Xocalıdan olan yazıçının faciə ilə bağlı hekayəsi - Mətn

Xocalıdan olan yazıçının faciə ilə bağlı hekayəsi - Mətn
26 fevral 2021
# 14:10

Kulis.az əslən Xocalı rayonundan olan yazıçı Mahirin Əsrin faciəsindən bəhs edən “Ana südü” hekayəsini təqdim edir.

Şər qarışanda çıxmışdılar kənddən. Üç saat, hələ bəlkə bir az da artıq idi dayanmadan yol gəlirdilər. Qabaqda gedən Pənah kişi arada dayanır, qoşalülənin çiynindən sürüşən kəmərini geri itələyərək arvadı Sənəm və gəlini Xəzangülün çatmasını gözləyirdi. Qışın ilikləri donduran soyuğu hamısının əhədini kəsmişdi, əsas da Xəzangülün rəngi avazımış, ayaqlarını bəzi yerlərdə dizə qədər çatan qarın içində güclə sürüyürdü. Sənəm gəlininin halsızlaışdığını hiss edib qoluna girdi, ona sarı əyilib yavaşca nəsə soruşdu. Cavab ala bilməsə də vəziyyəti başa düşdü:

- A Pənah, bu qız belə gedə bilməyəcək, sancıları artıb.

Pənah kişi çarəsizliklə dilləndi:

- Mağaraya çatırıq, birtəhər getmək lazımdır. Döz, a bala, az qalıb.

Bütün ömrü bu meşələrdə keçmişdi Pənah kişinin, hər cığırını, hər daşını-dərəsini, hətta ağaclarını bir-bir tanıyırdı. Hansı heyvan, hansı quş hansı tərəfində yuva qurub, harda yaşayır, hansından neçəsi var əzbər bilirdi. Orta məktəbi birtəhər bitirəndə artıq rəhmətlik dədəsi oğlunun oxuyub savadlı adam olmayacağı reallığıyla barışmışdı. Pənah ikiillik əsgərliyini də güc-bəlayla çəkib qayıdandan bir az sonra pay-püşlə Xankəndində meşə idarəsində işləyən erməni dostunun yanına xahişə gedib meşəbəyi düzəltmişdi onu. O vaxtdan otuz yeddi il idi bu meşələrdəydi.

Mağaraya çatanda Pənah kişi əliylə arvadına dayanmalarını işarə elədi. Tüfəngi çiynindən çıxarıb çaxmağı çəkdi, addımlarını ehtiyatla ata-ata mağaranın ağzındakı qaranlıqda yoxa çıxdı və az sonra yenidən döndü:

- Qurda-quşa görə baxırdım, heç nə yoxdu, keçin içəri.

Sənəm qolunu Xəzangülün belindən dolayaraq onu ehtiyatla içəri apardı. Ağ qarın işıqlandırdığı meşəylə müqayisədə mağaranın içi nisbətən qaranlıq olsa da, fevral gecəsinin sazağı yoxuydu burda, əməlli-başlı havalıydı. Pənah kişi köhnə paltosunu çıxarıb mağaranın içinə xalı kimi döşənmiş quru xəzəlin üstünə atdı. Ortadakı iri daşlardan birini mağaranın ağzına gətirdi. Tüfəngini qucağına alıb üzü bayıra daşın üstündə oturdu, siqaret yandırdı.

O dərənin qırağındakı qayalığın dibində yerləşən bu mağaranı neçə il qabaq tapmışdı və yəqin bilirdi ki, buranı başqa heç kim tanımır. Hərdən meşədə çox gəzib yorulanda yolunu burdan salır, öz “malikanəsində” yemək yeyib dincəlirdi. İçəridəki daşları da Pənah kişi gətirmişdi – birini oturmağa, birini də stol əvəzi. Qəribə bir səssizlik, sehrli bir hüzur, hərdən də özünü lap minilliklər əvvəlin ilk insanları kimi hiss edirdi burda.

...Paltonun üstünə uzanmış Xəzangülün sancıları getdikcə artdı. Qayınatasından və qayınanasından abır edərək nə qədər səsini içində boğmağa çalışsa da şiddətli ağrılara dözə bilmirdi. Əvvəl zarımağa, sonra qışqırmağa başladı. Doğum başlamışdı. Sənəm qalın üst paltarını çıxarıb qollarını çirmələdi, gəlinin də bəzi geyimlərini soyundurdu. Çox iştirak eləmişdi doğumda, neynəmək lazım olduğunu bilirdi, ancaq meşənin ortasında, bu boş mağarada ümid yalnız Xəzangülün dözümünəydi.

