O, şairdi... - İlham Əziz yazır

O, şairdi... - İlham Əziz yazır
29 avqust 2021
# 11:18

Evimizin qarşısında “Ləzzət” adında kafe var. Müştəriləri yaşlılardı. Mənə elə gəlir ki, burda yemək yeyib həzz almaq üçün uzun ömür yaşayıb, dadı ləzzəti ayıra bilməlisən.

Bu ildən mən də dadanmışam bu yerə. Yəqin qocalıq mənə də qalib gəlir. Mən o kafenin nə zillətlə başa gəlməsini öz gözlərimlə görmüşəm. Camaat şikayət edirdi, "papkalı"nın biri gəlirdi, biri gedirdi. Hər qoltuğu "papka"lı gəlib gedəndə kafenin sahibi ora bir fidan basdırırdı. İndi buralar hündür ağacların altında, sərin bir guşədi.

Bu guşəyə təzə ayaq açanlardan biri də Nadir Yalçındı. Onu deyə bilərəm ki, Nadir bu kafenin ən gənc müştərisidi. Tanışlığımız qısa vaxtı əhatə etsə də, mən bu adama bağlanmışam.

O şairdi, daxilən fırtınalı, amma çox kövrək. Dünyada onu küsdürməkdən asan şey yoxdu. İki hekayəsini də oxumuşam. Bu yaşda keçirdiyi hisslər, yaratdığı fon özü kimi nadirdi.

Adamın içində nə qədər sevgi olar?

Onun ən böyük üstünlüklərindən biri Azərbaycan ədəbiyyatı və incəsənətinin dünyadan köçmüş nümayəndələrinə olan məhəbbətidi. Bəlkə də onlar o dünyadan əl-ələ verib Nadirə dua edirlər.

O şairdi, sevdiyi qız da onu atıb. Şairdi axı, hamı onu uzaqdan sevməyi üstün tutur. Bu balaca cüssəli oğlan hər məclisdə önə çıxır. Niyəsi bəllidi. Həm bilgilidi, həm də gözəl oxumağı var. O “Çoban qızı”nı oxuyanda, qızdan çox gəzdiyimiz çöllər, bərəkətli zəmilər, bir də o qızın qayçısı gözümüzə görünür bizi məst edir. İndi onunçun da darıxırıq.

Deyirəm, ay Nadir, az idi darıxdıqlarımız, sən də bu yandan gəldin.

Fikir vermişəm araq içəndə ilk qədəhdə necə ağzını turşudursa, elə bilirəm ikincidə tövbə edəcək, amma etmir, ağzını turşuda-turşuda içir, piyan olmur, gözəlliklərdən danışır. Bəlkə də ağzını elə turşutmasa o gözəl şeyləri xatırlaya bilməz.

Bir də Nadirin dilindən düşməyən nənəsi var, özü də Nadir onunla bir yerdə yatır.

O nənəsinin körpəsidi. Ondan çox danışır, sitat gətirir. O nənə artıq bizim də nənəmizdi. Nadirin yazdıqları onun laylasıdı.

Nadir bu dünyada bir dəfə yaşamış adam təsiri bağışlayır. Əsil-nəslində nə qədər söhbət var bilir. Amma fikir verdim, o söhbət ki, ədəbiyyata gəlir, onu bilir, onu unutmur. Bu onun hansı “kəndin” adamı olduğunu göstərir.

Bu gün onun doğum günüdür. O mənə yaşlılar kafesi zillətlə başa gələndə gizlin əkilən fidanları xatırladır, elə bilirəm onlardan biridir, adam qiyafəsində gəlib oturur öz yerində. O, həm də ədəbiyyatımızın fidanıdır. Gün gələcək Nadirin iri Qovaq ağacı kimi şəffaf kölgəsində gözəl-gözəl fidanlar əmələ gələcək, ondan ilham alacaq, bəhrələnəcəklər.

# 5384 dəfə oxunub

Oxşar xəbərlər

Səhnədə üsyan, mağazada moda – Qranj necə özünə xəyanət etdi?

Səhnədə üsyan, mağazada moda – Qranj necə özünə xəyanət etdi?

18:40 6 oktyabr 2026
"Ömrümdən nə qaldı vəfasız dünyada?" - Məşhur "Əlvida"nın pərdəarxası

"Ömrümdən nə qaldı vəfasız dünyada?" - Məşhur "Əlvida"nın pərdəarxası

15:00 6 oktyabr 2026
Alman romantizminin vizual manifesti - "Duman dənizi üzərində səyyah"

Alman romantizminin vizual manifesti - "Duman dənizi üzərində səyyah"

14:00 5 oktyabr 2026
“Xoşbəxtlik — bir təlxəyin söyüşsüz keçən günü” - Elçin Məhərrəmin yeni şeirləri

“Xoşbəxtlik — bir təlxəyin söyüşsüz keçən günü” - Elçin Məhərrəmin yeni şeirləri

14:00 4 oktyabr 2026
İnancın ən ağır sınağının təsviri - "İshaqın qurban verilməsi" tablosu

İnancın ən ağır sınağının təsviri - "İshaqın qurban verilməsi" tablosu

13:30 4 oktyabr 2026
"Yenə görüşəcəyik gələn ildə..." - Anar

"Yenə görüşəcəyik gələn ildə..." - Anar

13:10 2 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər