Ayrıc - Orxan Fikrətoğlunun hekayəsi

Orxan Fikrətoğlu

Orxan Fikrətoğlu

21 mart 2024
# 10:00

Bu gün Orxan Fikrətoğlunun doğum günüdür. Kulis.az bu münasibətlə onu təbrik edir və "Ayrıc" hekayəsini oxuculara təqdim edir.

– "Ağoppa da ondan öldü, molla Abuzər də, Elçin müəllim də. Allah lənət eləsin bu xəstəliyi məhləyə salan dəyyusa, nəslimizdə bir salamat adam qoymadı qala. İşdi-şayəd, sabah yıxılıb ölsəm, kimin çiynində gedəcəm gora? Məhəllə arvadlarının?".

Dükançı Əşrəflə dəyirman daşı kimi xırıldaya-xırıldaya danışan bəstəboy adamı səsindən tanıdı. Fəhmini yoxlamaq üçün cibindən gözlüyünü çıxardı. Gözlük yanıla bilməzdi. Düz tapmışdı. İki illik qapanmanın üz cizgilərini qocalıqla naxışladığı zərgər Bafadar idi. Onu görsə azı bir saat hal-əhval tutacaqdı. Ustufca nar yeşiklərinin arxasına keçdi. Payızın utancaq yanaqları kimi qızarmış narların qızılı işığında zərgər Bafadar, üzünü boz məxməri ərp basmış qozbel heyva kimi görünürdü. İki illik qapanma kişinin rəngini göz görəsi saraltmışdı. Səsi də elə bil özünün deyildi. Boğazından susuz quyudan kəndirlə çəkilən boş satıl kimi danqıldaya-danqıldaya çıxırdı.

Əslinə qalsa, Bafadar görüşmək istəmədiyi adam deyildi. Ayrı vaxt olsaydı özü onu dindirib, "nə var, nə yox" edərdi. Gəl ki, son illərin ağırlığı sinirlərini əməlli-başlı pozmuşdu. Başı artıq səs götürmürdü. Hər səhər yuxudan durar-durmaz sanki kimsə beynini yeddi pudluq çəkiclə döyəcləyirdi. Evdə də heç kəs cürət edib onu gərəksiz suallarla yormurdu. Ancaq "Hə" və "Yox ". İkicə ilin içində əməlli-başlı ağırlaşmışdı. Evdən çölə çıxmaq istəmirdi. Qazanc da, artıq umurunda deyildi. Təki qulağı dinc, başı salamat olsun. Ancaq sakitlik istəyirdi. "Bir tikə yavan çörəyim olsun, bəsimdi. Sabaha Allah kərimdi!" – deyib keçinirdi.

Dükandan çıxıb maşına minmək istəyəndə avtobus dayanacağına tərəf qaçan Mədinəni gördü. Mədinə də dəyişmişdi. İldırım çaxışlı qıyqacı baxışından, uzaqdan çağıran "mənə bax" yerişindən, nazlı duruşundan əsər-əlamət qalmamışdı. Bununla belə yenə həmin Mədinəydi, əyarı üstündə. Kübar və nazlı. Bircə anlığına boğazı qurudu. Mədinəni görəndə həmişə belə olurdu. Deməli, Mədinəyə olan hissləri qapanma zamanı da ölməyibmiş. Əvvəl istədi özünü görməməzliyə vurub zərgər Bafadardan gizləndiyi kimi gizlənə. Sonra heç özü də bilmədi necə əlini maşının siqnalına basıb səsi titrəyə-titrəyə "Mədinə" – çağırdı.

Mədinə sanki buna bənd imiş. Adını eşidən kimi dayanıb yeyin addımlarla ona sarı gəldi. Zərgər Bafadarın qarşısından salamsız-kəlamsız keçib, maşının arxa qapısını açdı. Ərklə oturacağa oturub, ətəyi qısa paltosunu əliylə açıq qalmış yumru dizlərinin üstünə çəkdi.

Günün günorta vaxtı dayandığın yerdə işə düşmək buna deyirlər. Məhlənin tən ortasında keçmiş sevgilisi "dipdiri Mədinə" tıppır-tıppır yerişiylə gəlib maşınına oturur. İndi gəl dayan da, bu dığdığın, bu həngamənin qabağında görüm necə dayanacaqsan? Ən çox da oğlundan utanırdı. Onun saf, həmişə üzgün, vəfalı gözlərindən. Amma olan olmuşdu. Daha geriyə yol yox idi. Mədinəni maşından zorla düşürəsi deyildi ki. Tələsik mühərriki işə saldı. Maşın asqırıb geniş şəhər yoluna çıxanda Mədinə birnəfəsə "– Səni üç gecədir ki, sərasər serial anonsu kimi yuxumda görürəm. Hər dəfə də eyni sifətdəsən, əynində də eyni sarı kürk. Cavan vaxtındı amma. Üzün də tüklüdü, qırxmamısan. Bir dağın başında dayanıb elə hey məni harasa səsləyirsən". Odur ki, səni indi görəndə heç soruşmadım nə var, nə yox. Bildim ki, bizi yuxu görüşdürüb. Bu nə sənlikdir, nə də mənlik. Necəyəm? Çox xarab olmamışam? – dedi.

– Hələ qoy probkadan çıxım, sonra sənə baxacam! – pıçıldadı.

Mədinənin qırışığı açıldı. Uğunub oturacağa yayxandı.

– Bir ildir mən də özümü probkalamışam. İnanırsan, ərim də yoxdur ki, yoxlayım. Hərdən mənə elə gəlir ki, Kovid bütün kişiləri "petux" eləyib. Heç kəs küçədə daha qadına tərəf baxmır. Hamı xonsa kimi olub. Şaxşaxlı, qotazlı! Əlli dəfə istəmişəm sənə zəng vurum. Bağda-zadda görüşək. Bir səni yoxlayım. Sonra arvadından qorxmuşam. Tək-tənha evdə oturmaqdan adamın bağrı yarılır e. Heç kəs daha biri-birinə yaxın durmur. İt də küçədə daha adama tərəf hürmür. Fikir vermisən? Belə yaşamaq olar? Qara yerin malıyıq da, onsuz da hamımız. Əvvəli-axırı var. Hamı öləcək. Bəs bu xarabada beş gün adam balası kimi yaşamağa nə deyirsən? Adamlar özlərini nə qədər çox istəyirmiş? Baxırsan itə oxşayır e... Amma o da maska taxıb yaşamaq istəyir. Mədinə isti körük kimi danışdıqca közərirdi. Sözünü kəsib: – İşə gedirdin? – soruşdu.

Mədinə: – Hara istəyirsən sür gedək! Onsuz da, dünyanın axırıdır... Daha nə iş? Mənim işim ömrüm boyu ancaq sən oldun! Bunu karantin vaxtı anladım, – dedi.

Ömrü boyu ürəyində özündən belə gizlətdiyi Mədinənin birdən-birə etdiyi "Mənim işim ömrüm boyu ancaq sən oldun. Bunu karantin vaxtı anladım!" etirafı sanki onu qəflət yuxusundan ayıltdı. Karantin zamanı əvvəllər vacib bildiyi bir çox bağlılıqlar ləpədöyəndə tikilmiş qum evciklər misalı, dalğaların gəlişi ilə yuyulub silinmişdilər. Onların əvəzinə heç zaman ciddiyə almadığı bəzi ötəri hisslər cilalanıb, aşılanıb həqiqətlərə çevrilmişdi. Birdən-birə anlamışdı ki, həyatını yalan təməllər üzərində qurub. Səhv yaşayıb. Doğrunu görə bilməyib. Xəstəlik düşəndən göz görəsi illərlə tapındığı saxta təməllər şam kimi əriyib yox olmuşdular. Ancaq xatirələri tüstüləyirdi. Sən demə, gözün açıb gördüyü bütün davranışlar yalan imiş. Xəstəlik hamını və hər şeyi dəyişdi. İnsanların çılpaq ruhları göründü, içləri üzlərinə çıxdı. Ağızlarına maska taxsalar da, maskaları yırtıldı. Heç bir əxlaq qanunu ölüm qorxusu altında daha işləmir. Hərə öz canının hayındadır. Hərə özü üçündür. Doğmalıq, qohumluq unudulub gedib. Heç kim heç kəsdən və heç nədən daha utanmır. Ətrafda bu günü yaşamaq üçün bir söykənəcək, sabaha çıxmaq üçün təməlli dəlil yoxdur. Onun da, hamı kimi içi uralanıb, yel vurub yengələr oynayır, bomboşdur. Mədinənin sözləri həmin bu boşluq içində necəsə qorunmuş bakirə bir nöqtəyə toxunmuşdu. Ora elə bir yer idi ki, ölüm xofu belə hələ girə bilməmişdi.

Salonun güzgüsündən Mədinəyə baxdı. Mədinə ondan fərqli olaraq diriydi. Gözlərində həyat işığı, ölüm qorxusundan güclü olan qətiyyət və əminlik vardı. Nəyi isə anlamış, dərk etmiş və hətta həll etmiş kimi görünürdü. Çaşqın deyildi. O isə Mədinədən fərqli olaraq xəstəlik düşəndən qorxu altında yaşamışdı. Səhər fərman, axşam dərman. Nə bir qohum qapısı tanımışdı, nə bir dost. Bütün günü evin içində qəfəsə salınmış şir kimi sola-sağa var-gəl etmişdi. Ailəsi ilə İki il sərasər eyni damın altında yaşasa da, bircə saat belə birlikdə oturub arxayın söhbət eləməmişdilər. Hərə öz canının hayındaydı.

Biri-birlərini evin içində itirmişdilər.

Mədinəni çoxdan tanıyırdı. Cavanlığından. Son vaxtlara qədər tini düşəndə, əlli zad vurandan sonra, onunla bir gecəlik olsa da görüşürdülər. Mədinə gözəl qadın idi. Şən, ehtiraslı və ən asası sadiq. Xəstəliyin şəhərə yaydığı ölüm qorxusu altında hər an yox ola biləcək mənasız həyatını, dişlərini bir-birinə sıxıb nəyin bahasına olur-olsun, qorumaqdansa, Mədinə kimi ehtiraslı qadınla hardasa kiçik bir oteldə zaman keçirtmək daha yaxşı olmazdımı? Bəlkə Mədinə onu bir gecəlik də olsa, özünə qaytara biləcəkdi. Son günlər əli heç bir işə yatmırdı. İçinə duman çökmüşdü. Beynində eyni zamanda üç-dörd fikir əmələ gəlirdi. Hamısı da adidən-adi. Bununla belə yenə də çaşıb qalırdı. Bilmirdi birinci hansını etsin. Əvvəl cibindən maşının açarını çıxarsın, ya ağzından maskasını. Birinci mənzilin qapısını açsın, ya mirətə qalmış rezin qoxulu əlcəklərini əlindən çıxarsın ki, əli açar tuta bilsin. Təkcə anasına olan sevgisi duman altında görünən uzaq doğma iskələ kimi hərdən-hərdən rəngli çalarlarla gözünə görünüb qəlbini sızıldadırdı. Qalan nə vardısa onun üçün artıq mənasını itirimişdi. Həyat dadsız olmuşdu. Daha heç nə hiss etmirdi. İstəmirdi. Gözləmirdi.

Maşını şəhər kənarına sürürdü. Orda bir xəlvət otel tapıb birlikdə gecəni keçirmək olardı. Bu gecə Mədinə ilə əylənmək istəyirdi. Özü olmaq, içində ölmüş hisslərini diriltmək istəyirdi. Mədinə qaranlıq ömrünə göndərilmiş əli fənərli sarvan kimiydi. Onu fərqli bir dünyaya aparmaq üçün gəlmişdi. Ovqatının Mədinəni düşündükcə durulduğunu görüb güzgüdən qadına göz vurdu. Mədinə onun nə istədiyini anlamışdı. Gözləri güzgüdə rastlaşanda: –

Səni özüm kimi tanıyıram da! Şəhərdən çıxaq, sən Allah. Dənizi görmək istəyirəm! – dedi.

Hava limanı yoluna qədər danışmadılar. Abşeronu şəhərdən ayıran geniş yolun kənarında şam ağacları kimi sıra ilə düzülmüş, eyni biçimli radar dirəklərinə maraqla baxan Mədinə: – Sən də məni izləyəsən deyə o vaxt məhləyə radar qoymuşdun? – soruşdu.

– Mən səninlə bağlı hər şeyi radarsız da bilirdim? – pıçıldadı.

Mədinə elə indicə gözlərinə enmiş qırmızımtıl duman rəngində olan göz yaşlarını incə barmaqları ilə silə-silə: – Elə bilirsən unutmuşam məni iranlının TIR-ından döyə-döyə aşağı salıb yerlə sürüdüyünü? Sonra da onu bıçaqlayıb Rusyetə qaçdığını? İstəyirsən ora niyə getdiyimi sənə deyim? Bu günə qədər hələ heç kəsə danışmamışam. Amma sənə danışacam. Ölüm-itim dünyasıdır. Sən bunları bilməlisən! – dedi.

– Neynirsən daha. Bundan sonra nə mənası var? Olan olub, keçən keçib. Bu gün-sabah oğlumun otuz yaşı tamam olacaq. Cavan olmuşuq da, gözümüzü qan tutub. Mən bıçaqla, sən də bədəninlə bacarmamışıq.

– Düzünü de, məni o vaxt sevirdin? – Mədinənin gözləri yol çəkdi.

Yola baxa-baxa: – "Yox!" – dedi.

– Sevirdin... bilirəm.. Qadınlar əsl sevgini hiss edirlər... Sevməsəydin o cür döyməzdin də. Qapanma zamanı boş vaxtım çox idi deyə, ömrüm kino lenti kimi gözlərimin qabağından gəlib keçdi. Sən ilk öpüşdüyüm kişi olmusan, bilirsən bunu? Ağzımda ancaq sənin tamın var. İnanırsan mənə? Vallah düz deyirəm... istəyirsən inan, istəyirsən inanma. Səndən başqa hələ heç bir kişiylə öpüşməmişəm. Bu gün də sənə qarşı içimdə tamam başqa bir hiss var. Elə bil ki, köhnə pencəyimsən. O qədər mənə doğmasan ki. Sənə o qədər bağlıyam ki. Nə ata bilirəm, nə də daha geyinə bilirəm. Sən indi başqasınınsan! Həm də mənimsən. Elədiklərimə görə ancaq səndən utanıram. Pis zaman idi də. Yadındadır yəqin. Ölkə dağıldı. Atam da maaşa baxan müəllim babaydı. Aciz kişiydi. İnanırsan, evdə yeməyə soğan nədir, onu da tapmırdıq. Sənə bütün bunları o zaman demirdim. Necə deyəydim? Utanırdım axı... Bir qonuşumuz vardı, Ziba xala. Özü də, qızları da, iranlı, dağıstanlı TIR sürücülərinin kütnən yığıldığı Lenin meydanına gedib fahişəlik edirdilər. Hər gecə də yeməklərinin artıq-urtuğunu bizə gətirirdilər ki, yeyək. Mən səninlə görüşlərə də, o qızların donlarını geyinib gəlirdim. Mən də yadındayam da o vaxt necə gözəl idim. Cavan idim, yaraşıqlıydım. Çox qəşəng fiquram da var idi. Nə geyinirdim yaraşırdı. Zibanın qızları mənə həsəd aparırdılar. Bir belə, beş belə. Bir gün Ziba girdi qılığıma. Hər dəfə də mənə deyirdi ki, gəl səni aparım o sürücülərin yanına. Vallah, qızlığına dəyməyəcəklər. Elə oranı-buranı əlləşdirib öpəcəklər, axırda da bir yerini tapıb boşalandan sonra pulunu verəcəklər, qayıdacaqsan evinə. Nəsə... bir gecə necəsə saqqızımı oğurladı. Bilirəm indi inanmayacaqsan. Amma, vallah, belə olub. Sən xəbər tutmamışdan qabaq bir dəfə də o xaraba meydana getmişdim. Sən ikinci dəfəsinə gəlib çıxdın. Biz Ziba ilə maşının kabinəsinə qalxanda indi başa düşürəm ki, sürücülər bəlkə də biri-birini yola verirlərmiş. İkisi də lüt idi. Ona görə belə düşünürəm. Tərbiyəsiz köpəkuşaqları. Nəsə birinci dəfə elə Ziba deyən kimi də oldu. Qızlığıma dəymədilər. Yaxşı da pul verdilər. İkinci dəfə isə həmin o kök eşşəyə rast gəldim. Sonra da səni Allah yetirdi. Qisasımı ondan aldın. Vurub öldürdün. Amma o da mənim qızlığıma dəyməmişdi. Qızlığımı da, Rusyetdən qayıdandan sonra sən korladın. Kefli idin. Heç demədim də sənə...

Güzgüdən Mədinəyə baxdı. Ağlayırdı.

Maşını Şağan yolunun kənarında tikilmiş Sirat otelinin qarşısında əylədi. Açarı otelin qara frak geymiş qapıçısına verib aşağı endi. Otelin pəncərələrindən dəniz görünürdü. Qağayıların səsinə qədər yaxınlıqdaydı. Mədinə otelin pillələrini yeyin-yeyin yuxarı qalxanda qəfil ayağı büdrədi. Az qaldı yıxıla. Gülümsünüb özü-özünə: – Ayağı sürüşkənəm də, neynəyim! – dedi.

Mədinənin sakit kinayəsindən gözləmədiyi halda eyni açıldı. Bayaqdan bəri danışılan xatirələrdən içinə dolmuş nifrət hissi bircə anda əriyib yox oldu.
Üzünü Mədinəyə tutub: – "Gəl bir-birimizi köhnə palan içi açıb tökməklə yormayaq! Mən yenidən yaşamaq istəyirəm!" – dedi.

Mədinə ona əhəmiyyət belə vermədən otelin iri şüşəli qapılarından içəri keçdi.

Qeydiyyat şöbəsində hər ikisindən vaksin sənədi ilə bərabər kəbin kağızı da tələb etdilər. Otel "pandemiya dövrünün qaydaları" ilə işləyirdi. Bir qədər "çək-çevirdən" sonra otel rəhbərliyi ilə üç sıfırlı məbləğ müqabilində razılaşıb qalacaqları otağın açarını aldılar.

Mədinə "prezident-lyuksu"nun qapısı qarşısında sinəsinə qısılıb: – Görüm də məni sirat körpüsündən bu gecə necə dəfə keçirə biləcəksən? – pıçıldadı.
"Əstəğfürullah" deyib gülə-gülə otağın qapısını açdı. Və hər ikisi sərhəd keçirlərmiş kimi həyəcanla otel otağına daxil oldular.

Otel otağının həqiqətən də fərqli bir haləsi vardı. Bakirə, hələ yaşanmamış səhər kimi yeniydi. Yerliyi yaşıl divarlarına qədim Yunan və Roma dövrünə aid əsatir qəhrəmanlarının yağlı boya ilə şəkilləri çəkilmişdi.

Mədinə divardakı tabloda qədim yunan olimplərinin ən kiçiyi, adının mənası ikinci dəfə doğulan olan Dionisin ayağına sığınmış qurbanlıq keçinin iri və məsum gözlərini görəndə əməlli-başlı heyrətlənib əlləri ilə ağzını tutdu.

Mədinədən: – Nə oldu sənə, keçidən qorxdun? – soruşdu.

Qadın divarda çəkilmiş keçini əlləri əsə-əsə göstərib: – Bu keçiyə bax! Gözlərimə inanmıram. Bu qurbanlıq keçini səninlə birgə üç gecə yuxularımda görmüşəm! Üç gecə sərasər sənin ayağının altında kəsilmək üçün cəllad kötüyünün üstünə uzadılıb! İndi bu nə deməkdir? Mən yatmışam? – cavab verdi.

Şəklə diqqətlə baxdıqdan bir xeyli sonra: – Yəqin, yatanda ac olmusan! Xətrinə keçi əti düşüb - dedi. Və qapını içəridən bağladı.

Mədinə paltarlı-paltarlı çarpayıya uzanıb: – Həyat kişiylə daha gözəldir! – qışqırdı.

Şəkildəki keçinin məsum gözləri birdən-birə onu Bakıdan qaçaq düşdüyü illərə qaytardı. O zaman tale onu hələ dağılmamış Sovetlər birliyinin ən ucqar şəhəri olan Kalininqrada aparıb çıxarmışdı. Bir müddət şəhərdən kənarda yerləşən alman qəsəbəsində gizli çalışan kiçik araq fabrikində fəhlə işləmişdi. Gəliri də, o zaman üçün pis olmamışdı. Qaçaqmalçılıq bütün dövrlərdə yaxşı pul gətirir. Ən əsası isə belə işlərdə işləmək üçün ondan sənəd tələb edilməmişdi. Sovetlərin bir nömrəli ərzağı araq idi. O da araq istehsal edənlərin yanındaydı. Daha o illərdə adama bundan savayı nə lazım ola bilərdi ki? Heç nə. Ölmək istəyirsən, get Mazandarana. Bir dəfə yenə də gecə yarısı işdən yaşadığı kiçik daxmasına qayıdırdı. Hər gün işə gedib-gəldiyi cığır, kiçik dəmir yolu stansiyasının böyründən keçirdi. Həmin gecə də qəsəbənin maşın yolunu federal dəmir yolundan ayıran, ağ-qara rəngli şlaqbaum gəlib keçəcək qatarın xəbərdarlığını aşağı enməsiylə bildirmişdi. O da həmin gecə qatarın gəlib keçməsini gözləyən digər qəsəbə sakinləri kimi səbrlə dayanıb, ağ tüstülü kölgəsi uzaqdan görünən qatarın gəlib keçməsini gözləmişdi. Həmin gecə şlaqbaumun böyründə iri gözlü keçisinin başını sığallayan bir rus qarısı da dayanmışdı. Belə qarılar adətən əyalətlərdə kilsələrinin qarşısında ibadətə gələn zəvvarlara çöllərdən dərilmiş yabanı çiçəklər satırlar. Qarı həmin gecə stansiyaya yaxınlaşan qatarın yolunu oxuduğu müqəddəs dualarla və xaç çevriməklə nurlandırmışdı. Arxasında dayanmış orta yaşlı iki kefli rus kişisi isə qarının bu ifrat dindarlığını lağa qoyaraq şalvarlarını aşağı endirib gələn qatara çılpaq arxalarını göstərmişdilər. Bu təzad o zaman ona da, digər qəsəbə sakinləri kimi gülməli görünmüşdü. Nəhayət, qatar ənənəvi aramlıqla kiçik stansiyanın qarşısından keçib getmişdi. Adəti üzrə bir neçə saniyədən sonra kiçik stansiya köşkündə oturmuş, qalın kürklü dəmiryolçu şlaqbaumu yuxarı qaldırmışdı ki, qəsəbə sakinləri evlərinə rahat gedə bilsinlər. Və bu zaman hamının gözü qabağında möcüzə baş vermişdi. Əvvəlcə qarının səkil keçisi şlaqbaumla birgə göyə yüksəlmişdi, ardınca da ağzı dualı qarının özü. Kefli kişilər bu dəfə gözlərinin qarşısında ilahi müdaxiləylə müqəddəs İsa kimi göyə yüksələn müqəddəs qarının boyu bərabəri dayanıb xaç çevirməyə və şeytanı lənətləməyə başlamışdılar.

