Yetim cücələri xatırladan insanlar – Abid Tahirlidən hekayə

Yetim cücələri xatırladan insanlar – Abid Tahirlidən hekayə
20 aprel 2020
# 16:39

Kulis.az Abid Tahirlinin “Yetim cücələr” hekayəsini təqdim edir.

(“XXI əsrin hekayələri” silsiləsindən)

Sınıq-salxaq nərdivanla qorxa-qorxa mal tövləsinin damına qalxan Tükəzban nənə dərindən nəfəs aldı. Damın qaranlıq küncündə payızda yığılmış otun içərisindəki yuvasında boynu sallanmış, tükləri pırpızlaşmış anaş toyuğun altından çıxıb balaca qanadlarını çırpa-çırpa cippildəşərək ora-bura qaçan cücələrə təlaşla baxdı, ətrafa boylandı “Görəsən, kürtə nə olub? Siçovul, gəlincik sancmayıb ki?”. Tükəzban nənə ehtiyatla kürtə yaxınlaşdı, adi vaxtlarda beş addımlığına yaxınlaşana - fərqi yoxdur adama, itə, pişiyə ağına-bozuna baxmadan dimdiyi, caynaqları ilə hücum çəkən, tüklərini biz-biz edib, qanadlarını yana açaraq fəryad qoparan toyuq indi ölüvaylaşmış, pipiyi solğunlaşmış, gözləri yarıya kimi qapanmışdı. Tükəzban nənə cücələri o yan-bu yana itələyərək, kürtün qanadlarından tutub qaldırdı. Taqətsiz toyuq buza dönmüşdü. Tükəzban nənə nərdivana sarı yaxınlaşıb var gücü ilə evə tərəf boylandı, gəlinini səslədi:

- Nərmin, ay Nərmin kürtə nə bəla keçibsə, heç halı yoxdur. Tez bir stəkan marqanslı su, bir şpris araq gətir bura.

Nərmin gələndə gec idi. Toyuq canını tapşırmışdı. Tükəzban nənə ölmüş kürtü nərdivandan üzüaşağı salladı, Nərminə verdi:

- Ay gəlin, apar bunu bağda dərinə basdır. Buna nə oldu, bilə bilmədim. Allah əvəzini versin.

Tükəzban nənə güc-bəla ilə əlindəki köhnə kişi papağının içinə ora-bura səpələnmiş cücələri topladı, “Allaha təvəkkül”- deyib aşağı endi.

Yazın ilıq nəfəsi adamın kürəyini isitsə də, Tükəzban nənə ehtiyatını əldən vermədi. Cücələri bir banan qutusuna yığıb evə - isti kürənin yanına yerləşdirdi. Rəngbərəng sarı dimdikli yetim cücələr qutunun içində ac-susuz, əlacsız, çarəsiz halda o baş-bu başa qaçışır, var gücləri ilə civildəşirdilər.

Tükəzban nənə sanki Nərminin gəlməsini gözləyirdi, o içəri girən kimi dilləndi:

- Ay gəlin, bu yetimlərə bir əlac edək. Mən şit şor gətirim, sən də yuvadan iki-iç yumurta gətir, bişir, sarısını şüyüdə qatıb verək, yesinlər, yetimdirlər, yazıqdırlar, tez elə, Allaha da xoş gedər.

Nərmin Tükəzban nənənin tapşırığı ilə bayıra çıxmağa hazırlaşırdı ki, birdən yadına nə isə düşübmüş kimi:

- Nənə saat ikini keçir. Gəl, “Xəbərlər”ə baxaq, sonra cücələrə qulluq eləyərik.

Nənə razılaşdı. Televizoru açdılar. “Xəbərlər” başlamışdı. Bir icmalçı koranavirus pandemiyası ilə bağlı müxbirin suallarını cavablandırıdı:

- Sözün açığı, koranavirus əleyhinə peyvəndin tapılması, bu virusa qarşı tamaşaçılara nikbin və konkret heç nə deyə bilmirəm. Alimlər, doktorlar, söz sahibləri də bir-birinə zidd, bir-birini təkzib edən fikirlərdən uzağa gedə bilmirlər.

Müxbir növbəti sualını verir:

- Bəs Sizcə, bəşəriyyətin xilas, nicat yolu nədədir?

İcmalçı:

- Cavab verməyə çətinlik çəkirəm. Bilirsiniz, insanlar bu gün mənə yetim cücələri xatırladır. Əlacsız, çarəsiz, ora-bura vurnuxan yetim cücələri...

Arxasını dinləməyə Tükəzban nənənin səbri çatmadı. Banan qutusunun içərisində çarəsiz civildəşən kimsəsiz cücələrə, sonra da icmalçının ümidsiz sözlərindən gözləri dolan, az qala qəhərdən boğulan gəlininə baxdı:

- Nərmin, qalx ayağa, iş başına! Allah böyükdür, rəhmi də böyükdür.

15.04.2020

Koronavirusun məktubu – Mətn

# 3434 dəfə oxunub

Oxşar xəbərlər

Puantilist rəssamın ən məşhur əsərləri - Onun hansı tablosu 149 milyon dollara satılmışdı?

Puantilist rəssamın ən məşhur əsərləri - Onun hansı tablosu 149 milyon dollara satılmışdı?

12:30 2 dekabr 2025
"İstədiyini et – bütün qanun bundan ibarətdir..." - Dünyanın ən qalmaqallı okkultist yazıçısı

"İstədiyini et – bütün qanun bundan ibarətdir..." - Dünyanın ən qalmaqallı okkultist yazıçısı

14:35 1 dekabr 2025
Hiperrealist mum heykəllər məkanı  - Məşhur Madam Tüsso muzeyi necə yarandı?

Hiperrealist mum heykəllər məkanı - Məşhur Madam Tüsso muzeyi necə yarandı?

12:39 1 dekabr 2025
Anar:  "Onların "Kitabi-Dədə Qorqud" səviyyəsində dastanları yoxdur"

Anar: "Onların "Kitabi-Dədə Qorqud" səviyyəsində dastanları yoxdur"

10:00 29 noyabr 2025
"Mənə yazığın gəlməsin..." - Sveyq intiharından əvvəl keçmiş arvadına nə yazmışdı?

"Mənə yazığın gəlməsin..." - Sveyq intiharından əvvəl keçmiş arvadına nə yazmışdı?

13:30 28 noyabr 2025
Qızı Çaplinlə evləndi, oğlu intihar etdi... - Dördqat Pulitser və Nobel mükafatçısı

Qızı Çaplinlə evləndi, oğlu intihar etdi... - Dördqat Pulitser və Nobel mükafatçısı

16:55 27 noyabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər