Kasıbların fəsli bitir - Miri Rəsulzadə yazır...

Kasıbların fəsli bitir - Miri Rəsulzadə yazır...
11 avqust 2021
# 11:19

Kulis.az Miri Rəsulzadənin "Dünyanın ən varlısı" yazısını təqdim edir.

Qışda kasıbın özü də üşüyür, sevgisi də. Xəstələnir, qrip olur. Özünün də, qürurunun da boğazı gəlir. Cibi də damır, damı da damır. Səbir kasası dolur, ikinci kasaya keçir. Yaza kimi dişini dişinə sıxıb sevgisinin də, özünün də çiçək açmağını gözləyir.

Ümumiyyətlə, kasıbınkı isti aylardı. Kasıb yazda, yayda daha yaxşı sevir. Daha çox xoşbəxt olur. Torpaq qızanda kasıbın evini də qızdırır, cibini də, ürəyini də. Üzü gülür kasıbın, çünki ceyran peçi yandırmır, elə burdan ayda 60-70 manat qabağa düşür. Tez-tez paltar yumur, üst-başı təmiz qalır, “paraşok”a da, işığa da qənaət edir. Kasıb yayda lobya-badımcandan cürbəcür yeməklər hazırlayır. Diş pastasının dibində qalanı kasıba ən azı il yarım bəs edir. Kasıbın qab şampunu da gec qurtarır, bərəkətli olur içinə su qatıb çalxalayanda.

Kasıb yayda pampersə də az pul xərcləyir, uşağı yayda “qarşoğ”a öyrədir. Uşaq lap xalçanı islatsa da kasıbın vecinə olmur, çünki istidə xalça tez quruyur. Kasıb uşaqları qışda gəzməyə apara bilmir, isti havaları gözləyir ki, uşaqları pulsuz parka düşürtsün. Kasıb parkda uşağına “popkorn” almır, qarğıdalı alıb evdə özü partladır, nə vaxtsa saxladığı “popkorn” qutusuna doldurub uşağına verir. “Bulka”nı da, meyvə şirəsini də ucuz başa gəlsin deyə evdə hazırlayır. Dondurmaya pulu çatmayanda uşağa deyir, boğazın gələr, xəstənib dərsdən qalarsan.

Kasıb uşağına təzə paltar alanda kənardan bilinir ki, paltarı təzədir.

Yayda gecələr qısa olduğuna görə kasıb az fikir eləyir, ömrünü bir az da uzadır. Kasıba isti aylarda iş rahat tapılır. Ümumiyyətlə, yayda kasıbın işi çox olur. Ona görə qışın gəlməyini istəmir. Kasıbın yayda marketə də borcu az olur. Kredit borcunu bağlayır, telefonunda kontur olur, nömrəsi aktivləşir. Kasıb qışa bir az pul yığmaq üçün arvad-uşağını rayona yollayır. O, əzəldən qışa düşmən kəsilib, yola getmir. Ən narın yağış yağsa da, göydən pambıq kimi qar ələnsə də, kasıb elə bilir ki, başına daş yağır...

Kasıbın uşağı qışda tez-tez xəstələnir. Uşağı məktəbdə "qış tətili" inşasından həmişə 3 alır.
Kasıbın uşağının sünnəti də gec olur. Kasıb çox vaxt oğlunu ikidə, üçdə oxuyanda kəsdirir.

Saxladığı it də düz-əməlli hürmür.

Kasıb bazarlığı da evlərinin yanındakı dükandan edir, 2-3 şeydən ötrü supermarketə girməyə utanır. Elə bilir ora girsə, səbəti ağzına kimi doldurmalıdır. Kasıb böyük marketə ancaq aparatdan qaza, işığa pul yükləmək üçün girir. Evinə nə lazım olsa, gündəlik alır. Meyvə-tərəvəzə görə həftə sonunu - yarmarkanın vaxtını səbirsizliklə gözləyir. 10-20 qəpik ucuzuna görə 4 kilometr yol gedir. Kasıb bazar yolunda yorulur, taqətdən düşür.

Kasıb həmişə qonaq-qara üçün düzəltdiyi xam yorğan-döşək yükünü babasının da şəkilinin divardan asdığı soyuq otaqda, "setka" kravatın üstünə yığır. Kasıb, həyatı boyu nə o yorğan üzündən istifadə edir, nə də o atlas üzlü balışda özü yatır. Kasıb onu əziz qonağı üçün saxlayır. Amma o yorğan döşək nədənsə həmişə təzə qalır. Çünki kasıbın evinə qonaq az gəlir. Gəlsə də gecəni qalmır.

Kasıbın nəyi olmasa da, ürəyi böyük olur. O heç vaxt evinə gələn qonaqdan heç nəyini əsirgəmir, ondan heç nə ummur. Qulluq etməkdən, olanını təqdim etməkdən ləzzət alır.

Allah kasıbın süfrəsinə bərəkət verir. Kasıbın həmişə qara gün üçün saxladığı ehtiyat pulu, saxlancında balı, konfeti, qozu, fındığı, mer-meyvəsi olur. Kasıbın evində adam hüzur tapır, dincəlir, özünü rahat hiss edir. O evdə olan mehribanlığı, mənəvi ab-havanı, uşaqların valideyinlərinə qoyduğu hörməti görən bütün varlılar özlərinə kasıb olmağı arzulayır.

Kasıbın uşağı hərbi xidmətə həmişə yararlı olur. Gözü zəif görsə də, böyrəyi ağrısa da, ürəyində qüsur olsa da, əsgərlikdən qalmır, həmişə də cəbhəyə düşür, orada xidmət edir. Döyüş vaxtı Vətən üçün elə birinci kasıbın oğlu şəhid olur.

Kasıbın baş daşı da həyatı kimi sadə olur, ehsanı da. Ümumiyyətlə, mərmər kasıba yaraşmır, süni görünür. Kasıb mərmərdə yaxşı düşmür. Kasıbdan çox ölüsünü ziyarət edən də olmur. Ona quran oxutduran da. Bəlkə də həyatın orjinalını elə kasıb yaşayır. Bəlkə də bu dünyanın ən varlısı elə kasıbdı. Bəlkə də kasıbdan bədxərci yoxdu, çünki...

Ömür tək var dövlətdir ki, ən çox kasıblar xərcləyir.

# 2459 dəfə oxunub

Oxşar xəbərlər

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

14:00 10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
# # #