Keçinin boynuna bağlanmış kirli kəndirin şlaqbauma dolaşması səbəbindən hamının gözü qabağında göyə "yüksəlmiş" qarının və keçisinin gözlərindəki o ilahi məsumluğu və məmnun işığı bu gün də unuda bilmirdi. Sabit iman bu yalan dünyada yaşamaq üçün ən doğru yalan imiş. Qarı o zaman necə də böyük inamla illərlə etdiyi dualarının müstəcəb olduğuna inanmışdı. Və illərlə tapındığı İsa Məsih kimi, etdiyi davamlı ibadətlərinə görə dərgaha "yüksəldiyinə", öz müqəddəsliyinə necə də ürəkdən inanmışdı. Qarının gözlərində elə böyük sevgi, elə gur ilahi nur və elə böyük barış hissi var idi ki, o zaman qaranlıq gecəni belə səhər kimi aydınlatmışdı.

Otel otağının divarına yağlı boya ilə çəkilmiş qurbanlıq keçinin də gözlərində həmin o tanış ilahi nur, həmin o göyə "ucalma" anında qarının gözlərində yaranmış tanrıya qovuşma yəqinliyi vardı. O zaman həmin o dindar rus qarısı keçisinin boynuna öz əliylə bağladığı kəndirin təsadüfən şlaqbauma ilişməsi səbəbindən göyə ucaldığını ağlından belə keçirməmişdi. İnamı var idi axı, ona görə. Qarı bütün ömrünü bu inamla yaşamışdı deyə, belə bir möcüzənin olacağını gözləmişdi. Buna hazır idi. Ömrü boyu biət etdiyi İsa Məsihin ölümünün müqəddəs olduğuna inandığı üçün özünün də bu meracı haçansa təkrar edəcəyinə inanmışdı. Həmin an isə dualarının bədəli olaraq Tanrı tərəfindən ona edilmiş ətanın sevincini yaşamışdı. İnsan nəyəsə ürəkdən tapınmasa, kiməsə inanmasa, sevməsə heç vaxt hüznlə yaşaya bilməz. Heç rahat ölə də bilməz. İnsan insandan ancaq özünü aldatmaq bacarığı ilə seçilir. Öləcəyini bilə-bilə başqa cür necə yaşaya bilərsən axı? Ancaq yalanla. Özünü aldada-aldada. Sonu unudaraq və düşünməyərək.
Haradansa beyninə gələn təzadlı fikirlərdən əməlli-başlı üşənib divana oturdu. Otağın tavanından asılmış qızılı çilcırağın zəif işığı altında üzünü Mədinəyə tutub: – Bu nə şəkillərdi belə, adamın lap bağrı yarılır! – dedi.

Mədinənin başı dolabdan sellofana bükülmüş hamam xalatını çıxarmağa qarışmışdı. Onun nə dediyini eşitmədi. Qadının hər bir hərəkətində incəlik, naz, axıcı xumarlılıq var idi. Nə qədər istəsə belə ona davamlı olaraq nifrət edə bilmirdi. Mədinə zərif, incə, su kimi tinsiz, ölçüsüz, ucu-bucağı olmayan bir axın kimiydi. Amma acılığı da, ağız yandırırdı. Ayağa qalxıb Mədinənin incə belindən tutdu. Qadın təması başqa yerə yozdu. Əlində tutduğu sellofana bükülü xalatı ona uzadıb qımışa-qımışa: – Nə xəbərdi, adə! Əvvəl bunu aç görüm, yadırğamamısan ki? – dedi.

Sellofanı barmaqları ilə yırtıb içindəki ağ hamam xalatını Mədinəyə uzatdı.

– Bu xəstəlik qurtarsın, səni Mayamiyə aparacam! – dedi.

Mədinə soyunduqca payızın gəlişinə yarpaqlarını tökən ağcaqayın ağacına bənzəyirdi. Hələ bəzi paltarları yarpaq-yarpaq əynindəydi. Bəziləri xəzəl kimi döşəməyə düşürdü. Eyni zamanda ağcaqayın ağlığında olan çılpaq bədəni bütün gözəlliyi ilə artıq görünməkdəydi.

Qadın onun üzünə belə baxmadan: – Hələ sən məni Maştağa bazarına apar görüm, apara bilirsən! – dedi.

Siqaret yandırıb eyvana çıxdı. Daş onun bostanına atılmışdı.

Mədinəli keşmişinə biganə olduğunu maşında susmaqla bildirsə da, əslində həmin o sevdalı illəri üçün əməlli-başlı darıxırdı. Özünə belə etiraf etməsə də, Mədinədən sonra heç bir qadını eyni çılğınlıqla sevə bilməmişdi. Qaçaq olduğu illərdə Rusiyada nələrdən keçdiyini artıq unutmuşdu. Mədinənin pis yola düşməsi xəbərini aldığı günü isə bütün xırdalıqlarına qədər xatırlayırdı. İki illik qapanma belə bu ağrını ona unutdura bilməmişdi. Üstündən gör nə qədər vaxt keçsə də, hələ də yataqda Mədinədən iyrənirdi. Hər dəfə sevişdikləri zaman onu öldürəcək qədər hirsli olurdu. Mədinə ilə ancaq içkili halda yatağa girə bilirdi və son dərəcə aşırı kobudluqla pozğun qadın kimi davranırdı. Bədəni ilə bədəninə vurduğu hər bir sevgi təkanı bıçaq zərbəsi kimi sərt, kəskin və qan çıxaran olurdu. Bununla belə Mədinənin bu günə qədər ürəyində diri qaldığına özü də heyrətlənirdi. Mədinə həmişə içindəydi. Və heç zaman da ordan çölə çıxmamışdı. Bu tənliyin həlli yox idi. Bu nə hiss idi, anlamırdı. Sevgiydisə sevgi belə hirsli olmazdı. Nifrətdirsə nifrət də belə şirin olmur. Bu bağlılığın hüznü, dinclyi, rahatlığı və əminlyi yox idi. Bu təmas sevgi üçün qəddar, intiqam üçün çox yumşaq idi. Bu yaxınlığın içində bir az qisas, bir az nifrət, bir az sevgi, bir az da doğma adama olan kölə bağlılığı vardı.

Eyvandan içəri keçib divana oturdu.

Hamam otağından Mədinənin səsi gəlirdi. Çiləyin altında pəsdən mahnı oxuyurdu. Ağzından çıxan sözlər otağa çatana qədər sudan keçib islanırdı deyə anlaşılmırdı. Görünür, aydın olmaq üçün söz gərək quru ola, islanmaya. Amma Mədinənin avazı da ona bəs edirdi. Su qadının yanıqlı avazını, mehrini söz qədər dəyişə bilmirdi. Əksinə, Mədinənin səsi soyuq suyu da isidirdi. Bu gün hamamın suyu Mədinədən qızırdı. Sözlərini su yuyub aparsa da, nəfəsi əməlli-başlı qapıdan bu taya keçirdi. Mədinə təpədən-dırnağa qədər tamam fərqli bir hal, ayrı bir nəfəs idi. Suyu da yuyub arıdırdı.
Ayağa qalxdı. Soyuducunun qapısını açıb kiçik konyak şüşələrini bir-bir çölə çıxardı. İkisini birnəfəsə başına çəkib, qalanlarını mizin üstünə düzdü.
Telefonla otağa yemək sifariş verəndən sonra çarpayıya uzandı.

Son zamanlar bütün günü əzgin olurdu. Eləcə yatmaq istəyirdi. İş görməsə belə, yorulurdu. Bütün günü özü-özüylə danışırdı. Sən deyən bir elə xatirəsi də yox idi ki, onu yorsun. Mədinəni çıxmaq şərtiylə, olduqca hamar bir ömür yaşamışdı. Bununla belə yenə də içi narahat idi. Xəstəlik düşəndən ömrü sanki yavaşımışdı. Ətraf onun üçün maraqsız olmuşdu. Arzusuz yaşayırdı. Qaranlıqdaydı. Eləcə gününü öhdəlik kimi başa vururdu. Təki xəstələnməsin! Təki ölməsin deyə vardı. Guya xəstəlikdən qurtulsa nə olacaqdı? Dağı dağ üstə qoyacaqdı. Nə çoxdu fələyin göndərəcəyi başqa xəstəliklər, qəzavü-qədər, təsadüflər. Kimin sabaha sağ çıxmaq üçün fərmanı vardı? Bunu anlasa da, yenə də hamı kimi ölümün əsiriydi. Bu gün hamıya təklif olunmuş oyunun şərtləri beləydi. Xəstəlik qovurdu, sən də qaçmalıydın. O ovçudur, sən isə ovsan. Ən çox öz acizliyindən utanırdı. Sən demə, öz canının belə sahibi deyilmiş.

Hamamdan yenicə çıxmış Mədinənin bədənindən ehtiras axırdı. Otağa haradansa erkək milçəklər uçub gəlmişdilər. Mədinə gecədən qalanmış tonqal kimiydi. Kömürləri közərirdi. Yanağında tər damcıları puçurlamışdı. Saçları mələk saçları kimi qıvırcıq idi. Divardakı şəkillərdən ehtirasla ona baxan qədim yunan kişiləri belə qadının biçimli ombasını görüb dirilmişdilər. Divardan otağa enmək istəyirdilər.

– "Daha oteldə şampun qalmadı. Hamısını tökdüm üstümə ki, burnun açılsın!". Mədinə ağ qu quşu kimi çarpayının üstünə qondu. Yaxınlaşıb barmaqlarının ucuyla Mədinənin hamar sinəsinə toxundu. Qadının istisi barmaqlarına keçdi. Barmaqları elə bil isti tavaya dəyib cızıldadı. İçi ilıqlandı. Bədəninin iki illik qırışığı açıldı.

Əvvəl otağın işığını söndürdü ki, divardakı "əntiq kişilər" onların nə etdiyini görməsinlər. Sonra isə usta dalğıc kimi Mədinəyə baş vurdu. Gücü yetdikcə, nəfəsi çatdıqca dərinlərə üzdü. Mədinə dərin idi. Bir də səhər "ondan" çıxa bildi.

Gözlərini açanda Mədinə başının üstündə dayanmışdı. Şıltaq gözləri gülürdü. Hörükləri cizgi filmlərində təsvir edilən günəş obrazının sapsarı süpürgəyə oxşar hörükləri kimi tel-tel hörülmüşdü. Səhnədə şeir deyən məktəbli qız misalı döşlərini qabağa vermişdi. Dediyi sözlərə ifadəli baxışları ilə xüsusi rəng qatırdı ki, daha yaxşı qavranılsın.

"Diqqət, diqqət! BİBİB Azərbaycan xalqına bildirir ki, ağır keçən uzun seks fasiləsindən sonra Mədinənin kişi ilə ilk intim təması, şəffaf sanitar şəraitdə, pandemiya qadağalarına uyğun olan gigiyenik şərtlər çərçivəsində həyata keçirildi. Xırda tər damcıları belə, bir-bir paketləndi, öpüşlər maskalandı. Əks cinsin, yəni kişinin yataqda fiziki və seksual göstəriciləri qənaətbəxşdir. Mədinə razı qaldı. Tərəflər arasında yoluxma halı qeydə alınmadı. Qapanma dövrü bitdi. Maskalarınızı bütün yerlərinizdən açıb çıxara bilərsiz! Mədinə yeni sevgi erasının başlandığını elan edir! Allah bütün kişilərə qüvvət versin.

Bizimki də işində. Operativ sevgi gərargahının rəisi Doktor Mədinə!".

Çarpayıdan qalxıb Mədinəni qucaqladı. Bütün gərginlyi bir gecədə canından çıxmışdı. Evini, işini, qayğılarını, öhdəliklərini tamamilə unutmuşdu. Karantin sinirliliyi də, elə bil heç olmamışdı. Qorxusuz yaşamaq, sən demə, əməlli-başlı dərman imiş. Sadəcə var olmaq və özün olmaq. Bu qədər asan və bəsit. Belə asan yaşamaq var ikən, görəsən, nədən dünya ilə bu qədər yüklənmişdi?

Yuyunandan sonra birlikdə səhər yeməyi yedilər. Göbələkli kömbəni dişləyəndə, nədənsə, ilk dəfə atası ilə birlikdə restorana getdiyi günü xatırladı. O zaman ata-bala ədəb-ərkanla restorana girib mizin arxasında oturmuşdular. Atası xörəkpaylayandan ədəli-dədəli menyu istəmişdi. Birlikdə oxuyub adama iki şiş kabab sifariş vermişdilər. Kabab çəkilənə qədər isə qəlyanaltı kimi atası hər ikisinə bir qab "göbələk jelesi" sifariş vermişdi. O zaman restoranlarda "jeleni" müştərilərə kiçik saxsı qablarda verərdilər. Yelenin özü ilə birlikdə qabı da xoşuna gəlmişdi deyə, ağlayıb atasına əlli qab "yele" sifariş verdirmişdi. Həmin gün restoranın müştəriləri konsert əvəzinə onun "marçamurçla bu "yeleləri" bir-bir necə iştahla yeməsinə və sonra da boş "yele" qablarını hansı məharətlə çantasına yığımasına tamaşa eləmişdilər. Ondan sonra atası onu bir daha restorana aparmadı. Atası ilə birlikdə yediyi ilk və son restoran yeməyi də həmin o "göbələk jelesi" oldu.

Səhər yeməyindən sonra Mədinə ayağa qalxıb yığışmağa başladı. İşə getməliydi. Mədinənin harda işlədiyini bilmirdi. Haraydısa elmi işlərlə bağlı bir yer idi. Mədinə heç zaman ona harda və nə işlədiyini deməmişdi. Özü də heç zaman qadının işiylə maraqlanmamışdı. Amma eşitmişdi ki, Mədinə universitet bitirib. Elmi dərəcəsi var. Hətta bir-iki kitab da yazıb.

– Maşınla aparacam da səni, hara tələsirsən? Hələ saat səkkiz olmayıb, – deyib üzünü qırxmaq üçün hamam otağına keçdi.

Su kranının puçunu buranda qapının bərkdən döyüldüyünü eşitdi.

Qapını Mədinə açdı.

İçəri salamsız-kəlamsız, əyinlərində sarı rəngli xüsusi qoruyucu geyim olan iki şüşə maskalı sanitar, ağ xalatlı laboratoriya işçisi və bir polis serjantı daxil oldular. Marsdan gələnlərə oxşayırdılar.

Sanitarlardan biri Mədinəyə: – Hər ikiniz təcili şəkildə COVİD üçün test verməlisiz, – dedi.

Mədinə çaşqın halda: – Məcburidir? – soruşdu.

Polis serjantı kobud tonda: – Bəli, xanım, məcburidir. Bu səhər otelimizdə istirahət edən altı Yunanıstan vətəndaşında COVİD-19 virusu aşkar edilib.

Onlardan ikisi xəstəxanaya çatdırılmamış rəhmətə gediblər. Bu səbəbdən də SİRAT oteli karantinə bağlanıb. Birinci mərtəbədə operativ qərargah yaradılıb. Ərazimizdə olan hər bir kəs məcburi qaydada test verməlidir. Biz özümüz də vermişik. Cavab neqativ çıxsa belə, siz və əriniz, azı yeddi gün ərzində oteldə qapalı şəraitdə qalmalı olacaqsınız. Narahatlığa görə sizdən üzr istəyirik. Qaldığınız günlər ərzində yeyəcəyiniz yeməyin və tibbi müayinənizin hesabını otel ödəyəcək! – dedi.

Mədinənin üzündə qəribə bir ifadə yarandı. Sevincə də oxşayırdı, istehzaya da, əlacsızlığa da, qorxuya da, taleylə barışığa da!

– Əriniz çimir? – Laboratoriya işçisi Mədinənin burnundan yaxma götürdüyü zaman soruşdu.

Mədinə: – Ərim üzünü qırxır, indi deyərəm çıxar! – dedi və gözlənilmədən şaqqanaq çəkib güldü.

Polis serjantı: – Burda gülməli nə var ki, ay xanım? – soruşdu.

Mədinə: – Ərimin üzünü görəndə biləcəksiz, cənab serjant! – dedi.

Hər ikisindən yaxma götürüldükdən sonra, polis serjantı onlara otağı tərk etmək qadağasının çox ciddi olduğunu bir daha xatırlatdı. Və yalnız bundan sonra kiçik "sanitar heyət " otağı tərk etdi.

Divana oturub bir xeyli susdular. Nəhayət, Mədinə sükutun ağırlığına dözməyib gülə-gülə: – Görürsən də, yazıdan qaçmaq olmur. Nəhayət ki, səni ərim kimi təqdim etdim! Bizi kovid evləndirdi. Otelin qeydiyyatında da ər-arvadıq. Daha bəxtindən qaça bilməzsən! İndi keç bu Siratdan görüm necə keçirsən? Mənim boyda günah da çiynində! – dedi.

– Boş-boş çərənləmə, – deyib ayağa qalxdı. Yeyin addımlarla qapıya sarı getdi. Açmaq istədiyi zaman bəlli oldu ki, qapı çöldən kilidlidi.
Heç nədən işə düşmək buna deyirlər e... Həyatda ən çox sevmədiyi iş adının haradasa çəkilməsi, hallanmasıydı. Dilə-dişə düşməkdən həmişə qorxmuşdu. Tutduğu iş yaşına, başına uyğun deyildi. Oteldə onu hələ bir necə gün saxlaya bilərdilər. İndi oğluna zəng edib necə desin ki, bura bircə gecəlik dincəlməyə gəlmişdim, azı yeddi günlük qalmalı oldum. Özü də kiminlə? Mədinəylə. Mədinəni oğlundan necə gizlədəcəkdi? Aşağıda, otelin qeydiyyatında onu öz əliylə qızıl-qırmızı arvadı kimi qeyd etdirmişdi. Bunun da zibili gec-tez çıxacaqdı. Nikahını gec-tez yoxlayacaqdılar da. Yaxşı, tutaq ki, birtəhər evdə duyuq düşmədilər. Bəs adamlara nə deyəcəkdi? Onlar çörəyi qulaqlarına yemirlər ki. Soruşmayacaqdılar ki, sən boyda kişinin xəstəliyin şıdırğı vaxtında yol kənarında əyləncə üçün tikilmiş oteldə yad qadınla nə işi vardı? Məsələ yoğunlasa oğlunu işdən çıxara da bilərdilər? Məişət düşkününün oğlu da. Nə bilmisən? Sonra pul ver yenidən uşağa iş tap. Fikirlər başında sürətlə sağa-sola qaçsalar da, biri də onu bu işdən qurtaracaq qədər doğru əmələ çevrilmirdi. Burda hozuluq da etmək olmazdı. Məsələ incəydi. İşə hökumət qarışmışdı. Ortada iki ölüm halı vardı. Zarafat deyildi. Oteldəki adamların hər biri rəsmi ölüm daşıyıcısıydı!

Mədinə gülə-gülə çiyninə toxunub: – Bəlkə, eyvandan hoppanaq? – dedi.

Eyvanın qapısını açıb gülə-gülə çölə çıxdılar. Deyəsən, otel rəhbərliyi, belə bir addımın atılacağını hər ehtimala qarşı nəzərə almışdı. Hər eyvanın altında əli silahlı iki polis serjantı keşik çəkirdi. Bir də dördüncü mərtəbədən aşağı hoppanmaq o qədər də, asan iş deyildi. Bunun karantində qalmaqdan daha betər fəsadları ola bilərdi.

– Bəlkə, bikinimdən sənə paraşüt düzəldim? – Mədinə gülə-gülə dedi.

Mədinənin qolundan tutub hirslə içəri saldı. Divana oturub susdu.

– Ancaq qapıdan çölə çıxa bilərik. Başqa yolumuz yoxdur! Dur bir bəxtini sına! - Mədinənin üzündə şıltaqlıq işartıları sezilsə də, bu dəfə verdiyi təklif daha ağlabatan görünürdü.

Bununla belə yerindən tərpənmədi.

Mədinənin özü ayağa qalxıb qapını içərindən taqqıldatmalı oldu. Məhəl qoyan yox idi.

Mədinə öz ağlasığmaz təklifləri ilə əslində onu lağa qoyurdu. Qadının otaqdan çıxmaq istəməməsi açıq-aydın bəlliydi. O düşdüyü vəziyyəti taleyin hədiyyəsi kimi qəbul etmişdi. Bununla belə " karantindən xilas olunma" oyununu axıra qədər bütün xırdalıqları ilə düzgün "oynayırdı".

Divandan ayağa qalxıb: – Sənin poxuna düşdüm də! – dedi. Və qapını hirslə təpikləməyə başladı.

Otelin dördüncü mərtəbəsində keşik çəkən polis onun bu hərəkətindən sinirlənib qapını öz açarıyla açdı. Əlindəki polis qalxanı ilə onu sinəsindən geri itələyib: – Qapını niyə sındırırsan, dəlisən? – qışqırdı.

– Evimə getmək istəyirəm! – O da sakit danışmırdı.

