Jurnalist olub sonra arabaçılıq edən, meyiti ortalıqda qalan Firon MƏTN

Jurnalist olub sonra arabaçılıq edən, meyiti ortalıqda qalan Firon MƏTN
8 noyabr 2012
# 11:15
Layihə-“Ədəbiyyatın kulisi”

Onunla elektrik qatarında tanış olmuşduq. Həmişə eyni vaqonda, eyni skamyada şüşə tərəfdə otururdu və donuq baxışlarını naməlum nöqtəyə zilləyib qalırdı. Axşam kəndə qayıdanda da eyni vaxtda qayıdırdıq və bu adam məndə sonsuz maraq oyatmışdı. Axı adam uzun müddət beləcə sükunət içində qala bilməz.

Neçə dəfə salam vermək istəsəm də baxışlarını tuta bilmirdim. Bu baxışlar elə bil daim adamların arasından sivişib boşluqlarda dincəlirdi. Bəbəklərində əks olunan tutqun mənzərə bu adamın çox kədərli bir həyat yaşadığından xəbər verirdi.

Bu şəxs onu tanımayanlarda heç bir əqli mühakimə qabiliyyəti olmayan adam təsəvvürü yaradırdı.

Bir gün səhər qatarına minərkən onunla üzbəüz oturdum və qəsdən ayağını tapdadım ki, üzr istəməklə söhbətə keçid ala bilim. Gözləmədiyim halda xoş rəftarla qarşılaşdım:

- Eybi yox, olan şeydir, qardaşım. Heç narahat olma! –dedi.

Gözlərinin giləsi sanki sınmış yumurtadan tavaya süzüldü, gözünün ağı içində xeyli yırğalandı. Nəhayət, onun sükutunu qıra bilmişdim. Əvvəl bir az çətin oldu, ünsiyyətimiz alınmırdı, o, yenə baxışlarını uzaq nöqtəyə dikib öz aləminə qapılırdı, amma tez-tez sual verib onun öz sükunətinə gömülməyinə imkan vermirdim. Sonra qəfildən özü açılışdı, təbabətdən, mistikadan, klassik musiqidən elə şeylər danışdı ki, heyrətə gəldim.

Özünün dediyinə görə, ixtisasca jurnalistdir, hətta qısa müddət hansısa qəzetdə də çalışıb, amma sonralar nədənsə bu sahədən üz döndərib. Qapılarda fəhləlik edib, aeroportun yaxınlığındakı yarmarkada araba da sürüb. Uzun müddət işsizlikdən əziyyət çəkib. Soruşdum ki, bəs indi harda işləyirsən? Dedi, “vosmoy”da yeni tikilən binalardan birində qarovulçuyam.

Onunla əməlli-başlı dostlaşdıq. Fəlsəfəni, ədəbiyyatı yaxşı bilirdi, söhbətimiz tuturdu. Qonşu skamyada oturan tanış sərnişinlər bu qaramat adamın birdən-birə dil-dil ötməsinə məəttəl qalmışdılar və arabir mənə baxıb gülümsəyirdilər.

Bu qəribə adamın adı da qəribəydi-Firon. Bir dəfə söhbət əsnasında dedi ki, ömür boyu öz adıma nifrət eləmişəm, adımı sifətdəki eybəcər ləkə kimi üstümdə gəzdirmək mənə ömür boyu əzab verib.

Ona təsəlli vermək üçün dedim:

- Niyə? Misirdə ən hündür piramida firon Xeopsa məxsusdur, deyilənə görə, hündürlüyü 147 metrdir. Firon olmaq istəməzdin?