- Uşaq gəlir!

Ərini xəbərdar elədi Sənəm. Sonra bürüşmüş dəsmalını çıxarıb Xəzangülün boynunu, alnını basmış təri sildi.

- Möhkəm ol, a qızım, dözümlü ol! Gücünü topla, güc ver! Güc ver!

Pənah kişi narahatlıqla arvadından, gəlinindən xəbər gözləsə də oturduğu yerdən tərpənmədən irəli, boşluğa, ulduzlara baxırdı. Oğlunun, bir neçə saat əvvəl öldürülmüş Salamın balasının sağ-salamat doğulması üçün dua edirdi ürəyində. Günortadan başlayaraq kəndin üstünə dolu kimi yağan mərmilərdən sonra axşamüstü ermənilərin hücumu başlamışdı. Səhərdən posta getmək üçün evdən çıxmış Salam həyəcanla içəri gələrək atasına anasıyla Xəzangülü götürüb qaçmasını tapşırmışdı – ermənilər kəndə girirdi. Kəndin kənarına çatanda sonuncu dəfə gördü oğlunu, elə öz evlərinin yanında atışdığı yerdə yıxıldı, ayağa qalxmadı, öldü Salam! Pənah kişi tək bir şey düşünə bildi – yaxşı ki, Sənəmlə Xəzangül görmədi...

Xəzangül sonuncu dəfə möhkəmdən tükürpədici səslə qışqırdıqdan sonra səsi kəsildi. Bu dəfə Sənəmin həyəcanla dedi:

- Şükür, qurtardın, a qızım, şükür! Oğlun oldu! Muştuluq, babası, Salamın oğlu oldu. Balasını saxlayan Allah oğlumu da qorusun inşallah! Başıma xeyir, çağanın göbəyini nəynən kəsəcəm?

Pənah kişi işlənməkdən tiyəsi nəzilmiş qatlama bıçağını cibindən çıxarıb geriyə dönmədən arvadına uzatdı. Az sonra zəif çağa səsi gəldi.

Salam onun dörd qızdan sonra tapdığı tək oğluydu. Qızları çoxdan yerbəyer eləmişdi, nəvələri də varıydı. Salam da bir il əvvəl evləndirmişdi, toy-büsatla Xəzangülü evlərinə gətirəndən oğul nəvəsinin arzusuyla yaşayırdı Pənah kişi. Bu gecə ondan başqa heç kimin tanımadığı mağarada çin olmuşdu arzusu, nə qədər arzularının puç olduğu gecədə...

Sənəm yenə həyəcanla dilləndi:

- Qorxma, a bala, qurban olum, özünü ələ al. Ay Allah, sən kömək ol! Pənah, qan aparır gəlini!

Sənəmin çığırtısı mağaranı başına götürdü. Dəqiqələr keçdikcə Pənah kişinin sapoğunun yanından axan qara maye mağaranın girişindəki qar topasına çatıb göllənməyə başladı. Xəzangülün səsi də, nəfəsi də kəsilmişdi...

Arvadının da səsinin gəlmədiyini görən Pənah kişi nəhayət geri dondü. Sənəm yun jaketinə buruduyu körpəni bağrına basıb bu dəfə səssiz-səssiz ağlayırdı. Yerindən qalxıb Xəzangülün cansız bədəninə yaxınlaşdı, titrəyən əlləriylə gözünü sığadı, başındakı yaylığı açdı, çənəsinin altından gətirərək başının üstündə düyün vurdu.

- Uşağı mayalandırmaq lazımdır, yoxsa yaşamaz...

Sənəm nəsə demək istədi, uşaq çığırdı qucağında. Pənah kişi yenə üzünü mağaranın ağzına çevirdi:

- Ana öləndə də südü yaşayır...

Hər açılan səhər yeni doğulan körpə qədər məsum görünür. Və məsum görünüşlü sabahın ilk anındaca yenə çiynindən qoşalüləsi sallanan Pənah kişi qabaqda, qucağındakı körpə Ümid, Sənəm onun ardınca mağaradan çıxdılar. İki saatdan sonra qarşıda ağ qarla örtülmüş damlarının bacasından tüstü qalxan kənd evləri göründü. Pənah kişi azərbaycanlılar yaşayan bu kəndin müharibənin şiddətindən bir balaca uzaq olduğunu bilirdi...

***

Payız günəşi yatmağa yollanırdı. Ağacların arasında ətrafa boylana-boylana səssizcə irəliləyən hərbi geyimli beş nəfərlik dəstə dərənin qırağına çatıb dayandı. Qabaqda gedən əliylə yanındakılara işarə elədi. Üç nəfər eyni vaxtda dəstədən aralanıb müxtəlif istiqamətdə yoxa çıxdı. Xeyli keçəndən sonra hər üçü yenə eyni vaxtda geri döndü.

- Sakitlikdir, komandir, heç kim yoxdur.

- Azad!

Rəsmi əmrdən sonra komandir daha yumşaq səs tonuyla əlavə etdi:

- Afərin, uşaqlar, böyük iş bacardıq, bugünlük bu qədər, dincəlirik.

- Komandir, bir az yuxarıda mağara var. Əsl bizə görədir, yoxlamışam.

- Əla, sən məsləhət bilirsənsə orda qalarıq.

Tezliklə dəstə mağaranın ağzına çatdı. Komandirin işarəsiylə bir nəfər qapının ağzında dayandı, qalanları içəri girdi.

- Nə qəribə yerdir, elə bil, qədim insanlar yaşayıb burda, sonra nəsilləri kəsilənə yaxın qapısın qıfıllayıb gediblər.

- Sən zarafat elə. Onda bu qəbir də sonuncu mağara adamının qəbridir?

Ağ saçları ilə digər yoldaşlarından seçilən Aydın mağaranın küncündəki qəbri göstərdi. Qəbrin üstünə başdaşı əvəzi üzərinə A.X. hərfləri cızılmış iri bir daş qoyulmuşdu. Dəstənin ən zarafatcılı Ümid qəbrin baş tərəfinə keçdi, əllərini qaldırıb dua oxuyurmuş kimi görkəm aldı:

- A.X., A.X., tapdım, Ambarsunyan Xoren. İlahi, sən Ambarsunyan Xorenin cəhənnəmdəki yerini isti elə, Ata, oğul müqəddəs ruh naminə! Bə bu başdaşının xaçı hanı? İndi çəkərəm...

- Ə, birincisi erməni keşişləri elə dua oxumur, ikinci, bəlkə heç erməni qəbri deyil, bizimkilərindi, görmürsən köhnədi?

Ümid yenə zarafatına davam etdi. Yerdəki xəzəllərdən dəstə düzəldib gül əvəzi qəbrin üstünə qoydu, sonra bardaş qurub mollalar kimi dua oxumağa başladı:

- Onda bir salavat zikr edək.

- Ağayev! Günahdı!

Komandirin səsindən əsəbiləşdiyini hiss edən Ümid sıçrayıb ayağa qalxdı:

- Bağışla, komandir!

- Sənin atan da, anan da minlərlə günahsız insanımız kimi bu yerlərdə şəhid olub torpağa qarışıblar, qəbirləri də yoxdur artıq, hamısını dağıdıblar şərəfsizlər. Bizim ermənilər kimi qəbirlərlə işimiz olmaz. Biz torpağımızı zəbt etmiş, murdarlamış düşmən əsgərlərinə döyüşürük. İndi ən yaxşı bacardığın işlə məşğul ol, məlumatları şifrələ. Əlaqə vaxtına az qalıb.

- Oldu, komandir!

***

Bir azdan hücuma keçən Azərbaycan ordusunun ön cəbhə qərargahına bir həftə əvvəl işğal altındakı ərazilərə göndərilmiş xüsusi təyinatlı kəşfiyyat-diversiya qrupundan şifrələnmiş məlumat daxil old: “Əmrinizə əsasən, Xankəndi yaxınlığındakı silah-sursat anbarı və şəhərin əsas müdafiə batalyonlarının hər ikisinin qərargahı partladıldı. Düşmən əsgərlərinin böyük əksəriyyəti silahlarını ataraq qaçıblar, müqavimət olmayacaq.

“Qisas” qrupu”.

Tezliklə gələn cavab mətni həmişəki kimi rəsmi deyildi:

“Ananızın südü halalınız olsun, aslanlar!”

25.09.2020

# 9859 dəfə oxunub

Oxşar xəbərlər

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

14:00 10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
# # #