Arılar təyyarədən daha təhlükəlidir

Arılar təyyarədən daha təhlükəlidir
5 noyabr 2012
# 08:45
Hamının ətrafında təyyarəyə minməkdən, uçuşdan qorxan ən azı bir adam olmamış olmaz. Çünki hazırda hər dörd nəfərdən biri təyyarədən qorxur, hər on insandan biri isə ümumiyyətlə, təyyarəyə minməyi dəftərindən silib. Bəs “uçuş qorxusu”nun səbəbləri nədir? Bu qorxudan necə qurtulmaq olar?

Uçuş qorxusunun səbəbləri

Qaçıb çıxmağın mümkünsüzlüyü;

Qapalı yer qorxusu;

Yüksəklik qorxusu;

Təyyarənin qaçırılması və ya terror qorxusu;

Hava boşluğuna düşmə qorxusu;

Gecə, yaxud dəniz üstündən uçmaq qorxusu;

Qəzada şikəst qalmaq yaxud ölmək qorxusu;

Psixoloqlar yuxarıdakı səbəblərlə yanaşı medianın da rolunu qeyd edirlər. Çünki mətbuat bir təyyarənin partlaması yaxud hər hansı bəd hadisəni gün ərzində baş verən yüzlərlə avtomobil qəzalarından daha çox gündəmdə saxlayır. Qəzanın detalları 3-4 gün xəbər olaraq qalır, halbuki həmin 3-4 gündə onlarla, yüzlərlə qəzalar olur. Uçuş haqqında səhv məlumatlar və bu cür xəbərlər də təyyarə qorxusunu artıran səbəblərdəndir.

Təyyarə qorxusunu necə dəf etməli?

1. Hava boşluğundan qorxmayın

Təyyarə hava boşluğuna düşəndə əksəriyyət təyyarənin düşəcəyini, partlayacağını və s. şeyləri düşünürlər. Halbuki bu, heç də belə deyil. Necə ki, maşın yolda gedəndə boşluqlara düşür və içəridəki sərnişinləri titrədirsə, eləcə də təyyarə eyni situasiya ilə qarşılaşır.

2. Təyyarələr avtomobillərdən daha etibarlıdır

Siz maşına hər dəfə oturanda onu texniki baxışdan keçirirsinizmi? Yox, siz yeni, işlək avtomobilinizi ən çoxu ildə 3-4 dəfə texniki baxışa aparırsınız. Halbuki təyyarələri hər uçuşdan əvvəl texniki baxışdan keçirirlər. Həm də onların hazırlandığı materiallar, işləmə mexanizmləri daha dayanıqlı və dözümlüdür.

3. Təyyarə də, uçmaq da adi şeydir

Qəzaları düşünmək əvəzinə, hər gün minlərlə insanın planetin bir ucundan o birinə sağ-salamat çatdığını düşünün. Axı təyyarəyə minmək Yer atmosferindən çıxıb Aya getmək deyil! Bu, sadəcə, maşınla 2 günə gedəcəyin yolu 2 saata qət etməkdir.

4. Pozitiv olun

Keçmişdə təyyarə ilə bağlı oxuduğunuz, baxdığınız filmlərdən yaranan bütün neqativ fikirləri özünüzdən uzaqlaşdırın. Çox sevdiyiniz bir kitabı yolda oxumağa götürün. Yaxud sizi xoşbəxt edən başqa məşğuliyyət tapın.

5. Özünüzü ələ alın

Əgər təyyarəyə minəndə ürəyiniz tez-tez döyünür, ovuclarınız tərləyir, ürəkbulanmalarınız olur – bir sözlə, özünüzü yaxşı hiss etmirsinizsə, fikrinizi toplayıb özünüzü ələ alın. Axı bədən də, beyin də sizindir, demək nəzarəti də sizin əlinizdədir.

6. Qulaqlarınızı bağlayın

Uçuş vaxtı cürbəcür səslər gəlir, bu, normaldır. Anormal olan sizin bu səslərə verdiyiniz şərhlərdir; deyəsən indi dənizə düşəcəyik, deyəsən ildırım vurdu təyyarəni, deyəsən mühərrikə nəsə olub və s. kimi fikirlər sizə xeyir gətirməz. Axı siz təyyarə mütəxəssisi deyilsiniz, çıxardığınız nəticələr də böyük ehtimalla yanlışdır.

7. Bir az yoqa

Yoqa fəlsəfəsində əsas element məhz nəfəsdir. Nəfəsi düzgün alıb-verdikdə bədənin gərginliyi azalır. Təşviş hiss edən kimi dərin nəfəs alıb-verin. Bəzilərinə bu hərəkət mənasız görünsə də əslində çox vacibdir və gərginliyi azaldır.

8. Təşviş hissinizi boğun

Təşviş adi haldır, bu hissdən sizə heç nə olmaz. Əksəriyyət elə bilir ki, məhz təşviş hissindən infarkt keçirə bilər. Əslində, bu, belə deyil.

Müalicə üsulları

Təyyarə qorxusunu müalicə etmək üçün bir çox üsullar var. Bunlardan ən birincisi məlumatlandırmadır. Bəzən insanları təyyarələr, onların işləmə mexanizmi, havada hərəkəti haqqında məlumatlandırma çox effektiv olur. Bəzi hava yolları şirkətləri məlumatlandırıcı broşürlər paylamaqla sərnişinlərini “sakitləşdirir”. Bundan başqa, qorxunu dəf etmək üçün sakitləşdirici, yuxu gətirən dərmanlardan da istifadə olunur. Bəzən alkoqollu içkilər də məsləhət görülür. Ancaq onun da miqdarını düzgün təyin etmək lazımdır, çünki içkili halda yuxarı qalxdıqca oksigen və təzyiqin dəyişməsi sağlamlığınıza ziyan verə bilər.

Arılar təyyarədən daha təhlükəlidir

Təyyarə ilə bağlı bəzi statistikaları bilmək bəlkə sizə kömək oldu:

1. Təyyarə qəzalarında ölən insanların sayı arı sancması nəticəsində ölənlərdən daha azdır.

2. Siqaretin ölüm riski təyyarədən dörd min dəfə çoxdur.

3. Uçuşda qəza faizi bir milyonda 1,82-dir.

4. Bir insanın təyyarədə ölməyi üçün bir milyondan çox uçuş keçirməsi və ya havada 1,25 milyard kilometr səyahət etməsi lazımdır.

Uçuşdan qorxan məşhurlar

Kristi Alli, Vayona Rayder, Luçiano Pavarotti, Coan Vuduard, Toni Körtis kimi məşhur aktyor və sənətçilər də təyyarədən qorxurlar. Dövrümüzün ən güclü soul sənətçilərindən olan Areta Franklik təyyarə qorxusuna görə Avropada konsert verə bilmir. Qalmaqallı rejissor Lars fon Triyer də təyyarəyə və pəncərəsi açılmayan qatarlara minmir. Hətta 1996-cı ildə Kann Film Festivalında “Münsiflərin xüsusi mükafatı”nı qazansa da, uçuş qorxusuna görə ora gedə bilməyib. Münsiflərdən və tamaşaçılardan üzr istəyən Triyer gələcək illərdə festivaldan bir müddət əvvəl avtomobillə Danimarkadan Kann şəhərinə yola düşür.

Hazırladı: Rena Nevzat
# 1689 dəfə oxunub

Oxşar xəbərlər

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

14:00 10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
# # #