbur edir ki, olanlara kənardan baxsın.

Morqdakı uşaq Lermantovu oxuyur. O bizdən iraqdır, filmin içindədir... qəfil Elizabet və Alma peyda olur, biz haman uşaqla birlikdə onları izləyirik, özümüzdən kənarda – filmin içində - morqdan, yəni dünyanın o tərəfindən...


Elizabetin canlandırdığı Elektra mifologiyada xəyanətkar anasını öldürmüş qız obrazdır.... Elizabet xəstəxanada olanda ərinin ona göndərdiyi oğlunun şəklini cırır... Analıq bağını kəsir... Təsadüfən xəstəxana otağındakı televizorda bir buddistin Vietnam hadisələrinə etiraz etdiyini, özünü yandırdığını görür və həyəcanlanır, həqiqət onu narahat edir, halbuki radioda eşitdiyi mərhəmət məzmunlu pyesə gülmüşdü... - səhnədə güldüyü kimi...

Həkim Alma zamanla Elizabetə intim duyğuları haqqında danışır və rollar dəyişir: Alma xəstə, Elizabet onu dinləyən, hətta dilini tətikləyən həkim obrazına çevrilir: Elizabetlə (persona) Alma (kölgə) bütünləşir: Elizabet başını Almanın, Alma başını Elizabetin çiyninə qoyur: Almanın bədənində Elizabetin başı, Elizabetin bədənində Almanın başı: gecəylə gündüz, işıqla günəş...

Fəqət narsist Elizabetin məktubunu oxuyan Alma əmin olur ki, o heç vaxt Elizabet olmayacaq… Filmin qırılma anı... Tamaşaçının təəsüfləndiyi məqam... Buddistin intiharı kimi: Alma Elizabetin gözündən narahatedici həqiqətlə üzləşir...

Alma Elizabetin üstünə qaynar su tökmək istəyir...

Alma Elizabetin üzünü çimdikləyir...

Özünə toxunur... güzgüdəki əksindən – o biri üzündən narahat olur, onu parçalamaq, məhv etmək istəyir... o heç vaxt Elizabet olmayacaq...

Üstəlik, Alma özünə yadlaşmış...

Elizabetin əri Almayla Elizabet kimi rəftar edir... Necə ki, Elizabet Almaya güzgü tutmuşdu, eləcə Alma Elizabetə güzgü tutur; Elizabeti ərinə göstərir...

Elizabetlə Almanın üzü birləşir, uşaq onların eyniləşmiş üzünü oxşayır... – biri abort etdirmiş, biri uşağını sevmir... fərqli səbəblər, eyni nəticə - Elektra prinsipi...

Güzgüdəki mənim yox, kölgəmin şəklidir.
Şəkillərdəki mən deyiləm, kölgəmin surətidir.
Məni mənə göstərən o birilərdir; bir növ, hamı hamının güzgüsüdür, fəqət güzgü heç vaxt özü olmur, o, həmişə qənşərindəkidir.

Yəni, onlar məni yox, mənim kölgəmi göstərirlər, kölgəmi görürlər.
Kölgə zülmətdə ölür, yəni gözlər tutulanda, işıq qaranlığa qarışanda.
Həqiqət qaranlıqdadır, yəni kölgələrin torpağa qarışdığı yerdə, yəni işığın ölümündə…

Biz kimik? Alma, yoxsa Elizabet? – izləyin, eşidin,

# 5515 dəfə oxunub

Oxşar xəbərlər

Düyü tarlalarından qlobal isyana -  “Bella Ciao”nun əsl tarixi

Düyü tarlalarından qlobal isyana - “Bella Ciao”nun əsl tarixi

18:00 16 iyul 2026
Bottiçellinin ilham pərisinin ölüm sirri açıldı

Bottiçellinin ilham pərisinin ölüm sirri açıldı

14:10 16 iyul 2026
Şah Abbasın əsiri olan gürcü kraliçasına əsər həsr edən şair kim idi?

Şah Abbasın əsiri olan gürcü kraliçasına əsər həsr edən şair kim idi?

12:30 16 iyul 2026
Bir nəslin inqilab himni - "Smells Like Teen Spirit" necə yarandı?

Bir nəslin inqilab himni - "Smells Like Teen Spirit" necə yarandı?

17:33 15 iyul 2026
Sındırılmış qəlblərin himni - "Hallelujah" mahnısının unudulmaz tarixi

Sındırılmış qəlblərin himni - "Hallelujah" mahnısının unudulmaz tarixi

15:30 14 iyul 2026
Müharibədə hamilə qalan qadın, tarixi saxtalaşdıran "böyük qardaş" - SSRİ-də senzuraya məruz qalan kitab və filmlər

Müharibədə hamilə qalan qadın, tarixi saxtalaşdıran "böyük qardaş" - SSRİ-də senzuraya məruz qalan kitab və filmlər

15:06 13 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər