Kötük baba - Xəyal Rza yazır...

Kötük baba - Xəyal Rza yazır...
14 iyul 2021
# 17:52

Kulis.az Xəyal Rzanın “Kötük baba” hekayəsini təqdim edir.

Gözlərimi dünyaya açanda anam, atam, qardaşlarım heç biri bu dünyada yox idi... Qohumlarımın çoxu qırılmışdı. Sağ qalanlar isə əlil idilər - müharibə əlili.

“Müharibə əlili...” bundan bir az balaca olanda müharibə əlili olan babamdan tez-tez bu sözün mənasını soruşurdum: “Müharibə nədir? Əlil nə deməkdir?” O isə hər dəfə cavabında “sən hələ balacasan, böyüyəndə bilərsən” deyirdi.

Qohumlarımızın, qonşularımızın, babamın üzü gülməzdi heç vaxt. Xoşbəxt deyildilər sanki. Belə məsələlərdən o qədər başım çıxmasa da, hiss edə bilirdim. Onların üzündə həmişə bir nigaranlıq, həsrət, nisgil, kədər, qüssə var idi.

Biz uca bir dağın ətəyində yaşayırdıq. Bizim yerlərdən böyük bir ərazi ovuc içi kimi görünürdü. Aşağılarda bir neçə kənd vardı. Amma kəndlər viran qalmış xarabalıqlara oxşayırdı. Axşamları isə daha dəhşətliydi, işıq gələn bir ev belə gözə dəymirdi. Babam deyirdi ki, əvvəllər bütün o evlərin işığı var imiş, orada yaşayanlar var imiş, hətta ayrı-ayrı kəndlərdən, uzaq rayonlardan biz tərəflərə istirahətə gələn, yeyib-içən insanlar, ailələr olurmuş, gülüşləri, qışqırıqları dağlarda əks-səda verən uşaqlar olurmuş. Bəs hanı o insanlar? Hanı o uşaqlar? Niyə gəlmirlər? Mən doğulandan belə bir şey görməmişdim.

Bütün fəsilləri gözəl olurdu biz tərəflərin. Yazı bir başqa gözəl idi. Mən ən çox yaz fəslini sevirdim. Yayı da sevirəm. Amma qış və payız gözümün düşmənidir. Yəqin çox üşüdüyümə görə. Babam üçün isə fərqi yox idi. O, o qədər müdrik idi ki, hər şeydə bir gözəllik tapırdı. Hərdən düşünürdüm ki, görəsən bütün qocalar belə olur?! Hər şeyi sevmək, hər şeydən razı olmaq necə mümkündür axı?

Xoşbəxt olmasa da, xoşbəxt görünməsə də, babam bunu mənə hiss etdirməməyə çalışırdı. Ona görə “mən qışı sevmirəm” deyəndə, ağzımın üstündən vururdu, “elə demə” deyirdi, “Allahın yaratdığı hər şey gözəldir”.

Qışda çoxlu qar yağırdı biz tərəflərə. Yox, əslində qarı da sevirəm, deyəsən. Mənim sevmədiyim təkcə buz kimi havadı. İlk dəfə qarı görəndə elə sevinmişdim, elə sevinmişdim ki, bu möcüzəyə... Babam gülümsünüb “qar topu oynayaq?” demişdi. Onsuz da üstüm-başım ağğappaq idi.

Dağların ətəyində hərdən itlərin ulaması, hərdən də qışqırıqlar, bağırtılar eşidilirdi. Bəzən sərxoş adamların səy-səy mahnılara qışqıra-qışqıra əylənməklərini də eşidirdik. Belə vaxtlarda babam çox əsəbi görünürdü. Səbəbini isə hər zamankı kimi demirdi, özünə qapanırdı. Qorxumdan sual verə bilmirdim həmin anlarda.

Bir gün isə əllərində dəmir-dümür olan bir sürü adam görümüşdüm biz tərəflərdə. Babamın yenə təzyiqi qalxmışdı. Soruşanda bir təhər öyrənə bilmişdim ki, onlar əsgərlərdir, əllərindəki dəmir-dümür isə silahları. Sən demə aşağıdan gələn anqırtı səsləri də bunların səsləri imiş.

Belə məqamlarda Bənövşə xala səhərə qədər susmazdı. Elə bir ucdan qarğış edərdi. Qarğışın nə demək olduğunu da onda öyrənmişdim. Niyə qarğıyırdı görən onları?

Bənövşə xalayla babam tez-tez mənim baş açmadığım mövzularda mübahisələr edirdilər. Belə başa düşürdüm ki, mübahisə zamanı babam daha inamlı danışır. Bənövşə xala isə elə bil ölmüşdü, basdıranı yox idi.

Sonradan silahların nə olduğunu anlamağa başladım yavaş-yavaş. Məntiqimi işə saldım, belə bir nəticə alındı ki, silahlardan atəş açılır, adamlar bununla bir-birilərini öldürə bilirlər. Bu iki millət, iki dövlət arasında baş verəndə isə adı müharibə olur. Müharibə əlili isə müharibədə yaralananlara, şikəst qalanlara deyilir. Babam başqa bir qəza və ya təbii fəlakət nəticəsində də əlil ola bilərdi, ya da anadangəlmə əlil ola bilərdi, amma müharibədə əlil olduğu üçün ona “müharibə əlili” deyirlər.

Babamın əlisilahlı əsgərləri görəndə əsəbiləşməyinin səbəbini də öyrənə bildim. Hərdən gecənin qaranlığında səy-səy musiqilərə qışqırıb-bağıran adamların səslərinə dilxor olmağının da səbəbi məlum oldu. Çinar dayım mənə başa saldı ki, onlar düşmənlərdir. Və başımıza gələn bütün bəlaların baiskarları onlardır. Atamın, anamın, qardaşlarımın yoxluğu da, qohumlarımın şikəst qalması da, babamın bu vəziyyəti də onların ucbatından olub.

Bu yerlərin o insanlara aid olmadığını isə babam bütün bunları mən ona danışanda dedi. Deyəsən, hiss elədi ki, artıq böyümüşəm. Mənimlə dərdləşmək olar.

Babam baş verən dəhşətləri danışdıqca mən daha da böyüyürdüm, çox sürətlə böyüyürdüm sanki. Elə bilirdim indi mən özüm də babam yaşdayam. Gülən üzümdən, kefcilliyimdən əsər-əlamət qalmamışdı. İçimdə dəhşətli bir yanğı vardı, qisas yanğısı. Bu yanğını da, nifrət etməyi də yenicə öyrənmişdim. Nifrətin nə olduğunu, kimə, kimlərə edildiyini indi yaxşı başa düşür və deyəsən yaxşı bacarırdım.

Birdən-birə mən bu yerlərin payızını, qışını da sevməyə başlamışdım. Vətən sevgisi, Vətən məhəbbəti mənim canımı üşüməyə qoymurdu, qisas yanğısı bütün bədənimi isidirdi, mən indi yaxşı başa düşürdüm babamı, mən indi anlayırdım ki, “Allahın yaratdığı hər şey gözəldir” deyəndə o, bunu hansı yanğıyla deyirmiş.

Mən böyümüşdüm, çox böyümüşdüm. Babam yalan olmuşdu, mən gerçək. İndi aşağılardan gələn anqırtı, bağırtı, musiqi, əyləncə səslərinə mən babamdan əvvəl əsəbiləşirdim, o murdar əlisilahlı əsgərləri görəndə, üstlərinə atılıb, parça-parça etmək keçirdi içimdən. Bənövşə xalanın onları qarğıması ürəyimdən tikan çıxarırdı sanki. İndi mən sevdiklərimin niyə heç bir zaman xoşbəxt olmadıqlarını yaxşı dərk etməklə yanaşı, özüm də xoşbəxt deyildim.

Babamın gözləri yol çəkirdi hər zaman. O uzaqlara baxıb fikir çəkəndə, artıq nə düşündüyünü anlayırdım. O, kimlərinsə gəlişini istəyirdi. O, evlərin işıqlarının yanmasını istəyirdi. Sən demə, “bir vaxtlar buralara istirahətə gələn insanlar var idi” deyəndə gözləri ona görə dolurmuş.

Babam mənim yanımda ağlamazdı heç vaxt. Qürurlu idi, çox qürurlu. Yalnız bir neçə dəfə yağış yağanda ağladığını görmüşdüm. İndi başa düşürəm ki, o niyə ancaq yağış yağanda ağlayır... Göz yaşlarını kimsə görməsin deyə!

Bir dəfə babamla Çinar dayımın söhbətinə qulaq asanda Şəhid sözü eşitdim. Adətim üzrə təzə eşitdiyim sözün anlamını bilmək üçün əl-ayağa düşdüm. Babam elə şeylər danışdı ki, mən də şəhid olmaq istədim.

Şəhid olmaq istəyirdim, qisas almaq istəyirdim, babamın ümidlərini doğrultmaq istəyirdim, onun uzaqlara dikilən baxışlarının, onun yağışda axıtdığı göz yaşlarının əvəzini çıxmaq istəyirdim, Çinar dayının fəxri olmaq istəyirdim, Bənövşə xalanı “diriltmək” istəyirdim, bütün qohumlarımın, sevdiklərimin ruhu sevinsin istəyirdim. Eybi yox, Şəhid ola bilməsəm də babam kimi müharibə əlili olaram, amma Vətən azad olar!

