Yasəmən, çuğundur, sitron... - Tanrı ətrinin tərkibi

Yasəmən, çuğundur, sitron... - Tanrı ətrinin tərkibi
10 iyun 2020
# 15:12

Kulis.az ətriyyatçı, yazar Murad Məsudun "Ətirli ədəbiyyat" seriyasından növbəti yazısını təqdim edir.

Kudraya ithafən K.
K23.

Məsələn, karantini İsmayıllıda keçirən dostumun əyalət gündəliyindən bir kişinin heç vaxt lotoreya almadığı halda mütəmadi loto verlişlərinə baxması hekayəti...

O adam qazanmaq istəmir, o adamın varlı olmaq hədəfi yoxdur, o, həmin axşam kimlərinsə qazanmağına da sevinmir, onu xoşbəxt edən həmin gecə cekpotun udulmamasıdır.

Bunu sui-zənn kimi də dəyərləndirə bilərsiniz. Amma ətrafımızda bu növ insanlar az deyil. Mütəmadi olaraq kiminsə uğurlarından öncəki şuluğluqlarını, bəzən oğraşlığını, bəzən də fiaskolarını danışmaqdan həzz alırlar, şadəmər olurlar, uşaq kimi atlanıb-düşməkləri qalır:

"Bu müğənnini xaloğlu yaxşı tanıyır ey. Beş şirvan verib bütün toyu oxutdurmuşdu, toydan sonra da elə “qazelin" içində..."

"Qardaşım, bu indi adam olub da, müavin olanda içib hovuza düşmüşdü..."

"Buna bax, məhəllədə daşın üstünə qatıq qoyub satırdı, indi imkanlı olub, adam saymır..."

Bu söhbətləri edən adamlar heç vaxt kimlərinsə uğurunu təkrarlamaq istəmirlər, onun olduğu yerə qalxmaq istəmirlər. Əksinə, aşağı – öz yanlarına endirmək istəyirlər. Bu adamların dərdi xoşbəxt olmaq deyil, kimlərinsə xoşbəxt olmağını dərd ediblər özlərinə.

Tom Robinsin “Jitterburg Perfume" romanından sonra bığına boya qoyan kişi müğənniləri daha çox anlayıram, sanki.

Nə olardı ki, Kral Alobarın da məmləkətində bircə dənə parfümeriya-kosmetika mağazası olardı. Yox-yox, o dövrün kralından gələn vajinal, tərli, kif, tüstü qoxusuna görə narahat deyiləm. Alik bunu irəlidə özü həll edəcək. Dərd orasında idi ki, saç-saqqalına ağ tük çıxan kralı taxtdan endirib, sonra da öldürürdülər. Hələ uşaq ikən öz həmyaşıdlarından fərqlənən Alobar cəld tərpənir, taxtından, xalqından və ölümdən qaçacağnı düşünərək, o ağ tükü qoparır.

Dünyanın tərs tərəfində isə dul qalmış qadınlar əri ilə birlikdə yandırırdılar.

Kudranın on iki yaşı olanda atasıyla birlikdə tütsü xammalları əldə etmək üçün səyahətə çıxır. Bu səyahət Kudranı çox dəyişir, burnu yırtılmış qızlıq zəri kimi açılır, oradan minlərlə qoxunun spermi beyninə süzülür. Sanasan, O, ol demişdi və olmuşdu - səndəl, aqar ağacının bəyaz sarı çiçəklərin və meyvələrin qoxu molekulları onlardan daha kiçik hissələrə ayrılmış Kudranın zərrəciklərini yenidən öz içinə həbs etmişdi. Və bütün bunlar hələ kəşf edilməyən qocalıq qoxusunu formalaşdıran nonenal aldehidi də, kölə Edmondun barmağıyla rostellum qatını ayıraraq mayalandırdığı vanil çubuqlarının qoxusunu da hətta min illər sonrakı kişilərin qadın ağzından duyaraq məst olduğu spirtin qoxusunun da formulunu onun limbik sistemində çəyirdəyə həbs edib.

Amma göydən yağanların yaşatdığı eyforiya uzun çəkmir, bəzən bir gecə keçmədən bəzən isə üç ildən sonra kiçik tanrılar tərəfindən mühakiməsiz, zorla başqa evə aparılmağa məhkumsan. Kudranın halında olduğu kimi. On iki illik evlilik həyatını danışmağa ehtiyac yoxdur, axı şərq insanı olaraq dinə də yamaq olmuş adətlərə az-çox hamımız aşinayıq. Dəhşətlisi əri öldükdən sonra onunla birlikdə yandırılmaq təhlükəsidir. Nəticədə Kudra da ölümdən qaçır.

Ölümdən qaçmayan isə sadəcə Keçi tanrısı Pan idi. Yalvarsa da, ölməyəcəkdi. İnsanlar var olduqca dünyanın harasındasa onu yaşadacaq biri tapılacaqdı. Panın qüssəsinin səbəbi İsa Məsih idi. O doğulduqdan sonra şəhvət, musiqi, məstedicilər tanrısı Pan görünməməyə başlamışdı. Təkcə qoxusundan başqa. Bu qoxu bizim bələd olduğumuz Kamboca udundan daha kəskin, motal üfunətidir.

Allahın Pana verdiyi bər-bəzəyi, şəhvətli bacarıqları qısqanan insanların tək təsəllisi bu qoxu idi. Halbuki işin başında möhlət verilənin cəzası elə insanı qısqanması deyildimi?

Bığına boya qoyan Alobar, beş uşağı evdə qoyub qaçan Kudra üçün indi tək hədəf keçiyə ətir formulu hazırlamaq idi.

Və budur, görünməz Pan insanların yanından keçərkən qaşlarını qaldırırlar, burun pərlərini balağını kənara açıb təzim edən rəqqasə kimi sərgiləyib ona tərəf baxır, üzlərində gizləyə bilmədikləri həzz peyda olur. Sonra da bütün bunlardan utanıb oradan uzaqlaşırdılar.
Zehinlərində isə ota sürtünən cinsi orqanın oyandırdığı duyğuların xəyalı keçirdi.

Qoxu özü danışmalıdır. Qoxu hər kəslə onun öz burun dilində danışır. Onu ifadə edərkən işlətdiyimiz sərin, isti, acı, şirin, ağır etiketləri qoxu lüğətinə kənardan - sonradan daxil edilib.

Mən qətiyyən, "qara sehr", "cadu", "məhrəm", "Paris gecəsi" kimi yaradıcı adları sorğulamıram, mən burnumuza, ruhumuza xitab etməli olan ətirlərin göbəydən aşağı, afrodizyak; "qadağan olunmuş", "adamı şey eləyən" kimi terminlərindən narahatam.

Tanrının ətri – bir ölçü çuğundur poleni, iyirmi ölçü yasəmən esansı, iki ölçü sitron esansı...

Gallery

# 5842 dəfə oxunub

Oxşar xəbərlər

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

09:00 6 dekabr 2024
# # #