#

“Geyimimizdə Azərbaycanın bayraq rənglərindən istifadə oluna bilər” - MÜSAHİBƏ

“Geyimimizdə Azərbaycanın bayraq rənglərindən istifadə oluna bilər” - MÜSAHİBƏ
4 aprel 2011
# 18:57
Müsahibədə qrupun 5 üzvü də iştirak edib və sualları birgə cavablandırıblar. “Yüksək Sədaqət” qrupunda Kənan Vural (vokal), Sərkan Özgən (gitar), Kutlu Özmakinacı (bas gitar), Uğur Onatkut (tuşlu çalğılarda) və Alpay Şalt (zərb alətlərində) təmsil olunur.

- Bu, Azərbaycana ilk səfərinizdir. İlkin təəssüratlarınız necədir?

- Bəli, Azərbaycana ilk dəfədir gəlirik və bu səfərdən çox məmnunuq. Azərbaycana bu gün gəlmişik və gələr-gəlməz Bakıdakı tıxacla yaxından tanış olduq. Baxmayaraq ki, qrup halında ilk dəfədir gəlirik, mən (Kənan Vural) artıq bir dəfə burada olmuşam. Bura gəlişimdən çox illər keçib və Bakı çox dəyişib. O zamanlar Bakı bu qədər qələbəlik deyildi. İnsanların sayı çoxalıb, yeni binaların sayı artıb. Sözsüz ki, ölkənizdəki inkişafı görməmək mümkün deyil. İki gün boyunca şəhəri gəzmək, alış-veriş etmək istəyirik. İçərişəhəri də gəzmək, Azərbaycan mətbəxini dadmaq fikrindəyik.

- “Eurovision-2011” mahnı müsabiqəsində iştirak etmək “Yüksək sədaqət” üçün hansı anlamı daşıyır?

- “Eurovision” yarışması bizim xəyalımızda olmayıb. Sadəcə, TRT bizə bu təklifi etdi və biz də razılaşdıq. Türkiyəmizi hansısa müsabiqə və ya festivalda təmsil etməkdən qürur duyuruq. Ölkəni təmsil etmək hər an insana qismət olacaq bir şey deyil. “Eurovision” yarışmasında təmsilçilik çoxları kimi bizim illərdir arzuladığımız bir şey olmayıb. Əgər Türkiyə bununla bağlı milli seçimlər etsəydi və bu təklif gəlməsəydi, biz təmsilçilik üçün müraciət etməzdik. Bu bir yarışma deyil, festival olsaydı bəlkə o zaman mübarizə aparardıq. TRT bizdən bu yarışma üçün üç musiqi parçası istədi və biz ilk olaraq üç mahnı hazırladıq. Sonra seçim qrupu ilə mahnıları dinlədik və onlar arasından “Live it up” seçildi.

- Ötən il “Eurovision” musiqi yarışmasında Türkiyəni “MaNga” rok qrupu təmsil etdi və ikincilik qazandı. O qrup da 5 oğlandan ibarətdir və eyni musiqi janrı ifa edirsiniz. Sizcə bu hal Avropa ictimaiyyətini yormayacaqmı?

- Biz “MaNga”dan daha yaşlıyıq. Doğrudur, onların da musiqi janrı rokdur, amma hələ gəncdirlər. Onların stili bizimkinə nisbətən daha fərqlidir. Biz çox da bir-birimizə bənzəmirik. Biz klassik roka daha yaxınıq, onlar isə bir az daha çox modern roka yaxındır. Uğur qazanacağımıza inanırıq.

- “Mor və ötəsi”, “MaNga” və “Yüksək Sədaqət” qrupunun ardıcıl “Eurovision” səhnəsində Türkiyəni təmsil etməsi qardaş ölkədə solo ifaçılığın aşağı səviyyədə olmasına işarə etmir ki? Sizcə Avropa bu halı necə qiymətləndirəcək?

