Azərbaycana həsr olunan mahnının sözlərini niyə dəyişdilər? - Bəstəkarı gizli saxlanılan “Ayrılıq”

Azərbaycana həsr olunan mahnının sözlərini niyə dəyişdilər? - Bəstəkarı gizli saxlanılan “Ayrılıq”
22 may 2021
# 12:30

Kulis.az “İllərin mahnısı” layihəsindən “Ayrılıq” haqda faktları təqdim edir.

***

Bəzilərinin sevgi, bəzilərinin Cənubi Azərbaycan həsrəti kimi dinlədiyi “Ayrılıq” mahnısı 1957-ci ildə yazılıb. Mahnının sözləri Rəcəb Fərhad İbrahimə, musiqisi Əli Səlimiyə aiddir.

***

Əli Səlimi 1922-ci ildə Bakıda anadan olmuş və ilk təhsilini də burada almışdı. Anası Bakıdan, atası Ərdəbildən idi. Stalin repressiyası Səlimilər ailəsindən də yan ötmədi. İran təbəələri kimi bu ailə də 1938-ci ildə vətəndən-vətənə sürgün edildi. 16 yaşlı gəncin həyatında ömür boyu duyduğu bu acı daha sonralar nisgilli bir nəğməyə - “Ayrılığ”a çevrildi.

***

Mahnını Rəşid Behbudov, Ququş, Yaqub Zurufçu, Barış Manço, Zeki Müren kimi məşhur müğənnilər ifa edib. “Ayrılıq” o qədər məşhurluq qazanıb ki, bəzən onu xalq mahnısı hesab edirlər.

1962-ci ilin əvvəllərində İranda böyük müvəffəqiyyətlə keçən konsertlərdən sonra Rəşid Behbudovu Bakıdan olan bəstəkar Əli Səlimi evinə dəvət edir. Dəvəti qəbul edən Rəşid Behbudov bəstəkarın qonağı olur. Maraqlı söhbətlər zamanı Əli Səlimi yenicə bəstələdiyi “Sizə salam gətirmişəm” mahnısını sənətkara göstərir. Rəşid mahnını çox bəyənir və tezliklə ifa edəcəyinə söz verir. Bəstəkarın həyat yoldaşı Əli Səlimiyə işarə edərək onu yan otağa çağırır. Bir qədər sonra həmin otaqdan xanımın həzin səslə, tarın müşayiəti ilə oxuduğu başqa bir mahnının səsi gəlir. Rəşid elə ilk notlardan bu mahnıya vurulur və onlara qoşulub zümzümə etməyə başlayır. Mahnı bitdikdən sonra müğənni soruşur:

- Bu mahnı kimin sözlərinə yazılıb?

Əli Səlimi cavab verir:

- Fərhad İbrahimi "Ayrılıq" adlı gözəl bir şeir yazmışdı. Mən də bir neçə gün bundan əvvəl həmin şeirə mahnı bəstələdim.

Rəşid Behbudov bəstəkara irad tutur:

- Bəs nəyə görə "Ayrılığ"ı mənə vermirsiniz oxuyum?

Əli Səlimi:

- Qorxuram “Ayrılığ”ı oxumağa icazə verməsinlər. Sənə də baş ağrısı olmasın. “Sizə salam gətirmişəm”i oxusan mənə dünyanı vermiş olarsan.

Rəşid Behbudov bəstəkarın da, onun xanımının da kövrəldiyini görüb qətiyyətlə bildirir:

- Tezliklə hər iki mahnını mənim ifamda eşidəcəksiniz.

Bu söhbətin üstündən bir qədər keçir. Bakıya dönəndən sonra sevimli sənətkar həqiqətən də hər iki mahnını – “Sizə salam gətirmişəm” və “Ayrılıq” mahnılarını ifa edərək lentə yazdırır.

***

Uzun müddət Almaniyada yaşayan Yaqub Zurufçunun ürəyi Azərbaycan sevdası ilə döyünürdü, ən böyük arzularından biri Azərbaycana gəlmək idi. 1989-cu ildə Azərbaycanın məşhur müğənnisi Gülağa Məmmədov Almaniyaya gəlir və Yaqub Zurufçu ilə görüşür. Gülağa Məmmədov onun “Ayrılıq” mahnısına çəkdiyi klipi görüb heyrətə gəlir. Azərbaycanın Cənubi və Şimali Azərbaycana bölünməsinə həsr edilən klip Gülağa Məmmədov sayəsində Azərbaycan televiziyasında yayımlanır. Azadlıq hərəkatı zamanında “Ayrılıq” mahnısı milli-mənəvi dirçəlişə təkan verir. Gülağa Məmmədovun dəvəti ilə Yaqub Zurufçu illərdir həsrətində olduğu Azərbaycana gəlir.

