Azərbaycanı biryolluq tərk etdi, son gecəsində hamını heyrətləndirdi, qocalar evində öldüyü deyildi - Dünən Kanadada vəfat edən bəstəkarımız

Azərbaycanı biryolluq tərk etdi, son gecəsində hamını heyrətləndirdi, qocalar evində öldüyü deyildi - Dünən Kanadada vəfat edən bəstəkarımız
27 sentyabr 2021
# 15:34

Kulis.az ötən gün dünyasını dəyişən bəstəkar, Əməkdar incəsənət xadimi Adil Bəbirov haqqında maraqlı məlumatları təqdim edir.

Azərbaycanlı bəstəkar, səs rejissoru, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi Adil Musa oğlu Bəbirov 1934-cü il fevralın 5-də Bakıda anadan olub. O, musiqi məktəbinin tar sinfində oxuyub, həmyaşıdları arasında musiqi duyumu və istedadı ilə seçilib. Daha sonra oxuduğu Asəf Zeynallı adına Bakı Musiqi məktəbində tanınmış tarzən Əhməd Bakıxanovun sinfində muğam təhsili alıb.

***

1954-cü ildə Adil musiqi məktəbini bitirərək Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq fakültəsinə qəbul olunur.


Adil Bəbirov

O illəri xatırlayan bəstəkarın söylədiklərindən:
“Mən ilk bəstəkarlıq dərslərimi Əşrəf Abbasovdan almağa başladım. Həmin vaxt Əşrəf müəllim bəstəkarlıq kafedrasında çalışırdı. O, həm də konservatoriyanın rektoru idi. Sonra o, mənə təhsilimi Qara Qarayevin sinfində davam etməyimi məsləhət gördü. Mən Qarayevin rəhbərliyi ilə 5-ci kursa qədər bir çox əsərlərimi yazdım, lakin səhhətimlə əlaqədar son kursdan getməli oldum. Yalnız bir xeyli müddət sonra, 1978-ci ildə konservatoriyaya yenidən qayıdaraq simfonik əsərlə təhsilimi bitirərək diplomumu aldım”.

***

Adil Bəbirov hələ gənc yaşlarından təhsillə paralel olaraq televiziya və radioda səs rejissoru, sonralar isə musiqi verilişləri redaktoru kimi fəaliyyət göstərib.


Bəstəkar həyat yoldaşı və qızı ilə birlikdə

1966-cı ildə “Azərnəşr”də çap olunan fortepiano üçün sonatası Adil Bəbirovun bizə məlum olan ilk əsəridir. Milli musiqi intonasiyaları ilə cilalanmış olan əsər Avropa klassik musiqi ənənələri ilə üzvi surətdə birləşərək, özünəməxsus tərzdə bəstəkarın yeni üslubu, özünəməxsus musiqi dili ilə diqqəti cəlb edir. Əsər bu günədək bir çox pianoçuların repertuarında yer alıb. Sonata sonradan simfonikləşdirilərək müəllif tərəfindən partitura şəklinə salınıb.

***

Kino musiqisi sahəsində “Oxu, tar”, ”Sevinc”, ”Azərbaycan ipəyi”, “Pəncə, qulaq, palaz, tikan”, ”Bağda rahat yer”, ”Sağ ol, dostum”, ”Böyük anda sadiqik”, ”Ekskursiya”, ”Yurd yeri”, ”Cümhuriyyət generalları”, ”Bağ yerində” kimi filmlərə musiqi yazıb.


Adil Bəbirov Xalq artisti Şəfiqə Eyvazova ilə

2000-ci illərin sonunda bəstəkar Azərbaycanı tərk edərək Kanadaya köçür və orada yaşamağa başlayır.

***

Adil Bəbirovun mahnılarını Şövkət Ələkbərova, Oqtay Ağayev, Yaşar Səfərov, Yalçın Rzazadə, Elmira Rəhimova, Akif İslamzadə, Mobil Əhmədov və başqaları ifa etmişlər. “Bilirsən özün”, “Oyan”, “Ana laylası”, “Özünlə apar”, “Ceyran baxışlı yar”, “Bənövşə”, “Salam olsun”, “Ey vətən” mahnıları onun ən məşhur bəstələridir.