Babama “mən də Şəhid olmaq istəyirəm!” deyəndə, gözləri yaşardı, qəhərdən boğuldu, mənə sarılmaq keçdi könlündən, hiss elədim, amma qolları yox idi, sarıla bilməzdi, qəribə, çox qəribə bir görkəm alıb, boğuq səslə “bu mümkün deyil, balaca” dedi.

Şəhid ola bilməyəcəmsə, niyə yaşayıram axı mən?! Torpaqları azad edə bilməyəcəmsə, niyə yaşayıram, niyə böyüyürəm axı mən?! Ağrılar bütün bədənimi sarmışdı. Yaşamaq gözümdə adiləşmişdi. Əlimdən heç nə gəlmirdi və bu məni məhv edirdi, ruhum sarsılmışdı, gözlərim qaralırdı, başım gicəllənirdi bunları düşündükcə.

Gecələrin birində aşağı kəndlərdən qışqırtı, bağırtı səsləri ucaldı. Bu həmişəki kef qışqırıqlardan deyildi. Təşviş, həyəcan var idi. Babama baxdım, yatmamışdı, səslərə qulaq verirdi, Çinar dayı da həyəcanla eyni istiqamətə baxırdı, Bənövşə xalanı da oyaq görəndə nəsə fərqli bir şeyin baş verdiyini anladım.

Səhərə yaxın atəş səsləri eşidildi. Hər tərəfə güllə yağırdı. Düşmən əsgərləri gözlərini açmağa macal tapmamış raketlər başlarına yağmağa başladı. Mən ilk dəfə idi belə səslər eşidirdim. Hər yer alışıb yanırdı. Fəryad səsləri ərşə qalxmışdı. Bənövşə xala “ölün elə, gəbərin elə, it uşağı it” deyib bağırırdı. Çinar dayı qollarını bacardığı qədər yuxarıya qaldırmışdı, sanki çığırıb hoppanmağa hazırlaşırdı, babam göz yaşları içindəydi, ilk dəfə idi yağışa xəyanət edirdi.

Mən nə baş verdiyini tam anlaya bilmirdim. Amma baş verən hər nə idisə, Çinar dayımı da, Bənövşə xalanı da, babamı da xoşbəxt eləmişdi. Mən ilk dəfə idi kimisə, kimlərisə xoşbəxt görürdüm. Xoşbəxtliyin nə olduğunu, xoşbəxt olmağın necə olduğunu da onda anladım. Xoşbəxt olmaq istədim. Onlara oxşamaq istədim. Sevincimdən uçmaq istədim, amma qisas hissi, Şəhid olmaq istəyi bu hissimə üstün gəldi. Yenidən qəzəbli, hirsli bir görkəm aldım.

Qəribədir, axı, başımıza güllə yağır, axı, hər tərəf alışıb yanır, axı, biz indi, elə bu andaca ölə bilərik, şikəst, əlil ola bilərik, bunlar niyə, nəyə sevinirlər belə?.. Mən gah aşağılara, gah alışıb yanan ətrafımıza, gah göyün üzünü bürümüş qatı tüstüyə, gah göydə süzən işıqlı güllələrə, gah da babama, Çinar dayıma, Bənövşə xalaya baxırdım.

Babam gülürdü, güldükcə də gözlərindən sel-su gedirdi. Ətrafına düşən bombalara gözlərini belə qırpmırdı. Elə bil göydən bomba deyil, xoşbəxtlik yağırdı.

Səsimi çıxara bilmirdim, qorxurdum sual versəm, onların xoşbəxtliyinə mane olaram, onları ayıldaram, ayılıb görərlər ki, xoşbəxt deyillər. Ümumiyyətlə mən onların heç vecinə də deyildim. Mənim varlığımı unutmuşdular. Mən tərəfə baxan belə yox idi. Bənövşə xala güllə yağışı altında qarğış yağdırırdı, Çinar dayı uçmağa hazırlaşırdı, babam güllə yağışında gülə-gülə ağlayırdı.

Özümü saxlaya bilmədim, səsimin eşidilməyəcəyindən, məni görməyəcəklərindən qorxub, var qüvvəmlə bağırdım: “Eyyyyyy!!! Siz niyə xoşbəxtsinizzz?” soruşdum. Babam mənə tərəfə baxıb, “gəlirlər, balaca, gəlirlər” dedi.

Səhərə qədər yatmadıq. Kim gəlirdisə, kimlər gəlirdisə, bu xoşbəxtliyin bitməsini istəmirdim. Üzümü-gözümü turşutmağıma baxmayaraq içimdə mən də xoşbəxt idim. Ürəyim yerindən çıxırdı. Hövsələm bir qırıq olmuşdu.

Gecə boyu atəş səsləri susmadı... Bu vəziyyət gün boyu davam elədi. Axşama doğru aşağıda fəryad qoparan, anqıran adamların səsləri kəsildi. Gecə tək-tük güllə səsləri eşidildi.

Növbəti səhər xeyli sakitlik idi. Ara-sıra uzaqdan, çox uzaqdan atəş səsləri gəlirdi.

Babam da, Çinar dayı da, Bənövşə xala da, qonşular da xoşbəxt idilər. Mənim qorxduğum baş vermədi. Onlar bu xoşbəxtlikdən ayılmadılar.

Mən yarı xoşbəxt idim, yarı yox. Bunun səbəbini tam anlaya bilmirdim. Bəlkə də payız ayı olduğu üçün, sevmədiyim payız... amma üşümürdüm. Qəribədir. Əksinə, alışıb-yanırdım. Deyəsən, bu istilik xoşbəxtliyin doğurduğu həyəcanın istiliyi idi...

Bir sonrakı səhər babamın qışqırığına oyandım. Üç gecə idi yatmırdıq, deyəsən onlar qədər dözümlü ola bilməmişəm, yuxu məni aparıb. Babam dayanmadan “Gəldilərrr! Gəldilər! Bilirdim gələcəklər! Gəldilərr!!!” deyib, bağırırdı. Mən aşağıya, onun baxdığı istiqamətə boylandım. Əllərində silahlar olan yüzlərlə əsgər var idi.

Əsgərlər üç rəngli bayrağı yarı uçuq hündür bir binanın damına sancanda babam hönkür-hönkür ağlamağa başladı. Çinar dayım da, Bənövşə xala da hıçqırıb babama qoşuldular. Hiss elədim ki, göz yaşlarımı saxlaya bilmirəm. Bu mənim ilk ağlamağım idi. Buna qədər mən ağlamağın necə olduğunu bilmirdim.

Mən müdrikləşmişdim. Mən payıza aşıq olmuşdum. Allahın yaratdığı hər şey gözəl imiş. Mən çox xoşbəxt idim. Hər kəs xoşbəxt idi. Hər şey xoşbəxt idi. Yer də, göy də, uçurulmuş, viran qoyulmuş, işıqsız evlər də, müharibə əlilləri də.

Günlərin bir günü qəribə səslər eşitdim, onların qışqırıqları, gülüşləri dağlarda əks-səda verirdi. Onlar bu əks-sədanı eşitdikcə daha da bərkdən gülürdülər, daha da bərkdən qışqırıb əylənirdilər. Bir neçə balaca uşaq biz tərəflərə qalxırdı. Mən ilk dəfə idi uşaq görürdüm. Onlar çox xoşbəxt görünürdülər.

Uşaqlardan biri yüyürüb babamın kürəyinə dırmaşdı. Babam dillənmədi, heç nə demədi. Mən maddım-maddım onlara baxırdım. Babam bu vəziyyətdən həzz alırdı sanki. Bir az gözlədim ki, bəlkə uşaq babamın kürəyindən düşər. Düşmədi. Dedim, bəlkə babam özü dillənər ki, “a bala, düş kürəyimdən, bəsdi”. O da dillənmədi. Məndə qəribə bir qısqanclıq baş qaldırdı. Axı, uşaq mənim əlil babamın kürəyinə niyə minməlidir? Mənim babamın!

Uşaq eşitməsin deyə pıçıltıyla babamı dümsüklədim:

- Babaaa, babaaaa! Denən düşsün kürəyindənnn!

Babam dillənmədi, gülümsünürdü, xoşbəxt idi.

- Babaaaa! Sənnənəm eee, denən düşsünnn! – hirslə dedim.

Babam mənə baxıb gülümsəyərək göz vurdu:

- Dəymə - dedi, - qoy oynasın!

Uşaq babamın kürəyində atılıb düşürdü. Atılıb-düşdükcə də qəşş eləyib gülürdü, uğunub özündən gedirdi. O biri uşaqlar da ona baxıb dayanmadan gülürdülər.

Sonra uzaqdan məlahətli bir qadın səsi eşidildi:

- “Üzeyir! Üzeyiiir! Düş kötüyün üstündən, yıxılarsan!”

# 2883 dəfə oxunub

Oxşar xəbərlər

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

14:00 10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
#
#
# # #