Soyadı olmayan, sevdiyi qadını ərindən ayıran, aqibəti bilinməyən professorumuz

Soyadı olmayan, sevdiyi qadını ərindən ayıran, aqibəti bilinməyən professorumuz
15 may 2020
# 14:33

Bu gün məşhur ədəbiyyatşünas-alim, türkoloq, filologiya elmləri doktoru, professor Bəkir Çobanzadənin doğum günüdür. Kulis.az bu münasibətlə alimin həyatı ilə bağlı maraqlı faktları təqdim edir.

***

Bəkir Çobanzadə 1893-cü il mayın 15-də Krımda, Tavrida vilayəti Simferopol qəzasının Qarasubazar şəhərində anadan olub.

***

27 yaşında filologiya elmləri doktoru dərəcəsini qazanıb.

***

Atası çoban olan Bəkir özü də 14 yaşına qədər çobanlıq edib. Atasının maddi imkanı olmadığı üçün övladlarını oxuda bilmir. Bəkir isə uşaq yaşlarından bir mollanın yanında işləməyə başlayır. Ərəb dilini öyrəndikdən sonra Quranı qiraət etməyə, Şərq klassiklərinin əsərlərini oxumağa başlayır.

***

Məktəb illəri ilə bağlı xatirələrin birində yazılıb ki, imtahan vaxtı növbə Bəkirə çatanda müəllimi, şair Həsən Səbri onu irəli çıxmağa çağırır. Amma uşaq əynindəki yamaqlı geyimdən utandığı üçün yerindən tərpənmir. Bunu başa düşən müəllim Bəkirə yaxınlaşır və ona bir-birinin ardınca mürəkkəb suallar verir. Sualları cavablandıran uşaq Həsən Səbrini təəccübləndirir və o, həmkarını yanına çağıraraq deyir:

- İsmayıl bəy (İsmayıl Qaspiralı nəzərdə tutulur), sən Allah, bir baxın, burada bir dərya var!

Uşaqdan adını və soyadını soruşurlar. Adını deyir, amma soyadı olmadığı üçün duruxub qalır...

Yoldaşları onun kəndin qurd ürəkli çobanının oğlu olduğunu söyləyirlər. Müəllimləri də belə qərara gəlirlər ki, onun soyadını "Çobanzadə" yazsınlar.

***

Krım Universitetinin rektoru təyin olunan Bəkir Çobanzadə 1924-cü ildə Azərbaycan hökumətinin dəvəti ilə Bakıya gəlmiş, BDU-nun professoru seçilmiş, 1929-cu ilə qədər burada kafedra müdiri və dekan vəzifələrində çalışmışdı.

***

Bəkir Çobanzadə Azərbaycan dilçiliyinin əsasını qoyan alimlərdən biri olub.

***

Krımda rektor vəzifəsində işləyərkən Krım mirzələrindən Əli Bulqakovun ərdə olan qızı Dilarə xanımla eşq yaşayır. İlyas Mirzə Kıpçakski ilə ailəli olan Dilarə xanım qısa zaman sonra ərindən ayrılıb Bəkir Çobanzadə ilə ailə həyatı qurur. Dilarə xanımın ilk həyat yoldaşından olan oğlu Mustafanı oğulluğa götürür. Çobanzadə Dilarə xanımla birlikdə Bakıya gəlir. Lakin onların ailə həyatı uzunömürlü olmur. 1926-cı boşanırlar. B.Çobanzadə 1930-cu ildə Azərbaycan Opera və Balet Teatrının solisti Ruqiyə Qireyevna Abdulina ilə ailə həyatı qurur. Bəzi araşdırmaçılar iddia edirlər ki, Ruqiyə xanımın Çobanzadədən 1941-ci ildə Qirey adlı bir oğlu dünyaya gəlib. Halbuki onun ölüm tarixi kimi 1938 göstərilir.

***

1930-cu ildən Bəkir Çobanzadəyə təzyiqlər başlayır. Onun ailəsindən sağ qalan yeganə bacısı Zəlixaya da təzyiqlər edirlər. 1933-cü ildə müəllimə işləyən Zəlixanı məktəbdən qovurlar.

***

Hakim dairələr tərəfindən 7 il izlənən alimi şərləmək üçün fürsət gəzirlər. Nəhayət onu 1924-cü ildən Bakıda ya­şadığı dövrdə əksinqilabi millətçi fəaliyyətdə olmaqda günahlandırırlar. 1937-ci ilin sonlarında Kislovodskda, dincəldiyi "Qornyak" ("Mədən fəhləsi") sanatoriyasında həbs edilən alim, əvvəlcə Pyatiqorsk həbsxanasında saxlanılır, sonra Bakıya gətirilir.

***

B.Çobanzadə Bakıya gətirildikdən sonra fevralın 7-dən avqustun 25-dək üst-üstə 57 dəfə dindirilməyə aparılıb.

***

Çobanzadənin istintaqında o dövrdə qəddarlığı ilə ad qazanmış Qriqoryan, Ohanesov və Zıkov iştirak ediblər. Gördüyü ağır işgəncə və əziyyətlər altında Azərbaycanı Sovet Hökumətinin tərkibindən ayırmağa cəhd etdiyini, Kommunist Partiyasının sədri Mircəfər Bağırovu öldürmək istədiyini, xarici dövlətlərə casusuluq etmək və böyük Turan dövləti qurmaq üçün digər respublikalardakı ziyalılarla əlaqələr yaratdığını “etiraf” edib.

***

1937-ci ildə haqqında arayış tərtib edilib və B.Çobanzadənin Voroşilov küçəsində yerləşən 3 saylı mənzilində axtarış aparırlar. Həmin axtarışın şahidi olan, müttəhimin arvadı Ruqiyyə Qireyevna Çobanzadə sonradan danışırdı ki, alimin əlyazmalarını, kitablarını balkondan (ikinci mərtəbədən) aşağıda dayanmış yük maşınının içinə atdılar.

***

Tarixi mənbələrə görə Moskvadan gələn üç nəfərlik heyət tərəfindən 1937-ci il oktyabrın 12-də 20 dəqiqəlik istintaqdan sonra onun taleyi həll olunur. Haqqında güllələnmə əmri imzalanan Bəkir Çobanzadə 1938-ci ildə oktyabrın 13-də Xaçmazda güllələnir. Lakin bəzi türk mənbələrində onun sürgün olunduğu, 1939-cu ildə Sibir soyuğuna dözməyərək öldüyü bildirilir.

***

Həyat yoldaşı Ruqiyə 1937-ci il 14 oktyabrda həbs olunub. Tezliklə ona da vətən xaininin ailəsi damğası vurulmuş, islah-əmək düşərgəsində 8 il müddətində həbs cəzasına məhkum edilmişdi. Ruqiyə xanımın həyatı haqqında az məlumat var. Yalnız o məlumdur ki, 1955-ci ildə Qazaxıstandan sürgündən qayıtdıqdan sonra Xaçmaz rayonunda musiqi müəllimi işləyib.

***

Bəkir Çobanzadənin qəbri məlum deyil.

# 40576 dəfə oxunub

Oxşar xəbərlər

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

14:00 10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
#
#
# # #