Bertolt Brextin bədənindən gələn leş iyi və "Ağ göl” romanı" – Ülvi Babasoy yazır...

Bertolt Brextin bədənindən gələn leş iyi və "Ağ göl” romanı" – Ülvi Babasoy yazır...
8 aprel 2020
# 21:00

Kulis.az Ülvi Babasoyun"Bertolt Brextin bədənindən gələn leş iyi və "Ağ göl” romanı" adlı yazısını təqdim edir.

Bertolt Brext ruhən alçaq biri idi. Əxlaqsız idi. Homoseksual idi (Özü də gizli). Kommunist idi. Stalinçi idi. Dram əsərlərini başqaları yazırdı. Həmin başqa adamlar Brextin fahişələri idilər. Az qalmışdı unudam, bir də Brextin bədənindən leş qoxusu gəlirdi. Bütün bunları ABŞ-ın Merilend Universitetinin ədəbiyyat professoru Con Fyuqi 800 səhifəlik monoqrafiyasında yazıb. Maraqlıdır, Brextin bioqrafiyası, xüsusilə də sənəti budurmu? Qərbdə sənətə baxış sferası dəyişib və dəyişməkdədir.

1970-ci illərin sonlarında ədəbiyyat, incəsənət və digər sahələrdə yeni bir mərhələ başladı. İxab XassanLesli Fidlerin yeni ədəbi təmayülləri müzakirə və şərh etmələri modernizm söhbətlərini sıxışdırıb aradan çıxardı. İrvinq HovHarri Levinin modernizmin tükənişinə yas tutmaları memarlıq, rəqs, teatr, rəsm, kino və musiqidə dəyişikliklərə səbəb oldu.

Modernizmdən əvvəl də dəyişilmə və yenilənmə prosesləri olmuşdu, lakin bu qədər radikal reformlar olmamışdı. Modernizmdə seçicilik, elitarlıq o qədər radikal idi ki, estetika və sənət dəyərləri belə unudulurdu. Homogen və palimpsest dəyərləri bir yerdə tutan yeni sənət konsepsiyaları isə oyunbazlıqla reallığı birləşdirirdi.

Azərbaycan yazıçısı Şərif Ağayarın "Ağ göl” romanında bədii-kommunikativ əlaqə kütləvi və elitar səciyyə daşıyır. "Ağ göl” nə qədər ciddi roman olsa da, yüngül və əyləncəli pasajlarla da diqqət çəkir. Ancaq romanın kütləvi və qlobal xarakter daşıyan hissələrini ciddi və sosial yüklü hadisələr izləyir. Şərif Ağayar ciddi, ağrılı bir hekayəni komik bir situasiya ilə əvəz edə bilir. Bu komiklik daha çox insanın radikal inanclar sayəsində düşə biləcəyi tragikomik bir situasiyadır. Balans gözlənilir. Şərif Ağayarın "Ağ göl” romanı ədəbiyyat nəzəriyyəçisi İxab Xassanın estetik görüşləri ilə uzlaşır. "Ağ göl” romanında qurğu ilə reallıq kəsişir. Xassan bütün ədəbiyyat strukturalistlərindən fərqlənir. Mətnin oyun estetikasının bədii dəyərlərə istinad etməsini zəruri şərt sayır.

Pircahan adlı xəyali bir məkan, oranın sadəlövh sakinləri və yavaş-yavaş simasını və saflığını itirən qəsəbə əhalisinin dini və dünyəvi duyğular arasında çabalaması... Əsərin mərkəzində bu paradokslar dayanır. Hazırlıqlı oxucu romanı mütaliə etdikdən sonra dərk edir ki, bütün hadisələr qurğu və oyundan ibarətdir. Ancaq romanın bədii aura və təravəti klassik oxucunu da cəlb edir. Klassik oxucu romanda bədii-estetik zövq tapa bilir.

Şərif bəy metatəhkiyədən də istifadə edir. Ancaq bu metod ona xasdır. Çünki metatəhkiyədə yazıçı romanın yazılma prosesini də əlavə edir. Hətta bəzən müəllif özü də romana daxil olur. Şərif Ağayar isə bu prosesi dolayı yolla həyata keçirir. Mətnin bədii aurası həm diktə edir ki, bu hadisələr gerçəkdir, həm də yox. Təbii ki, yazıçının müqtədir qələmi də. Digər tərəfdən hadisələrin baş vermədiyi, Pircahan adlı bir qəsəbənin olmadığı haqda da qənaət yaranır. Bu düşüncə hər yaşda və başda olan oxucunu rahat buraxmır. Təkcə oxucunu?

Bu hissə isə romanın estetik açarıdır:

"Ağ gölə qurban gedən yaşda oğlu olan qəsəbə sakinləri qorxudan iydə ağacına baxmırdılar. Bir gecə böyük iydəyə yaxın həyətlərin hansındasa səs-küy qopdu. Gələn qonşular çaşıb qaldılar; arvad-uşaq evin kişisini gecənin qaranlığında böyük iydəyə diqqətlə baxdığı yerdə yaxalamışdı. Yetkinlik yaşına yenicə çatmış oğlu atasını əməlli-başlı danlayırdı:

"Ata, düzünü de, mənim ölməyimi istəyirsən?”

Kişi elə xəcalət çəkirdi, elə bil pis iş üstündə tutulmuşdu. Arvadı hövsələdən çıxdı:

"Utanmırsan?! Adam doğma övladının ölümünü istəyər?! Ayıb olsun sənə!”

İydə ağacını da, Ağ gölü də, Camal atanı da müqəddəs edən nədir? Heç nə? İnanmaq və özünə büt düzəltmək. Bu kölgəsiz insanların taleyidir, alın yazılarıdır. Pircahan əhlinin inancı sevgidən irəli gəlmir. Qorxudan qidalanır. Belə yarımçıq inanc və əqidənin sonu isə... Yoxluqdur. Təhkiyəçinin yox olması kimi. Qoxusuzluqdur (Ən azından qoxusuzluğu hiss etmək istəyən oxucu gərək ki, romanı oxuya).Cəsarətsizlikdir. Cəhalətdir. Pircahan və onun sakinləri qeybə çəkilir. Görəsən, belə bir yer var idi? Varıydısa niyə yox oldular?

Şərif Ağayarın metatəhkiyəsi məxsusidir. İllüziyaçıdır müəllif. Bu məqamda Bertolt Brexti xatırlamaq zəruri ehtiyaca çevrilir. Brext səhnəni hədsiz dərəcədə real komponentlərlə bəzəyirdi. Lakin qəfildən səhnənin və hadisələrin, hətta tamaşaçının belə reallığını... darıxdırıcı və süst eyniliyini pozurdu. Tamaşaçı reallıqla antireallıq arasında çaş-baş qalırdı. Şərif Ağayar da bu metoda süjet boyu sadiq qalır. Eynilə "saf və düşüncəli” yazıçıların etdiyi kimi.

Qoxu insanın var olma səbəbidir. Qoxusuzluq həyatdan imtina etməkdir. Niyə? Çünki qoxusuzluq yoxluğa qapı açır. Tabularla ömür çürüdənlər cəsarətsizdir həm də. Tabular bu insanları əsir edib. Məhz həmin tabular da cəhalətə rəvac verir.

"Ağ göl” romanını oxumağı tövsiyə edirəm. Çünki cəhalət və tabular elm və sənətlə dəf edilir. Bu roman müəllifin yaradıcılığında yeni mərhələdir. Ənənəvi mövzularından imtina edir Şərif Ağayar. Brextin sənət dünyasına əl edir. Və Brextdən dünyaya üfunətli qoxusunun deyil, sənətinin qaldığını xatırladır.

artkaspi.az

# 3604 dəfə oxunub

Oxşar xəbərlər

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

14:00 10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
# # #