Özünü zorla sakitləşdirməyə çalışan polis əzbərlədiyi mətni qarışdıra-qarışdıra: - Vətəndaş, sizin də qapınız, digər qapılar kimi tədbiq edilən müvafiq karantin tədbirləri çərçivəsində çöldən bağlanıb. Bu qapı özü açılmayana qədər, sizin onu açmaq hüququnuz yoxdur. Siz cəmiyyətdən müvəqqəti olaraq təcrid olunmusunuz. Karantin qadağalarına tabe olun. Sizin ancaq otelin işçi personalı ilə qapı arxasından təmas qurmaq ixtiyarınız var. Karantin bitənə qədər qəbul edilmiş qaydalara rica edirəm əməl edəsiz. Siz ölümcül virus daşıyıcıları ola bilərsiniz. Özbaşına çölə çıxmağınız cəmiyyət üçün olduqca təhlükəlidir. Qanuna tabe olun! Əks halda inzibati xətalar məcəlləsinə uyğun olaraq sizə qarşı çox ciddi cəza tədbirləri tətbiq ediləcəkdir, – dedi.
Mədinə hirslə qapını polisin üzünə bağlayıb: - Yaxşı, yaxşı, bildik! – dedi.

Polis qapının arxasından: – Evinə belə bağlıydınsa, burda nə itin azmışdı? –qışqırdı.

Mədinə əli ilə ağzını tutub onu cavab verməyə qoymadı. Otelin qeydiyyat şöbəsində sənədlərini yoxlasaydılar məsələ əməlli-başlı şişəcəkdi. Əlac ancaq susub, deyilənlərə tabe olmaq idi.

Polis otaqdan daha səs çıxmayacağına əmin olduqdan sonra qapını yenə arxadan açarla bağladı. Bir qədər sonra isə dəhlizdən onun uzaqlaşan ayaq səsləri eşidildi.

Yaman yerdə axşamladıq. Oteldən çıxmaq daha mümkün olmayacaqdı. Ən azı vəziyyət durulana qədər gözləmək lazım idi. Bəlkə kimi isə tapıb ovcuna pul bassın? Ağlına gələn ilk fikir bu oldu. Pul açan qapını qanun da açmır. Dünəndən söndürdüyü əl telefonunu şəbəkəyə qoşub oğluna zəng etdi. Həqiqəti ona olduğu kimi danışmalıydı. Başqa çarə qalmamışdı.

Oğlunun səsi küskün idi. Hiss olunurdu ki, bütün gecəni yatmayıb. Səsini eşidən kimi ağlamsınıb: – Ay Ata, hardasan? Ürək göbək qoymadın məndə! Dünəndən səndən nigaranam. Anam da bu gecə gözünü yummayıb. Bilmirik ölmüsən, qalmısan. Telefonunu da söndürmüsən. Qəzaya-zada düşməmisən ki? Şəhərin bütün xəstəxanalarını, morqlarını gəzmişəm. Yağlı əppək olub çəkilmisən göyə. Adam belə eləyər? Hardasan indi? Gəlirsən? – dedi.

– Ay bala, bir mafal ver də danışım.Yox, gələ bilmirəm. Məni karantinə salıblar.

– Necə yəni karantinə salıblar? Harda salıblar? Kim salıb? Xəstələnmisən bəyəm? Hardasan indi? Xəstəxanadasan? Bu dəqiqə yerini de, gəlim ora – oğlu sualı suala calamışdı.

– Sirat otelinə gəl. Mərdəkan yolundan Şağana burulan döngənin üstündədir. Hündür, dördkünc binadır. Qabağında da cürbəcür bayraqlar asılıb. Qırx altıncı otaqdayam. Aşağıdan soruşsan sənə deyəcəklər. Burda kimsə COVİD tutub deyə, hamımızı basıblar karantinə. Bir xeyli təzə yoluxan da var. İkisi gecəynən ölüb. Hələ anana bir söz demə ha. Bura gəl. Səninlə işim var. Özünlə pul da götür gələndə. Burda kimisə tap, onunla əməlli-başlı danış, ovcuna pul bas. Bir sözlə, neynirsən elə, məni burdan qurtar!

Yarım saatdan sonra oğlu otelin foyesindən zəng etdi.

– Burdayam. Məni də içəri buraxmırlar. Çıx eyvana, heç olmasa üzünü görüm. Sənin oteldə nə işin vardı axı?
Eyvana çıxdı. Oğlu çarəsiz görünürdü. Onunla da sına-sına danışırdı: - Özün həmişə deyirdin ki, tülkünün bazarda nə ölümü var ki, dərisinə qiymət qoysunlar. Təzyiqin-zadın qalxmayıb ki? Təksən orda?

– Gic köpəkoğlu, o məsəlin yeridir indi mənim üçün çəkirsən. Kiminlə olacam? Əlbəttə, təkəm.Təzyiqim də qalxacaq! İki yüzə qalxacaq. Keç içəri, otelin müdiriynən, həkimlərlə nə bilim kiminlə istəyirsən dil tap, danış da. Mənə misal nöş çəkirsən? Polis deyilsən? Bunlar da polisdilər də. Curların deyil? Məni burda niyə saxlayıblar? Xəstə-zadam mən? - deyib hirslə içəri keçdi.

Mədinə yorğanı başına çəkib yatmışdı.

Bir azdan oğlu bir də zəng edib: – Otelin içindən heç nə etmək mümkün deyil. Burda ancaq icraçılardır. Sən bir az döz, görüm hardansa yuxarıdan oteldəki gərargaha təziyq elətdirə bilirəmmi? Anama deyim sənə yemək zad hazırlasın? –soruşdu.
– Oğlum, hələ heç kəsə heç nə demə. Bir dəfə də kişi kimi hərəkət elə. Anana de ki, Filippinə zada məzuniyyətə gedib. Denən, bilmirəm haçan qayıdacaq. Çox soruşsa denən ölüb. Nə bilim özün bir şey uydur de də. Amma məni bu gün burdan çıxar. Qoyma burda qalım. Biabır olmayaq da hər ikimiz. Bir dəfə oğulluq elə də mənə heç olmasa – deyib əlini bərkdən eyvanın məhəccərinə vurdu..

Oğlunun sonda "yaxşı" deyib söhbəti bitirməsi də heç xoşuna gəlmədi. Oğlu "yaxşı" sözünü də heç yaxşı-yaxşı demədi. Axtardığı adamları da belə axtarsa heç nə! İşləri "yaxşı" olmayacaqdı.

İçəri keçib sakitcə Mədinənin yanında uzandı. Əlini onun yumru döşlərinin üstünə qoyan kimi, hər şeyi unutdu. Qadını arxadan qucaqlayıb bir hovurluq gözünü yumdu. Gözlərinin çimirini alıb, çarpayıdan qalxmaq istədiyi zaman telefonuna TƏBİB-dən COVİD-ə yoluxması ilə bağlı mesaj gəldi. Əvvəlcə mesajın ona göndərildiyinə inanmadı. Elektron mətni bir necə dəfə oxudu. Ad da, soyad da onun idi. Ədəli-dədəli COVİD-ə yoluxmuşdu. Bu səbəbdən də O və onunla bir otaqda olan Mədinə Verdiyevə daha ciddi karantinə alınırdılar. Onlar bu gündən sonra otel otağından on dörd gün ərzində çölə çıxa bilməzdilər və bu qadağa artıq Cinayət Məcəlləsinə düşən qanunlarla tənzimlənirdi. Bu isə o demək idi ki, əgər onlar özbaşına otaqdan çıxsalar, artıq həbs də oluna bilərdilər. Yenə də öz gözüylə oxuduqlarına inanmadı. Mesajı təkrar-təkrar bir necə dəfə də bərkdən oxudu. Sonra Mədinəni yuxudan oyadıb ona da oxutdurdu. Ancaq bundan sonra əmin oldu ki, bəli, mesaj ona gəlib və vəziyyət çox ciddidir. İşin ağırlığını dərk edəndə isə əməlli-başlı qorxdu. Ayağa qalxıb otaqda var-gəl edə-edə: – Əgər doğrudan da, xəstələnmişəmsə mənə oteldə kim baxacaq? Öləcəm? - qışqırdı. Əslinə qalsa, ucadan olsa da, daha çox özünə verdiyi bu suala Mədinə gülə-gülə cavab verdi: – Kim baxacaq? On dörd günlük halal karantin arvadın, xanım Mədinə!

Eyvana çıxıb dalbadal iki siqaret çəkdi.

İçəri keçəndə Mədinənin güzgü qarşısında dayanıb sakit-sakit bəzəndiyini gördü. Mədinə həyatın bir parçası kimiydi. Heç nəyə münasibəti yox idi. Olanları olmalı olan olacaq kimi qəbul edirdi. Bununla belə o, həm də qadın idi. Qadın kimi də bütün hallarda və vəziyyətlərdə sığallanırdı. Mədinənin sakit davranışı içində yaranmış qəfil həyəcanını bircə anda ovutsa da, hələ də axıra qədər sakitləşə bilmirdi. Uşaqlıqdan xəstəlikdən qorxurdu. Məsələ heç də xəstə kimi yataqda keçirəcək günlərdə, ona vurulacaq iynələrdə və ya içəcəyi dava-dərmanda deyildi. Dar otaqda qalmaq, özünü xəstə kimi hiss etmək də onun üçün daha böyük işgəncəydi. Adını biləndən, özünü tanıyandan qapalı yerlərdə ürəyi sıxılırdı. Hələ bu günə qədər liftə, metroya minməmişdi. Dar otaqda heç vaxt tək oturmamışdı. Otaq nədir? Əyninə dar köynək belə geyinməmişdi. Dar dəhlizlərdə də ürəyi ağzına gəlirdi. Hamamda çiməndə belə qapını açıq qoyurdu. Həbsxanadan da, daha çox bağlı qapılarına görə qorxurdu. İndi onun üçün ən çətini bu havasız otaqda on dörd gün sərasər xəstə kimi qalması idi. Buna dözə biləcəkdimi? Adının bədnam olması bir yana qalsın, bu darıxmaq işi, sıxılmaq halı ona xəstəlikdən çox əziyyət verəcəkdi. Ən qəribəsi də bu idi ki, xəstələndiyini təsdiqləyən xəbər gələndən özünü daha yaxşı hiss etməyə başlamışdı. Nə qızdırması vardı, nə öskürürdü, nə tərləyirdi, nə də ki, başqa bir xəstəlik əlaməti duyulurdu. Bəlkə həkimlər səhv edib, ona başqa bir adamın yaxmasının cavabını göndərmişdilər?

Qapıya yaxınlaşıb içəridən astaca döydü.

Bir müddət sonra tanış polis qapının arxasından: – Yenə nə istəyirsən? – soruşdu.

– Tələb edirəm ki, test üçün məndən təzədən yaxma götürsünlər! Mənə göndərilən mesaj səhvdir. Mən xəstə deyiləm. Özümü çox yaxşı hiss edirəm.

Heç zaman olmadığı kimi də gümraham, – dedi.

Polis qapının arxasından: – Qeydlərinizi gərargaha çatdıraram, – söylədi.

Mədinə yatıb yuxusunu almışdı. İndi də masanın arxasında oturub gözlərini geniş açaraq maraqla tavandan asılmış çilçırağın şüşə şamdanlarına baxırdı. Qəfildən qadın nə sənə, nə mənə pişik kimi divandan mizin üstünə hoppandı. Əli çatsın deyə, ayaq barmaqlarının ucunda dikəlib çilçırağın şüşə şamdanlarını bir-bir çıxarıb, divanın üstünə atdı. Sonra yenə aşağı enib otağın qalın qış pərdələrinin üzünə çəkilmiş ağ tülü rəzələrindən çıxardı. Və dinməzcə divana əyləşib səbrlə şüşə şamdanları tül pərdənin kənarlarına bərkitməyə başladı. Ayaq üstündə dayanıb Mədinənin cani-dildən nə etdiyini anlamaq istəyirdi. Ağlına hələ heç nə gəlməmişdi. Ona sual verməyə də həvəsi yox idi. Sadəcə başının üstündə dayanıb təmkinlə qadının əllərinə tamaşa edirdi.

