Füzuliyə qısqandığım qadın - Şəhriyar del Gerani yazır...

Füzuliyə qısqandığım qadın - Şəhriyar del Gerani yazır...
25 sentyabr 2017
# 13:27

Uşaqların qəribə duyumu olur. Nağıl danışmaqdan uzağam. Bu, cocuqsu təsbit deyil, amma bu cocuqsu duyumu bilənlər bilir, bilməyənlərə də “xoş gəldin!” Zatən biz, bilənlərə danışırıq sözümüzü.


Deyirəm, uşaqların qəribə duyumu olur – izahımüşkül. Deyəsən elə izahsız məsələlər daha ciddi olur bu gözəlim dünyada. İzah etdikcə o qədər daralır ki məfhum, tamamən lətifəyə dönür, hırıldanası olur.

Televiziya izləyir, çay içir, siqaret çəkir idim. Beş yaşlı bacım oğlu dizimə gəlib sual etdi: “Dayı, o xalanın səsinin içində nə var?”

Sual qəfil oldu. Gözləmirdim. Ümumiyyətlə, uşağın muğama diqqət etməsini qəti düşünməzdim. O ki qaldı gəlib mənə bu tövr izahımüşkül sual etməsini. Çox yəqin anasının laylalarındakı həzinliyə bənzərlik cəlb etmiş onu. Bacımın heyrət səsi vardı, nə özü istədi oxusun, nə də böyüklər önərdi. Amma bir dəfə həmin bu sualı verən uşağa layla deyərkən qulaq kəsilmişdim təsadüfən, “İlahi, bu layla ilən yatmaq nədir, birmənalı, sorğu-sualsız ölmək də olar” düşünmüşdüm. Hələ ağlamışdım da...

Uşağın sualı gözlənilməz oldu. Düzü, diksindim. Donuq nəzərlərlə üzünə baxdım. Pərt oldu deyəsən. Başını aşağı saldı, sonra sakitcə uzaqlaşdı. Sual o qədər izahsız idi ki. O zaman fərq elədim, həqiqətən də “bu xalanın” səsinin içində nəsə var.

Daha doğrusu, səs dediyimiz bu hava axını bizdə ağ ciyər, nəfəs borusu, qırtlaq, ağız boşluğu filan-bəsməkan adlı orqanlardan sivrilib gəlir, bu xanımda isə xüsusi mövcudluqdur. Sanki bədənində vətəndaşlıq alıb səs. Səs – xüsusi orqandır bu qızda. Beş yaşlı bacım oğlunu mənim dizimə gətirən də məhz bu ilahi intonasiya, ruhani mövcudluq idi.

Məqaləni yazmağa başlayarkən motivasiya üçün “Yutub”-a “gullu muradova mirze huseyn segahi” yazıb axtarışa verdim. Videonu tıklayar-tıklamaz xanımın üzü göründü. Saxladım. Yay mövsümü olduğundan evdə köynəksiz gəzirəm. Qeyri-ixtiyari yerimdən qalxdım, gedib köynək geyindim, yaxasını düymələdim, sonra gəlib izlədim videonu. Baxın, məsələnin nüvəsi də burda – gər çi, adam bütün ifası, jestləri, görüntüsüylə Allahı xatırladır. Mən bu qıza qulaq asanda sanki ibadət edirəm. İbadət isə çılpaq bədənlə olmaz. Mütləq libaslanmalısan...

2007-nin qışını xatırlayıram. 10 il qabaq. “2-ci Muğam Müsabiqəsi”nə baxırdım. Güllü Muradova adlı bir gənc ifaçı gəldi. Yeri gəlmişkən, yeganə ifaçıdır ki, “Muğam Müsabiqəsi”ni tarixə yazıb. 2005-ci ildən bu yana hər iki ildən bir keçirilir bu müsabiqə. Əminəm, heç bir qalib yadda qalmayıb Güllü xanımdan savayı. Nədən ki, mənim qədər muğam azartı olan biri heç kimi xatırlamıram.

Xülasə, 2007-nin qışı, müsabiqəni izləyirəm. Güllü adlı gənc ifaçı gəldi səhnəyə. Hələ ifaya başlamayıb. Baxıram gənc qız, amma bəzəksiz. Yəni makiyajsız-filansız.

“Heyrəteybütsurətingördükdəlaleylərməni” bu xanım nə demək istəyir? Bu nə ruhani iddiadır? Axı normal insan, məxsusən qadın fizikası gənc yaşlarında, ümumiyyətlə, bütün yaşlarda görüntüyə meylli olur, daha doğrusu görüntüyə meylli olmalıdır. Hanı bu qızın makiyajı?

Düzü, sonralar da Güllü xanımı makiyajlı görmədim. Hətta, bir müsahibəsində rast gəldim. Deyir, “ömrümə şöhrət yükləndiyinə görə təəssüf edirəm”. Təsəvvür edirsiniz? Gənc qadın bəzənmir və şöhrətdən usanır, bezir, təəssüf edir buna. Enteresan!

Bütün görüntüləri, şan-şöhrəti, makiyajı rəng hesab edən və həqiqətən də rəng olan maddiyyatı inkar edən onun heyrətamiz istedadıdır. Əlbəttə, bu istedad ilən yaşamaq çətindir. Nədən ki, bunu bütün ifalarında əyani görmək olur. Şəxsən mən, Güllü Muradovanın bütün ifalarında ağzımda dilim kimi hiss edirəm – ona yaşamaq çox çətindir. Sizə zarafat gəlməsin gənc qadının bəzəksiz-düzəksiz efirə çıxmaq rahatlığı. Bu rahatlığa çatmaq üçün insana Allah özü razılıq verməlidir.

“Qoca və dəniz”-i xatırlayıram. Qoca, hər kəsdən fərqli, hamıdan daha peşəkar olduğunu sübut etmək üçün okeana balıq ovuna təkbaşına çıxır. Böyük bir balıq ovlayır. Müəllif pudla verib balığın çəkisini. Hesablamışam, təxminən 850-880 kq olar romanda bəhs edilən əzəmətli balıq. Sahilə çıxanda isə balığın təkcə skeleti qalır. Balinalar didişdirirlər ovlanmış balığı. Bu, dünya ədəbiyyatında meşşanlığın aqibətini göstərən alternativsiz mətndir mənim üçün.

Məhz bu müstəvidə Güllü xanım bütün məsələləri həll etmiş. O, balığın sahilə çatan skeleti üzərindən baxır sənətə. O, bütün bəzək-düzəyi, parlaq əzəməti vəhşi balinaların aparacağını yaxşı bilir. Bu, intuitiv baş verir. Bütün bunları ona heç kəs öyrətməyib. Sadəcə Allahın iradəsidir. Yəni istedad təkşaxəli deyil. İstedadın özüylə gətirdiyi həyat tərzi də var. İstedad həmin həyat tərzinə qatlaşmalıdır. İstedad həmin həyat tərzini qəbul etməli, həmin həyat tərzi üzərindən – balığın skeletindən baxmalıdır okeana. O yerdə ki bütün balıqlar skeletdir. Şair demiş, “həpsi rəngidür...”

Güllü Muradovanı dinləyəli 10 il oldu. Hər ifasından zövq alıram desəm, yalan olar. Ən azı məni tanıyanlar bilir. Ki, bu, belə deyil. Bəs? Niyə? Nə çatmır?

Deyəsən bütün sahələrdə olduğu kimi muğam ifaçılığında da ciddi islahatlar lazım. Məsələn, Yaqub Məmmədovun 60 il qabaq “Mirzə Hüseyn segahı”nın “Manəndi-müxalif”ində oxuduğu qəzəli indi oxumağa nə hacət var? Ümumiyyətlə, keçilmiş, tapdalanmış yollarla getmək lüksu istedadlara yad olmalıdır axı. Axı o yollar çoxdan cığır olmuş və hara getdiyi, hara çatdığı məlum. Makiyajdan, şöhrətdən imtina etmiş, “okeana nəhəng balığın skeleti arasından baxan bir balıqçı” niyə həmin lüksdan yararlansın ki? Niyə o cığıra, o axına düşüb getsin ki? Nə qədər olar Vahidin çeynənmiş qəzəlləri?

Repertuar ciddi məsələdir. Bütün səmavi kitabların ilkin mesajı “İqra!” (Oxu!) nidası da mütaliəyə işarədir, oxumaq sənətinə yox. “İqra bismi rabbi kallazi xaləq” – “Oxu, Allahın adıyla oxu”. Ciddi mesajdır. Allahın adıyla oxumaq həm də merkantillikdən uzaq oxumaqlıqdır. Bütün müstəvilərdə maddi maraqlar olmadan oxumaqdır.

Mən bir peşəkar dinləyici kimi istərdim Güllü Muradova da Allahın adıyla oxusun. Allahın adıyla oxumaqlıqda sənətkarlıq var. Allahın adıyla oxumaqlıqda yeniliyə, oxunmamış, qulağayad qəzəllərə, şeirlərə, hələ tapdanmamış keçidlərə yol var. Allahın adıyla oxumaqlıqda hələ cığır olmamış yollar var. O yol, haqqın yoludur. O yol, dağın o biri üzüdür. O yol, sənətkarın həqiqi yoludur.

Günlərin bir günü tələbə yoldaşımın toyuna dəvətli günümüydü. Gedəsi ruhiyyədə deyil idim. Dedilər, Güllü Muradova da ifaçılar arasındadır. Getdim. Sərpayıya bir “yüzlük” göndərib “Mənsuriyyə” xahiş etdim. Səbəbini bilmədim, amma niyəsə Güllü xanım “Mənsuriyyə” oxumadı. “Şahnaz” ilən yola verdi məclisi. Amma araya salıb Füzulidən 3-4 beyt segahladı. Düzü, “Şahnaz”lıqda segahın nə işi olduğunu anlamadım. Amma ilk dəfəydi Füzulini bir qadına qısqandım. Daha doğrusu, bir qadını Füzuliyə qısqandım.

Nə bilim, nə baş verdiyini hələ də idrak edə bilmirəm. Bircə onu bilirəm ki, həqiqətən də “o xalanın səsinin içində nəsə var...”

# 1911 dəfə oxunub

Oxşar xəbərlər

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

14:00 10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
#
#
# # #