“Əli və Nino ” - REPORTAJ

“Əli və Nino ” - REPORTAJ
17 may 2011
# 17:05
Ramilə QURBANLI


Dünən Akademik Milli Dram Teatrının binası bir-neçə saatlığa Bakı Bələdiyyə Teatrına verilmişdi. Teatr bu səhnədə Qurban Səidin məşhur və mübahisəli “Əli və Nino ” əsərinin tamaşasını təqdim etdi.

Bələdiyyə Teatrının bədii rəhbəri, xalq artisti Amalya Pənahova foyedə, zalda gəzişir, gələnləri qarşılayır, hal-əhval tuturdu. Gələnlər isə əksəriyyəti əllərində gül dəstələri ilə təşrif gətirmişdilər. Deyəsən, dəvətlilər bilet alanlardan çox idi. Bəzilərində tamaşaçıların biletlərində yazılan yerlərlə dəvətnamədəki yerlər üst-üstə düşürdü.

Həmişə və bütün teatrlarımızda olduğu kimi saat 19.00-a təyin olunmuş premyera, 19.30-da nəhayət ki, başladı.

Səhnə qara fondadır. Hadisələr vaqe olan məkanlar qara pərdənin üzərində əks olunub. Səhnələr dəyişdikcə qara fon olduğu kimi qalır, amma üzərindəki görüntülər məkana uyğun dəyişir. Knyazın evi də pərdə üzərində əks olunur, Qarabağın, Şuşanın Cıdır düzü də.

Bu dekoru canlı musiqi bir qədər də dəqiqləşdirir. Fon və musiqi məkanı aydın əks etdirir. Arxada Şuşanın Cıdır düzü, tar, kaman və dəf, canlı ifaçı “Qarabağ şikəstəsi” oxuyur. Bu təsvir Əli bəylə Ninonun Qarabağdakı görüş səhnəsini əks etdirir. Yaxud sütunlu iri zal, canlı gürcü musiqisi gürcü knyazının evi təəssüratını yaradır. Yeri gəlmişkən, canlı musiqi teatr tamaşalarına xüsusi ahəng verir.

Tamaşa boyu pərdə yalnız iki dəf bağlanır, bir antraktda, bir də sonda. Səhnələrin dəyişməsi isə hərəkətli, yəni təkərli arakəsmələrlə çox dinamik baş verir. Hadisələr də bir-birini bu dinamika ilə əvəz edir. Bütün bunlar gənc rejissorun ya tapıntılarıdır, ya da hansısa dünya teatrlarından əxz edib.

Hər iki halda maraqlı və yenidir. Düzdür, bəzən aktyorların hərəkəti hərəkətli arakəsmələr qədər cəld olmadığından arzuolunmaz vəziyyətlər yaradırdı, amma gənc aktyorların dinamik hərəkətləri o vəziyyətləri ört-basdır edə bilirdi. Yəni yaşlı aktyora cəld hərəkət edə bilməməsini qüsur saymaq günah olardı.

Tamaşaçını darıxmağa qoymur, hərçənd tamaşa çox uzundur. Birinci hissə iki saata yaxın çəkir. Bu qədər uzunçuluqla əsərin məğzi tamaşada o qədər də qədərincə açılmır. Yalnız əsəri oxumuş tamaşaçı söhbətin nədən getdiyini anlaya bilər. Əsərdən xəbərsiz tamaşaçı isə hadisələri anlamadığından şəksiz darıxır.

Xüsusən də əgər tamaşa yarıbayarı rus dilindədir. Gürcü qızı Nino ilə olan bütün səhnələr bu yabançı dildə gedir. Halbuki onun gürcü qızı (aktrisa azərbaycanlıdır) olması tamaşanın rus dilində olmasına zəmin deyil. Əgər aktrisa Azərbaycan dilini bilmirsə, bu artıq rejissorun problemidir.

Tamaşanı Dövlət Kamera Teatrında, Cənnət Səlimovanın yanında təcrübə keçmiş gənc rejissor Elvin Mirzəyev hazırlayıb. Bu həmin rejissor və həmin tamaşadır ki, bir-neçə il əvvəl Aktyor evinin nəzdində gənc aktyorlardan ibarət truppanın tərkibində təqdim olunmuşdu.

O vaxt Azərbaycan Teatr Xadimləri İttifaqının sədri Azərpaşa Nemətov tamaşada bəzi dəyişikliklər etmək barədə rejissora təkliflər vermişdi. İkincisi o təkliflərlə razılaşmadığından tamaşanı bir daha o məkanda təqdim etmədi.

İndi Bakı Bələdiyyə Teatrının adı ilə premyerası olan “Əli və Nino” tamaşası üzərində yenidən əziyyət çəkib məşq olunmaması aktyorların bəzən sözləri də unutmalarının hiss olunmasından bəllidir.

İstedad özünü büruzə verir, amma tamaşada ustad əli çatmır. Hər gəncin bir ustad istiqamətinə ehtiyacı var. Tamaşanın çatışmayan cəhəti budur, bu olarsa qalan çatışmazlıqlar öz-özünə yox olar.

Əsas rolları, Əlixan Şirvanşiri rejissor özü, Nini Kipianini Nigar Həsənzadə, S. Şirvanşiri Tofiq Bayramov oynayırdılar.
# 2280 dəfə oxunub

Oxşar xəbərlər

Dörd körpə tabutu, bir ölümsüz ariya – Dahi bəstəkarın müəmmalı ölümü

Dörd körpə tabutu, bir ölümsüz ariya – Dahi bəstəkarın müəmmalı ölümü

17:00 10 sentyabr 2026
Ölkəsini ayağa qaldıran yazıçı - Haqsızlığa susmayan "qəzəb övladı"

Ölkəsini ayağa qaldıran yazıçı - Haqsızlığa susmayan "qəzəb övladı"

13:30 10 sentyabr 2026
“Xatırladığım son şey qapıya tərəf qaçmağım idi..." – “Hotel California” necə yarandı?

“Xatırladığım son şey qapıya tərəf qaçmağım idi..." – “Hotel California” necə yarandı?

17:00 9 sentyabr 2026
Bəşəri acizliyin vizual alleqoriyası - Böyük Piter Breygelin “Babil qülləsi”

Bəşəri acizliyin vizual alleqoriyası - Böyük Piter Breygelin “Babil qülləsi”

13:10 9 sentyabr 2026
Ülgüclə yarılmış sonsuz boşluq... - Luço Fontananın "Məkan konsepsiyası"

Ülgüclə yarılmış sonsuz boşluq... - Luço Fontananın "Məkan konsepsiyası"

10:40 8 sentyabr 2026
"Sol ayağım" - Kristi Braunun məşhur əsərindən bir hissə

"Sol ayağım" - Kristi Braunun məşhur əsərindən bir hissə

12:00 7 sentyabr 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər