Uşaq tabutunda basdırılan kişi - Günel Natiqdən yeni hekayə

Uşaq tabutunda basdırılan kişi - Günel Natiqdən yeni hekayə
8 iyul 2020
# 18:22

Kulis.az Günel Natiqin "Axirətə qaçan ayaqlar" hekayəsini təqdim edir.


Hamlet yuxunun təsirilə sağa-sola vurnuxdu. Tabutda qonşu kişini gətirirdilər. Göy rəngli dama-dama köynəyi də əynindəydi. Nədənsə ağlına gəldi ki, bu tabut uşaqlar üçün qayrılıb. Onsuz rəhmətlik hündürboy deyildi, amma tabutqayıran lap ağ eləmişdi, kişinin ayaqları tabutdan çölə çıxmışdı.


Kişinin çölə çıxan ayaqlarına baxa-baxa düşündü ki, bu ayaqlar sağlığında getmədiyi bir qarış yer qoymayıb. İndi də nə o dünyaya sığır, nə də bu dünyaya. Nə içəri girə, nə də çöldə qala bilir. Elə bil o dünyayala bu dünya arasında qalıb.
Hamlet əslində bütün həyatını yuxu ilə ayıqlıq arasında yaşayırdı. Gördükləri ya ona yuxu kimi gəlirdi, ya da özünü yuxuluğa vururdu. Bir də görürdü, nahaqq söz danışırar, haqsızlıq edirlər, yetim malı yeyirlər, tez özünü yuxululuğa vururdu. Onda düşünürdü, ölülüyə vurmaq da pis olmaz, sonra içindən bir səs “ağ eləmə” deyirdi. Yəni yuxuyla reallıq arasında qalmaq ona sərf edirdi. Amma indi yerlə göyün arasında qalan rəhmətliyin bu halıyla barışa bilmirdi.
Sonra insanlar aralandılar, tabut lap aydın göründü, tabutdan sallanan bir cüt ayaq da hamının gözünə girdi. Yəni bu qədər yaxından gördülər. Hamı bir-birinə baxdı. Elə ağlaşıb mərəkə qurmaq istəyən Mədinə arvad da susub əlini ağzına apardı. Kişilər xəbərsiz imiş kimi diksindilər, halbuki Adil xəbər gətirmişdi ki, tabutqayıran deyir, əlimdə uşaq tabutudur, materialım yoxdur, borc dəftərinə yazılanların sayı 50-ni ötüb. Çatdıra bilmirəm, deyib. Tabutqayıranın borc dəftərinə düşmək insafdan deyildi, amma nə edəsən, dünya dediyin də buydu.


Sonra kimsə dedi ki, rəhmətliyin onsuz da boyu balacaydı, elə kostyumlarını da uşaq mağazasından geyirdi, ona bəs edər. Bir də gözü-könlü tox adam idi, elə uşaq tabutuna da qane olardı.
Bu yerə gələnə qədər heç kəs ağzını açıb bir kəlmə də deməmişdi, yəqin hərə öz sonunu, öz tabutunu düşünürdü. Ona görə rəhmətliyn tabutdan çıxan ayaqları gözlərinə görünməmişdi.


Yenə də yuxu basdı. Düşündü ki, bu nədisə elə reallıqdır ki var. Yoxsa yuxu bu qədər amansız olmaz. Sonra özünü yuxuluğa vurmaq istədi, amma bu qədər tünlükdə bacarmayacağını düşündü. Tabut elə yerlə göy arasında qalmışdı. Kişilər bir-birini əvəz edir, tabutu çiyinlərinə alırdılar. Bir cüt ayaqsa, özünü göstərirdi.
Bəlkə son mənzilə öz ayaqlarıyla getmək istəyir, - Hamlet demək istədi. Onsuz da onu elə yuxuda zənn edirdilər. Hərçənd özü də yuxuda, ya reallıqda olduğunu bilmirdi.


Gözünün önünə gəldi ki, ömrünün son günündə etibarsız çıxmış ayaqlar rəhmətliyi axirətə qaçırır. Rəhmətlik də bir ömür onu daşımış ayaqlarına son halallıq verməyəcəyini deyib hədələyə-hədələyə etibarsız ayaqların dalınca gedir.
Kiminsə səsi görüntünü pozdu.

- Tabutqayıranı çağırın gəlsin,-dedi, -belə rüsvayçlıq olar?!

Kimsə dedi ki, indi ley-pey vaxtıdır, bu günkü qazancnı bir şüşə araqla qeyd edir.

- Onda yan-yörədəki bomjların da bayramıdı,- kimsə dedi.

Bomjlar qəbiristanın böyründə hərlənirdilər. Gülləri aparıb satır, qəbir üstünə gətirilən şirnilərdən yeyir, elə oradaca başlarını qoyub yatırdılar. Onları ordan qovmaq heç kimin ağlına gəlmirdi.

