Virusa yoluxmuş Novruz - Ayxan yazır...

Virusa yoluxmuş Novruz  - Ayxan yazır...
18 mart 2021
# 10:40

Mən uşaqlığımı başa vurandan sonra bayramlar da öz uşaqlığı ilə vidalaşmışdı. Uşaq vaxtı Novruz bayramı bizim kənddə ayrı cür keçirilirdi; həm sevinirdik bayrama, həm də qorxurduq. Sevinirdik ki, qapı-qapı düşüb papaq atacaq, tonqal qalayıb üstündən hoppanacaq, günü maraqlı keçirəcəyik.

Qorxurduq, ona görə ki, əli zopalı oğlanlar səni araya salıb döyə bilərdilər. Bayramda kəndin cavan-cantaraq, qolu güclü oğlanları hazırlıq görürdülər. Kəndin mərkəzi yerində tamaşa tribunası qurulurdu, müxtəlif personajların paltarlarında kəndin əhalisini şənləndirən oğlanlar onları Novruzun gəlişi ilə təbrik edirdilər. Kənd camaatı da qoşulurdu “rəngli adamlar”a, evdə tapdıqları qəribə geyimləri əyinlərinə keçirib zurna-balabanın səsinə qol qaldırıb oynayırdılar. Xəz dərili geyimlərin üstündə çoxlu sayda zınqırov asılırdı. Yeridikcə əsim-əsim əsirdi zınqırovlar. Səslərinə itlər cavab verirdi: hərəsi bir tərəfdən hürüşürdü. Bu vaxt üzlərində aslan təsvir edən maskalılar qabağa yeriyib nadinc uşaqların üstünə hücum çəkirdi, zopalarla onları vurub yerə yıxırdılar. Təzə-təzə onlardan yaman qorxurduq, sonra elə alışdıq ki, bizi vurmaları üçün az qala yalvarırdıq.

Tale elə gətirdi ki, növbəti Novruz bayramını da Xaçmazda qarşılayası oldum. Şəhərə çıxanda Novruz hazırlıqlarının yerli-dibli olmadığını gördüm. Halbuki buranın camaatı köhnə adət-ənənələri hələ də qoruyub saxlayır.

Qocalar danışır ki, qabaqlar Böyük Çillə günlərində əkin sahəsinə gedib sübh çağı doğan günəşin qarşılanması, şənliklərin keçirilməsi, onun şərəfinə qurbanların kəsilməsi, məclislərin qurulması kimi maraqlı rituallar keçirilərdi. Belə şənliklərdə, adətən, dəvə, öküz, cöngə qurban kəsilərdi. Yerli camaat çay sahilində şənliklər düzəldir, bayram nəğmələri oxuyur və insanlar bir-birinin üzərinə su çiləyirmiş... Novruz bayramından iki gün əvvəl bulaqdan, yaxud çaydan – axar sudan “lal su” gətirilir. Su gətirməyə gedən şəxs qabı əlinə götürəndən ta suyu gətirib evdə iynə salınacaq qaba tökənəcən dinməməlidir. Həmin su şər qarışandan sonra gətirilir və onu gətirən şəxs bir neçə nəfər tərəfindən müşayiət oluna bilər. Suyu qaba tökəndən sonra iki iynənin gözünə pambıq dolayır və hərəsini bir tərəfdən suya salırlar. Sonra iynələrin hərəkəti ilə müəyyən mülahizələr söyləyirlər. Uğurlu halda iynələr müxtəlif səmtlərə hərəkət etsələr də, axırda bir-birinə yaxınlaşıb bitişirlər. Əksinə olanda isə iynələr o tərəf-bu tərəfə gedir və bir-birinə qovuşmur. İynə suyun dibinə çökərsə, deməli, su “lal su” deyil.

Xaçmazda ilaxır çərşənbə də sönük keçdi, ayrı-ayrı kəndlərdə, məhəllələrdə tonqallar qalandı, uşaqlar kiçik bayram sevinci ilə papaq atdılar. Çox güman pandemiyanın gətirdiyi dilxorçuluq və müharibədən sonrakı şəhid xəbərləri bayram sevincini basdırdı. Hiss etdim ki, adamlar şəhidlərə görə bayramı səsli-küylü keçirmək istəmirlər. Hamı öz evinin yanında balaca tonqal qalayıb öz ağırlığını-uğurluğunu alovun qırmızı şöləsinə təhvil verir, dualar oxuyur, sakitcə ilaxır çərşənbəni qeyd edirdilər. Biz balaca xonça düzəltmişdik, səməni belə almamışdıq. Qapımızı döyən uşaqlar da olmadı. Uşaqların səs-küyləri də eşidilmirdi, hardasa uzaqdan eləcə balaca tonqalların çırtıltısı gəlib bizə çatırdı.

Dost-tanışdan, buradakı yaxınlardan da soruşanda eyni cavabı aldım: harda qaldı o əvvəlki Novruz hazırlıqları? Hamı sakit-səssiz, öz köşəsinə, hücrəsinə çəkilib. Bayramın gəlişi o qədər də hiss olunmur. Pəncərədən o tərəfdə yazın ətri isə insanı yaşamağa səsləyir. Yaz bu səfər Novruz bayramının basdırılmış sevinci ilə qapılarımıza yavaş addımlarla yaxınlaşır. Ağaclar qışın soyuqluğundan sivrilib çıxır, otlar yaşıllaşmağa başlayır və torpaq sinə dolusu nəfəs alıb qışı yola salır.

Yaxın tanışlardan biri dedi ki, bəlkə də Novruz bayramı günü, ayın 20-si daha təmtəraqlı olacaq hər şey. Ola bilsin, camaat sevincini o günə saxlayıb. Mən ona yenə də inanmadım. Çünki o sevincin qeyb olduğu il təkcə indiki il deyildi, o sevinc çoxdan haralardasa azdırılıb yoxa çıxmışdı.

Novruz hazırlıqları, ilaxır çərşənbəni isə ən yaxşı ifadə edən bir qohumum oldu. Dedi, o qədər səssizlik idi ki, itlərin ulartısını eşidirdim. Belə... Məncə, pandemiya dövründəki Novruzu ən gözəl ifadə edən cümlə bu oldu.

Bayramınız mübarək olsun!

# 2898 dəfə oxunub

Oxşar xəbərlər

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

09:00 6 dekabr 2024
#
#
# # #