- Sözsüz ki, Avropa bu halı sizin dediyiniz kimi qiymətləndirə bilər. Amma Türkiyədə vəziyyət tam da belə deyil. Vokal, pop Türkiyədə daha çoxdur. Lakin “Eurovision”da təmsilçilik hüququ qazananlar, sizin də söylədiyiniz kimi, əsasən rok qrupları olur. Amma razılaşmaq lazımdır ki, Türkiyədə rok janrı çox mükəmməlləşib. Bu da bizi sevindirməyə bilməz.

- Təmsilçiliyiniz bəlli olduqdan sonra “MaNga” ilə görüşünüz olubmu? “Eurovision” mövzusunda onların məsləhətləri nə olub sizlərə?

- Bəli, təmsilçilik təklif olunduqdan sonra “MaNga” ilə görüşdük. Müsabiqə barədə söhbətlərimiz oldu. Baxmayaraq ki, bizim yaşımız daha çoxdur, “Eurovision”da onların təcrübəsi daha çox olduğundan “MaNga” ilə danışmışıq. Bu müsabiqədə iştirak etmək bizi narahat etmir, çünki özümüzə yetəri qədər güvənirik. “MaNga”nın bu yarışmadakı təcrübələrindən yararlanmağa çalışırıq.

- Yarışmada favoritləriniz varmı? Sizcə hansı mahnı müsabiqədə qalib ola bilər?

- 43 ölkənin hər birinin mahnısını dinləməmişik. Amma dinlədiklərimiz də çoxdur. Yadımızda qalanlar Azərbaycan, San-Marino, İrlandiya, Norveç, İsveç, Bosniya və Herseqovinanın mahnıları olub. Bütün mahnıları dinləməyə vaxtımız olmayıb. Düşünürük ki, builki yarışma çox çətin olacaq.

- “Live it up”la Avropa tamaşaçılarına nəyi çatdırmaq istəyirsiniz?

- Bu mahnı ilə Avropa ictimaiyyətinə çox şeylər çatdırmaq istəyirik. Biz musiqimizin bəyəniləcəyinə inanırıq. Çünki bu musiqidə rəngarənglik var. Bu mahnını dinlədikcə insanın ruhu şadlanır, sevinir.

- “Eurovision”un siyasi yarışma olduğu fikri ilə razısınızmı?

- Biz bu fikirlə razıyıq və illərdir bunun şahidi oluruq. İlk başladığı gündən etibarən qonşu və ya digər yaxınlığı olan ölkələrin yanaşmalarını görmüşük. Bu yanaşmalar sözsüz ki, verilən xala da təsir göstərir. Bu yarışmada mahnı nə qədər yaxşı olursa olsun, ölkənin digər ölkələrlə münasibəti böyük rol oynayır. Bu məsələni müzakirə etməyə belə dəyməz, çünki hər birimiz bunu görürük.

- “Düsseldorf Arena”da necə bir “Yüksək Sədaqət” görəcəyik? Gününüzün neçə saatını bu yarışmaya hazırlıq üçün sərf edirsiniz?

- Səhnə şoumuzu hazırlayırıq. Artıq geyimlərimiz də hazırlanır, ancaq geyimlərimizi təfərrüatı ilə açıqlamaq istəmirik ki, Avropa tamaşaçısı üçün sürpriz olsun. Geyimimizdə Azərbaycanın bayraq rənglərindən də istifadə oluna bilər. Günümüzün demək olar ki, 24 saatını yarışmaya hazırlığa sərf edirik. Hətta gecə yuxumuzda belə bu yarışmanı düşünürük, yuxularımız da artıq bu müsabiqə ilə bağlıdır. Başqa bir şey etməyə heç zamanımız da qalmır. Yarışma çərçivəsində promo-turlar, ölkələrə səfərlər, hazırlıq... Əslində bu müsabiqəyə hazırlıq müddəti yorucu bir mərhələdir. Hətta biz bu arada yeni albomumuzu çıxarmaq istəyirdik, ancaq zaman olmadığından albomun hazırlıqlarını sentyabra saxladıq. Sentyabrda tam yeni albomumuzla roksevərləri sevindirəcəyik.

- Hansı ölkələrdən yüksək xal gözləyirsiniz?

- Bütün ölkələrdən xal gözləyirik, amma öncədən hansısa fikir söyləmək çox çətindir. Yarışmada birinci yerdə də özümüzü görürük. Azərbaycandan 12 xal alsaq, çox xoşbəxt olarıq. Biz bu ərəfədə kimin neçə xal verəcəyini düşünmək istəmirik. Kimsə desə ki, sadəcə yarışmada iştirak etmək yetərlidir, birincilik arzusunda deyilik, bu yalan olar. Biz məhz birinci olmaq üçün “Eurovision”a qatılırıq. Nəticəni hamımız birlikdə görəcəyik. Əslində rəqibimiz yoxdur, amma hər biri də rəqibdir. Biz Avropa tamaşaçısı qarşısında uğurlu və yaddaqalan çıxış edəcəyimizə söz veririk.

- Rok musiqisindən yorulduğunuz bir zaman olurmu?

- Heç vaxt rok musiqisindən yorulmamışıq. Bu heyətlə 2007-ci ildən çalışırıq. Rok musiqisi artıq bizim qanımzıa işləyib və biz özümüzü bu musiqidən ayrı təsəvvür etmirik.

- Azərbaycan təmsilçiləri Eldar Qasımov və Nigar Camalla tanışsınzımı? “Running Scared”i bəyəndinizmi?

- Mahnınızı dinləmişik və uğurlu bir seçim olduğunu hesab edirik. Ötənilki təmsilçinizi də uğurlu bir seçim sayırdıq. Fikrimizcə, ötənilki təmsilçiniz güclü səsə malik idi. Sözün açığı, ötən il də, bu ildə Azərbaycanın mahnısı çox yaddaqalandır. Biz Türkiyənin “Yüksək sədaqət” qrupu olaraq həm Azərbaycana, həm də Türkiyəyə bu yarışmada uğurlar arzulayırıq.

- Azərbaycandan sonra növbəti səfəriniz hara olacaq?

- Azərbaycandan sonra Almaniyaya, sonra isə Hollandiyaya gedəcəyik. Sevinirik ki, çıxışlarımız bəyənilərək izlənilir. Bu da bizim daha yaxşı hazırlaşmağımıza stimul verir. Biz bütün enerjimizi, müsbət düşüncələrimizi səhnədə göstərmək gücünə malik musiqiçilərik.
# 1685 dəfə oxunub

Oxşar xəbərlər

Dilənçi və dönərçi - Yaşar Bünyadın yeni hekayəsi

Dilənçi və dönərçi - Yaşar Bünyadın yeni hekayəsi

10:32 1 oktyabr 2024
Heç birinə inanmayın - Gənc yazıçılara 10 məsləhət

Heç birinə inanmayın - Gənc yazıçılara 10 məsləhət

12:00 30 sentyabr 2024
Qeybdən uzanan əl - Elçinin yeni hekayəsi

Qeybdən uzanan əl - Elçinin yeni hekayəsi

15:00 28 sentyabr 2024
Allahın özünün də kamilləşməyə, saflaşmağa ehtiyacı var - Fəxri Uğurlu

Allahın özünün də kamilləşməyə, saflaşmağa ehtiyacı var - Fəxri Uğurlu

12:00 28 sentyabr 2024
Bir əsgər anasının ümidi ölmür heç vaxt - Ən yaxşı müharibə şeirlərimiz

Bir əsgər anasının ümidi ölmür heç vaxt - Ən yaxşı müharibə şeirlərimiz

17:00 27 sentyabr 2024
Şəhid telefonlarına cavab verən ekspertiza həkimi - Onun ölüm səbəbi nə idi?

Şəhid telefonlarına cavab verən ekspertiza həkimi - Onun ölüm səbəbi nə idi?

15:00 27 sentyabr 2024
# # #