Küçədə rəqs edən aktyor dəlidirmi?

Küçədə rəqs edən aktyor dəlidirmi?
16 iyul 2021
# 12:40

Küçədə rəqs edən aktyoru təpikləyənlər: Kulis.az Ayxan Ayvazın “Rəngdən qorxan bozluğun faciəsi” yazısını təqdim edir.

Yadıma düşür, bir dəfə Tiflisdə dostumla yolu keçirdik. Üstü-başı rəngli, pırpız saçlı bir oğlan piyada keçidində qabağımıza çıxdı və başladı rəqs eləməyə. Maşınlar saxladı, siqnal səsləri eşidildi. Biz oğlanın yanından keçib getmək istədik, aman vermədi, addım atdığımız hər istiqamətdə qabağımızı kəsir, gülümsünür və qeyri-adi rəqsinə davam edirdi. Maşınlar da siqnal verməklə o oğlana dəstək verirdilər. Bir azdan hamı yığıldı böyür-başımıza. Foto çəkdirən kim, bu anları videoya qeyd edən kim, oğlana qoşulub rəqs edən kim. Və qəfildən rəqs edən oğlan dayandı, sanki güllə dəymiş biri kimi yerə sərildi. İki-üç adam da gəlib onu səkiyə çıxardılar.

May be an image of 2 people, including Elmin Badalov, people standing and outdoors

Bu küçə performansı idi. Maşınlar siqnal verdilər, sürücülər, böyür-başımıza yığılanlar da alqışladılar, fit çaldılar. Sonra hamı öz işinə getdi, həyat əvvəlki axarına qayıtdı.

O günləri Bakıda müstəqil ADO teatrının yaradıcısı, rejissor, aktyor Elmin Bədəlov da küçə performansı elədi. Lakin Tiflisdə gördüyümün əksi baş verdi. Hamı Elminə “başı xarab”, “narkoman”, “dəli” kimi baxdı, başlarını bulayıb getdilər. Mühafizəçi də, polis də Elminin performansını anlamayıb onu hadisə yerindən uzaqlaşdırdılar. Elminin təkbaşına hazırladığı küçə performansına cəmiyyət özü qoşuldu və ortaya qəribə, tragikomik mənzərə çıxdı.

May be an image of 2 people, including Elmin Badalov, people standing and outdoors

Bu söhbət sosial şəbəkəyə yayıldı və hamı Elminin sənət göstərmədiyini iddia etdi. Yaxşı, deyək, sənət deyildi. Bəs o münasibət nə idi? Adam nə edib ki? Sadəcə küçədə rəqs edib. Başqa biri də düzəliş edir: küçə deyildi, yoldu, nəqliyyatı iflic eləmişdi, maşınlara problem yaradırdı.

Dünyanın hər yerində bu cür küçə performansları gündə yüz dəfə baş verir. Nə var ki burda? Yol qaydalarını pozur nədi? Guya yol qaydalarını küçə performansı pozur yalnız? Qalan hər şey qaydasındadır? Özü də adı üstündədir: küçə performansı. Uzağı beş dəqiqə eləyib işini bitirəcək və çıxıb gedəcək.

Yaxşı, deyək, yolda olmaz. Bəs “Qış parkı”? İkinci dəfə Elmin “Qış parkı”nda həmin performansı təkrarladı. Yenə də eyni münasibəti gördü. Onun mədəni aksiyadakı fotolarına, videolarına ürəkağrısıyla baxırdım.

Camaatın reaksiyası kədərlidir. Sən də qoşul da onun performansına. Əylən, gül, bir neçə dəqiqəlik xoşbəxt ol. Burda nə var ki? Onsuz da aqressiv cəmiyyətik, əsəbimizi tökməyə yer axtarırıq. Bu cür performanslar insanlara pozitiv enerji ötürmək üçündür. Başqa şəhərlərdə insanlar bu cür küçə performansı ilə qarşılaşanda videoya çəkir, özləri də qoşulur o aktyora, şəkil çəkdirirlər. Bizdə isə ən yaxşı halda başlarını bulayır, dəli olduğunu zənn edirlər. Hətta üstünə hücum çəkib dartışdırırlar.

Olmaz belə.

Vallah olmaz!

Hamı “sənət, sənət” deyir. Guya bunlar sənət dərdindədirlər. Oxuduqları kitablar Den Braun, Qaraqan, Rövşən Abdullaoğlu, baxdıqları filmlər də əttökən seriallar.

Siz nə vaxt sənət üçün davaya çıxdığınız, sinənizi qabağa verdiniz?

Sənət üçün nə etdiniz?

Sizə təqdim olunanı rahatca həzm elədiniz və adına sənət dediniz.

Məsələ çox sadədir, mürəkkəbləşdirməyə dəyməz: küçədə performans göstərən biri dəli kimi təqdim olunur və onun küçədə performans göstərilməsinə icazə verilmir. Vəssalam. Yoxsa burda sənət söhbəti getmir. Yəni sənət söhbətini qabağa çəkərək küçə permormansı edən aktyorun haqsız olduğunu iddia etmək doğru deyil. Sənət nisbi anlayışdır. Məsələ fərqlilikdir, bəzəkdir. Monoton, sıxıcı, təkrar günlərin üstünə rəng sıçratmaqdı.

Biz cəmiyyət olaraq bu cür mədəni aksiyalar görməmişik. Ona görə də bizə bu cür küçə performansları dəlilik kimi gəlir. Halbuki küçə performansları şəhərlərin yaraşığıdır. Şəhərlər bu cür mədəni aksiyalarla maraqlıdır.

Elmin Bədəlov pandemiyadan sonra daha da bozlaşan mühitimizi təkbaşına rəngləmək istəyir, biz isə ona “dəli” deyirik, üstünə hücum çəkirik, qovuruq, itələyirik...

Bu yaxınlarda qarşıma bir video çıxmışdı. Azərbaycanlı yutuber trenddə olan bayağı mahnıların fonunda qeyri-adi rəqs edirdi. Dayanacaqlarda, parklarda, bankomatların qabağında... İnsanlar ona maraqla tamaşa edirdilər.

Mən o oğlanın bu pozitivliyindən yaxşıca ilham aldım. Çox sevdim o gənci. Bu cür sıxıntıların, dərdin-qəmin içində bizi güldürəcək, əyləndirəcək bir şey tapan adamlara qucaq açmalıyıq, onlara təpik atmalı deyilik.

Bezmədinizmi eyni rəngdən?

Bəlkə bir az da başqa rənglərə tamaşa edəsiniz.

Olmazmı?

Boz rəngə çalan və rəngsizləşən həyatımıza rəng qatan insanları sevməyə çalışaq.

Onları sevin!

Mütləq sevin!

Bir gün onları sevəcəksiniz!

# 4546 dəfə oxunub

Oxşar xəbərlər

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

14:00 10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
# # #