Mədinə karnizin bəzi plastik tutacaqlarının hələ də üstündə qaldığı tül pərdəni son dəfə əliylə hamarladıqdan sonra ayağa qalxıb dedi: - Bilirsən, səninlə eyni damın altında yaşamaq üçün nə qədər dualar edib şam yandırmışam? Bu gün dualarım müstəcəb olub. Qorxma. Arvadın duyuq düşsə deyərsən ki, otaq təmizləyənəm. Onun artıq özünü aldadan vaxtıdır, inanacaq. Nə desən özünü inandıracaq. Bundan sonra səni atıb gedəsi deyil ha. Sən artıq dövlətin qarantı ilə mənim on dörd günlük ərimsən. Bizi tale bir otağa salıb, özü də qoruyacaq ki, qaçmayasan. Gəl səninlə iki həftə ideal ailə həyatı yaşayaq. Bir azdan toy edəcəyik. Qoy gəlinliyimi hazırlayım. Dizayn özümündür ha. Eksklüziv Mədinə brendi. – Mədinə qəzəl deyirmiş kimi əruzda danışırdı.

– İdeal ailə necə olur ki? – beynini yoran suallardan yorulub Mədinənin oyununa sığındı.

– Gör kim məndən nə soruşur. Mən hardan bilim adə, ailə necə olur? Mən ailə görmüşəm? Mən ancaq uzaqdan-uzağa səni sevmişəm. Və sən yanımda olmayanda darıxmamağı öyrənmişəm. Geyin pencəyini gəl bəy kimi otur böyrümdə. Sonra görək başımıza nə gələcək! - deyib Mədinə üzündən öpdü.

Sonra divardakı şəkildə Dionisə baş əyən ağ qırçın donlu yunan qadını kimi qarşısında baş əyib: – Tanrım, mən bu gündən sənin qulunam, istəsən məni Allah yolunda qurban kimi kəsə də bilərsən, istəsən sevə də bilərsən, – pıçıldadı və tül pərdədən hazırladığı ətəyi şamdanlı toy paltarını gülə-gülə əyninə geyindi. Paltar həqiqətən də gözəl alınmışdı. Bahalı butiklərdə satılan gəlinlikləri xatırladırdı.

Hər ikisi qəribə bir sevinclə mizin arxasında oturmuşdular.

Mədinə süfrəyə haradansa yemək də tapıb düzmüşdü. Bir kənarda "mini barın" içkiləri sıraya düzülmüş əsgər tağımı kimi farağat durmuşdular. Sanki bu dəqiqə çiyinlərindəki silahlardan öldürülmüş dostlarının şərəfinə göyə yaylım atəşləri açacaqdılar.

Oturub sevgiylə bir-birinin üzünə baxırdılar. Mədinənin ürəyi, onun da üzü gülürdü.

Nəhayət, Mədinə mizin arxasından ayağa qalxıb: – Sənə üç sualım olacaq. Amma əvvəlcədən söz ver ki, nə qədər burdayıq cavab verəndən sonra keçmişə qayıtmayacaqsan, – pıçıldadı.

– Buyur, Dədə Qorqud! – dedi.

– Bütün günü pul dalınca qaçırsan. Pul səni xoşbəxt edib? – Mədinənin birinci sualı onun üçün gözlənilməz oldu.

– Canavarı ayaqları doyurur. Ora-bura qaçmasam nə yiyərəm? Dünyanın açarı puldur! – dedi.

– Arzuladığım bu on dörd günü səninlə birgə yaşamağım üçün mənim karıma pul gəldi? – Mədinə demək istədiyini indi dedi.

– Əlbəttə, yox! - deyib razılaşdı.

– Mən səni pul ilə heç zaman ala bilməzdim. Ancaq arzulaya bilərdim. İndi gördün, arzu puldan necə üstündür! – Mədinənin üzü də sözü qədər gülürdü.

– Gördüm! – dedi.

– Sən hələ də gerçəyi anlamırsan. Pul heç nəyi həll etmir! Düzünü de, toy günündə məni xatırladın? – qadının səsi titrədi.

– Yox! – pıçıldadı.

– Yalan deyirsən! Sən məni unudasan deyə, evlənirdin! – Mədinənin gözü doldu.

– Oralara girmə!

– Onda sonuncu sualıma cavab ver. İstəyərsənmi dünya qapının o tayında qalsın. Otaqda ancaq sən və mən olaq. Bu sevgiyə gücün çatacaq?

– Çatacaq! – söylədi və Mədinəni qucaqladı.
Onlar həmin gecə taleyin acığına toy etdilər. Hər ikisi bu rəmzi toya əməlli-başlı sevinirdi. Bir qədər əyləndikdən sonra Mədinə yaxınlaşıb dizlərinin üstündə oturdu.

– Bu sınaqdır da, bilirsən? – dedi.

– Bilirəm! – cavab verdi.

– Sən birinci sınaqdan çıxa bilməmişdin!

– Bundan çıxaram!

– Məni daha tək qoyma! – Mədinə kövrəldi.

Sonra birlikdə konyak içdilər. Mədinə içdikdə ayılırdı. O isə əksinə, əməlli-başlı keflənirdi. Ancaq səhərə yaxın Mədinə onu ayağa qaldırıb çarpayıya doğru apara bildi. Pencəyini əynindən çıxarıb yatağa uzatdı. Sonra özü də səhər gözünə işıq düşməsin deyə, pərdələrin "ipini" çəkib yatağa uzandı.
Günortaya yaxın qapının döyülməsinə oyandılar.

Mədinə ayağa qalxıb qapını açdı. Oteldə yaradılmış səyyar sanitar tibbi qərargahdan onlar üçün göndərilmiş kiçik dərman qutusunu yaşlı sanitardan alıb döşəmənin üstünə qoydu. Qutunun üstündə dərmanlardan istifadə olunma qaydaları da yazılmışdı. Həkim yaxmanın cavabının doğru olduğunu təsdiqləyən sənədi də onlara göndərmişdi. Yazıya görə onun ikinci testi verməsinə ehtiyac duyulmurdu. Mədinə isə sağlam idi. Ürəyi istədiyi zaman otağını dəyişib, başqa bir otel nömrəsinə köçə də bilərdi.

Mədinə yazılanları ucadan oxuduqdan sonra qutunu döşəmədən qaldırıb çarpayının böyründəki jurnal masasının üstünə qoydu.

Mən istəsəm başqa nömrəyə də keçə bilərəm ha, kocacığım. – Mədinə qəsdən onu sancırdı.

Çarpayıda dikəlib qorxudan iri açılmış gözləri ilə Mədinəyə baxdı. Həyəcanla: – Mən tək qalacam? – soruşdu.

Mədinə: – Səni atıb hara gedirəm, ay dəli? Gücnən əlimə düşmüsən. Qorxma, pis adama heç nə olmur. Mən bu mərətə heç zaman yoluxmayacam! – söylədi.

Yuxudan qalxandan başı ağrayırdı. Ayaqlarını çarpayıdan aşağı sallayıb parça çəkələklərin üstünə qoydu. Elə köynəyini əyninə geyinmək istəyirdi ki, sinəsində bəlğəmli öskürək qasırğası başladı. Bir qədər ögüyə-ögüyə öskürdükdən sonra içində elə bil nəsə qırıldı. Həmin bu nəsə ürəyinin altında daş kimi yumurlanıb nəfəs almasını çətinləşdirdi. Sonra həmin bu daş kimi topadan qırılmış bir tikə xışıltılı bəlğəm nəfəs borusuna düşüb, onu boğmağa başladı. Bircə anda nəfəsi kəsildi, rəngi gömgöy oldu. Nə qədər istəsə də nəfəs ala bilmədi. Nəhayət, Mədinə onu sinəsi üstə döşəməyə yıxıb, ciyərlərini yumruqlamağa başladı. Handan-hana bir ovuc daş kimi möhkəm bəlğəm topası, nəfəs borusundan çıxıb tappıltıyla döşəmənin üstünə düşdü. Qara qətran rəngində olan bəlğəm topasının üstündə qan ləkələri də vardı.

Mədinə ancaq onun ölmədiyinə əmin olduqdan sonra hönkürtüylə ağlamağa başladı.

Bir xeyli döşəmədə uzanıqlı şəkildə qaldılar. Nəhayət, ayağa durmağa dizində taqət tapdı. Özü qalxdıqdan sonra Mədinəni də əlindən tutub ayağa qaldırdı.

– Bu da sənə bəy! Dalımdan daha toz tökülür. Neynirsən məni? – səsi əməlli-başlı batmışdı.

Mədinə boynuna sarıldı.

– Sənə bu gecə yaman toy tutmuşam ha, deyəsən. – Mədinə onu zarafatıyla ovudurdu.

– Sən maska tax e, zarafat eləmə. Heç olmasa birimiz ayaqda olaq da! – deyib əlləri əsə-əsə dərman qutusunu açdı. Səhər içməli olduğu dərmanları bir-bir qutudan çıxarıb mizin üstünə düzdü. Qızdırmasını ölçdü. Otuz doqquz, altı idi.
Mədinə soyuducudan yemək çıxarıb mikrodalğalı sobada qızdırdı. Yeməyi boşqaba çəkib mizin üstünə qoydu.

– Yaxşı yeməlisən ki, xəstəliyə, güc gələsən. İmmun sistemin güclü olmalıdır. Gəl daha, dərmanlarla oynama!

Mizin arxasına oturub dinməzcə səhər yeməyi yedilər. İştahı olmasa da, zorla yeyirdi. Özünü məcbur edirdi ki, zəifləyib yatağa düşməsin. Qəribəydi, Mədinə onu bir qadın kimi bütün hallarda özünə cəlb edirdi. Xəstəlik də bu istəyi içində soyuda bilməmişdi. Bununla belə hər dəfə Mədinə ilə yaxınlıq etdikdən sonra sanki bədəninin gücü tükənirdi. Tərpənməyə belə taqəti qalmırdı. Bu nə demək idi? COVİD sevgi əleyhinə xəstəlikdir? Xəstəliklə sevginin nə mübahisəsi ola bilər axı. Amma deyəsən, vardı. COVİD qısqanc kişi kimiydi. Güclü kişiləri sevmirdi.

Səhər yeməyindən sonra Mədinə ilə divanda oturub bir az televizora baxdılar. Mədinənin də rəngi avazımışdı. Səsində bir boğuqluq vardı. Cibində gəzdirdiyi qızdırma ölçəni Mədinəyə uzadıb: – Bax gör qızdırman yoxdur? – soruşdu.

Mədinə əlini alnına qoyub: – Bumbuzam! – dedi və sonra da özüylə fəxr edirmiş kimi gülümsünüb: – Arvad olmaq asan iş deyilmiş. Bu qədər dərman adını yadda saxlamaq lazımdır. Kişinin hər yerinin hərarətini ölçmək lazımdır. Yerə yıxıb tüpürcəyini boğazından çıxarmaq lazımdır. Kefli olanda pencəyini soyundurmaq lazımdır. Hələ bunun gecəsi də var. Orda da diri olmalısan! Və ən əsası, xəstələnmək və düşmək qəti olmaz. Düşdün, kişi gedib, sənin əvəzinə bir başqasını tapacaq! Elədir, kişi, ya elə deyil? – soruşdu.

Əlini Mədinənin əlinin üstünə qoyub: – Elə deyil! – dedi.

– Sənə qalsa, bu qapalı otaqda da məni əvəz edəni taparsan! – Mədinənin onu sancmasına cavab vermədi.

Bir qədər eyvanda birlikdə hava aldıqdan sonra yenə çarpayıya qayıtdılar. Mədinəni bu gecə tamam başqa ehtirasla sevdi. Sevgidən yorulub nəfəsini dərəndə Mədinə: – Adə, naxoşluq sənə düşüb ha deyəsən, daha diri olmusan, – dedi.

– Məni sən diriltdin!

Səhərisi gün gözlərini açanda Mədinəni başının üstündə ağlayan gördü.

– Adə, xəbərin var? Bütün gecəni boğulurdun e. Nə qədər də oyadıram, oyanmırsan. Bilirsən necə qorxmuşam. İstiliyin də qırxı keşmişdi. Dörd dəfə paltarlarını dəyişmişəm. Axırı sənə öz xalatımı geyindirdim. Bir dənə alt paltarıyla bu on dörd günü necə keçirmək olar? Bəlkə oğluna deyəsən sənə tuman, köynək gətirsin, – dedi.

Ayağa qalxıb acqarına iki qədəh konyak içdi. Başı hərlənirdi. Saat on ikidə həkim gələcəkdi. Oturub dinməzcə yemək yedilər. İştahı yenə yox idi. Qayğanağa əlini də vurmadı, eləcə tavada qaldı. Birtəhər şirinçayı içdi. Bir tikə çörəyi ağzının içində ora-bura hərlədikdən sonra zibil qutusuna tüpürdü. Sonra yenə bir qədəh konyak içdi. Bir necə saat konyakın xumar dumanı altında oturub susdu. Daha düşünə də bilmirdi. Nəhayət, oğluna zəng vurub otelin qarşısına çağırdı. Mədinə düz deyirdi. Dəyişəcəyi yox idi.

Oğlu tez gəldi. Eyvana çıxıb dinməzcə onun boynubükük duruşuna baxdı. Otuz yaşı keçsə da, mayor rütbəsi daşısa da, oğlu hələ böyüməmişdi. Mədinəyə qəti şəkildə gözə görünməməyi tapşırsa da, oğlu məsələnin nə yerdə olduğunu, deyəsən, öyrənmişdi. Üzündəki utancaq təbəssüm onu satırdı. Atasının yerinə utanmaq oğlunun uşaqlıq şakəriydi. Başında qalmışdı. Arvadı da ona zəng etmirdi. Tezliklə bu xəbər işinə də çatacaqdı. Onda şəriki istehzalı baxışlarıyla üzünə baxıb mümkün qədər kinayəli tərzdə söyləyəcəkdi: – Həəə, Balakişiyev, indi məni başa sal görüm, sən boyda kişi, Aeroport yolunun üstündə tikilmiş Sirat əyləncə məkanında "dürat" kimi bir qadınla hansı hoqqalardan çıxmısan?

Gəncliyində dəlicəsinə sevdiyi, ona görə qatil olduğu, illərlə həsrətiylə yandığı qadınla bu gün bir otaqdaydı. Haçansa bu günü o qədər arzulamışdı ki. İndi isə özünün də bir hissəsi olduğu qəddar gerçəklik bu yaxınlığın əleyhinə idi. Haçansa itirdiyi sevgisinin üstünə bu illər ərzində o qədər yük yüklənmişdi ki, barxanası ərşə yüksəlmişdi. Biri elə otelin həyətində dayanıb bic-bic qımışan oğlu. İndi aşağıda dayanıb məzlum-məzlum üzünə baxır. Elə bilirsən bu yumşaq uşaq onu düşünür? A tövbə, əgər onu düşünürsə. Ancaq özünü, karyerasını, rütbəsini, ailəsini və şəxsi rahatlığını düşünür. Atası ona ancaq təmiz adla lazımdır. Onun nəyinə gərəkdir ki, atasının ürəyində kim var? Haçansa nə olub? Atası haçansa nə yaşayıb? Kimi sevib və ya sevə bilərmiş. İndi o, ancaq öz uğuru üçün çalışır. Ancaq özünü düşünür. Çərxi-fələk belə dönüb. Bütə çevrilmiş əxlaq nizamını on dörd günlük azad davranışıyla qırdığına görə ətrafının onu qınayacağını bilirdi. Tərəzinin bir gözündə Mədinəydi, digər gözündə isə bütə çevrilmiş sevgisiz həyatı. Bir dəfə Mədinəni ətrafına qurban vermişdi. İkinci dəfə ölü bütlərindən qurtula biləcəkdimi?

Oğlunun sınmış duruşunu görüb, daha ona heç nə demədi. Nə tuman-köynək? Onu nə üçün çağırdığını belə unutdu. Oğluyla əliylə sağollaşıb tələsik içəri keçdi.

Həkim otaqdaydı, Mədinəylə danışırdı.

Müayinədən sonra həkim onlara spirtli içki içməyi qəti qadağan etdi. Səhərlər açıq eyvanda idman etməyi və yaxşı-yaxşı yeməyi məsləhət bildi. Mədinəyə ağzına mütləq maska taxmağı, xəstədən mümkün qədər uzaq durmağı tövsiyə etdi. Ona isə yazdığı dərmanları vaxtlı-vaxtında içməyi tapşırıb getdi.

Həkim qapıdan çıxan kimi Mədinə: – Burda da məni sənə yaxın qoymurlar, fikir verirsən? Uzaqdan uzağa səninlə necə öpüşə bilərik? – soruşdu.

Gülə-gülə: – Hava-damcı yoluyla, – cavab verdi.

Mədinə əl çəkmədi: – Mən sənin üçün Kovidəm? Sevgi mənim üçün toxunmaqdır, təmasdır, – pıçıldadı və xısın-xısın güldü.

Demək olar ki, hər gün Mədinənin rəfiqələri onlara yemək gətirirdilər. Onlar bu işi saat mexanizmi kimi dəqiq qurmuşdular. Hər gün biri bişirib gətirirdi. Mədinə yenə də mizin üstünə həmin o ev yeməklərindən düzmüşdü. Nahar etmək üçün birlikdə mizin arxasına keçmişdilər. Dad bilməsə də ev yeməklərinin görüntüsü iştahını açıb ovqatını dadlandırırdı. Həm də dad daha çox Mədinənin dilindəydi.

Hər iki dadlı dadı bir dəfə də daddıqdan sonra pencəyini çiyninə atıb eyvana çıxdı. Çox keçmədi Mədinə də arxasınca gəldi. Bir müddət eyvanda sakitcə dayanıb hava aldılar. Mədinə ona evi xatırladırdı. Qəribəydi, onlar heç zaman bir evdə yaşamamışdılar. Bununla belə Mədinə get-gedə onun damsız daşsız evinə çevrilirdi. Qadını qucaqlayıb: – Allah qoysa burdan çıxaq, məni rəfiqələrinlə də tanış edərsən. Sağ olsunlar, çox vəfalıdırlar! – dedi.
Mədinənin gözləri doldu. Səsi titrəyə-titrəyə: – Onlardan başqa heç kəsim yoxdur. Təkcə atam sağdı, onu da iflic vurub, yataq xəstəsidir. Mən baxıram. Daha doğrusu, baxırdım. Burdayam deyə, indi qonşum baxır. Amma ürəyim yenə yanındadır. Dedim axı mənimki gətirmədi. Təkəm də. Quqquluqu... tək-tənha. Sənə Zibanın əhvalatını axıra qədər danışmadım axı. Zibanın qızları vardı ha, aylarla, illərlə Dubaya gedib qəhbəliklə pul qazanan qızları. Onların biri indi məktəb direktorudur. Biri nazir müavininin arvadıdır, üçüncüsü də milyonçu ərəbə ərə gedib. Mən onların pullarını saymıram ha. Allah başlarından töksün. Necə ki, tökür. Bu onların ruzusudur. Hamının ruzusunu da, bəxtini də deyilənə görə o verir. Mən öz taleyimi, bəxtimi deyirəm. Bu necə olur, görəsən? Necə olur ki, sən o iranlını öldürəndən sonra beş il həyətə-bacaya çıxmadığım halda bütün məhlə mənə qəhbə dedi, hər gün onların gözlərinin qabağında elə özləriylə də qəhbəlik eləyən Zibanın qızlarına isə bacı? Sən mənə bunu izah edə bilərsən? Yox! Mən isə sənə izah eləyə bilərəm. İnsanlar kölədir. Puluna minnət, ödə, sənə qul olsunlar. Sənə Allah desinlər. Biət etsinlər. Mənim dünyada bircə arzum vardı. Allah haqqı, burdasan deyə demirəm. Bircə arzum vardı. Səninlə bir uçuq daxmada yaşayıb üç oğlan uşağı doğmaq. Yaşaya bildim? Hanı o uşaqlar? Sən hardasan bəs? Kim buna mane oldu? Mən? Mənim öz həqiqətim var. Sən? Sənin də burda günahın yoxdur. Sən məni sevirdin deyə, o oğraşı öldürdün. Bəs onda kim? Bilirsən bu kovid nədir? Kovid səninlə mənim sevgimi məhv etmiş taleyin bu dəfə başqa bir görkəmdə şəkillənmiş xəstəlik variantıdır. Mən taleyin acığına iki həftəlik karantin zamanı özümə toy etdim. O isə cildini dəyişib indi də xəstəlik şəklində bizə toy tutmaq istəyir. Nə dəyişib? Heç nə. Zibanın qızları bilirsən niyə bizim kimi belə karantin tələlərinə düşmürlər? Çünki qəhbədirlər deyə, bu qəhbə dünyanın çəmini, dilini bizdən yaxşı bilirlər. Qəhbə qəhbənin dilini bilir axı. Görürsən necə işlər var, qədeş! Sən mənə bunun niyə belə olduğunu izah edə bilərdin?

– Sən bu xatirələrlə necə yaşayırsan?

– Səndən soruşuram, izah edə bilərdin? – Mədinə sualında israrlıydı.

– Yox, eləyə bilməzdim. Ona görə ki, mənim də həyatımda baş verənlərin heç bir zaman izahı olmayıb.

Mədinə nə qədər özünü şən göstərməyə çalışsa da, mirvari kimi saf göz yaşları iri yaşıl gözlərindən yanağına doğru süzülürdü. Qəribədir, Mədinə ağlamırdı, di gəl, göz yaşları damcı-damcı gözünün qaynağından süzülməkdəydi.

– Daha olan olub, keçən keçib. Mənim TIR sürücülərinin yanına getdiyimi sənə o zaman kim demişdi?

– Ziba.

Mədinə bir müddət yerində donub qaldı. Göz yaşları da gözlərindən yanağına doğru süzüldüyü nöqtədə qırov kimi salxımlandı.

Sonra aram-aram eyvandan otağa keçib, "tuman tökdü" hərəkətliliklə musiqisiz rəqs etməyə başladı.