Kədərlə gülümsədi:

- Mən fironlar kimi yaşamadım, amma bir vaxtlar kənardan baxanlar deyirdilər ki, buna baxın, görün necə fironluq edir? Bir ara çox gözəl günlər yaşadım... Bir də ki, Firon Allah tərəfindən cəzalandırılıb. “İncil”də yazılıb ki, Firon Musa peyğəmbəri təqib edərkən dənizdə boğulub ölüb. Quranda isə yazılıb ki, Firon boğulan anda iman gətirib və deyib: “Mən tək olan Allaha təslim olanlardanam”. Allah buyurub ki, “bu anında iman gətirirsən? Bir vaxtlar mənə qarşı çıxıb fitnə-fəsadlar törədirdin...” Allah Fironun son anda iman gətirməsini qəbul etmədi, onun cansız bədəni sahilə atıldı. İndi deyilənə görə, həmin cəsəd Qahirədə muzeydə qorunur. Hə, bu da Firon!- deyib sısqa çiyinləri atıla-atıla bu dəfə ucadan güldü.

O, şirin xatirələri gövşəməklə gün keçirən qocalmış dəvəyə bənzəyirdi. Bu adamda keçmiş haqqında peşmançılıq və acı çəkmədən düşünə bilmək bacarığı vardı. Firon xəyallarının piyini əridərək dünəni və sabahı olmayan quru bir gövdəyə çevrilmişdi.

Bir müddət keçəndən sonra Fironla bir-birimizə isinişdik. Aramızdakı bir addımlıq məsafədə səmimiyyət tam bərqərar oldu. Belə günlərin birində o, mənə bir sirrini açdı. Dedi ki, həyatımın maraqlı məqamlarını bir dəftərçəyə yazmışam, sənin üçün maraqlıdırsa, verim, oxu. Dedim əlbəttə, əgər mənə etibar edirsənsə, ver, oxuyaram.

Səhərisi günü o, vərəqləri saralmış qalın bir dəftəri mənə verdi və dönə-dönə xahiş etdi ki, onu itirməyim. Firona dedim ki, heç narahat olmasın, iki günə dəftəri özünə qaytaracağam.

- Bekara şeydir, özüm üçün yazmışam. Dərdimi yüngülləşdirmək üçün bu da bir məşğuliyyətdir, -dedi.

Pərakəndə şəkildə yazılmış əhvalatlardan ibarət bu dəftəri bir gecəyə oxudum. Səhər qatarda Fironu görmədim, onun yerində heç kim oturmadı. O biri gün də görünmədi. Nə evini tanıyırdım, nə telefonunu bilirdim. Deyəsən, heç mobil telefonu da yox idi. Hər gün dəftəri özümlə gəzdirməkdən bezib kitab rəfinə atdım və tezliklə Fironu da unutdum.

Amma onun mənə dəftəri verdiyi vaxtdan bir ay keçməmiş günlərin birində vaqona bir yaşlı qadın mindi və gəlib düz mənimlə üzbəüz – Fironun oturduğu yerdə əyləşdi.

- Salam, ay oğul! – deyə salamlaşdı.

- Əleykümsalam!

Bir qədər sükutdan sonra qadın dərdli –dərdli başını yellədi:

- Eeeh, ay oğul... Allah bu yetimə də heç bəxt vermədi...

Bu sözləri deyərkən əliylə öz oturduğu yerə işarə etdi və anladım ki, Fironu nəzərdə tutur. Nəsə dalağım sancdı:

- Ay bibi, nəsə görünmür eee, son vaxtlar...

Yaşlı qadın narahat baxışlarını xeyli üzümə zilləyib dinmədi. Nəhayət titrək səslə soruşdu:

- Bə bilmirsən sən?

- Yox, nə olub ki?- deyə təəccüblə soruşdum.

- Ay bala, o yetim çoxdan rəhmətə gedib! Meyiti neçə gün evdə qalıb, heç kimin xəbəri olmayıb. Üç gündən sonra qonşular görüblər ki, qapıdan girib-çıxan yoxdur, şübhələniblər, evə girib görüblər ki, eeeeh, haçan ölüb!..

...Fironla qısa dostluğumuzdan mənə təkcə o dəftər qaldı.

Kənan Hacı
# 2131 dəfə oxunub

Oxşar xəbərlər

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

14:00 10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
# # #