Sevdiyi qız ona gizlincə tort bişirtmişdi - Gülsatan qız bu gün ad günü olan şəhiddən danışır...

Sevdiyi qız ona gizlincə tort bişirtmişdi - Gülsatan qız bu gün ad günü olan şəhiddən danışır...
15 may 2021
# 15:49

Onu sizə tanıdım... Gülsatan qız!

Bu gün mayın 15-dir, şəhid Oqtay Səfərovun doğum günü qeyd olunur doğulduğu kənddə, məzarının üstündə. Ancaq xalamın halını özündən soruşa bilmirəm, gedib gözlərimlə də görməyə tabım yoxdur. Qonşularının qızına yazıb soruşuram:

- Ordasan? Məzarlıqda?

- Yox - deyir, işdəyəm mən. Və soruşur:

- Gülləri gördünmü, bacı. Mən hazırlamışam. Sonra kədərli bir emoji yollayır.

Gördüm - deyirəm və ayaqüstü vatsap söhbətinə başlayırıq.

- Gülləri ailələr bağlatdırır, ya İcra?

- Yox, ailələr. İcra dəfndə əklil aparmışdı. Zülfiyyə xala dəmirini özü hazırlatdırdı, mən güllərini alıb yığdım.

- Son vaxtlar heç xoş günlər üçün gül bağlatdıran var ?

- Orucluq idi, yox idi. Ondan qabaq hərdən-birdən olurdu.

- Saatlı rayonunun neçə şəhidi oldu Vətən müharibəsində?

- Otuz üç.

- Hamısına gülü sən bağlamısan?

- Hamısına desəm, yalan olar, çoxuna mən bağlamışam. Ancaq hamısının qərənfili burdan gedib. Hardasa iyirmi şəhidin məzarına əklil yığmışam, şəhid Anar üçün xalça hazırlamışam. Şəhidin adından anasına gül yığdıran olub.

- Rayonda cəmi bir gül mağazası var ?

- Hə, bu mağaza rayonumuzda təkdir. Ehtyac olduğu üçün açılıb.

- Mağazanın yəqin ki, çox optimist adı var, hə?

- “Edelvais” adlı gülün adından götürülüb.

- Heç eşitməmişdim. Necə güldür ki, bu?

- Qafqazda bitən dağ çiçəyinin adıdır. Həm də Hitlerin Zaqafqaziyanı işğal etmə planının adı olub.

- O gülün adı da müharibəyə bağlıdır ki! Səncə, öz güllərimizin adı qala-qala niyə mağazaya belə ad veriblər?

- Müdirimiz Vüsalə xanım tarix müəlliməsidir, tarixə, keçmişə meylli biridir. Həm də bu çiçəyin başqa anlamı da var. Azadlıq çiçəyi anlamını da verir.

- Yəqin ki, azadlıq çiçəyinin özü satılmır mağazada?

- Nə üçünsə sualın üstündən keçir Nurtac. Ancaq mən cavabı bilirəm onsuz da.

- Nurtac, şəhidlərdən hansısa sağlığında doğma qadınlar üçün gül bağlatdırıb? Xatırlayırsan?

- Yox. Bizim mağaza cəmi iki ildir açılıb. 2019-cu ilin oktyabrından. Bir az işləmişdik ki, karantin başladı, sonra müharibə.

- Arzulayırsan ki, toy olsun. Sən xoş günlər üçün də gül bağlayasan? Gəlinlər üçün gül dəstələri düzəldəsən?

- Şəhidlərin ili çıxmamış arzulamıram. Ailələr kiçik yığıncaqlar etsinlər. Ancaq böyük yığıncaqları yox. Şəhidlərin anaları, yoldaşları onları görüb qəribə hisslər keçirirlər, mən də pis oluram.

- Amma belə də davam edə bilməz. Xalq əbədi yas içində qala bilməz ki. Subaysan, özün üçün təmtəraqlı toy arzulamırsan?

- Təbii ki, yas içində qalmaq olmaz. Bir müddətdən sonra həyat yavaş-yavaş öz axarına düşəcək. Demirəm hər şey unudulur, ancaq öyrəşirsən.

- Oqtayın ad günüylə bağlı əklili hazırlamaq asan olmadı, hə? Qapıbir qonşu idiniz. Bir məktəbdə oxumuşdunuz.

- Keçən il bu vaxtı qonşularla xəbər etmədən ad gününə getmişdik, sürpriz eləmişdik. Sevdiyi qız da özündən xəbərsiz tort bişirtdirmişdi, çox sevincliydi. Elə sevinirdi ki, deyirdin sevincindən qanadlanacaq. Kaş onun toyunda sevdiyi qız üçün gül bağlayaydım. Belə yarımçıq qalmayaydı həyatı.

- Kaş dediyin kimi olaydı. Biz onun toyunu müzakirə edəydik. Gəlin üçün yığdığın gül dəstəsindən danışaydıq. Nurtac, çox gəncsən. Həssas qəlbin var. Elə bir işdə işləyirsən ki, həyatın həm kədərli, həm sevincli üzü ilə qarşılaşırsan. Güllər insana həm kədərdə, həm sevincdə yoldaşdır, elə deyil?

- Hə, elədir. Eşitmişəm ki, qərənfili “20 yanvar faciəsi”nə qədər oğlanlar görüşə gedəndə sevdikləri qızlar üçün aparırmışlar. İndi illərdi məzar gülünə çevrilib. O gülün özü məni o qədər kədərləndirir ki! Hər gün o gülə toxunuram, məndə kədərli hisslər oyadır.

- Nurtac, arzu edirəm ki, xoş günlərimiz üçün daha çox gül dəstəsi bağlayasan. İnsanlar səni sevincli günlərin gülsatan qızı kimi xatırlasınlar.

- Amin!

# 5145 dəfə oxunub

Oxşar xəbərlər

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

14:00 10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
# # #