Eyvandan otağa girəndə Mədinənin üzünə tökülmüş sarı buruq saçlarının altından eşidilən hıçqırıq səslərindən anladı ki, qadın ağlayır. Yaxına gəlib onu qucaqladı. Mədinə sinəsinə sığınıb: – Məni daha heç zaman tək qoyma! İnsanlardan qorxuram, – pıçıldadı.

Bir qədər birlikdə rəqs etdikdən sonra divana əyləşdilər.

Səhər yuxudan qalxan kimi Mədinə yenə ona dərmanlarını içirdi. Qızdırması olsa da, özünü narahat hiss etmirdi. Son günlər öskürəyi artmışdı. Ən çətini ciyərlərinə yığılan bəlğəmi boğazından çölə çıxarmaq idi. Səhərlər saatlarla əlüzyuyanın qarşısında dayanıb ögüyürdü. Xeyri yox idi. Gecələr onu boğan da həmin bu sinəsinə yığılıb daşlaşmış bəlğəm idi. Canından çıxmırdı ki çıxmırdı.

– Gəl bu gecə divanda yataq. – Mədinə on dörd günün dadını axıra qədər çıxarmaq istəyirdi.

– Yataq da. Mən səninlə yatıram. Çarpayı ilə yatmıram ki – dedi.

– Divanda sənə divan tutacam. – Mədinənin səsi ehtirasdan dalğalandı.

Həmin gecə divanda yatdılar.

Səhər Mədinə gözünə daha qıvraq göründü. Sanki qadın yenidən doğulmuşdu. On beş yaşlı qıza bənzəyirdi. Saçlarını hörüb kürəyinə atmışdı. Onu yuxudan oyanmasını gözləyrmiş kimi divandan döşəməyə hoppandı. Bir göz qırpımında jurnal mizinin üstünə qoyulmuş əl telefonunu götürüb, otağın açıq nəfəsliyindən çölə atdı.

Mədinənin nə etdiyini axıra qədər anlamağa macal tapmamış dodaqlarında dodaqlarının tamını hiss etdi. Mədinə onu ehtirasla öpdükcə içinə tamam fərqli bir rahatlıq axırdı. Nəfəsəni dərmək üçün bircə anlıq dodaqlarını dodağından ayıran Mədinə: – Bizə daha heç kim və heç nə mane ola bilməz.

Otağıma daha heç kəsi buraxmayacam! Sənin ailəni də! – qışqırdı.

Mədinə özüylə birgə sanki onu da yenidən doğurdu.

– Rədd olsun telefon! – Mədinədən geri qalmamağa çalışdı.

Mədinə həmin səhər otağa brend dükanlardan hədiyyəlik paltarlar, bahalı ətirlər, dəbdə olan restoranlardan cürbəcür yeməklər sifariş verdi. Və həmin gün onlar gecəyə qədər sevişdilər. Şam yeməyindən sonra isə yenə birlikdə rəqs etdilər. Amma xəstəlik də otaqdaydı. Heç hara getməmişdi. Son günlər hər ikisi xırıltıyla öskürürdü. Mədinə bütün dərmanları ona vaxtında içirsə də, özü deyilənlərə əməl etmirdi. Bütün günü şıltaq qız uşağı kimi özünə bir məşğuliyyət tapır, sonra da səhərə qədər onunla doya-doya çarpayıda sevgi yaşayırdı.

Karantinin altıncı günü sübh tezdən xüsusi səyyar xəstəxananın baş həkimi onları bir daha müayinə etmək üçün otağa gəldi. Baş həkim əvvəllər hərbi həkim olmuşdu deyə, davranışı sərt və qabaydı. O, diqqətlə hər ikisinin ciyərlərinə qulaq asdıqdan sonra, saturasiyalarını da yoxladı. Mədinənin xışıltılı ciyərləri və normadan çox aşağı enmiş saturasiyası həkimi əməlli-başlı özündən çıxardı. Mədinəyə elə bu dəqiqə, gecikmədən xəstəxanaya getməli olduğunu dedi. Mədinə razılaşmadı. Baş həkim Mədinəyə bir xeyli dərman təyin etdikdən sonra söylənə-söylənə otaqdan çıxdı.

Həkimin ağzı fal imiş, nədi? Həmin günün axşamı qadının qızdırması gözlənilmədən qalxdı. Bütün gecəni qızdırma salan dərmanlar içsə də düşmədi. Səhərə yaxın isə birdən-birə ayaqları tutuldu. Qadının gizli şəkəri olduğundan xəstəlik ən əvvəl zədələnmiş ayaq əzələlərini iflic etdi. Bütün gecəni Mədinəni qucağına alıb uşaq kimi otaqda gəzdirdi. Yalnız o, bircə anlıq yuxuya gedəndə növbətçi həkimi köməyə çağırdı. Həkim Mədinəyə qızdırma salan iynələr vurduqdan sonra saturasiyasının aşırı aşağı düşdüyünü görüb otağa oksigen balonu gətizdirdi.

Mədinənin başının üstündən heç hara çəkilmirdi. Hər bir nəfəsini güdürdü. Bu nə axmaq xəstəlik imiş. Dünənə qədər gözlərində həyat qaynayan top kimi sağlam qadın bircə günün içində ağır yataq xəstəsinə çevrilib xırıldaya-xırıldaya oksigen balonuna möhtac olmuşdu. Dinib-danışmırdı. Bütün günü boğula-boğula yatırdı. Ancaq hərdənbir gözlərini geniş açıb məəttəl-məəttəl otağın tavanında yağlı boya ilə çəkilmiş buludsuz, aydın göy üzünə baxırdı.
Özünü artıq unutmuşdu. Dərmanlarını da içmirdi. Fikri ancaq Mədinədəydi. Təki o, ayağa qalxsın. Arxasınca danışılanlar da onun üçün artıq əhəmiyyətini itirmişdi. Nə deyirdilər qoy desinlər, danışsınlar. Təki Mədinə sağ qalsın, ölməsin. Hər gecə baş həkimin məsləhəti ilə Mədinənin kürəyini döyəcləyirdi ki, ciyərləri açılsın. Onu durmadan, dayanmadan danışdırıb, həyata qaytarmaq istəyirdi. Faydasızdı. Mədinə özünə gəlmirdi. Əksinə, gündən-günə xəstəliyi daha da şiddətlənirdi. Artıq hər gecə qan qusurdu. Qadının bu hala düşməsində günahkar idi. Otelə gəlmək təklifini də Mədinəyə o vermişdi. Görünür, Mədinənin canı, onun canı qədər sağlam deyilmiş. Yoluxduğu ilk gündən qadının hərarəti qırxı keçmişdi və ciyərlərində buzlu şüşələr əmələ gəlmişdi. Baş həkim neçə gün idi ki, Mədinənin ciyərlərinin altmış faizinin tutulduğunu və mütləq xəstəxanaya getməli olduğunu deyirdi.

O, razı olmurdu. Xəstəxanaya getsə Mədinə öləcəkdi. Bunu hiss edirdi.

Oksigen balonunun monitorunda dəfələrlə qadının saturasiyasının və nəbzinin sıfıra düşdüyünü görmüşdü. Bununla belə yenə də canı soyumaqda olan Mədinəyə dərmanlar içizdirməkdəydi. Sulu dərmanlar onun kip bağlanmış dodaqlarından artıq keçmirdi. Ağzından geri qayıdıb, sinəsinə süzülürdü. Mədinənin yaşamadığını beyni ilə dərk etsə də, ürəyi ilə buna inanmırdı. Qadının daşa dönmüş ciyərlərini var gücüylə yumruqlayıb "buzlu şüşələri" sındırmağa çalışırdı. Həkimlər otağa girsəydilər, Mədinəni aparacaqdılar. Ona görə də heç birini otağa buraxmırdı. Qapının arxasından həkimlərə onun yaxşı olduğunu deyirdi. Artıq günlərin sayını da itirimişdi. Günlər onun üçün əhəmiyyətini itirimişdi. Nə fərqi vardı neçə gündü burdadı. Bu gün neçənci gündür? Harda yaşayır? Kimdir? Neçənci ildir? Mədinəsiz bunların nə əhəmiyyəti var idi ki?

Və bir gün Allah elə bil səsini eşitdi. Mədinə bircə anlıq özünə gəlib tük basmış üzünü titrəyən barmaqları ilə sığalladıqdan sonra: – Görürsən, birlikdə yaşamaq necə gözəldir, – pıçıldadı.

Qadının əllərini öpüb: – Biz daha heç zaman ayrılmayacağıq, – dedi.

Mədinə çətinliklə olsa da çarpayıda dikəlib: – Həyatım boyu qıl kimi nazik körpüdən sağa-sola baxa-baxa keçməli oldum. Yolun sonunda məni nə gözləyəcəyini bilmirdim deyə, qorxurdum. Əllərindən tutmaq istəyirdim. Hamı kimi sən də əlini heç zaman mənə doğru uzatmadın, – dedi və taqəti olmadığından yenidən çarpayıya çökdü.

Bir müddət hər ikisi susdu.

Dizi üstə döşəməyə çöküb gözlərindən otağa nur daman Mədinənin alnından öpdü. Qadının alnı bumbuz idi. Əlinin istisi də əllərinin içində get-gedə soyuyurdu.

Qorxa-qorxa: – Mədinə! – qışqırdı.

Qadın cavab vermədi.

Səsi qırıla-qırıla bir dəfə də: – Mədinə! – çağırdı.

Mədinə ölmüşdü.

Amma yenə də gözəlliyi üstündəydi və geniş açılmış gözlərində bir zamanlar kiçik dəmir yolu stansiyasında "dərgaha yüksəlmiş" rus qarısının gözlərində olan xoşbəxtlik işığı vardı.

Hələ də əllərinin içində olan Mədinənin artıq soyumuş əlini öpüb sinəsi üstünə qoyduqdan sonra ayağa qalxıb yeyin addımlarla qapıya sarı getdi.

Əlini qapının dəstəyinə sarı uzadanda qulağına qağayı qışqırığına bənzər bir səs gəldi.

Çevrilib çarpayıya tərəf baxdı.

Mədinənin əli ona doğru uzanmışdı...

# 5024 dəfə oxunub

Oxşar xəbərlər

Torpağın ruhu - Rüstəm Dastanoğlunun hekayəsi

Torpağın ruhu - Rüstəm Dastanoğlunun hekayəsi

14:00 19 aprel 2024
4-cü cild - Mehriban Vəzirin hekayəsi

4-cü cild - Mehriban Vəzirin hekayəsi

09:00 19 aprel 2024
Açıq kosmos - yer əhvalatı - Sənan İsmayılov

Açıq kosmos - yer əhvalatı - Sənan İsmayılov

17:00 18 aprel 2024
İb və onun əri - Orxan İsmayılın hekayəsi

İb və onun əri - Orxan İsmayılın hekayəsi

09:00 17 aprel 2024
Qırmızı paltarlı gəlincik - Gülyaz Əliyevanın hekayəsi

Qırmızı paltarlı gəlincik - Gülyaz Əliyevanın hekayəsi

16:00 9 aprel 2024
Brus Li zərbəsi - Qafar Rüstəmovun hekayəsi

Brus Li zərbəsi - Qafar Rüstəmovun hekayəsi

12:00 9 aprel 2024
#
#
# # #