Bəstəkar Xalq artistləri Gülağa Məmmədov və Şövkət Ələkbərova ilə məclisdə

Adil Bəbirov 26 sentyabr 2021-ci ildə Kanadada dünyasını dəyişib. Onun ölümün ardınca Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə mətbuata açıqlama verərək deyib:

“Bizim onunla uzun illər əlaqəmiz yox idi. Orada qocalar evində yaşayırdı. Elə orada da dünyasını dəyişib. Hər halda elə Kanadada da dəfn olunar. Yeri gəlmişkən bir neçə gün əvvəl yekunlaşan 13-cü Üzeyir Hacıbəyli adına Beynəlxalq Musiqi Festivalında onun da əsərləri səsləndirildi”.


Bəstəkar 80 yaşında

Firəngiz Əlizadənin bu sözlərindən sonra Adil Bəbirovun bacısı etiraz edərək qardaşının ölümü ilə bağlı məlumat verib: “Qardaşımın məgər sahibi yox idi ki, qocalar evində vəfat etsin? Onun burda bircə qızı və mənim kimi bacısı var. Sadəcə Adil müəllimin ayağı sınmış, bunun nəticəsində daban hissəsi irinləmişdi. Hər şey yaxşı idi, daha yaxşı gəzməsi və sağalması üçün biz onu səhiyyə müəssisəsinə yerləşdirdik və hər gün yanına gedib gəlirdik. Vəfat etdiyi günün gecəsi müalicə olunduğu səhiyyə ocağında piano ifa edib və ətrafda olan hər kəs heyrət içində onu izləyib. Sanki ölüm ürəyinə damıbmış. Həkimlərin müayinəsindən sonra yatıb və ayılmayıb. Firəngiz Əlizadə deyir ki, bizim onunla əlaqəmiz yoxdu. O, nə vaxt əlaqə yaradıb ki? İttifaq sədri kimi nə vaxt yada salıb qocaman bəstəkarı? Hətta Adil Bəbirov kimi insan təqaüd belə almırdı. Mənə verilən məlumata görə qardaşımın şəklini heç İttifaqın divarından belə asmayıblar. Səbəbini də Firəngiz Əlizadə Adil Bəbirovun Xalq artisti olmaması ilə izah edib. Mənim qardaşım xalq artisti olmaya bilər, amma onun əsərləri qızıl fondda saxlanılır. Qardaşım uzun illər yaşadığı Kanadada dəfn olunub. Biz artıq bununla bağlı işləri görmüşük. Yaşadığımız ərazidə məscid var. Ora müraciət etdik və Adil Bəbirov müsəlman qaydaları ilə dəfn olundu”.


Soldan bəstəkar Cavanşir Quliyev, Adil Bəbirov və tarzən Ramiz Quliyev

Bəstəkar Cavanşir Quliyev həmkarının ölümündən sonra öz Feysbuk səhifəsində kədərini belə ifadə edir:
“Adil Bəbirov da bu dünyadan getdi. Azərbaycan bəstəkarlıq məktəbinin parlaq bir ulduzu, fövqəladə istedad sahibi bir bəstəkar, mahnı sənətimizin mayaklarından biri... Mahnıları indi də modeldir yeni başlayanlara. Çox şeylər öyrəndim ondan, mənə çox dəstək verdi başlanğıcda, illərlə bərabər çalışdıq. AzTV-də, ondan səsyazma öyrəndim, mahnı yazma öyrəndim, onun vasitəsilə Azərbaycan mahnılarını analiz etməyi öyrəndim. Bir sözlə, məni "adam" eləyənlərdən biri də o idi. Çox, çox, çox üzüldüm. Əminəm ki, indi cənnətdəsən, Allah sənə rəhmət eləsin, ay Adil!”.

# 8065 dəfə oxunub

Oxşar xəbərlər

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

14:00 10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
#
#
# # #