- Onsuz da Allah onları hər yerdən qovub,- qonşuluqdakı molla deyirdi.

Mollanı xatırlayar-xatırlamaz öz cübbəsində peyda oldu. Uzun-uzadı moizə oxuduqdan sonra belə başa düşdü ki, tabutun kiçikliyindən narazıdır. Sözlərindən anlaşılırdı ki, şəriətdə beləsi görülməyib, təcili rəhmətliyin yerini dəyişmək lazımdır. Yoxsa axirətə gedən yolda cin-şəyatin zərər verər.


Bir yuxulayıb geri dönəndə molla hələ də axirətə gedən yolu təsvir edirdi. Danışdıqca ağız-burnu əyilir, gözləri oyuğunu itirir, Hamlet cin-şəyatini görən kimi olurdu.

- Cin-şəyatinin üzünü belə göstərəcəyi də varmış,- tabut daşıyanlardan biri dedi bunu. Həm də elə sakitcə dedi ki, yuxuyla həyat arasında qalan Hamlet eşitdi bunu.

- Molla, bir çarə! - rəhmətliyin arvadı doluxsundu.

- Əsrlər əvvəl bir sərkərdə varmış, -molla axirəti bir neçə anlığa unudub dedi - bütün dünyanı özünə təslim edibmiş.

Dünyadan köçmək vaxtı gələndə sərkərdənin əli tabutdan qıraqda alır. Bir qoca deyir ki, dünyadan doymayıb, amma mən bilirəm, nə edərəm. Qoca bir xışma torpağı verir mərhumun əlinə, o an sərkərdə əlini içəri çəkir.

- Axır bundan ağıllı söz eşitdik - bayaqkı adam söylədi.

- Mollanın dediyinə şəkk eləməyin, balam, günahdır - bunu da digəri söylədi.

- Bəs ayaqlara nə çarə edək, tarixdə belə şey hələ olmayıb - molla sözünü başa çatdırıb fikrə getdi.

- Molla, başına dönüm, çox gözləyəcəyik? - mərəkəyə hazırlaşan Mədinə arvad sükutu pozdu - O qəbir də orda yazıqdı axı.

Birdən açıq qəbrin qoxusu mollanı aldı:

- Açıq qəbir də axirətdən açılan açıq qapı kimidi, gərək çox da açıq qalmasın, günaha batarıq sonra – molla dedi.

Bunu deyəndən sonra tabut aparanlar döyüşə gedən əsgər kimi irəlilədilər.

Qadınlar rəhmətliyin ayaqları gözdən itənə kimi tabutun dalınca baxdılar. Kimsə dedi ki, üşüməsə yaxşıdı, kimsə dedi ki, indi üşüyüb-üşüməməsindən nə fayda, üçüncüsü hansısa kitabda ölülərin də basdırılana qədər müəyyən hissləri keçirdiyini söylədi.

Açıq qəbir gələnləri gözləyirdi. Hamlet bir anlıq fikirləşdi ki, bir azdan hamı boş qəbir axtaracaq. Amma avtobus kimi burda da elə basa-bas düşəcək ki, ağız deyəni qulaq eşitməyəcək. Zirəklər boş qəbirləri qucaqlayıb duracaq. İndi çıxart görüm, bunları öz halal qəbrindən necə çıxarırsan.

Elə indi ağlına gəldi ki, başqa məmləkətlərə qaçanlar həmən qəbirlərdən qaçır. Kim bilir, bəlkə də kiməsə elə gəlir ki, boş qəbir onu təqib edir.

Sonra fikirləşdi ki, tabutqayıranın borc dəftərinə düşməkdənsə elə belə yaxşıdır.
Hamlet yenə istədi, özünü yuxuluğa vursun, gördü, mollanın nəzərləri çəkdi onu. Molla boş qəbrə yaman baxırdı. Hansısa kitabda oxumuşdu ki, (bəlkə də yuxuda görmüşdü) qəbrin insanı çəkməyi var.
Rəhmətliyi qəbrə qardaşı quyladı. Adamlar meyitin ayaqlarını görməyib bir az rahat oldular. Hamlet fikirləşdi ki, material qıtlığı, tabutqayıranın alkaşlığı boş şeydi, rəhmətlik yalın ayaqlarıyla etdiyini edib, indi hər şey onların umuduna qalıb.

Mərhumu son mənzilə aparanlar qəbrin üstünə torpaq atıb son borclarını verdilər. Boş tabutu götürüb yola düzəldilər. Elə bu saatlarda Mədinə arvad mərəkəyə başlayacaqdı.

# 4650 dəfə oxunub

Oxşar xəbərlər

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

14:00 10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
# # #