***

“Ayrılıq” mahnısına ikinci ömür bəxş edən və ona siyasi məna verən Yaqub Zurufçu oldu. O, “Azadlıq” meydanında “Ayrılıq” mahnısını dizi üstə çöküb oxumuşdu. Həmin illərdə “Azadlıq” meydanı xalqın bir araya yığışdığı məkan idi. Üzeyir Hacıbəyovun “Koroğlu” uvertürası kimi “Ayrılıq” mahnısı da o vaxtdan Azərbaycanın iki parçasını – Cənubu və Şimalı mənən birləşdirmişdi.

Xatırladaq ki, Yaqub Zurufçu “Azərbaycan Respublikasının Əməkdar artisti” adına layiq görülmüşdü.

2009-cu ildə sənətkar Azərbaycan vətəndaşlığını da alıb.

“Ayrılıq” mahnısını ifa edənlərin taleyində də ayrılıq olub.

Ququş 1950-ci ildə Tehranda anadan olub. Azərbaycan mənşəli valideynləri İrana Bakıdan köçmüşdülər.
1979-cu ildə İranda baş verən İslam inqilabından sonra bu ölkədə Ququşun həm müğənni, həm də kino aktrisası kimi fəaliyyətinə qadağa qoyulub. Ququş 2000-ci ildə ABŞ-a köçüb, sənətini orada davam etdirməyə başlayıb.

Bir xeyli mahnılar ifa edən Ququş daha çox “Ayrılıq” mahnısının ifasına görə tanınır.

"Ayrılıq"ın şöhrəti İran və Azərbaycan sərhədlərini aşmağa başlayıb, sadəcə Azərbaycanın deyil, türk dünyasının ən məşhur mahnılarından biri kimi tanınıb.

Fikrindən gecələr yata bilmirəm
Bu fikri başımdan ata bilmirəm
Neyləyim ki, sənə çata bilmirəm
Ayrılıq, ayrılıq, aman ayrılıq

Hər bir dərddən olar yaman ayrılıq
Uzundur hicrindən qara gecələr
Vurubdur qəlbimə yara gecələr
Bilmirəm, mən gedim hara gecələr
Ayrılıq, ayrılıq, aman ayrılıq

Azərbaycan veb səhifələrinin yaydığı məlumata görə, Tehran radiosunda yayımlanmazdan öncə mahnı fərqli sözlərlə səsləndirilmişdi:

İllərdir uzağam arxam elimdən
Bülbüləm, düşmüşəm ayrı gülümdən
Zor ilə ayırıb şirin dilimdən,
Ayrılıq, ayrılıq, yaman ayrılıq,

Hər bir dərddən olur yaman ayrılıq...

Mahnının sözləri siyasi dəyərləndirildiyi üçün senzuraya məruz qalıb və şair Fərhad İbrahimi mahnının sözlərini dəyişdirərək, onu bir sevgi şeiri şəklinə salıb.

***

Əli Səliminin artan nüfuzu və millətçilik ruhu zaman-zaman onun başına bəla olurdu. Belə ki, bu səbəbdən bir müddət “Radio İran”da çalışdıqdan sonra onu, həyat yoldaşı Fatma Qənnadini və digər həmfikirlərini işdən çıxardılar.

***

Sovet dönəmində xeyli müddət “Ayrılıq” mahnısının bəstəkarının kim olduğu bəlli deyildi, ya gizli saxlanır, ya da anonim olduğu bildirilirdi. Səbəb isə bəstəkarın Arazın o tayından olması idi.

“Ayrılıq” mahnısı hələ də yaşayır: o tayla bu tayın həsrətini çəkənlərin, bir-birini sevən, ancaq qovuşa bilməyən sevənlərin ürəklərində…

# 7270 dəfə oxunub

Oxşar xəbərlər

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

14:00 10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
# # #