Aqşin Yeniseyin əsassız, bərkiməmiş düşüncələri - Fərid Hüseyn

Aqşin Yeniseyin əsassız, bərkiməmiş düşüncələri - Fərid Hüseyn
6 noyabr 2023
# 15:29

Kulis.az Fərid Hüseynin "Füzuli, Məcnun və Aqşin Yenisey" adlı yeni yazısını təqdim edir.


Parlaq şair, dəyərli fikir adamı Aqşin Yeniseyin zaman-zaman dahi şair Məhəmməd Füzuli yaradıcılığı barədə, yaxud da onun bənzərsiz qəhrəmanı Məcnun (Qeys İbn Müləvvəh) xüsusunda əsassız tənqidi fikirlər yazır, yaxud online müraicətlərində “dibi bərkiməmiş” düşüncələrini bölüşür. Qərara gəldim ki, yazı və videolarında razılaşmadığım, bəzilərini isə yanlış yönəldici hesab etdiyim fikirləri barədə hörmətli həmkarıma cavab yazım.

Aqşin Yenisey yazır: “Xalq, kütlə, sənətdə öz dərdini, ağrısını görmək istəyir. Bu dərd, ağrı lap Füzulinin qəzəllərindəki kimi mücərrəd olsa belə, onu beş yüz il bağrına basıb doğması, əziz-giramisi kimi sığallayır. Şərq kişisi Füzulidə özünü, öz problemini görür. Dişi cinslə öz arasındakı keçilməsi it zülmü olan mənasız sədləri aşa bilməmək probleminin həllini tapır. Məcnunluq – bir həlldir, bir həll variantıdır, çıxış yoludur! Xoşbəxt olmadığın cəmiyyətdən, sistemdən qaçışdır. Məcnunun sənət dəyəri bizə öyrədildiyi kimi heç də ruhani, didaktik olması deyil, kara gələn, praktik olmasıdır. Məcnun bir Şərq praktikasıdır! Seksual məğlubiyyətin acısını, ənənələr qarşısında acizliyin utanc hissini unutmaq üçün Məcnun bizə çıxış yolu kimi göstərilir”.

Cavab: Əsərdə Məcnunun eşqə çatmaq yolundakı imtinaları ona görə real səhnələrlə canlandırılır ki, Məcnunu həyatilikdən asanca, daha doğrusu, dəqiq nüansları əsas götürərək qoparmaq mümkün olsun. Fəqət bu, mümkün olmur. Çünki bu, eşq ilahi eşqdir. Unutmayaq ki, Məcnunluq qadını sevmək yolunda imtahan deyil, Allahı sevmək yolundakı əngəllərdən imtinadır. Məcnun əgər Leylinin eşqində büdrəsəydi, Allahı necə sevə bilərdi?
Orta əsrlər ədəbiyyatında bir qəribə sirri də var, şairlərin məna dolu əsərlərini anlamaq üçün gərək ətrafındakı, yaxud özündən əvvəlki, eləcə də sonrakı sənətkarların da yazdıqlarını anlayaraq oxuyasan. Məsələn, Məcnunluq sirrini Şah Xətai gör necə açır:

Batinimdə dedi mənə bir əziz:
Məhəbbətdən keçən haqdan da keçər.

Vermən nəsibini, kəsin qidasın,
Məhəbbətdən keçən haqdan da keçər.

Həqiqətən də, belədir, insan sevdiyindən keçəndə, sevmək haqqını güzəştə gedəndə sonra onu hər yola çəkmək, başqa dəyərlərdən də sapdırmaq asanca mümkün olur, çünki sevdiyindən gülə-oynaya imtina edən adam, digər imtahanlarda da bəri başdan əlinin dalını yerə qoyur. Burada söhbət qadına çatıb-çatmamaq yolundakı zillətdən getmir.


Aqşin yazır: “Məcnun olmaq bizi yox olmaqdan qoruyur. Füzulini bu praktik dəyərinə görə sevir xalqımız. Onun irfanında ilahiliyi yox, insaniliyi görə bilənlərə eşq olsun! Füzuli Məcnunu intiharın əlindən aldı”.

Cavab: Məcnunluq və intihar anlayışı ümumiyyətlə bir araya sığmır. Çünki Məcnunun son nəfəsəcən könlündəki eşqi yaşadır, Məcnun özünü öldürsə, içindəki Leyliyə – Allaha da “əl qaldırmış” olacaq. Bu, klassik ədəbiyyat meyarları ilə, dini düşüncə ilə şəkilləndirlən ədəbiyyat ülgüləri ilə götürəndə Tanrıya “əl qaldırmaq” anlamına gəlir.
Məcnun öyüd eşitmir, çünki insana o zaman nəsihət gərək olur ki, o, Allahın səsindən çox uzaqdır. Məcnun Allahla “danışandan sonra” başqalarının məsləhətinə qulaq verə bilməzdi. Allahsa insana heç bir əlacsızlıq məqamında ölüm – intihar təklif eləmir. Dinin qadağası, Allahın keçilməz dəyərləridir.
İnsan Allahın səsindən başqa hamının səsini eşidəndə özünü öldürmək fikrinə düşür. Yada salaq, Anna Karenina necə olur ki, özünü qatarın altına atır? Deməli, o, bütün dedi-qodularla, öyüdlərlə hesablaşır, nəhayət başqalarının səsi onun öz qəlbinin səsini batırır. Sonda onu əzəcək qatarın səsi o dedi-qoduların səsini eşidilməz edir, həmin anda bir anlıq Anna Karenina öz səsini – qəlbinin sədasını eşidir və ölüm ayağındaca bu qərarına görə peşman olur.
Bu mənada Füzuli Məcnunu ölümün əlindən almır, Məcnunu ölümün əlindən Allah eşqi alır. Dərindən yanaşanda isə, bu cür dini düşüncə ilə, imanla yazılmış bir əsərdə isə intihar motivi aramağa nə hacət?
Əgər məntiqlə yanaşsaq Məcnun daha çox sevir, cismani cəhətdən də Leylidən zəifdir, onda Məcnundan daha öncə ölməli idi. Bəs nə üçün əksi olur? İbni Səlam öləndən sonra Leyli gəlib Məcnuna deyir ki, səninlə evlənmək istəyirəm: öz eşqini Məcnuna çatdırır. Məcnunsa ondan imtina edir, çünki Leyliyə olan eşqi İlahi eşqə çevrilmişdi. Məcnun öz eşqini Leylidən imtina edərək Allaha çatdırır. Deməli belə: Leyli sevgisini Məcnuna çatdırıb ölür, Məcnun da sevgisini Allaha çatdırıb dünyadan köçür. Allaha gedən yol, qadına gedən yoldan uzun olduğuna görə Məcnun ölümə gedən yolda daha çox "vaxt itirir".

Aqşin yazır: “Şərqdə Füzulini yaradan şey Qərbdə Servantesi yaratdı. Qərb modern dünyaya dəliliyin kəşfi ilə (Servantes) daxil olur və səfehliyin kəşfi ilə (Flober) bu dünyanı gözəlləşdirir. Milan Kundera çəkinmədən Floberin kəşf etdiyi Avropa axmaqlığını XIX əsrin bütün elmi-texniki ixtiralarından uca tutduğunu söyləyir. Servantesin, Didronun, Floberin, Kafkanın, Hasekin və s. müəlliflərin roman qəhrəmanlarında Məcnunun dəliliyinə, səfehliyinə bənzər çox şey var. “Qəsr”də giriftar olan K. ilə eşqdə giriftar olan Məcnunu birləşdirən hər iki qəhrəmanın düşdükləri vəziyyətə mübtəla olduqdan sonra onu tale kimi yaşamaları, məhkumluqlarından şikayət etmək əvəzinə, məmnun olmalarıdır. Qərbdə qəsrdə məhkum olan, Şərqdə eşqdə məhkumdur. Don Kixot da, K. da, Məcnun da eyni naməlumluğun dustağı, ortağıdırlar”.

Cavab: “Qeys” sözünün mənası, “ölçü”, “meyar” deməkdir. “Məcnun” kəlməsi isə “ağlını qeyb etmiş”, “dəli” anlamına gəlir. Necə bariz bir təzaddır? Yəni eşq vasitəsi ilə ölçü itir – Qeys yox olur, Məcnun – dəlililik – ölçüsüzlük onun yerini tutur. Bu əsər Don Kixotdan daha çox Kafkanın “Çevrilmə”sinə bənzəyir, Qeys Məcnuna çevrilir, K böcəyə. Hər ikisi çevrilən kimi ətrafdakıların münasibəti dəyişir.
Bəs görək, “Don Kixot”da hadisələr necə olur? Güclülərin öz gücüylə etdiklərini – qəhrəmanlığı, Don Kixot öz gücsüzlüyü ilə təkrarlayır. Və bu ziddiyyət onu gülünc və acınacaqlı vəziyyətə salır. Məcnun isə heç kimi yamsılamır, güclüləri isə heç vəchlə təqlid eləmir. Don Kixota ona görə rişxənd edirlər ki, o, özünü oxşatmaq istədiklərinin heç ayağının tozu da ola bilmir, Məcnuna ona görə gülürlər ki, o, heç kimə tay deyil. Yəni ümumi mənada, bu cür müqayisələr bir araya sığmır...


Aqşin video-söhbətlərinin birində deyir ki: “Türklərin ərəb əfsanəsi “Leyli və Məcnun”da heyran olduğu məsələ Məcnunun səhranı fəth etməsidir. Ərəbin həmişə gizlənmək istədiyi məkanı Məcnun eşq yolunda fəth edir, bir növ eşqə məkan qazandırır”.

Cavab:
Əvvəla Məcnun yalnız səhraya düşmür, müxtəlif yerlərdə, mağarada, düzənliklərdə və sair olur. İkincisi, Məcnunun ətrafındakı, söhbətləşdiyi heyvanlardan da görünür ki, o təsvir edilən məkan tam mənada səhra deyil.
İkinci bir məsələ, əgər türklər bu dastanı özününküləşdirərkən torpağa bağlılıqlarını əsas götürürlərsə, bəs Hindistanda və başqa yerlərdə yaranan “Xəmsə”lərdəki “Leyli və Məcnun”larda nəyə görə səhra motivini əsasa götürürlər? Yəni bu arqument puçdur.
Digər bir məsələ, ümumiyyətlə, Məcnuna nəisə aid etmək mümkün deyil, Məcnunun çəkildiyi yerlərin heç biri ona aid deyildi.
Finlərin buzlaqlarla bağlı “Fin nağılları” toplusunda oxşar düşüncələr keçərlidir, - amma Məcnuna münasibətdə qətiyyən.


Aqşin yazılarının birində Məcnunun cüssəsizliyinə, zəifliyinə də toxunur, üstüörtülü onun sonsuzluğu məsələsinə eyham vurur.

Cavab: Əvvəla deyim ki, Məcnun əsərin əvvəlində çox qüdrətli təsvir olunur, onun kifayət qədər gücü, döyüş ruhu əlvan boyalarla canalandırlır. O dövrdə ən güclü adamlar kimlər idi, pəhləvanlar, cəlladlar, sərkərdələr, qəssablar... Amma o cüssəlilərin böyük əksəriyyəti çox zaman qul edilmiş və şahın hüzurunda xidmətə hazır iradəsizlər idilər. Məcnun isə fiziki gücsüzlüyü ilə şahlara, qəbilə başçılarına meydan oxuyurdu.

Məcnun ata-anasından imtina edir, uzaqlaşır, özünün də övladı olmur. Və sanki bununla da eşq ona Tanrı sifəti qazandırır – Məcnunu “nə doğmayıb, nə doğulmayıb” mərtəbəsinə qaldırır. Bu mərtəbədə isə son və sonsuzluq yoxdur...

P.S. Bu əsərə dini inancı, imanı, o dövrün reallığını kənara qoyaraq yanaşanda mətn meydanı qaydasız döyüş rinqinə çevrilir. Füzuli tək ustadlar üçünsə bütün döyüşlər qaydalıdır...

# 3126 dəfə oxunub

Oxşar xəbərlər

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

09:00 6 dekabr 2024
# # #