Kulis.az gənc yazar Kazım Kazımoviçin “Qadının ən gözəl göründüyü an” yazısını təqdim edir.
İndi kosmetika satışı ilə məşğulam sevgili,
artıq bilirəm al yanaqlarının sirrini…
İsti ölkələrdən əliboş və yorğun qayıdan göylər gözəli Günəşin şəfalı şüaları yerlər gözəllərinin üzündəki makiyajı silmək cəhdi ilə bizi hansı sirdən agah etmək istəyir, görəsən?
Ömrümün gümüş dövründə online kosmetika satışı ilə məşğul olmuşam. Xidmətimizin büdcəsi az olduğundan kuryerliyi də özümüz edirdik. Döydüyüm qapıları barmaqlarım, gördüyüm üzləri gözlərim hər nə qədər dumanlı xatırlasa da, sinəmə çəkilən xatirə dağlarının uca zirvələri hələ də görsənir, düşündükcə xatirələr bir-bir gəlib düşür yada;
Bakıda keçmədiyim küçə, blokuna addım atmadığım bina qalmamışdı az qalsın.
Müştərilərimiz gənc qızlar olurdu əksər fövqəladə hallarda.
Üzünü, özünü başqalaşdırmaq istəyənlər.
Qadın - baxımlı olmalıdır fəlsəfi fikrinin sadiq sələfləri…
O miskin dönəmlərdə həyatımın keşməkeşli hissəsinə sığdırdığım bir qız vardı. Sözü gedən qız da bu sələflərin içindən düşmüşdü taleyimin baharına yaz yağışında.
Bir yerdə ömrü badə verdiyimiz günlərin hər birində ona bacardıqca makiyajdan uzaq olmağı tövsiyə edirdim. Görürdüm, tərslik edir, məsləhət görürdüm. Ki, təbii olmaq başqa aləmdir,
xanım qız. Cavabı isə həmişə standart olurdu; biz ilk dəfə rastlaşanda sən məni makiyajlı halımla görüb bəyəndin. Əgər orada elə olmasaydım bəlkə də heç baxmazdın mənə.
Tövsiyə və məsləhətlərimin alt qatında yatan mətləb bundan ibarət olurdu ki, dodaq boyasının ömrü öpüşənə, makiyajın digər hissələri tərləyənə qədərdir. Mən səni başqa müstəvilərdə gözəl görürəm və görmək istəyirəm. Uzun-uzun illərin unudulmaz qadını isə məndən bu düşük (Onun təbirincə desək – K.K.) fəlsəfəyə elmi sübut istəyirdi.
Məndə hardan idi ömrün gümüş dövründə elə intellektual cavab?
Mən sadəcə hiss edirdim ki, bu, belədir. Gözə görünməz ilham pəriləri xəyali qulaqlarıma bu həqiqəti poetik şəkildə vəhy gətirsələr də, elmi sübutları yanlarında olmurdu. Belə baxanda niyə olsun ki? Elm hara, poetika hara? (Qoca tənqidçilər üçün zəruri qeyd: Poetika deyirəm Poeziya demirəm)
Zaman keçdi, çağ dəyişdi, o qız getdi…
Ürkək qədəmlərimi ömrün qızıl dövrünə basanda əlimə üç qədim kitab düşdü. Cəhənnəmxislət yay günortalarının birində bu kitablara nəzər salmaq qərarına gəldim. Oxuduqca lal sətirlər dilləndi:
Sən demə, mənim daxili səsim yanılmırmış. Tarix özü də bunun belə olduğunu söyləyirmiş.
Kölnümdən keçdi ki, zəng edib dahi ədası ilə deyim, gördün, mən deyəndir? Deyim, bəs mən sənə deyirdim axı, bizim kölgələrimiz “boş ev”lərin lal divarlarında birləşəndə sən daha gözəlsən mənim üçün. Niyə mənə inanmadın, ey zülfü pərişan?
Qəfil yadıma düşdü ki, qızın nömrəsi də qalmayıb, bir zamanlar içimi titrədən sevgisi də...
Sözümü ona çatdırmalı idim. Yoxsa isti yay gecələrində gözlərimə yuxu getməzdi. Bilirdim, ədəbiyyat saytlarını izləyir. Hər nə qədər materialist yanaşsa da, sözü bilənlərdən idi. Ədəbiyyatı sevirdi, məhz o səbəbdən də məni seçmişdi.
Ona məktub misalı belə bir yazı yazdım. Ölkənin ən parlaq ədəbiyyat saytına göndərdim. Əgər siz bu yazını oxuyursunuzsa, demək, sayt yazını dərc edib. Burdan öz dərin təşəkkürümü bildirirəm. Əgər siz bu yazını oxuyursunuzsa demək, o qız da oxuyub…
Bütün yeni kəşflərə hələ də qəh-qəh çəkib baxan Qədim Misir piramidalarının dəhliz divarlarındakı yazılara görə: Makiyaj - bir qadının üzünü, orqazm əsnasındakı halına bənzətmək üçün edilir;
Qırmızı dodaq boyası - Dodaqların dişlər arasında sıxılıb şişmiş və qanla dolmuş halını,
Yanaqların allığı, üstəgəl parıltı - Dərinin tərləmiş və sürətli qan dövranından (Oxuyun: Şərti utancaqlıqdan) qızarmış halını,
Gicgaha tərəf uzanan göz qələmi (sürmə) - qadının yarı-yarıya bağlanmış (qıyılmış) göz qapaqlarını təqlid etmək üçün ortaya çıxıb.
Qədim Misir psixoloqları Nil çayı qədər uzun-uzadı fikirlərin ardından bu qənaətdə idilər ki, qadının ən gözəl göründüyü an, məhz orqazm olduğu andı.
Bu əntiqə qənaətdən ilhamlanan ol zamanların modern rəssamları saray təbibləri ilə əlbir olub dəriyə zərər gətirməyəcək boyalar hazırladılar.
Rəssamların məqsədi bu nəfsani gözəlliyi qadın üzündə süni şəkildə yaratmaqla onu hər daim "Ən Gözəl Göründüyü Anda" saxlamaq idi. Qoca zaman Nil çayı boyu ötdükcə makiyaj müstəqil sənət sahəsinə çevrildi, ali məqsədi unuduldu; o qədər unuduldu ki, onu unudanlardan, nəinki, şəhər salmaq, hətta yer kürəsini doldurmaq olardı.
Necə ki, indi biz "onu" unudanların dünyasında yaşayırıq.
Baxışlarımı qədim kitabələrin sehrli vərəqlərindən çəkib, üzümü mavi göylərə, səmavi göylərə tutduğumda, yorğun Günəşin mənə istehza ilə göz vurduğunu sezdim.